Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Qulunun qapısından bir az aralanandan sonra doktor Abasəliyev qabağına çıxan birinci evin qapısını açıb həyətə girdi



Yüklə 192,11 Kb.
səhifə29/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   25   26   27   28   29   30   31   32   ...   71
Qulunun qapısından bir az aralanandan sonra doktor Abasəliyev qabağına çıxan birinci evin qapısını açıb həyətə girdi.

Ev sahibi Nubar qarı eyvanda oturub, yun didə-didə kifayət qədər uca səslə öz-özünə danışırdı. Gələnləri ürəkdən sevinə-sevinə qarşıladı.

-Gəlin, gəlin, - dedi, - xoş gəlmisiz! Nə əcəb məni də yada salmısan, doxtur. Deyirlər, bir aydı burdasan, üzünü indi görürəm.

-Günah səndədi də, məndə deyil ki. Evindən çıxırsan ki, adam-zad da görəsən. – Doktor həyətə göz gəzdirdi. – Maşallah, həyət-bacan çox qəşəngdi. Suyun-zadın da boldu, deyəsən.

-Qəşəng günün olsun, Zülfü qardaş. Nə qədər gücüm çatır, baxıram həyət-bacaya. Su da, sənin baxtından, boldu bu il. Özgə illərdəkindən şox yaxşıdı... Gətirim, samovarı salım, bir çay verim sizə.

-Yox, əziyyət çəkmə, gedirik. Girdim, sənnən atüstü hal-əhval tutum. Elə təksən bu evdə?

-Təkəm, doxtur, təkəm. – Nubar qarı çox yanıqlı-yanıqlı dedi. – Qızlarımın biri qız ikən getdi əlimdən. Bilmədim, hansı tünbətünün uşağına aşıq oldu. Eşqindən neft töküb yandırdı özün. Qızlarımın ikisi yuxarı kətdə ərdədi. Oğlum da gedib rus qız alıb, day gəlmir buralara.

-Bu evin ermənisi yadındadı?

Nubar qarı əməllicə təəccübləndi:

-Arakel idi də, məndən yaxşı bilirsən. Arvadı Esxinin özünü dağdan atmağı da, elə bilirəm, lap dünən idi. Çox qəşəng gəlin idi. Yadındadı da, toylarda gözəl mahnılar oxuyardı. Öz toylarında da, bizim müsəlman toylarında da... Allah o Ədif bəyin, görüm, tifağını dağıtsın. Onun qoşunu Əylisə girəndə yazıq Esxinin, bircə günün içində başına hava gəldi. Yadındadı da, hər axşam gün batan kimi gedib Xışkeşində qayanın başına çıxıb, ağlaya-ağlaya oxuyurdu:

“Amandı, Ədif bəy, öldümə bizi,

Əylisin gülüyux, soldurma bizi.”

-Arakeli bu evdə kim öldürdü? – Doktor Abasəliyev inamsız, qətiyyətsiz səslə soruşdu.

Həkimin bu sözləri Nubar qarını daha çox təəccübləndirdi.

-Arakeli evdə öldürmədilər axı, doxtur. Arakeli çaylaqdakı bağında ilantutan Əbdüləlinin oğlu Cəmşid öldürdü. Mən bilirəm, sən sözü hara çəkirsən. Bu evdə qan tökülməyib, Zülfü qardaş.

Doktor xeyli fikirləşəndən sonra:

-Ola bilər, - dedi. - Ola bilər ki, mənim yadımda ayrı cür qalıb... İndi biz həyətə girəndə sən orda kimnən danışırdın?

-Mənim kimim var ki, danışam! – Nubar qarının gözləri yaşla doldu. – Danışanda elə özümnən danışıram.

Nubar qarının ağlamağı doktor Abasəliyevi də açıq-aşkar qəhərləndirdi.

-Ruha inanırsan, Nubar? – Doktor Abasəliyev ağlamsınan, titrək səslə soruşdu.

