Açar sözlər: qrammatika, fonemlər sistemi, sintaksis, dilçilik, metodika. REYHAN HƏBİBLİ Filologiya üzrə fəlsəfə doktoru, dosent Bakı Dövlət Universiteti
PROFESSOR TOFİQ ƏHMƏDOVUN ELMİ YARADICILIĞINDA ONOMASTİKA MƏSƏLƏLƏRİ Məlum olduğu kimi, onomastika xüsusi adları, onların xüsusiyyətlərini öyrənən dilçilik şöbəsidir.
Azərbaycanşünaslıqda onomastik tədqiqatların inkişafı dilçiliyimizin uğuru kimi qiymətləndirilə bilər.
Xüsusi adları araşdırmaqla xalqın tarixi, dili və mədəniyyətinin bir sıra mühüm məsələlərini aşkara
çıxarmaq mümkündür. Azərbaycan onomastikasının müstəqil bir nəzəri dilçilik şöbəsi kimi inkişafında
professor Tofiq Mürsəl oğlu Əhmədovun böyük rolu var.
Professor Tofiq Əhmədovun elmi yaradıcılığı dilçiliyin bir çox sahələrini əhatə edir. Burada
onomastika məsələləri xüsusi yer tutur. Onun səyi ilə ilk dəfə olaraq Bakı Dövlət Universitetində
“Azərbaycan onomastikası” ümumi kursu təşkil olunmuş, “Azərbaycan toponimikası” ixtisas kursu tədris
edilmiş, bu kursların dərs vəsaitləri hazırlanmış və çap olunmuşdur.
Azərbaycan dilçiliyi kafedrasının professoru T.M.Əhmədov tədrislə, müəllimlik fəaliyyəti ilə yanaşı,
toponimikanın tədqiqi ilə məşğul olmuş, 1987-ci ildə “Azərbaycan toponimlər sistemi” mövzusunda
doktorluq dissertasiyası müdafiə etmişdir. T.Əhmədov Azərbaycan toponimlərini ilk dəfə sistem halında
təhlil etmişdir. O, toponimikaya aid “El-obamızın adları”, “Azərbaycan paleotoponimiyası” və “Azərbaycan
toponimikasının əsasları” kimi monoqrafiyaların, 120-dən çox elmi məqalənin müəllifidir. “Azərbaycan
dilinin böyük izahlı onomastik lüğəti” məhz onun rəhbərliyi ilə hazırlanmışdır.
Alimin bütün araşdırmalarında onomastikanın aktual problemləri nəzərdən keçirilmiş, yeni və orijinal
nəticələr əldə olunmuşdur. Bu tədqiqatlarda müəyyən edilən məsələlər sırasında bunları qeyd etmək olar:
ümumi leksik vahidlərlə toponimlərin fərqi, qədim türk sözlərinin toponimlərdə əks olunması, yad dil
toponimləri ilə alınma sözlərdən törənən toponimlərin sərhədi, fərqləndirici elementlərin semantik qrupları,
makro və mikrotoponimlərin xüsusiyyətləri, makro, mikro və elementar arealların bir-biri ilə əlaqələri, söz
yaradıcılığından fərqli olaraq onimlərin yalnız sintaktik üsulla yaranması, coğrafi adların işlənmə
diapazonlarından asılı olaraq elliptik və tam formada işlənməsi, toponimlərin yaranma və formalaşma yolları
və əsas semantik qrupları, onların müxtəlif sözlərdən törəmə olması və s.
Prof. T.M.Əhmədov onomastika və dilçiliyin digər sahələri ilə məşğul olan onlarla alimə elmi rəhbər
və opponent olmuşdur.
Görkəmli alimimiz Tofiq Əhmədovun onomastika problemlərinə həsr edilən, öz əhatəsi, yüksək
elmiliyi ilə seçilən əsərləri Azərbaycan dilçiliyinə böyük töhfədir.
Açar sözlər: onomastika, toponimika, xüsusi adlar, toponimlər, paleotoponimiya.