Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə39/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   173
Ar2019-47-1

§ 2. Moğolların Azərbaycana birinci yürüşü. Azərbaycan Xarəzmşah

Cəlaləddinin hakimiyyəti altında


Cəbə və Sübutayın qoşunları bütün Xorasan və Fars İraqının ərazisindən keçərək, yurdları dağıda-dağıda, əllərinə keçəni qarət edə-edə 1220-ci ilin payızında Azərbaycana soxulurlar. Ölkənin bir sıra yaşayış məskənlərini viran edib Təbrizə yaxınlaşırlar. O zaman Atabəy Özbək Təbrizdə otururdu və mənbələrin verdiyi məlumata görə o, gecə və gündüz sərxoşluqla məşğul idi.
Özbək öz elçisini sülh xahişi ilə moğolların yanına göndərir. Moğollar Özbəkdən Xarəzmşah Məhəmməd tərəfindən burada saxlanılan xarəzmlilərin qarnizonunun onlara verilməsini tələb edir. Özbək xarəzmlilərin bir hissəsini qırdırır və bir hissəsini isə moğollara təslim edir. Bundan əlavə Özbək moğollara pul, paltar və mal-qara göndərir.
O zaman Azərbaycanda dövlət rəhbərliyinin zəifliyi bir-birinin ardınca şəhərlərimizin işğalına səbəb oldu. Bu dövrdə hər şəhərin öz qornizonu-döyüşçüsü olduğu halda, onlar birləşib vahid şəkildə düşmənə cavab vermədikləri üçün, moğollar şəhərləri bir-bir talan ederək öz istəklərinə nail oldular.
Moğollar Muğandan keçərək Təbrizdən Arrana, oradan da Gürcüstana yönəlirlər. 1221-ci ildə 20 minlik moğol ordusu Tiflis yaxınlığında 10 minlik gürcü ordusunu darmadağın edir. Bu məğlubiyyətdən sonra Atabəy Özbək və gürcü çarı Georgi moğollara qarşı saziş bağlayırlar. Özbəyin Arrandakı canişini Nəsirəddin Ağquş xain çıxıb bu barədə moğollara xəbər verir və özü də qoşunu ilə birləkdə moğolların tərəfinə keçir. Bu vəziyyəti görən gürcü çarı 60 minlik atlı ilə Kotman-Girdıman yaxınlığında moğollara qarşı çıxır və bu döyüşdə də darmadağın edilirlər.
Moğollar Gürcüstandan ikinci dəfə Təbrizə qayıdırlar. Təbrizi müdafiə edən şəhər rəisi Şəmsəddin ət-Tuğrayi moğollara təzminat verməklə əhalini qırğından xilas edir. 1221-ci ilin martında moğol qoşunları Marağaya hücum edərək şəhəri ələ keçirir və əhalini vəhşicəsinə qılıncla doğrayırlar.
Moğollar tək Azərbaycanı deyil, bütün Zaqafqaziya və Ön Asiya ərazisində öz planlarını həyata keçirirdilər. Ona görə də Marağadan Suriya boyunca hərəkət edib Həmədana qayıdan moğollar şəhəri dağıdıb, oradan Ərdəbilə hücum edirlər. Ərdəbil əhalisini dəhşətli şəkildə qırdıqdan sonra üçüncü dəfə Təbrizə yürüş edirlər. Moğolların yenidən qayıtması xəbərini eşidən Özbək hərəmxanasını və uşaqlarını Xoya göndərir, özü isə tələsik şəhəri tərk edərək Naxçıvana, Əlincə qalasına yollanır. Əlacsız və müdafiəsiz qalan Şəmsəddin ət-Tuğrayi moğollara yenidən təzminat verərək şəhəri bu dəfə də qırğından xilas edir. Qırğınlardan və topladıqları var-dövlətdən gözləri doymayan moğollar Sərab istiqamətində yürüş edib, oranı dağıdırlar.
1221-ci ilin yazında Naxçıvan əhalisi moğolların qurbanı olur. Onlar şəhəri dağıdıb əhaliyə divan tutmağa başlayırlar. Rəşid əd-din yazır ki, Naxçıvan hakimi Xamuş öz günahını boynuna alıb moğolların yanına gələnə kimi qırğın davam edirdi.
Moğollar heç bir yerdə qalmaq, dayanmaq istəmirdilər. Onları ancaq yeni qarətlər, təzminat toplamaq və s. düşündürürdü. Odur ki, moğol dəstələri Naxçıvandan Beyləqana hərəkət edirlər. 1221-ci ilin oktyabr ayında Beyləqan mühasirəyə alınır. İbn əl-Əsir yazır ki, şəhər əhalisi sülh bağlamaq üçün moğollardan elsi tələb etdilər. Elçi gələn kimi onu şəhərdə öldürdülər. Qəzəblənən moğollar hücuma keçib Beyləqanı tutdular. Onların qılıncı elə işləyirdi ki, şəhərdə bir nəfər də olsun qoca, qadın və uşaq qalmadı. Moğollar elə həddə çatmışdılar ki, hamilə qadınların qarnını parçalayır, hətta əvvəlcə onları zorlayır, sonra öldürürdülər.
Moğollar Beyləqandan sonra onlar Gəncəyə yaxınlaşırlar Gəncənin qala divarları ilə möhkəm olduğunu, əhalinin mərdliyini nəzərə alan moğollar orada qoşun itirməmək üçün yalnız təzminat alıb buradan 3-cü dəfə Gürcüstana yönəlirlər. Döyüşə yaxşı hazırlaşmalarına baxmayaraq gürcülər 30 min əsgər itirərək məğlub olurlar.
Gürcüstandan dönən moğollar 1222-ci ildə Şirvanın paytaxtı Şamaxını mühasirəyə alırlar. Şamaxılılar şəhərin müdafiəsinə yaxşı hazırlaşmışdılar. Qala divarlarının ətrafında xəndəklər qazılmış və su ilə doldurulmuşdu. Lakin bunlara baxmayaraq, moğollar çoxlu mal-qara öldürüb xəndəklərə doldururlar. Üç gün gərgin döyüşlər davam etsə də, xəndəklədə doldurulan cəsədlər çürüyüb aşağı yatdığından şəhərə hücum zəifləyir. Lakin özlərində güc toplayan moğollar daha güclü hücumla şəhəri alıb çoxlu adam qırırlar.
Moğol qoşunları buradan şimal istiqamətində yönələrək Dərbənddən keçərək geri qayıtmağı qərara alırlar. Onlar bilirdilər ki, Dərbənd çox güclü müdafiə olunur, Odur ki, onlar hiyləyə əl atırlar. Belə ki, Şirvanşaha xəbər göndərib, onunla sülh bağlamaq niyyətində olduqlarını bildirirlər. Təklifi qəbul edən Şirvanşah on nəfərlik elçi heyəti göndərir. Onlar elçilərdən birini öldürür, doqquzunu isə məcbur edirlər ki, Dərbənddən keçən gizli yolu onlara göstərsin. Beləliklə, Dərbənd keçidindən şimala keçən moğolların Azərbaycana birinci yürüşü sona çatır. Onlar 1223-cü ildə Kalka çayı sahilində qıpçaq qoşunlarını əzib, oradan Krıma soxulurlar. Krımdan isə Volqa bulqarlarının üzərinə hücum edirlər. Yaxşı möhkəmləndirilmiş bulqar şəhərlərini tuta bilməyən moğollar Volqanın aşağı axarlarından keçərək Orta Asiyaya qayıdırlar.
Moğolların birinci yürüşü haqqında o dövrü öz gözləri ilə görərək qələmə almış İbn əl-Əsir bu barədə belə yazır: «Bu hadisə çox ağır və iyrənc olduğu üçün mən bir neçə il bunu yazmaqdan çəkindim...Kaş anam məni doğmamış olaydı, yaxud mən bu hadisədən əvvəl ölmüş və tamamilə unudulmuş olaydım. Bütün xalqların, xüsusilə müsəlmanların düçar olduğu bu müsibət elə bir müsibətdir ki, gecələr və gündüzlər onun mislini doğmamışdır. Bunlar bir nəfəri də salamat qoymadılar: arvadları da, kişiləri də, uşaqları da-hamısını öldürdülər. Hamilə arvadların qarnını yarıb, çağalarını da çıxarıb öldürdülər».
İbn əl-Əsir sözünə davam edir: «Bunların dininə gəldikdə Günəş doğarkən ona səcdə edərlər, heç bir şeyi haram saymazlar, bütün dördayaqlı heyvanları, hətta iti, donuzu və qeyrilərini yeyərlərdi. Nigah tanımazdılar, arvad bir neçə kişinin əlindən keçdikdən sonra alardılar. Anadan olan uşaq atasının kim olduğunu bilməzdi».
Yaqut əl Həməvi yazır ki, «Mən Ərdəbili tərk etdikdən sonra tatarlar şəhərə basqın etmiş və əhalini qırmışlar...Tatarlar şəhəri ələ keçirib...gözə görünən bir kimsəni salamat buraxmadılar...Şəhəri köklü şəkildə dağıtdıqdan sonra tatarlar çıxıb getdilər. Şəhər isə uzun illər dəhşətli bir dağıntı içində qalmışdı və əhalisi yox idi. Ancaq indi şəhər özünün qabaqkı görünüşünə qayıtmış, hətta bir az daha yaxşı olmuşdur. İndi o tatarların əlindədir».
