4. Mebellərin keyfiyyətinə qoyulan tələblər
Müasir mebel keyfiyyətcə aşağıdakı şərtlərə uyğun gəlməlidir.
Istismar cəhətdən- təyinatına müvafiq olmalı, istifadə üçün səhmanlı, uzun müddət xidmət edə bilmək üçün davamlı, gigiyenik, binanın ölçüsünə uyğun, insanın boyu ilə və digər şeylərlə mütənasib və nəhayət rahat köçürülə bilən olmalıdır
Zahiri görünüş cəhətdən bir- biri ilə və ümumiyyətlə ətrafdakı məmulatla harmoniklik təşkil etməli, rənginə və bəzək xarakterinə görə xarici görünüşü cazibədar və binanın tipinə müvafiq olmalı, lüzumsuz bəzəklərə yol verilməməlidir.
Texnoloji cəhətdən- qeyri defisit, standart, xüsusən yeni effektiv materiallardan hazırlanmalıdır, habelə kütləvi istehsal edilmiş detallar və qovşaqlar bir- birini əvəz edə bilməli, əl işləri minimal dərəcəyədək ixtisar olunmalı və istehsal proseslərinin maksimal dərəcədə mexanikləşdirilməsinə imkan verən texnoloji konstruksiyalar tətbiq edilməlidir.
Texnoloji şərtlər xüsusən kütləvi tərzdə hazırlanmış yaşayış mebeli üçün əhəmiyyətlidir, çünki bu şərtlərin yerinə yetirilməsi mebelin dəyərini aşağı salmağa və istehsalını artırmağa imkan verir.
Bütün ağac mebellər nəmliyi 6-10% olan ağaclardan hazırlanaraq bir-biri ilə kip birləşdirilmiş zivanalar, çıxıntılar, yaxud novlar vasitəsi ilə möhkəm yapışdırılmış detallardan və qovşaqlardan ibarət olmalıdır. Mebelin bütün açılan yaxud çıxarılan elementləri (qapıları, yeşikləri) sərbəst, ilişiksiz və kip açılıb-örtülməlidir. İriqabaritli mebel (paltar şkafları, bufetlər) quraşdırma konstruksiyalı olmalıdır. Mebelin üst səthinin ucları konstruktiv qaydada gizli və yarımgizli şəkildə birləşdirilib gizlədilməli və yaxud əlavə üzlük detalları ilə örtülməlidir. Mürəkkəb birləşmələrin, ensiz kənarların fanerlənməsinə ehtiyac olduqda, ucları örtmək tələb olunduqda, mebel texnologiyası konstruksiya cəhətdən qeyri-əlverişli hesab edilir.
Bütün bərkidici detallar və furnitura öz yerində möhkəm bərkidilməli, qıfıllar və rəzələr asan açılmalı və etibarlı bağlanmalı, üzdəki furnitura rəng və yerləşdirmə cəhətdən öz çertyojuna tamamilə müvafiq olmalıdır. Fanerlənmiş mebeldə tekstura naxışı təmin olunmalıdır.
Mebeldə iri nöqsanlara, məsələn, ağacın çürüməsinə, tökülən və aralı qalan düyünlərə yol verilmir; yerdə qalan nöqsanlara isə, ağac mebelin texniki şərtlərinə müvafiq olmaqla, məhdud miqdarda yol verilir. Bütün mebel məmulatının üz səthi, əla və birinci sinif mebelin isə daxili səthi də lak-boya ilə örtülməlidir; bəzək örtükləri qabarmamalı, çatlamamalı, məsamələri batmamalı, hımçinin kifayət qədər bərk olub, rütubət, isti və işıq təsirinə davam gətirməlidir.
Sərgilərdə yeni mebelə baxış təşkil edilir. Bütün buraxılan mebellərin növləri və konstruksiyaları vaxtaşırı gözdən keçirilərək təkmilləşdirilir.
Dostları ilə paylaş: |