Məhkəmə avtotexniki ekspertizasının əsas məqsədi bütün fazalarda YNH
prosesinin elmi cəhətdən əsaslandırılmış xarakteristikalarını, YNH-nin obyektiv
səbəblərini müəyyən etməkdir. Ekspertizanı aparan şəxs son nəticədə aşağıdakı
suala cavab verməlidir: hadisənin baş verməsi labüd idimi, yoxsa o, təhlükəsizlik
tələblərinə məhəl qoymayan iştirakçıların düzgün olmayan fəaliyyəti nəticəsində
baş vermişdir? Bu məqsədə çatmaq üçün ekspert-avtotexnik ekspertiza nəticəsində
meydana çıxan bir sıra xüsusi məsələləri həll etməlidir:
-YNH-nin baş verməsinə səbəb olan amillərin analiz edilməsi,
sistemləşdirilməsi və tənqidi analizi. Belə amillərə aiddir: NV və yolun texniki
vəziyyəti; NV və piyadaların hərəkət parametrləri; yol hərəkətinin təşkili və
müvafiq texniki vasitələr;
-YNH-nin baş verməsinə və onun inkişafına səbəb olan amillərin seçilməsi,
onların nəzəri və təcrübi tədqiqi;
-tədqiq olunan YNH-nin texniki səbəblərini və ayrı-ayrı iştirakçılar
tərəfindən onun baş verməsinin qarşısının alınması imkanlarının müəyyən edilməsi;
-baxılan YNH iştirakçılarının davranışlarının və bu davranışların yol hərəkəti
qaydaları və digər normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən
edilməsi.
Hər bir YNH-nin “lal şahidləri” mövcuddur ki, ekspertin bilik və təcrübəsi
bu şahidləri dindirə bilmə qabiliyyəti ilə ölçülür. Ekspert istintaq və işə məhkəmədə
baxılması prosesində meydana çıxan xüsusi məsələləri həll edir. O, YNH-nin baş
vermə mexanizminin aydınlaşdırılmasında müstəntiq və məhkəməyə kömək edir.
Iştirakçıların sayına görə ekspertizanın növləri bunlardır:
bir şəxs tərəfindən,
komissiya ilə və
kompleks şəkildə aparılan.
Nisbətən sadə hallarda, yəni YNH-nin ayrı-ayrı şəraitlərini qiymətləndirmədə
ziddiyyətli fikirlər olmadıqda ekspertiza bir şəxs tərəfindən aparılır.
Çoxlu sayda NV və iştirakçıları olan, həmçinin, müxtəlif şəraitlərin təhlili və
qiymətləndirilməsində ziddiyyətli fikirlər səslənən mürəkkəb hadisələrin analizində
ekspertiza komissiya tərəfindən aparılır. Komissiyanın tərkibinə 2-5 nəfər eyni
ixtisaslı ekspert daxil olur. Onun üzvləri eyni obyekti tədqiq edir və eyni suala ca-
vab axtarırlar. Ekspertlər komissiyası onun bütün üzvləri ilə razılaşdırılmış ümumi
bir qərar qəbul edirlər. Fikir ayrılıqları olduqda hər bir komissiya üzvü öz fikrini
əsaslandıraraq yazılı şəkildə xüsusi rəyini təqdim edə bilər.
Qarşıya çıxan məsələləri eyni ixtisasdan olan mütəxəssislər həll edə
bilmədikdə, müxtəlif ixtisaslı mütəxəssislərin cəlb olunduğu kompleks ekspertiza
aparılır. Kompleks ekspertizada komissiyanın tərkibinə ekspert-avtotexnikdən
başqa tibb işçiləri, kriminalistlər və digərləri cəlb oluna bilərlər.
Aparılma ardıcıllığına görə