-İnanıram, doxtur, necə ki, Allaha, Peyğəmbərə inanıram! Bizi bu günə qoyan elə o ruhlardı da, dərdin mənə gəlsin, a Zülfü. O marağalı iranlı yadındadı? Hələ erməni-müsəlman davasından qabaq gətirib buralarda xurma, saqqız, zəncəfil-zad satırdı. O kişi bura axır gəlişində nə demişdi?.. Demişdi ki, hələ ki gec deyil, bu kənddən çıxın gedin. Bir yerdə ki, bu qədər qəbiristanlıq ola, orda insan yaşayışı olmaz. – Nubar qarı yaşlı gözlərilə yazıq-yazıq gülümsədi və birdən elə bir ah çəkdi ki, sinəsi xır-xır xırıldadı. – Ancaq, vallah, Zülfü qadaş, Əylisin müsəlmanı, min il qala, erməniyə o zülmü eləməzdi. O şümür Ədif bəyin fitvasından sonra bizimkiləri tamah güclədi. Dədən Hacı Həsən o vaxtlar bu kənddə olsaydı, bəlkə, ondan həya eləyib, heç o talana da gedən olmazdı. Erməninin mal-mülkündə çoxdan gözü olan beş-altı acgöz bimürvət o var-dövlətdən yana burdakı müsəlmanın da əlini erməninin qanına batırdı. Sən özün hamıdan yaxşı bilirsən, hələ Ədif bəyin qoşunu Əylisə girməmişdən general Andronik gəlib öz qoşunuynan Əylis düzündə durmuşdu. Əylisin başbilən ermənilərini – Stepanı, Hovanesi, usta Minası, keşiş Firumu – hamısını yanına çağırıb demişdi ki, mən Allahımdan keçib Əylisdə güllə ata bilmərəm. Əgər Əylisin də müsəlmanı burda şələşurluğa başlasa, gərək bu işə özünüz əncam çəkəsiz. O başbilən ermənilər də hamısı bir ağızdan Andronikə demişdilər ki, sən bizdən nigaran olma, rahatca çıx-get yolunu, Əylisin müsəlmanı bizə əl qaldırmağa cürət eləməz. O Andronik də qoşununu çəkib qalxmışdı Qafan tərəfə. Elə Əylisdəki qırğından da, deyirlər, orda xəbər tutmuşdu. O da orda Qafanın, Qacaranın müsəlman əhalisinə qan uddurmuşdu. Qırdığını qırmışdı, qırmadığını da qovub, yer-yurdundan didərgin salmışdı.

Doktor Abasəliyev Nubar qarının dediklərinə elə diqqətlə qulaq asırdı ki, elə bil o söhbəti ömründə birinci dəfə eşidirdi. Halbuki Andronik əhvalatını cəmi bir neçə gün əvvəl elə o Nubar arvadın danışdığı kimi özü Sadaya danışmışdı.

Nubar qarı Əylisin köhnə adamlarından idi. Ancaq Osmanlı ordusunun Əylis ermənilərinin başına açdığı müsibəti öz gözülə görən ortayaşlı adamlar da o zaman Əylisdə nə qədər desən, vardı.

O qırğının barəsində hər kəs öz insafına və insanlığına uyğun şəkildə danışırdı. Ancaq o qırğının canlı şahidi olmuş adamların heç biri gördüyünü danmırdı. O müsibətin necə başlanıb, necə qurtarmağı barədə, demək olar ki, hamı faktik və obyektiv təsəvvürə malik idi.

Hadisə, deyilənə görə, 1918-ci ilin axırlarında olmuşdu. Əylisin erməni əhalisini əvvəldən duyuq salmamağı lazım bilən Ədif bəyin 30-40 əsgəri bir səhər sübh tezdən Əylisi at belində qapı-qapı gəzib, ermənili-müsəlmanlı bütün əhaliyə xəbər vermişdi ki, bəs bu gün barışıq elan olunacaq və bu münasibətlə hamı təcili filan yerə, filan erməninin həyətinə toplaşmalıdır. Camaat ora yığışandan sonra türk əsgərləri həyətin bir tərəfində müsəlmanları, başqa tərəfində erməniləri cərgəyə düzmüşdü. Birdən kimsə hardasa “Atəş!” deyib ucadan komanda vermişdi və o həyəti dörd bir yandan dövrəyə almış türk əsgərləri gülləni yağış kimi ermənilərin başına yağdırmışdı. Qırılanlar qırılmışdı, sağ qalanlar son nəfərəcən xəncərdən, süngüdən keçirilmişdi. Basdıra bildiklərini elə yerindəcə - həyət-bacada xəndək qazıb basdırmışdılar. Basdıra bilmədiklərini yaxındakı evlərin tövlələrinə, zirzəmilərinə doldurub ağlasığmaz vəhşiliklə yandırmışdılar. Və o gün heç evdən eşiyə çıxmağa cürət eləməyən müsəlman arvadları da o qırğını bir qədər obrazlı şəkildə, demək olar ki, eyni sözlərlə təsvir eləyirdi:

“Bütün çeşmələrin suyu bir həftə qan kimi qıpqırmızı axdı”.

“Ədif bəyin bir zilqara atı vardı. Atın belində küçədə, qapının ağzında durmuşdu. Birdən “atəş” deyib, ata qamçı vurub, çapıb getdi. Birdən elə bir güllə yağışı başlandı ki, görən deyərdi ki, göydən yerə od tökülür, köz ələnir. O həyətdə bir vay-şivən qopdu ki, o cür vay-şivəni yerüzü xəlq olunandan heç kəs eşitməmişdi. Bütün itlər həyətlərdə səs-səs verib hürüşürdü. Qarğalar ağaclarn başında qarhaqar qarıldayırdı. Sağsağanlar, göyərçinlər qorxudan qaçıb dağların dalına doluşmuşdu. Elə bir cəhənnəm müsibətiydi ki, deyərdin, günəş göydən qopub, indicə yerə düşəcək...”


Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin