§ 4. Riyaziyyatdan tədris proqramı təhlilinin təxmini sxemi Riyaziyyatın ibtidai məktəb kursu materialını a) ardıcıl; b) konsentrik-
qismən spiralvari; c) spiralvari şəkildə düzmək olar. Hazırda ibtidai məktəb
üçün ən məqbulu ikinci şəkildəki düzülüşdür.
Tədris materialının düzülüş sistemində aşağıdakılar nəzərdə tutulur;
I-IV siniflərdə tədris olunan riyazi materialın əsasını hesab materialı
təşkil etməlidir, belə ki, onlar riyaziyyat təliminin sonrakı mərhələlərində
praktik hesablamalar üçün zəruridir və şagirdlərin gələcək riyazi inkişafını
təmin edir.
Hesab əməlləri bir-biri ilə əlaqədar olduğundan, onları birgə öyrənmək
lazımdır. Belə əlaqə hesablama priyomlarını yaxşı mənimsəməyə kömək edir.
Tədris materialının konsentrik-spiralvari düzülüşünün aşağıdakı
üstünlükləri vardır:
sadədən mürəkkəbə, asandan çətinə keçmək prinsipi öyrənilir;
hər konsentrdə əvvəlki material təkrar olunur və yeniləri ilə tamamlanır;
tədris prosesində rəngarənglikdən geniş istifadə etməyə imkan artır.
Ümumiyyətlə, hər bir konsentrdə başlıca məqsədi müəyyən etmək
lazımdır.
I-IV siniflərin riyaziyyat proqramını geniş təhlil etmək üçün tətbiq edilən
son proqram və onun izahat vərəqindən istifadə olunmalıdır.
Proqramın təhlilini təxminən aşağıdakı plan üzrə aparmaq olar:
İbtidai məktəb şagirdlərinə verilən müvafiq və zəruri olan bilik, bacarıq
və vərdişlərin ümumi həcmi.
Bilik və vərdişlərin düzülüş sxemi.
Proqramın nəzəri, praktik materialları və onlar arasındakı münasibət.
İbtidai siniflərdə tədris olunan başqa fənlərlə riyaziyyat fənni arasındakı
əlaqənin mümkünlüyü və bu əlaqəni həyata keçirmək üçün proqramın
münasib olan mövzuları.
Proqram materialının həcmi, məzmunu və düzülüş sisteminin şagirdlərin
yaş xüsusiyyətlərinə müvafıqliyi.
Proqramın şərhinin ümumi xarakteri (dəqiqliyi, aydınlığı, sadəliyi).
Yuxarıda sadalananlar proqramın ümumi təhlili adlanır. Bundan başqa
tədris proqramı siniflər üzrə də təhlil edilir. Onun təxmini sxemi aşağıdakı
kimidir:
Hər sinfə uyğun bilik və vərdişlərin ümumi həcmi və onların düzülüş
sistemi.
47
Hər bir sinif şagirdinin yaş və bilik səviyyələrinə materialın
müvafiqliyi.
Bu bilik və vərdişlərin əvvəlki materialı ilə əlaqəsi.
Xüsusi diqqət yetirilməsini tələb edən əsas mövzular.
Ayrı-ayrı siniflər üzrə proqramı təhlil edərkən proqram və onun izahat
vərəqindən istifadə edilməlidir. Belə ki, proqramın quruluş prinsipi və əsas
metodik göstərişlər izahat vərəqində verilir.