Səfəvi adı Səfəvi dövlətinin hökmdarı Şah İsmayılın babası Şeyx Səfiəddindən gəlir. Əslində sünni məzhəbindən olan Səfiyəddin Elxanlılar dövründə təriqətin mərkəzi olan Ərdəbildə böyük nüfuz qazanmış və Elxanlı dövlətinin başçılarının diqqətini cəlb etmişdir. Bu təriqətin bünövrəsini qoyan Şeyx Səfiyəddin İshaqın babası Firuz Şah X əsrdə Anadoludan Ərdəbilə köçmüş türkmən ailəsinə mənsubdur. Səfiyəddin 1334-cü ildə rəhmətə getdikdə oğlu Sədrəddin, ondan sonra da Xacə Əli şeyx oldu. Onların şöhrəti nəinki Azərbaycanda, o cümlədən İraq, Suriya, Anadolu, İran, hətta Bəlx və Buxaraya kimi yayılmışdı.
Səfəvilər dövründə hakim təbəqəni təşkil edən türk tayfaları bunalrdır: şamlı, ustaclu, türkman, rumlu, zülqədərli, əfşar, qacar, təkəli, xumuslu, talas və s.
Səfəvi təriqətinin başçısı İbrahim vəfat etdikdə yerinə 1447-ci ildə oğlu Cüneyd keçdi. 456-cı ildən 1459-cu ilədək Cüneyd o vaxt hələ az tanınan Diyarbəkir hakimi Ağqoyunlu Uzun Həsənin yanında olmuşdu. Uzun Həsən öz düşməni Cahanşahla mübarizədə Səfəvi şeyxlərinin köməyini təmin etmək arzusu ilə öz bacısı Xədicə Bəyimi Şeyx Cüneydə ərə verdi. Cüneyd öz dövlətini yaratmaq məqsədilə Şirvanı zəbt etmək fikrinə düşdü. O, səfərləri boyu müxtəlif ölkələrdən başına toplanmış 10000 tərəfdarı ilə ölkəni işğal etmək və Şirvanşahlar taxtına sahib olmaq üçün Şirvana basqın etdi və döyüşdə məğlub olaraq həlak oldu. Yerinə oğlu Şeyx Heydər keçdi. Heydər Uzun Həsənin qızını aldı və böyük nüfuz qazandı. O, atasının qisasını almaq üçün Şirvan üzərinə yürüş etdi. Döyüşdə şeyx Heydər həlak oldu, ailə üzvləri və uşaqları qaynı Yaqub Xan tərəfındən xilas edildi.
Heydərin böyük oğlu Əli müridlər tərəfindən şeyx elan edildi. Əli Ağqoyunlular tərəfindən öldürüldükdən sonra onun qardaşı 6 yaşlı İsmayıl müridlər tərəfindən qaçırılıb Gilana aparıldı. Burda altı il gizli şəkildə saxlandı və 13 yaşına çatdıqda babası Uzun Həsənin taxtında əyləşmək üçün gizləndiyi Lahicandan yola düşdü. Ətrafına yığdığı ustaclu, şamlu, rumlu, mosullu, hindli, təkəli, çapanlu, qaradağlı, zülqədərli, varsaq, əfşar və qacar tayfaları ilə Aran və Şirvanın bir hissəsini öz hakimiyyətinə keçirdi. Üzünü Azərbaycana tutdu və Ağqoyunlu hökmdarı qarşısında duruş gətirə bilməyib qaçdı. İsfahan, Kaşan, Yəzd, Şiraz və Qum şəhərlərini hakimiyyəti altına aldı. Ağqoyunlu dövləti bununla ömrünü başa vurdu.Şah İsmayıl 1501-ci ildə özünü şah elan etdi.
1508-ci ildə Xorasan xaric Azərbaycan, İran, Ağrı Dağına yaxın yerlərin hamısı, Ərəb İraqı Səfəvi hakimiyyətinə daxil olmuşdu. Şah İsmayıl Ağqoyunlu dövlətinin torpaqlarını ələ keçirmək yolundakı cəhdlərini davam etdirdi. XVI əsrin əvvəllərində qonşuluqda olan dövlətlərin hamısı Səfəvilərin Qaraqoyunlu və Ağqoyunluların varisi olduğunu qəbul etmişdi.
Şah İsmayıl 1510-cu ildə Mərv yaxınlığında Özbək xaqanı Şeybani xanın ordusunu məğlub edib Xorasan vilayətini əlinə keçirdi. XVI əsrin ilk ilinin axırında Səfəvi dövlətinin torpaqları Amudərya çayından Fərat çayına kimi uzanıb gedirdi.
Səfəvi ordusu 1514-cü il avqust ayının 23-də Makunun cənub-qərbindəki Çaldıran düzündə Osmanlı hökmdarı Yavuz Sultan Səlimin ordusu ilə başladığı döyüşdən məğlubiyyətlə çıxdı və geri çəkildi. Səfəvilər bu hərblə Ərzincan, Diyarbəkir, Mardin və Anadolunun bəzi vilayətlərini əldən verdilər.