1743-cü ilin yazında Şirvandan geri qayıdan Nadir şah Osmanlı dövləti ilə aparılan müharibədən sonra müəyyən ərazilərin geri qayıtması üçün münasib məqam gözləyirdi.Hələ 1742-ci ilin yanvarı və 1743-cü ilin əvvəllərində Osmanlı dövlətinin mövqeyini əks etdirən elçilər Nadir şah tərəfindən qəbul olunmuşdu.Onlar Nadir şahın dinlə bağlı təklifinin qəbul olunmadığını bildirmək üçün gəlmişdilər.Bundan sonra Nadir şah Osmanlı dövlətinə qarşı müharibəyə başladı.O, ilk əvvəl Leylana daxil oldu.Bu məntəqə Osmanlı dövlətinin nəzarəti altında olan ərazilərə yaxın idi və Osmanlı mövqelərinə doğru hərəkət də buradan başlamalı idi.Nadir şah burada öz qoşunlarını qruplaşdırdıqdan sonra onlara Osmanlı ərazilərinə doğru hərəkət etmək əmrini verdi.
Nadir şahın öz qoşunlarə ilə yaxinlaşdığı xəbərinin eşidən Bağdad hakimi Əhməd paşa narahat olmağa başladı.Çünki Bağdadı tutmağın Nadir şahın çoxdankı arzusu oluğunu bilirdi.Bir müddət sonra Nadir şah Kərkükə doğru hərəkətə başladı.Kərkükə gedən yolda kürdlərin yaşadığı ərazidə onların müqavimətini qıraraq 1743-cü ilin 5 avqustunda Kərkük qalasının yaxınlığında döyüş qabağı mövqe tutdu.Nadir şah Osmanlı dövləti ilə müharibəni qisa müddət ərzində başa çatdırmaq istədiyindən qalanı ələ keçirməyə 2-3 gün vaxt sərf etdi və onu tutdu.
Nadir şah bundan sonra sentyabrın 3-də Mosul qalasına hücum etsə də, onu ələ keçirə bilmədi və çox itki verməmək üçün hücumu dayandırmağa məcbur oldu.Bundan sonra Nəcəfə gələn Nadir şah 1743-cü ilin noyabrında burada ivlas təşkil etdi.Əsas məqsəd Osmanli dövləti ilə qarşılıqlı anlaşmanın əldə olunmasına cəhd göstərilməsi idi.İclasın əldə etdiyi qərar Nadir şahın məzhəb islahatına toxunurdu.Sonra Nadir şah yenə Bağdada qayıtmış, Əhməd paşa ilə görüşmüş və nəticədə, Bəsrənin mühasirəsinə son qoyulmuşdu.Həmçinin, Kərkük, Ərbil, Qərnə və digər işğal edilmiş qalaların boşaldılması və Əhməd paşaya təhvil verilməsi də qərara alınmışdı.Bu razılaşma 1743-cü ilin dekabrın I ongünlüyündə olub.Bundan sonra Nadir şah Həmədanda bir sıra çıxışların baş verməsi ilə əlaqədar olaraq ora getmişdi.
Bu dövrdə Səfi Mirzə adı altında taxt-taca iddia edən şəxsin Osmanlı dövləti tərəfindən müdafiə olunması Nadir şahla Osmanlı münasibətlərinə soyuqluq gətirmişdi.Osmanlı imperiyası bundan Nadir şahın zəifləməsi üçün istifadə etməyə çalışırdı.
Nadir şah 1744-cü ilin 30 iyulunda Qarsı mühasirəyə almış,ancaq onu tuta bilmədiyindən,oktyabrın 9-da mühasirəyə son qoyub Ahıska və Ahalkələk istiqamətinə yola düşmüş, ancaq qışı keçirmək üçün Bərdəyə getmişdi.
1745-ci ilin yayında Nadir şahla Osmanlı qüvvələri arasında yeni bir qarşılaşma baş verdi.Nadir şah Cənubi Qafqazda olanda Osmanlı dövləti qüvvələrinin cəmləyə bilmişdi.Nadir şah isə buna qarşılıq olaraq 1745-ci ilin 3 avqustunda Qarsa doğru hərəkətə başladı.1745-ci ilin 11 avqustunda Muradtəpə ətrafında Osmanlı qüvvələri ilə Nadir şahın qüvvələri arasında Qars döyüşü kimi məşhur olan bir döyüş baş verdi.Gecə hücumu nəticəsində Osmanlı qüvvələrinə ağır zərbə vurulmuşdu,ancaq Nadir şah Osmanlı dövləti ilə Səfəvilər dövləti arasında vaxtilə mövcud olmuş sərhədi keçməmiş və geri qayıtmışdı.
Nadir şahın məzhəb məsələsi ilə bağlı təklifindən imtina etməsi nəticəsində 1746-cı ilin 4 sentyabrında tərəflər arasında 1743-1746-cı illər müharibəsinə son qoyan müqavilə imzalandı.Sülh müqaviləsi giriş və 3 maddədən ibarət idi.Girişdə göstərilirdi ki, 1639-cu il Osmanlı-Səfəvi müqaviləsinin şərtlərinə əməl olunmalıdır.
I maddəyə əsasən, Bağdad və Şam marşrutu ilə Məkkəyə yollanan İran və Turan zəvvarları mühafizə olunmalı, onların malları və canları qorunmalı idi.
II maddəyə əsasən, qarşılıqlı hörmət və dostluğun möhkəmlənməsi üçün 3 ildən bir Osmanlı dövlətindən Nadirin dövlətinə,Nadirin dövlətindən Osmanlı dövlətinə nümayəndəliklər göndərilməli idi.
III maddəyə əsasən, hər iki ölkədən olan əsirlər azad edilməli, onların alınıb-satılmasına yol verilməməli və onların maneəsiz vətənə dönmələrinə şərait yaradılmalı idi.
Müqavilənin imzalanması həm Nadir şah,həm də Osmanlı sarayı tərəfindən razılıqla qarşılanmışdı.Bu müqavilənin imzalanması ilə iki dövlət arasındakı ərazi iddialarına və ixtilaflarına son qoyulmuş oldu.Müqavilənin imzalanmasından sonra tərəflər arasında səfirliklər mübadiləsi də oldu.Ancaq müqavilədən göründüyü kimi Nadir şah bu müharibə ilə də əhəmiyyətli bir uğur əldə etməmişdi.
Nadir şah 2 dəfə (1737-1738 və 1741-1743-cü illərdə) Omanı və Cənub-şərqi Ərəbistanı işğal etmək üçün hücum etmiş, ancaq bu yürüşlər elə də uğurlu olmamıışdı.1
Ümumiyyətlə, Nadirin xarici siyasəti işğalçılıq xarakteri daşımış, Nadir şah əlində olan əraziləri saxlamaqla bərabər, yeni ərazilər ələ keçirməyə cəhd etmişdir.Onun bu sahədə fəaliyyətinin 1741-ci ilə qədər olan dövrü uğurlu olsa da, bundan sonraki dövr haqqında eyni fikirləri söyləyə bilmərik.Ancaq I dövrdə əldə etdiyi uğurlarla – Hindistan və Türküstan kimi əraziləri ələ keçirməklə, ən azından, görkəmli bir sərkərdə kimi tanınmağa haqq qazanmışdır.
NƏTİCƏ
İki əsrdən artıq bir dövrdə mövcud olmuş Səfəvilər dövlətinə son qoyaraq hakimiyyəti ələ keçirmiş Nadir şahın dövləti onun həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində elə onun dövründən tənəzzül dövrünə qədəm qoymuşdu.Ölkədə yaranmış ağır sosial- iqtisadi vəziyyət xalq kütlələrinin mərkəzi hakimiyyətdən narazılığının yaranmasının başlıca səbəbi idi.Nadir şah hakimiyyətə keçdiyi andan fasiləsiz müharibələr aparmışdır ki, bundan da ən çox əziyyət çəkən ölkənin əhalisi və dağılan kənd təsərrüfatı olmuşdur.Təsərrüfatı inkişaf etdirməli olan qüvvə faktiki olaraq hərbi əməliyyətlarda iştirak etdiyindən bu həm sosial, həm də iqtisadi cəhətdən ölkənin inkişafını ləngidirdi.Nadir şahın keçirdiyi islahatların və gördüyü tədbirlərin bir-biri ilə ziddiyyət təşkil etməsi də mərkəzi hakimiyyətə qarşı olan qüvvələrin formalaşmasına və bu qüvvədən Nadir şahın hakimiyyətini devirməyə çalışan rəqiblərinin separatçı fəaliyyətlərinin güclənməsinə səbəb olmuşdu.
XVIII əsrin 40-cı illərinin əvvələrində ölkə ərazisində xalq hərəkatları da artıq Nadir şahın hakimiyyətindən narazı qüvvələrin formalaşmasının göstəricisi idi.Nadirin siyasətinə qarşı olan narazılıq Nadir şahın 1747-ci ilin 19/20 iyununda Xorasanın Xabuşan yaşayış məntəqəsindən 2 mil aralıda yerləşən Fəthabaddakı qəraragahının yataq otağında qardaşıoğlu Əliqulu Mirzənin hazırladığı sui-qəsd nəticəsində qətlə yetirilməsi ilə nəticələndi.
