Fərdi qiymətləndirmə üsulu–riskin orta tipi ilə müqayisə edilməsi mümkün olmayan risklərə tətbiq olunur. Sığortaçı öz peşəkar təcrübəsi və subyektiv rəyinə uyğun ixtiyari qiyməti verir.
Orta kəmiyyət üsulunda ayrı-ayrı risk qrupları yarımqruplara bölünür. Beləcə riskin əlamətlərinə görə ölçünü təyin etmək üçün analitik baza yaradılır.
Faiz üsulu orta riskin tipindən mümkün müsbət və ya mənfi meyllənmələrdən asılı olan, mövcud statistik bazaya endirimlərin və artımların məcmusu kimi çıxış edir. İstifadə olunan endirimlər və artımlar faizlə göstərilir.
Riskin sığorta oluna bilən olmasını müəyyən etmək üçün əsas kriteriyalar aşağıdakılardır:
sığortaçının məsuliyyət həcminə daxil edilən risk, mümkün olmalıdır;
risk təsadüfi xarakter daşımalıdır. Yəni sığorta hüquq münasibəti yaranan obyekt sığortaçıya və ya sığorta olunana məlum olan təhlükəyə məruz qalmamalıdır;
sığorta hadisəsinin baş verməsi, sığortalı və ya başqa maraqlı tərəfin iradəsi ilə olmamalıdır;
sığorta hadisəsinin baş verməsi anı və yeri məlum deyil;
sığorta hadisəsi fəlakətli hadisə ölçüsündə olmamalıdır, yəni kütləvi zərər yaratmamalıdır;
riskin reallaşmasının mənfi nəticələri ölçülə və qiymətləndirilə bilər.
“Risk” kateqoriyasına xas olan üç xüsusiyyəti qeyd etmək lazımdır:
gələcəyə əmin olmamaq, qeyri-müəyyənlik;
bu qeyri-müəyyənliyin təqribi kəmiyyətlərlə ölçülməsi;
bu qeyri-müəyyənliyin nəticələrinin mənfi, müsbət və sabit (sıfır) olmaqla qiymətləndirilməsi.