Moğollar Azərbaycanı tərk etdikdən sonra 1223-cü ildə şimaldan 50 minlik qıpçaq ordusu Şirvana hücum edir. Qıpçaqları Şirvanda darmadağın edən gürcülər Azərbaycana basqın edirlər. Bu dəfə gürcülərin törətdiyi qırğın moğollardan artıq idi. Onlar onsuz da dağılmış Azərbaycanı talayıb geri qayıdırlar. Gürcülər 1225-ci ildə yenidən Azərbaycana hücum edirlər. Lakin bu dəfə məğlub olub geri çəkilirlər. Gürcülərin bir daha yürüşə hazırlıq vaxtı Xarəzmşah Cəlaləddinin qoşunları Azərbaycan sərhədlərinə toplanmışdı.
Orta Asiyanı işğal etdikdən sonra Xarəzmşah Məhəmmədin oğlanları cənuba və qərbə doğru hərəkət etməyə başlayırlar. Məhəmmədin oğlu Qiyasəddin Pirşah Fars İraqını tutub, 1224-cü ildə Azərbaycana yürüş edir. Atabəy Özbək Pirşahın hüzuruna bir neçə elçi göndərib sülh bağlamağı xahiş edir. Pirşah sülh şərtlərini qəbul edərək, Atabəyin bacısı, Naxçıvan hakimi Cəlaliyyə ilə evlənir. Pirşah buradan Reyə çəkilir.
Bu zaman Hindistandan gəlmiş Məhəmmədin o biri oğlu Cəlaləddin Manqburnu xəlifə Ən-Nəsiri xəbərdar edərək öz qoşunlarını Bağdada tərəf yönəldir. Çünki, Cəlaləddinə xəbər vermişdilər ki, Xarəzmşahlarla müharibə etmək üçün xilafət moğolları köməyə çağırıb.
Cəlaləddinin qoşunları İraqa doğru irəliləyir. Qoşunun bir hissəsi Bəsrəyə çatır. Bəsrənin iki aylıq mühasirəsindən sonra Cəlaləddin qoşununu geri çəkir və xəlifə qoşunları ilə üz-üzə gələrək, onları məğlub edir. 12 gün Bağdad ətrafında qalan Cəlaləddin oradan Azərbaycana gəlir.
1225-ci ilin may ayında Cəlaləddinin qoşunları Marağanı tutur. O. Marağadan Təbrizə-Özbəyin Təbrizdəki canişini rəis Şəmsəddin ət-Tuğrayiyə məktub yazaraq öz qoşunlarının Təbrizə girməsinə və azuqə toplamasına icazə istəyir. Bunun ardınca o, Təbrizə hücum edir. 7 günlük mübarizədən sonra 1225-ci ilin iyul ayının 15-də Təbriz Cəlaləddin tərəfindən tutulur. Bu zaman şəhərin müdafiəsinə Şəmsəddinin qardaşı oğlu Nizaməddin ət-Tuğrayi başçılıq edirdi. Atabəy Özbək özü Gəncəyə qaçmışdı.
Cəlaləddinin Azərbaycanı işğal etməsi, həm də qisas almaq kimi qiymətləndirilməlidir. Çünki moğolların birinci yürüşü zamanı Özbək xarəzmlilərin qornizonunun bir hissəsini onlara vermişdi. Təbrizdə olarkən Cəlaləddin rəis Şəmsəddin ətTuğrayini şəhərin başçısı təyin edir, özü isə Atabəy Özbəyin arvadı Məlikə-Xatunla evlənir. Cəlaləddin oradan gürcülərə qarşı döyüşə çıxır. Dvini tutduqdan sonra o, Qarnidə gürcü qoşunları ilə üz-üzə gəlir. 60 minlik gürcü ordusu ilə döyüşdə o, qalıb. Gürcülər 20 min döyüşçü itirirlər və ağır məğlubiyyətə düçar olurlar.
Təbrizdə qalan Cəlaləddinin vəziri Şərəf əl-Mülk Təbriz əhalisinin Tuğrayi nəslinə olan hörmətini qəbul edə bilməyib onları sultanın gözündən salmaq üçün şər ataraq bildirir ki, onlar təbrizliləri xarəzmlilərin üzərinə qaldırmaq istəyirlər. Tezliklə Nizaməddin ət-Tuğrayi edam olunur. Şəmsəddin ət-Tuğrayi isə həbsə atılır. Yalnız 1228-ci ildə sultan peşiman olub Şəmsəddini yenidən Təbrizə canişin təyin edir.