Nadir şahı daxili həyatda həyata keçirdiyi islahatları və gördüyü tədbirləri mütərəqqi addımlar kimi qiymətləndirmək olar.Xüsussilə, dini sahədəki islahat cəhdləri uğir qazanmasa da,öz mütərəqqiliyi ilə daha çox seçilir.Bu islahatın müvəffəqiyyət əldə etməsi bu gün də aktual olan bir sıra məsələləri həll edə bilərdi.Ancaq məsələnin kökünün dərinliyi onun uğur qazanasına mane olmaqla yanaşı,Nadirə qarşı müəyyən bir müxalifətin də yaranmasına səbəb olmuşdu.
Nadirin ölkəni mərkəzləşdirmə sahəsində həyata keçirdiyi tədbirlər də mühüm əhəmiyyətə malik olsa da, o heç də bu mərkəzləşməni qoruyub saxlaya bilməmişdir.Vergi toplanmasında müəyyən bir qayda yaratsa da,ölkənin maliyyə vəsaiti cəhətdən kasıblığı, hərbi əməliyyatlar üçün çoxlu maliyyə vəsaitinə təlabatın olması vergilərin miqdarının artırılması ilə nəticələnmişdir ki, bu bir çox ərazilərdə mərkəzə qarşı bir çox çıxışların baş verməsi ilə müşahidə olunmuşdur.Bu da sonda ölkəni zəiflədən amillərdən birinə çevrilmişdir.
Nadir şahın ordu quruculuğu sahəsində gördüyü tədbirlər, xüsusilə, Xəzər dənizində donanma yaratmaq cəhdləri dövrünə görə çox mühüm hadisələr olsa da, Nadirin ölümü ilə bu sahədəki uğurlar daheçə endirilmiş oldu.Ümumiyyətlə, Nadir şahın daxili siyasətinin ana xəttini mərkəzləşdirilmiş dövlətin yaradılması tutmuş, digər tədbirlər də bu məqsədə xidmət etmək üçün həyata keçirilmişdir.
Nadir şah xarici siyasətdə uğur əldə etmək üçün daha çox daxildə separatçılıq meyllərinin yatırılması, ordunun gücləndirilməsi, onların yüksək səviyyədə təchizatı, əhalidən alınan verginin orduya xərclənməsi və s. kimi məsələlərə xüsusi fikir vermişdir.
Nadir şahın xarici siyasətinin əsasını dövlətin sərhədlərinin qorumaq, xüsusilə, qonşu Rusiya və Osmanlı dövlətlərinin hücumlarına imkan verməmək vəyeni ərazilər hesabına ölkənin sərhədlərini geişlədirmək təşkil etmişdir.Nadir şahın xarici siyasət sahəsindəki fəaliyyətini 2 mərhələyə də bölmək olar: 1736-1741-ci illəri əhatə edən I mərhələdə Nadirin Hindistanı, Türküstanı və s. əraziləri işğal edərək ölkənin ərazisinin genişləndirməsi baxımından uğurlu sayılsa da, 1741-ci ildən sonrakı dövrü əhatə edən II mərhələdə Nadirin xarici siyasət sahəsindəki fəaliyəti ona heç də uğur gətirməmişdir.Çünki, II mərhələdə Nadir şah daha çox ölkənin daxilindəki çıxışları yatırmaqla məşğul olmuş, Osmanlı dövləti ilə apardığı müharibənin nəticəsində isə istədiyinə nail ola bilməmişdir.Ümumilikdə götürdükdə isə onun xarici siyasətinin müəyyən qədər uğurlu hesab etmək olar.Bunun nəticəsidir ki, Nadir şahı çox vaxt “II İskəndər”,”dövrünün Napoleonu” adlandırırlar.
Əslində, Nadir hakimiyyəti zora ələ keçirmiş bir hərbçi idi.Onun hakimiyyəti heç də hamı tərəfindən qəbul olunmamışdı.Bu hələ özünü Muğan qurultayında göstərmişdi.Nadir şahın hakimiyyətə keçdikdən sonrakı siyasəti də ondan narazı olanların sayını daha da artırmış, Nadirin ölkə sərhədlərini tərk etməsi ona qarşı çıxışların baş verməsi ilə nəticələnmişdi.Nadir şah hakimiyyətdə olduğu müddətdə xalq içərisində özünə sosial dayaq yarada bilməmişdi.Bunun ən bariz nümunəsi yalançı Sam Mirzələrin əhalinin bir qismi tərəfindən dəstəklənmələridir.
Nadir şah görkəmli, bacarıqlı sərkərdə olsa da, o qədər də yaxşı dövlət başçısı olmamışdır.Onun ölkədə formalaşdırdığı rejim güclü sosial-iqtisadi və siyasi əsaslara malik olmadığından onun ölümündən qısa müddət sonra sürətlə dağılmışdır.Bundan sonra Nadir şahın yaratmış olduğu dövlətin tərkibinə daxil olan ərazilər feodal dağınıqlığı mərhələsinə qədəm qoymuşdur.
Dostları ilə paylaş: |