§ 5. Azərbaycan Respublikası üçüncü minilliyin başlanğıcında: siyasi və iqtisadi inkişaf, milli-demokratik dəyərlərin daha da möhkəmlənməsi. 2003-cü ilin 15 oktyabrında İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də hakimiyyətə gəldiyi ilk gündən etibarən Ulu Öndər Heydər Əliyevin siyasi strategiyasının layiqli davamçısı kimi Azərbaycanın inkişafı istiqamətində mühüm addımlar atmağa başladı. Prezident İlham Əliyev 2004-cü il 11 fevral tarixində “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (20042008-ci illər)” icrası ilə bağlı Fərman imzaladı. Bu proqramda nəzərdə tutulan tədbirlər müvəffəqiyyətlə həyata keçirilirdi. Proqramın icrası nəticəsində regionların sosial-iqtisadi inkişafı əhalinin gəlirlərinin və həyat səviyyəsinin yaxşılaşdırılmasına səbəb oldu. Dövlət Statistika Komitəsinin nəticələrinə əsasən Proqramın həyata keçirildiyi 5 il ərzində qeyri-neft sektoru 1,8 dəfə, qeyri-neft sektoruna qoyu-
lan investisiyanın həcmi isə 6,2 dəfə artmış və ümumi investisiyaların strukturunda onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə çatmışdır.
Ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında isə 25,2 faiz artım olmuşdur. Həmçinin Quba-Xaçmaz, Şəki-Zaqatala, Şirvan, Lənkəran, Aran, GəncəQazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalanmışdır. Bununla da regionların iqtisadi inkişafında yeni mərhələnin başladığını demək olar.
Fevral 2005-ci il “Azəri-Çıraq-Günəşli” yataqlarının Mərkəzi Azəri hissəsindən ilkin neftin hasilatı başlandı. 2005-2006-cı illər Bakı-Tbilisi-Ceyhan neft kəməri işə salındı. 2005-ci ildə BTC-nin Azərbaycan və Gürcüstan hissələri, 2006-cı ildə isə Türkiyə hissəsi neftlə dolduruldu. 2005-ci ildə 2002-2005-ci illər üçün “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf sahəsində Dövlət proqramı” müvəffəqiyyətlə yerinə yetirildi.
1995-2001-ci illərdə qoyulan birbaşa investisiya Rusiyada 12,7 dəfə, Qazaxıstanda 10,5 dəfə artdığı halda Azərbaycanda 37,6 dəfə artmışdır. Adambaşına investisiyaların həcmi də buna müvafiq olaraq sürətlə artmışdır. Əgər Rusiya kimi böyük bir ölkədə 2001-ci ildə adambaşına xarici investisiyalar 27,6 ABŞ dolları təşkil etdiyi halda, bu rəqəm Azərbaycanda 154 ABŞ dolları olmuşdur.
2002-ci ilin ortalarına kimi xarici ölkələrə neft məhsulları satışından və müqavilə iştirakçıları ilə aparılmış digər əməliyyatlardan Azərbaycanın payına düşən gəlir 580 milyon dollardan artıq olmuşdur. Bu vəsaitin hamısı Dövlət Neft Fondunda cəmlənmişdir.
Ölkənin ictimai-siyasi həyatında da bir sıra hadisələr baş verdi. 2005-ci ilin aprelində “Heydər Əliyev ordeni” təsis edildi. İlk dəfə bu ordenlə türk dünyasının görkəmli şəxsiyyəti İhsan Doğramacı təltif olundu.
2007-ci ilin mayında Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi ilə əlaqədar “İstiqlal” abidəsi açıldı. 2008-ci ilin sentyabrında Bakıda Metropolitenin “Nəsimi” stansiyası istifadəyə verildi. 2005-ci il mayın 10-da Respublika Sarayının qarşısında Heydər Əliyevin heykəlinin açılışı oldu.