Döyülmüş halda olan sönməmiş əhəng – toza bənzər materialdan ibarətdir. Bu əhəng sönməmiş əhəngdən narın döyülüb əmələ gətirilir. Bu əhəngin hidrat əhəngdən üstünlüyü ondan ibarətdir ki, bunun məhlulu tez bərkiyir və daha çox davamlı olur.
Havada bərkiyən əhəngin keyfiyyət şərtləri. Havada bərkiyən əhəng keyfiyyətcə 1-ci, 2-ci və 3-cü sorta ayrılır. Əhəng kəsiyinin sortu onun tərkibində olan kalsium və maqnezium oksidinin miqdarından (bunlar nə qədər az olsa, əhəngin sortu da o qədər aşağı olar) və söndürülən zaman çıxan əhəng xəmirinin sönməmiş zərrələrinin miqdarından asılıdır. Hidrat əhəngin və döyülmüş əhəngin sortu onun tərkibində olan kalsium və maqnezium miqdarından və habelə, əhəngin narın döyülməsindən asılıdır.Döyülmüş halda olan sönməmiş əhəng sortlara ayrılmır.
İnşaat gipsi. İnşaat gipsinə yanlış olaraq ticarətdə alebastr deyilir. İnşaat gipsi 200º temperaturdan yuxarı yandırılan təbii gips materialından ibarətdir. İnşaat gipsi ticarətə adətən, döyülmüş, ağ, əldə yağlı hiss olan toz halında gətirilir. İnşaat gipsinin əsas tərkib hissəsi kalsium 2-sulfatdan ibarətdir.
İnşaat gipsi çox tez bərkiyir. İnşaat gipsi 30 dəqiqədə tamamilə bərkiyir. Keyfiyyətcə inşaat gipsi 1-ci və 2-ci sortlara ayrılır. Gipsin sort bölgüsü gipsin narınlığından və onun nümunəsinin sıxılmağa davamından asılıdır.
Hidravlik əhəng. Hidravlik əhəng 900-1000º temperaturda əhəng daşından yandırılıb əldə edilən materialdır. Hidravlik əhəng satışa, əksəriyyətlə toz halında gətirilir. Hidravlik əhəng su təsiri ilə rast gələn binaların bünövrəsinə, habelə havada bərkiyən əhəng yerinə divar və taxtapuş üçün işlədilir.
Sement. Sementin çeşidi. Sement ən çox yayılmış hidravlik bərkidici materialdır. Sement sənayesi tərəfindən çox müxtəlif növdə sementlər buraxılır. Bunlardan ticarət şəbəkıəsinə gətirilən portlandsement, ağ portlandsement, şlak-portlandsement, sulfat-şlak sement və romansement adlı sementlərdir.
Portlandsement – narın döyülmüş klinkerdən alınan materialdır. Klinker isə 1450 dərəcəyə yaxın temperaturda yandırılmış merqellərdən, yaxud əhəng daşı (75-78%) ilə gil materiallarının (22-25%) süni qarışığından ibarətdir. Sement boz rəngli, bəzən də yaşıla çalan tozdur. Portlandsement dörd markada buraxılır: “300”, “400”, “500” və “600”. Bu rəqəmlər sement məhlulu hazırlanan gündən etibarən 28 gündən sonra sement nümunəsinin sıxılmağa qarşı son davamını (kq/sm²) göstərir. Portlandsement geniş miqdarda beton və dəmir-beton işlərində tətbiq olunur.
Ağ portlandsement – portlandsementin bir növünü təşkil edir. Bu, tərkibində az miqdarda dəmir olan klinkerdən hazırlanır.
Ağlığının dərəcəsinə görə bu sement üç sorta (BS-1, BS-2, BS-3) və sıxanda son davamına görə isə markalara (“250”, “300”, “400”) bölünür.
Ağ portlandsement, başlıca olaraq arxitektur – bəzək, heykəltaraşlıq və rəngsazlıq işlərində, habelə inşaat detallarının hazırlanması üçün tətbiq edilir.
Şlak – portlandsement adi portlandsementdən tərkibindəki 20-dən 85%-dək olan narın döyülmüş domna şlakı ilə fərqlənir. Bu sement dörd markada (“250”, “300”, “400” və “500”) buraxılır. Bu sement beton və dəmir – beton işlərində tətbiq edilir.
Sulfat-şlak sementi – domna şlakı (çəki etibarilə ən azı 80%), gips və bəzən digər materialların qarışdırılıb döyülmüş məhsulundan ibarətdir. Bu sement dörd markada (“100”, “150”, “200”, “250”) buraxılır. Sulfat-şlak sementi dəniz suyunda tikilən hidravlik qurğularda tətbiq edilir.
Romansement – 800 - 1100º temperaturda bişincə yandırılmış təbii meqrellərdən, yaxud əhəng daşı ilə gilin süni qarışığından narın döyülüb alınan materialdır. Romansement üç markada (“25”, “50” və “100”) buraxılır. Romansement qurğuların yerüstü və yeraltı hissələrinin hörülməsində, habelə aşağı markalı beton hazırlanması üçün tətbiq edilir.
Dostları ilə paylaş: |