Martın 12-də Nadir şah qoşunların və Məhəmməd şahın müşayiəti ilə Dehliyə doğru hərəkətə başladı.1739-cu ilin mayın 12-də Dehlidə tacqoyma mərasimi keçirildi.Nəhayət, sonda Nadir şah Hindistan şahının tacını Məhəmməd şahın başına qoydu və ona şahlıq üzüyü bağışladı.Mənbələrdə Şəlimar müqaviləsi kimi tanınan müqavilə məhz tacqoyma mərasimindən sonra imzalandı və Nadir şahın tutmuş olduğu ərazilərin onun tam iradəsi altına keçdiyi təsdiq olundu.Əslində, bu müqavilə ilə Məhəmməd şah Nadir şahın vassalına çevrilmiş oldu.Nadir şah Hindistana yürüşü uğurla başa çatdırmış oldu.Bununla yaratmış olduğu dövləti imperiyaya çevirməklə şöhrətini və nüfuzunu da artırmış oldu.Bunun nəticəsidir ki, Nadir şah XVIII əsrin ən qüdrətli sərkədələrindən biri kimi tanınır.
Nadir şahın Hindistanı işğal etdikdən sonra əldə etdiyi qənimət də böyük diqqət çəkən məsələlərdəndir.Nadir şah özünün ən böyük qənimətini, heç şübhəsiz ki, bu yürüş nəticəsində əldə etmişdi.Bu yürüş Nadir şahın sərkərdəlik istedadının parlaq nümunəsi olmaqla bərabər, həm də çox mühüm qənimətlərin əldə edilməsi ilə də əlamətdardır.Məğlub olmuş moğol qoşunlarının döyüş meydanındakı çoxsaylı təchizatı və əmlakı Nadir şahın döyüşçülərinin əlinə keçmişdi.Moğol qoşunlarının məğlubiyyəti rəsmiləşdikdən sonra isə Məhəmməd şah xəzinənin açarlarını Nadir şaha təqdim etməyə məcbur olmuşdu.Bunların içərisində isə ən qiymətlisi, şübhəsiz, “Kuhi-nur” almazıdır. “Təxti-Tavus” və “Təxt-e barqah-e Naderi” kimi digər taxtlar və qiymətli əşyalar Nadir şahın əmri ilə Heratda qurulmuş çadırlarda 4-5 gün nümayiş olunmuşdu (Nadir şah Hindistandan sonra Herata getmiş, orada 15 gün qaldıqdan sonra Türküstana doğru yürüşə başlamışdı).
Nadir şahın Türküstana yürüşünün səbəbləri haqqında da tarixi ədəbiyyatda müxtəlif fikirlər mövcuddur.Fikirlərdən biri belədir ki, Nadir şah fatehlik iddialarını və arzularını həyata keçirmək məqsədilə Türküstana yürüş etmişdi.Belə güman edilir ki, Türküstanı, Buxaranı, Daşkəndi, Xocəndi tutduqdan sonra Nadir şah Çinə də hücum etməyi və dövlətinin ərazisini daha da genişləndirməyi planlaşdırmışdı.Həmin planı həyata keçirəcəyi təqdirdə isə Nadir şahın əlinə həm böyük maliyyə, həm də böyük insan ehtiyatı keçə bilərdi.Bunların hər ikisi isə Nadir şahın hərbi potensialını daha da artırmağa imkan yarada bilərdi.Belə bir fikir də var ki,guya Nadir şah monqol-tatar yürüşlərinin əvəzini çıxmaq istəyirdi.Başqa bir fikrə görə,Rusiya dövləti də Əfşarlar dövlətinin şimal-şərq sərhədlərinə doğru irəliləmək, Türküstanı, Buxaranı və ətraf əraziləri də ələ keçirmək istədiyindən Nadir şah da Rusiyanın bu niyyətinin qarşısını almaq üçün Türküstana daxil olmağı qətiləşdirmişdi.
Amma bəzi tədqiqatçılar belə hesab edirlər ki, bu yürüşün əsas səbəbi Türküstan xanı İlbars xanın Nadir şahı saymaması, dəfələrlə Xorasan vilayətinə basqınlar etməsi ilə əlaqədar olaraq Nadir şahın Xorasana növbəti basqınların qarşısını almaq istəməsi idi.Özbək tayfaları həmişə talançı basqınlarla Xorasn vilayətinə yürüş etmişlər.Belə müdaxilələrə Nadir şahın dövründə də son qoyulmamışdı. Nadir şahın yürüşünü eşidən Buxara hakimi Əbülfəz xan Nadir şaha əvvəl tabe olduğunu bildirsə də,daha sonra müqavimət göstərməyi qərara almış,ancaq məğlubiyyətə uğramış və təslim olmağa məcbur olmuşdu.Nəticədə, Səbz şəhərindən başlayaraq Səmərqəndə qədər olan ərazi Nadir şahın hakimiyyəti altına düşdü.
Nadir şah bundan sonra Xarəzmin mərkəzi olan Xivəni də ələ keçirmək üçün İlbars xanın müdafiə olunduğu Xanəgah qalasını mühasirəyə aldı.Nəticədə, 1740-cı ilin 14 noyabrında İlbars xan təslim olmaq məcburiyyətində qaldı.Nadir şah Xivə qalasını da ələ keçirmiş oldu.
Nadir şah bundan sonra Dağıstana uğursuz yürüş etmişdir.Nadir şahın Dağıstanda uzun müddət qalması və orada bir sıra çətinliklərlə qarşılaşması,dövlət idarəçiliyindən uzaqlaşması böyük bir imperiyanın idarəçiliyinə təsirsiz ötüşmədi.Bu, Nadir şahın ciddi nəzarətindən kənarda qalan ərazilərdə mərkəzə qarşı qiyamların baş qaldırması ilə nəticələnmişdi.
Dostları ilə paylaş: |