62.Səfəvi dövlətinin imperiyaya çevrilməsi.
Bu gün Səfəvilərin “milli tarix” anlamında etnik, siyasi və dini kimliyinin müəyyənləşməsində daban-dabana zidd iki baxış var: 1) Səfəvilər mənşəcə türksoyludur, Səfəvilər bir Azərbaycan Türk dövlətidir, Səfəvilərin Qızılbaşlığı-şiəliyi mahiyyətcə Türk ruhaniyyatına əsaslanmışdır; 2) Səfəvilər mənşəcə kürd-fars soyludur, Səfəvilər bir İran dövlətidir, Səfəvilərin Qızılbaşlığı-şiəliyi mahiyyətcə zərdüşti-sasani ruhaniyyatına əsaslanmışdır.
Biz, XVI əsrdə Azərbaycanda yaranmış Səfəvilərin “milli tarix” anlamında əsasən Azərbaycanla, Oğuz-Türkmən boylarıyla və Türk ruhaniyyatıyla bağlı olmasına inanırıq. Buna örnək kimi də ən vacib dörd amili irəli sürürük: 1) Səfəvilər dövlətinin Azərbaycan nüvəsində yaranması və ilk paytaxtın Təbriz olmasını, 2) Səfəvilər dövlətini yaradanların böyük əksəriyyətinin türksoylu tayfalardan (şamlı, ustaclı, təkəli, türkman, qacar, bayat, əfşar, zülqədər vəb.) ibarət olmaqla yanaşı dövlətin rəsmi dilinin Türk dili olmasını, 3) Səfəvilərin Oğuz-Türkman ulusunun Bayandurlu-Ağqoyunlu dövlətinin varisi kimi çıxış etməsini, 4) İlk dövrlərdə İslam dininə dayalı Qızılbaşlığın-şiəliyin daha çox Türk ruhaniyyatıyla bağlılığını.
Birincisi, deyə bilərik ki, Səfəvilərin yeni dövlətin əsas mərkəzi kmi Azərbaycanı seçməsi, eyni zamanda paytaxt olaraq Təbrizi müəyyən etməsi təsadüfi olmamışdır. Səfəvilərin Azərbaycana bağlılığını üç amillə izah edə bilərik: 1), Səfəvilərin əsas dini mərkəzi olan Ərədbilin ən əskilərdən Azərbaycan Türk şəhəri idi. 2) Səfəvilərin əsas hərbi dəstəkçiləri Azərbaycanın yerli ulusu olan Oğuz-Qıpçaq boyları (şamlı, ustaclı, təkləli, türkman, qacar, bayat, əfşar, zülqədər vəb.) idilər. 3) Səfəvilərin Azərbaycanın və digər həmhüdud məmləkətlərin sahibi olmuş Bayandurlu-Ağqoyunlu dövlətinin varislik hüququna iddia etmələri idi.
Azərbaycanın Səfəvi Türk dövləti üçün necə önəmli olması XVI əsrə aid naməlum mənbədə açıq şəkildə ifadə olunmuşdur. Belə ki, XVI əsrə aid naməlum mənbədə yazılır ki, İsmayıl Səfəvi Azərbaycan taxtına oturmamışdan öncə Gülüstan qalasını ələ keçirməkdə iddialı olan Qızılbaş əmirlərindən soruşanda ki, siz Azərbaycan səltənətini mi (max-kah), yoxsa Gülüstan qalasını mı istəyirsiniz? Qızılbaş əmirləri Şah İsmayıla cavab olaraq demişlır: “Azərbaycan səltənətini”. Bu o deməkdir ki, Şah İsmayıl Bayandurluların davamçısı hər hansı İranın, Persianın deyil, özünü məhz Türkmən dövlətlərinin, onların əsas hakimiyyət mərkəzi olan Azərbaycan səltənətinin hökmdarı kimi görürdü. Səfəvilər üçün Azərbaycan səltənətinə sahiblənmək bir tərəfdən hakimiyyət və vətən rəmzi, digər tərəfdən Türklüklə bağlı idi.
Səfəvilərin Azərbaycan taxtına iddialılığı, Azərbaycan türklərini yeni bir ideya ətrafında birləşdirmə istəyi Şah İsmayıldan öncə, özəlliklə də Bayandurlularla qohumlaşdıqdan sonra ortaya çıxmışdı. Hər halda Şah İsmayılı ata-babaları Şeyx Cüneyd, Şeyx Heydər və Şeyx Sultanəli hakimiyyətin mənəbəyi və qutlu mərkəzi olaraq məhz Azərbaycanı əsas hədəf kimi götürmüşdülər. Sadəcə, Şah İsmayıl da onların yolunun davamçısı kimi Qızılbaş Türklərini Ərzincanda başına toplayaraq ilk yürüşünü Azərbaycanın şimalına etmiş, çox keçmədən Azərbaycan birləşdirərək Təbriz mərkəzli Oğuz-Türk dövlətinin hökmdarı olmuşdur.
İkinsisi, Səfəvilərin özlərinin Türk, onları müdafiə edən tayfalarında böyük əksəriyyətinin də Oğuz-Türksoylu tayfalardan (şamlı, ustaclı, təkləli, türkman, qacar, bayat, əfşar, zülqədər vəb.) ibarət olmaqla yanaşı, dövlətin rəsmi dilinin Türk dili olması da heç kəsə sirr deyildir. Səfəvilərin dövründə Şah İsmaqıl Səfəvi türk dilini dövlətin rəsmi dili kimi qəbul etmiş və Türk dilini Səfəvilərin saray dili halına gətirmişdir. Özü də Türk dilində şeirlər yazmış, sarayında Türk bilginlər və şairlər ön planda olmuşlar. İlk Səfəvi hökmdarı Şah İsmayıldan tutmuş II Şah Təhmasibədək bu ənənə aşağı-yuxarı davam etmişdir.
Şah İsmayılın Azərbaycan və Türk dili sevgisi onun etnik kimliyində Oğuz-Türkmən amilinin ön planda olmasını açıq şəkildə ortaya oyur. Əlbəttə, Türk kimliyi ilə yanaşı onun əcdadlarının və öz övladlarının yunan, fars, ərəb və başqa yad uluslarla qohumluq əlaqələrinin olmasını da istisna etmir. Bütövlükdə Səfəvilərin qurucusu Şah İsmayıl və onun davamçılarının dini kimlik və siyasi kimlikdən deyil, ancaq milli düşüncədən çıxış edərkən məhz Türklüklərini, Azərbaycanlılıqlarını daim öndə tutduqlarını görürük.
Dostları ilə paylaş: |