Neolit dövrü e.ə. VII minillikdən başlamışdır. İstehsal təsərrüfatı bu dövrdə yaranmışdı. İnsanlar maldarlıq və əkinçiliklə məşğul olmuş, saxsı qablar hazırlamış, daş alətləri cilalamağı və deşməyi öyrənmiş, toxuculuqla məşğul olmuşlar. Təsərrüfatda olan bu yeniliklərə “Neolit inqilabı” deyilir. Əhali oturaq həyata keçmiş, ovçuluqla, balıqçılıqla məşğul olmuşdur. Əmək alətləri çaxmaqdaşından, obsidandan (vulkanik şüşə-dəvəgözü) hazırlanırdı. Naxçıvanda, Gəncə ətrafında, Təbriz yaxınlığında, Qobustanda, Qazax bölgəsində Neolit dövrü abidələrindən daş toxalar, oraq dişləri, çəkic, balta və lövhələrdən ibarət əmək alətləri tapılmışdır.
Eneolit dövrü e.ə. VI-IV minillikləri əhatə etmişdir. İnsanlar ilk dəfə metalla tanış olmuş və misdən alətlər hazırlamışlar. Azərbaycanda bu dövrün yaşayış məskənləri Gəncə-Qazax, Mil-Qarabağ, Muğan, Naxçıvan bölgələrində, Urmiya gölü ətrafında və Təbriz yaxınlığında tədqiq edilmişdir. Əkinçi-maldar tayfalar kiçik kəndlərlə, qəbilə icmaları halında çay kənarında, əkin-çilik və maldarlıq üçün əlverişli yerlərdə salınırdı. Yaşayış binaları kiçik, çiy kərpic və möhrədən dairəvi tikilirdi. Əhali əkinçilik, maldarlıq, balıqçılıq, dulusçuluq, daşişləmə, sümükişləmə, toxuculuq və s. məşğul olmuşlar. Sənətkarlar saxsı qablar, daş və sümükdən əmək alətləri, məişət və bəzək əşyaları hazırlayırdılar.
Bu dövr “toxa əkinçiliyi” dövrü adlanır. Ev heyvanları əhliləşdirilmişdi. E.ə. V minilliyin axırlarında Azərbaycanda ilk dəfə atın əhliləşdirilməsinə başlanmışdır. Cəlilabadda Əliköməktəpədə əhliləşdirilmiş at sümükləri tapılmışdır. Qadın müqəddəs varlıq hesab edilirdi. Eneolit dövründə anaxaqanlığı nəslinin mövqeyi sona çatmış, icma ağsaqqalları şurası mühüm rol oynamışdır. Ölüləri yaşayış məskənində, binaların arasında və evlərin içərisində basdırırdılar. Ölülərin üzərinə qan rəmzi sayılan qırmızı boya çəkir, yaxud orxa səpirdilər. Eneolitin son mərhələsində e.ə. IV minilliyinin I yarısında metalişləmənin inkişafı başlamışdı.
Tunc dövrü e.ə. IV minilliyin sonundan (Azərbaycanda e.ə. II minilliyin sonlarına qədər) başlayır. Tunc dövrünü erkən, orta və son tunc dövrü mərhələlərinə bölürlər.
Dostları ilə paylaş: |