Atabəy Özbək Gəncədən Naxçıvana gələrək Əlincə qalasında gizlənmişdi. O, burada arvadı Məlikə-Xatunun Cəlaləddinə ərə getdiyini eşidib, 1225-ci ildə bir neçə gündən sonra ölür. Bununla da Azərbaycan Atabəyləri dövləti süqut edir.
Atabəylərin hakimiyyəti altında olan ərazilər-Azərbaycan, Arran, Şirvan Cəlaləddinin hakimiyyəti altına keçir. Cəlaləddin, həmçinin, Atabəyin bacısı Cəlaliyyə ilə də evlənərək, onun torpaqlarına toxunmur.
1228-ci ildə 50 minlik qıpçaq qoşunları ilə birlikdə Cəlaləddin Dərbəndi mühasirəyə alır. Lakin bir müddətdən sonra bunun mənasız olduğunu görərək o, oradan ikinci dəfə Gürcüstana yürüş edir. Gürcü kraliçası Rusudana onlara qarşı qoşun çıxarır. Lakin onlar məğlub olurlar. Gürcüstan ikinci dəfə dağıdılır. Cəlaləddin buradan Xilat qalasına hücum edib onu mühasirəyə alır. İl yarımlıq mühasirədən sonra 1230-cu il aprelin 14-də qala təslim olur. Xilatın alınması Cəlaləddinin son qələbəsi idi.
Bu qələbədən qorxuya düşən Konya, Dəməşq, Hims, Hələb, Bənyəs və s. Sultanları Cəlaləddinə qarşı vuruşmaq üçün müqavilə bağlayırlar. 1230-cu ilin avqustun 10-da döyüşdə Xarəzmşahın ordusu darmadağın edilir. Cəlaləddin Xilatda gizlənir, sonra qalan ordusu ilə Azərbaycana qayıdır.
Yassı-Çəməndə Cəlaləddinin məğlub olması xəbərini ismaililərin başçısı Əlaəddin Azərbaycan sərhədlərinə toplanmış moğollara çatdırır. Moğollar 1231-ci ilin oktyabrında Azərbaycana soxulurlar.
Cəlaləddin bir neçə min döyüşçü toplayaraq moğollarla döyüşmək üçün Ağdam yaxınlığında Qarqarçay sahilində məskən salır. Moğol elçisi Cəlaləddinə təslim olmaq təklif edir. Cəlaləddin isə onun öldürülməsi əmrini verir və Gəncəyə çəkilir. Bu zaman Gəncədə xarəzmlilərə qarşı üsyan qalxmışdı ki, ona da sənətkar Bəndər başçılıq edirdi. Sultan bir neçə gün onlara təslim olmaq təklifi göndərir, amma bunun nəticəsi olmur. Gəncəlilər qaladan çıxaraq sultanın qoşunları üzərinə hücum çəkirlər. Qüvvələrin qeyri-bərabərliyi sultanın qələbəsi ilə nəticələnir. Bəndər başda olmaqla 30 nəfər həbs edilir. Onların hamısının boynu vurulur. Bəndərin isə bədəni tikə-tikə doğranır.
Cəlaləddin 17 gün Gəncədə qalır. Heç kəsin ona kömək etmədiyini görüb Kiçik Asiyaya yollanır. Yolda moğollar sultan qoşunloarını mühasirəyə alırlar. Sultan yoldaşlarından ayrı düşərək dağlara qaçır. Kürdüstanda – Məyəffəriq əyalətinin Əyinbər kəndi yaxınlığında kürdlər Sultanı ələ keçirirlər. Əvvəl onu öldürmək istəmirlər. Lakin, qardaşı xarəzmlilər tərəfindən öldürülən bir kürd Cəlaləddini nizə ilə öldürür.
İbn əl-Əsir belə yazır: «Cəlaləddin çirkin rəftarlı adam idi, ölkəni pis idarə edirdi. Onun düşmənçilik etmədiyi, torpağına basqın etmədiyi bir qonşu hakim qalmamışdı. Hamı üçün arzuedilməz qonşu idi. Buna görə də onlar hamısı onu tərk etdilər və kömək əli uzatmadılar».
İbn əl-Əsirdən 50 il sonra yaşamış İbn Vasil yazır ki, «Allah Cəlaləddini öz günahlarına görə cəzalandırdı və ona möhlət vermədi, onu kökləri ilə bərabər çıxartdı. Bununla belə onun həlakı müsəlmanların moğollar tərəfindən məhv edilməsinə bais oldu...››

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin