İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. İcbari sığorta müqaviləsi 1 il müddətinə bağlanır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. İcbari sığorta şəhadətnaməsi sığorta haqqının ödənildiyi gün, qrup halında sığortalanma zamanı isə sığorta haqqının ödənilməsindən 3 iş günü müddətində verilir. Qrup halında sığorta zamanı bir sığorta müqaviləsi ilə bir neçə sığorta predmeti sığortalanır. Qrup halında sığorta həm şəxsi, həm də əmlak sığortası üzrə aparıla bilər. Sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər.
Sığorta müqaviləsində aşağıdakılar göstərilməlidir: sığortaçının və sığortalının adı ünvanı; sığorta predmeti və onun olduğu yer; sığorta riskləri; sığorta məbləği və ödənişin verilməsi qaydası; sığorta haqqının məbləği, onun verilməsi qaydası və müddəti; müqavilənin qüvvədə olduğu müddət; müqavilə üzrə sığorta münasibətlərinin digər iştirakçıları varsa, onlar barədə məlumat (sığorta olunan, fayda götürən, lazım gəldikdə sığorta agent və brokerləri); müqavilənin dəyişdirilməsi və ona xitam verilməsi qaydası, sığortaçının sığorta şəhadətnaməsini, sığortalının isə müvafiq sığorta qaydaları ilə tanış olmasını təsdiq edən imzaları və (və ya) möhürləri.
Dostları ilə paylaş: |