1. Azərbaycanın təbii-coğrafi şəraiti


Səfəvilərin Ərdəbil hakimliyi



Yüklə 344,46 Kb.
səhifə59/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   55   56   57   58   59   60   61   62   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

58.Səfəvilərin Ərdəbil hakimliyi.

Səfəvilər sülaləsi öz adını Şah İsmayıl Xətainin (1487-1524) altıncı əcdadı, mərkəzi Ərdəbildə yerləşən böyük sufi təriqətinin əsasını qoymuş Şeyx Səfiəddin İshaqın (1252-1334) adından götürür. Şeyx Səfi Şeyx İzzəddin Zahid Gilaninin müridi idi. Onun formalaşmasında Şeyx Zahid Gilaninin böyük rolu olmuşdu. V.Minorskinin yazdığına görə, 1277-ci ildə kamil mürşid axtarışı ilə indiki Lənkəran rayonu ərazisinə gələn Şeyx Səfi Şeyx Zahid Gilani tərəfindən müridliyə qəbul edilmiş və onun qızı Bibi Fatma ilə evlənmiş, 1301-ci ildə mürşidinin vəfatından sonra Ərdəbilə qayıdaraq orada öz adı ilə "Səfəviyyə" adlanan böyük sufi təriqətinin əsasını qoymuşdu.

12 sentyabr 1334-cü ildə Şeyx Səfiəddin vəfat etdikdən sonra yerinə oğlu Şeyx Sədrəddin Musa (1305-1392) keçdi. Onun mürşidliyi dövründə Səfəvilər təriqəti xeyli güclənərək, nüfuzunu və tərəfdarlarının sayını artırdı. "Bədayə-ül-vəqayə" adlı Osmanlı qaynağının XVII əsrdə yaşamış müəllifi Qoca Hüseyn Qoca Hüseyn yazır ki, "zəmanəsinin böyük hökmdarları Şeyx Musanın xidmətində durardı". Elə buradaca o, böyük bir yanlışlığa yol verərək bildirir ki, Şeyx Sədrəddinə "müraciət edənlərdən biri Teymurləngdir ki, Rum vilayətindən qayıdarkən ziyarət edib və "muradi-şərifiniz nədir" deyu sual eylədikdə, «Rum ölkəsindən əsir aldığınız tayfanı azad edin» demişlər. Teymur dəxi icabət edib cümlə sürgünləri azad eylədi.

Müəllifin yol verdiyi yanlışlıq ondan ibarətdir ki, Teymurləngin görüşdüyü Səfəvi şeyxi Sədrəddin Musa deyil, Xoca Əli (1392-1429) olmuşdur. Məlumdur ki, Əmir Teymur 1402-ci ildə Ankara döyüşündə Osmanlı ordusunu məğlub edərək sultan İldırım Bayəzidi əsir aldıqdan sonra Anadoludan qayıdarkən Ərdəbilə baş çəkmiş və orada Şeyx Xoca Əli ilə görüşmüşdü. V.Minorskinin yazdığına görə, bu görüş 806-cı ilin şəvval (1404-cü ilin aprel) ayında baş tutmuşdu. Sonradan azadlığa qovuşanların demək olar ki, hamısı Şeyx Səfi ocağının müridlərinə çevrilmiş, onların bir qismi Şeyx Xoca Əlinin xidmətində qalmış, qalanları isə vətənlərinə qayıtmışdılar. V.Hinz bildirir ki, sonradan Anadoluya qayıdanlar və onların törəmələri Sufiyani-Rumlu, yəni Anadolu sufiləri adını daşımağa başladılar.

Qeyd edək ki, Türkiyə tarixçisi Faruk Sümer ciddi dəlil gətirmədən Şeyx Xoca Əli ilə Əmir Teymur arasında belə bir görüşün olmadığını iddia edir. Onun fikrincə, Teymurun Azərbaycandan on min nəfəri sürgün etməsi və Teymuri mənbələrində onun Şeyx Xoca Əli ilə görüşü barədə hər hansı məlumatın öz əksini tapmaması bu görüşün, ümumiyyətlə, olmadığını göstərir. Bu fikir həqiqətə uyğun sayıla bilməz. Belə ki, Teymurləngin Azərbaycandan sürgün etdiyi şəxslər onunla düşmənçilik münasibətlərində olan Cəlairi Sultan Əhməd və Qaraqoyunlu Qara Yusiflə mübarizə zəminində ələ keçirilmişdilər. Səfəvi şeyxləri isə yalnız öz müridlərinin hərəkətlərinə görə məsuliyyət daşıyırdılar. Aydın məsələdir ki, Şeyx Xoca Əli tərəfdarlarının sayını artırmaq üçün yaranmış tarixi şəraitdən düzgün istifadə etməyi bacarmış və Teymurun Anadoludan gətirdiyi əsirləri xilas etməklə buna nail olmuşdu. Digər tərəfdən, Əmir Teymurun Şeyx Xoca Əli ilə görüşü haqqında Səfəvilərlə düşmən münasibətdə olan Osmanlı mənbələrində də geniş məlumat verilməsi bu görüşün həqiqətən baş verdiyini təsdiqləyir.

Şeyx Xoca Əlinin ölümündən sonra onun işini oğlu Şeyx İbrahim (1429-1447) davam etdirməyə başladı. Artıq Səfəvi şeyxlərinin nüfuzu qonşu ölkələrə, o cümlədən Bursada Osmanlı padşahlarının sarayına qədər yayılmışdı. Bu nüfuz elə bir həddə çatmışdı ki, hər il Bursadan Ərdəbilə "çıraq axçası" adı altında qiymətli hədiyyələr göndərilirdi.




Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin