Baki-2014 Redaktor: Şirvani Ədilli



Yüklə 1.52 Mb.
səhifə10/12
tarix30.11.2016
ölçüsü1.52 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

bu “26-lar” nədir
26 iyul tarixi mənim taleyimin ən əziz və yadda qalan günü olub. 1959-cu ilin məhz həmin günündə Tanrı­nın saza-sözə bağlı yeni bir bəndəsi doğuldu, ozanların sədaqətli davam­çısına çevrildi. Səsdə, savadda, daxili və xarici seçi­mimdə fərqləndim. Ləyaqətli kişi kimi yaşamağa üstünlük verdim. Zəkam və hünərimə güvənərək zəhmətlə, zillətlə, barışdım. Tan­rımı, ağsaq­qalı, övliyanı, seyidi, muqəddə­simi, müəllimimi, böyüklərimi, ustadımı, vətənimi, millətimi sevərək uca tutdum. Ədəbiyyatımıza, mədəniyyətimizə, tariximizə, folklo­ru­muza bağ­lı oldum. Hörmətli oxucular, bunları yazmaqda özümdən müştəbehliyimi yox, yüzlərlə məni tanıyan, dövrü mətbuatda haqqımda gördüklərini, bildiklərini yazan müəllif­lərin fikrini bir daha əldə əsas tuturam.

-26 iyul, 1977-ci ildə orta məktəb attestatnı aldım.

-26 iyul, 1983-cu ildə işlədiyim 4 saylı DBMZ-nun (Də­mir Beton Məmulatı Zavodu) göndərişi ilə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hazırlıq şöbə­sinə müsabiqə yolu ilə daxil oldum.

-26 iyul 1984-cü ildə tələbə və gənclər arasında keçirilən birinci ümumittifaq festivalının musiqi yarışmasında qalib olaraq birinci dərəcəli diploma layiq görüldüm.

-26 iyul, 1985-ci ildə Bakı şəhərındə toyum oldu. Elə həmin gecə də qardaşım – polis mayoru Sübhanın oğlu Pərviz anadan oldu.

-26 iyul, 1990-cı ildə BDU-in diplomunu aldım.

-26 iyul, 1997-ci ildə Turkiyənin Bayburd vilayətində Dədə Qorqudun 1300 illiyi ilə bağlı keçirilən beynəlxalq festi­valın diplom, laureat və pul mukafatına layiq görüldüm.

-26 iyul, 2004-cü ildə Altay Respublikasında kecirilən turkdilli xalqların 1-ci Beynəlxalq dastançılar qurultayının və festivalının 1-ci dərəcəli diplomuna və mukafatına layiq görül­düm.

26 iyul 2010-cu ildə oğlum Rəhim Hüseynlinin yüksək bal­, Prezident yanında İdarəetmə Akademiyasının hüquq fakül­təsinə qəbul olmasının sevinc günüdür.

26 iyul, 2009-cu il, mənim sevimli və dəyərli günümdür. Hələ ömrümün 50 yaşını keçirib üzü 60-a yaxın addımlayıram. İnanıram ki, bu xöşbəxt tarixdə çox sevinc dolu xəbərlər eşidə­cəyəm. Nankor ermənilər tərəfindən zorla yağmalanan, Goyçə, Zəngəzur, Qarabağ və digər dədə-baba yurd yerləri­mizin geri qayıtmaq xəbərini də 26-sı iyul tarixində eşıdəcə­yimə inanı­ram. Mən bir haqq adamı, aşıq-şair kimi muqəddəs haqq yolunun yolçusu olmağa qərar vermişəm.




Müasirlərinin Aşıq Seyid İbrahim

haqqinda söylədikləri
Qısa tanışlıq. Aşıq İbra­him Musa oğlu Möh­sümov (Se­yid İbra­him) XIX əsrin son­la­rında, yəni 1895-ci ildə To­vuz rayonu­nun Qara­daş kən­din­də sənətkar ailəsin­də ana­dan olub. Atası Seyid Musa­ vaxtı ilə Şu­şadan, yəni Qara­bağdan kö­çə­­­rək burada məskun­laşan­lardan olub. O, müəyyən sə­bəb­­lərə görə Şuşa­dan çox gənc yaşlarından köç­məyə məcbur olub. Seyid Mu­sa özü bir xanəndə kimi döv­rünün azman muğam ustad­la­r­ından Seyid Şu­şinski, Cabbar Qar­yağ­dıoğlu, Mü­­­təl­lim Mü­təl­limov və b. ilə birgə el məc­lis­lə­rində iştirk etmiş­dir.

Seyid Musanın oğlu İbrahimin bənzərsiz səsi, güclü istedadı, zəngin yaddaşı, yüksək tərbiyəsi hər kəsə nümunə göstərilirmiş. Ailədə muğam oxuyan atasını, onu tarla, kaman­çayla müşaiyət edənləri, el şairlərini və aşıqları canlı-canlı dinlədiyindən onda musiqiyə, xüsusən də saza-sözə böyük istək və maraq yaranır. Beləliklə, yeddi muğamın və təsniflərin məharətli və düzgün ifaçısı kimi formalaşsa da aşıq sənəti onu özünə daha sıx bağlayır.

Gənc yaşlarında ulu babalarımızdan biri olan Abdal­gülablı Aşıq Valehin sehirli dünyasındakı cazibədarlıq onun bu sənətə bağlılığını daha da artırır. Klassik aşıqlardan Dədə Qorqud, Dədə Yediyar, Qurbani, Abbas Tufarqanlı, Ağ Aşıq, Aşıq Allahverdi, Aşıq Alı, Aşıq Ələsgər, Hüseyn Şəmkirli, Hüseyn Bozalqanlı və b. şah sənətkarların yolunun davamçısı olmaq arzusu ilə onların dastan və şeir yaradıcılığını öyrən­məyə başlayır. Məşhur ustad aşıq Əsəd Rzayev və onun qardaşı Məhəmməd Rzayevdən bir daha aşıq sənətini mənim­səməyə başlayır.

Onu digər aşıqlardan fərqləndirən cəhətlərdən biri də muğam və təsniflərin, ənənəvi aşıq havalarının kamil və düz­gün ifaçısı olması, bədii danışıq mədəniyyəti, şeir yazmaq məharəti, özünü aparma qabiliyyəti olmuşdur. Ağsaqqalların dediyinə görə Aşıq İbrahim uca boylu, enli kürəkli, sadə və zəhmli bir insan olub. Onda Tanrıya inam, doğru danışmaq, yalana nifrət həmişə üstün mövqe tutub. Ata-babasından nəvə-nəticələrinə qədər davam edən müqəddəs seyidlik onun hörmət və nüfuzunu daha da yüksəltmişdir.

Aşıq İbrahim dövrünün azman sənətkar­larından olan Hü­seyn Bozalqanlı ilə dost olmuşdur. Hamı kimi o da Hüseyn Bo­zal­qan­lıdan çox şey öyrənmişdir. Xüsusən Hüseyn Bozalqan­lının yetirməsi olan Aşıq Hüseyn Dəmirçi və Aşıq Mirzə Bay­ra­movun da ona sənətdə xeyli köməyi dəymiş­dir.

İstərdim ki, H.Bozalqanlının yetirmələrinin və b. aşıqların Aşıq İbrahim haqqında söylədilkərini və onun qoşqularını oxucu­lara çatdıram.



Aşıq Ələkbər Ələsgərov Tovuzun Xatınlı kəndindən və Aşıq Hüseyn Bozalqanlının yetirmələrindən olub. “Kor Ələk­bər” ləqəbi ilə tanınan qızıl yaddaşlı aşıq idi. O, mənə Aşıq İbrahim haqqında bu sözləri demişdi:

- Ustadım Aşıq Hüseyn Bozalqanlı bir dəfə mənə dedi ki, Aşıq İbrahimin ifa etdiyi aşıq mahnılarıyla yanaşı, oxuduğu zərb muğamlara söz ola bilməz, daim ondan öyrənməyə çalışın. Aşıq İbrahim “Mənsuriyyə” və “Heratı”nı oxuyan zaman sanki, əlimiz-ayağımız yerdən üzülürdü. Muğamda sözləri elə oxuyurdu ki, hər kəs onu sərbəst anlaya bilirdi. O, zəngulələri məharətlə yerli-yataqlı edirdi. Aşıq İbrahim “Osmanlı bozuğu” Köroğlu havasını oxuyanda elə bil ki, Koroğlu əlində qılınc düşmənlərə meydan oxuyurdu. Onun səsi qeyri adi səs idi. Yerli-yerində vurduğu zəngulələr elə bil ki, muncuq kimi sıra-sıra düzülürdü. Zənguləsiz ifayla razılaşmırdı. Düzdür mən də zilxan olmuşam, amma etiraf edirəm ki, Aşıq İbrahimdəki Tanrı vergisi idi. Ustadımız Hüseyn Bozalqanlı onun ifasını dinləyən zaman soruşdum ki, ustad, seyidin (hamımız ona Seyid İbrahim deyirdik) ifası xoşuna gəlirmi? Qayıtdı ki, ay Ələkbər, atalar doğru deyib, ustad oğlu şagird olmaz. Düzdür, Aşıq İbrahim seyiddir. El arasında deyirlər ki, seyid cəddinə ümidli olar. İbrahim isə daim öz zəhmətinə, zəkasına, öyrəndiklərinə arxalanır.

1981-ci ildə Tovuza bitişik Yenikənd qəsəbəsində ustad sənətkar Aşıq Nağı Rzayevlə (Aşıq Mirzə Bayramovun yetirməsi idi, həmin kənddə dayım Fərhad müəllimlə qapı bir qonşuluqda yaşayırdı) görüşümüzdə söhbət Aşıq İbrahim Möv­sümovdan düşmüşdü. Xeyli yaşlaşmış Aşıq Nağı Aşıq İbrahim haqqında danışarkən gözləri doldu. Gözlərini dəsmalla silib sözünü belə davam etdirdi:

– Hə... Oğlum, Aşıq İbrahim əvəzsiz və bənzərsiz aşıq idi. Aşıq Mirzə kimi aşıq yer üzünə az-az gələr. İşə bax ki, Aşıq Mirzə bu adamdan doymurdu. Bəzən oxuduğu muğam­larda qüsur olar deyə onun məhz Aşıq İbrahimlə məsləhətləş­diyinin şahidi olurdum. Düzdür, mənim ifam ustadım Aşıq Mirzədən fərqlənməzdi. Amma Mirzə başqa bir aləm idi. Müharibənin üzü qara olsun. Çavan ikən Aşıq İbrahimi itirdik. Hayıf ki, onun lentə alınmış səsi qalmadı. Amma bir neçə şei­ri yadımda qalıb:

Ay ellər gözəli, sular sonası,

Yenə nə durubsan yollarım üstə.

Səni məndən qeyri kimdi qanası,

Hakim ol, hökm elə, qullarım üstə.


Ötək bülbül kimi xoş bir avazla,

Sallan gəl yanıma ərk ilə, nazla.

Sənə layla çalım bu telli sazla,

Gül bədən yer alsın qollarım üstə.


Məcnundan, Kərəmdən betərəm, betər,

Bəsdi, bu intizar bizlərə yetər.

İbrahim qəm dolu dəryada itər,

Sevil arı kimi ballarım üstə.

***

Buluddan nəm çəkən dağlar oğluyam,



Dumanı, çisgini görənlərdənəm.

Sevən könüllərin şirin nağılıyam,

Sınıq könülləri hörənlərdənəm.
Çox keçmişəm keçilməyən bərəni,

Tanımışam insanlıqda hərəni.

Sayə saldım müqəddəsi, ərəni,

Canımı yolunda sərənlərdənəm.


Məqsədim ozanlar yolunu getmək,

Məlül könülləri murğuzar etmək.

İbrahimin qəlbindədi xoş dilək,

Özümü, sözümü bilənlərdənəm.

Aşıq İbrahimin bu şeiri “Bayramı” aşıq havası üstündə daima böyük el məclislərində müasirləri tərəfindən, həmçinin radioda aşığın sənətkar həmkarları tərəfindən də oxunmuşdur. Həmin səs yazıları qızıl fondda saxlanılır. Təəssüflər olsun ki, bu şeiri Aşıq Hüseyn Şəmkirliyə aid edərək onun şeirlər kitabına daxil ediblər. Necə ki, Aşıq Əsədin, Aşıq Alının, Çoban Məhəm­mədin, Növrəs İmanın, Alməmmədin şeirləri də başqalarına aid edilərək kitablara salınıb. Sual oluna bilər ki, Aşıq Hüseyn Şəmkirli ilə Aşıq Ələsgərin şeiriyyatda kimə ehtiyacı varmıış? Əslində belə korifeylərə bilərəkdən ləkə gətirmək həm günah­dır, həm qınaq. Bu da zaman keçdikcə düzəlməz bir problemə çev­rilir. Belə olanda bir atalar sözü yada düşür: “Bir dəli dəryaya bir daş atdı, yüz ağıllı onu ordan çıxarda bilmədi”.

Aşıq Nağı daha sonra Aşıq İbrahim haqqında bunları danışdı:

- Müharibədən qayı­danda biz onun görüşünə getdik. Düz­dür, vəziyyəti ürəkaçan deyildi. Lakin, özünü heç nə olmamış kimi göstərirdi. Dedim ay İbrahim, heç bu illər ərzində bir şey yazıbsanmı? O, gülümsəyib bu şeiri bir başa söylədi. O, vaxtı necə demişdisə yadımda da elə qalıb. Sən demə o, bu şeiri birbaşa sinədən deyirmiş:
Düşmənin tökdüyü qan selə döndü,

Qovruldum davada, yandım, ay Nağı.

Cavanlıq məşəlim vədəsiz söndü,

Sağlığımdan mən usandım, ay Nağı.


Neçə-neçə mərd oğullar itirdik,

Hər birindən möhnət, nisgil götürdük.

Göz yaşıyla açı kədər gətirdik,

Dediyini duydum, andım, ay Nağı.


Sağalmazdı mən aldığım yaralar,

Yada düşür kabus kimi oralar.

İbrahimsiz seyrəkləşər sıralar

Sənətimdə sultan, xandım, ay Nağı.


Ustadım Aşıq Mikayıl Azaflının yaddaşında aşıq və şairlərin yüzlərlə şeirləri vardı. Dəfələrlə klassik və dövrünün tanınmış aşıqları barəsində danışmışdı və onların əksəriyyətinin şeirlərini bilirdi. Onu da qeyd edim ki, mənə Aşıq İbrahim haq­qında söylədiklərini, onun oğlu Müsəllim müəl­limə də danış­mışdı. Elə o vaxtlar – 1981-ci ildə həm mən, həm də Müsəllim müəllim Mikayıl əminin dediyi şeirləri qələmə almışıq. Ustadımızın yaddaşında Aşıq İbrahimin bu şeirləri vardı:
Sərraf mətah sata bilməz, böyük bazar olmasa,

Dünyanı qarışdırar, insanda ar olmasa.

Bivəfa dost kənar gəzər, dost tənəzzül olanda,

Baş əyib salam verməz, əlində var olmasa.


Ağlı, hüşu azmayınca kimsəni tutmaz qəza,

Düşsə qəzanın toruna titrər bədəndə əza.

Qorxum o gün qopar, qələm çalam, bədyaza,

Cəhənnəmdə od yalandı, vücudda od olmasa.


Gəl biçarə Aşıq İbrahim, haram vara var demə,

İbadətini unudub, gen dünyana dar demə.

Boy buxununa aldanıb, don geyənə yar demə,

İnsanda etibar yoxdu, yaradan yar olmasa


***

Çox dolandım bu dünyanı,

Dağda aran qalmadı.

Düşündürdü hər an məni,

Dərdə varan qalmadı.

Mən quluyam ol xudanın,

Şəriətdən halıyam.

Tariximi düz oxudum,

Çıxdım Quran qalmadı.
Adəm ilə Həvva idı,

Yarandılar ibtida.

Onlar da kam almadı,

Ömürləri getdi bada.

Neçə-neçə şah, sərkərdə,

Süleymanlar dünyada.

Zal oğlu Harun Rəşid,

Nuh Çiravan qalmadı.


Fani olan bu dünyada,

Kamal gərək başında.

Yazı yazan taleyini,

Yazıb alın, qaşında.

Cavan ömrüm bada getdi,

Ömrün çavan yaşında.

Hayıf sənə, Seyid İbrahim,

Sənə dövran qalmadı.
***

Qəribəm, qürbətdə qanlar ağlaram,

Könlüm çox istəyir elimi, neynim.

Anadan, baladan çox intizaram,

Açıram, çatmayır əlimi, neynim.
Dansıda bilmirəm arzu-xəyalı,

Açıbdı başıma çox qeyli-qalı.

Necə dəyişməsin canımın halı,

Bağlayıb qoyubdu yolumu, neynim.


Yaralandım, qoşa çəkdim dərd-qəmi,

Tanrım tərsə yazdı, yazan qələmi.

İniltim, ah-zarım tutub aləmi,

Dərmanlar yandırır dilimi, neynim.


Məcnundan betərəm, çöllərdə qaldım,

Sevinc uzaq düşdü, kədər, qəm aldım.

Durduğum yerimdə boşaldım, doldum,

Pəsə kökləmişəm zilimi, neynim.


Seyid İbrahiməm, halımdı yaman,

Çalıb-çağırırdım eldə bir zaman.

Amansız xəstəlik verməyir aman,

Yanıldıb ayımı, ilimi neynim.


***

Qadir Allah, mənə bir əlac eylə,

Dərd mənim sinəmdə bənalanmamış.

Şəfa, dərmanını göndər xəstəyə,

Yurd salıb sinəmdə binalanmamış.
Nagahan bəladan qaçmaq çətindi,

İlqarsıza könül açmaq çətindi.

Dünyadan vədəsiz köçmək çətindi,

Nazlı yar sallanıb, sonalanmamış.


İbrahim, dərk eylə öyüd, nəsihətdən,

Sərini kənar eylə yaman əziyyətdən.

Çərhaya arvaddan, qanmaz övladdan,

Qaç, qurtar, baş kimi hənalanmamış.


***
Ay ləbləri ballı gözəl,

Gəl, yaxanı düymələmə.

Düzülübdü ağ buxağa,

Xal, yaxanı düymələmə.


Bu gələn mələkzadədi,

Əlində dolu badədi.

Cüt qoşa narlar səndədi,

Bil, yaxanı düymələmə.


Seyid İbrahim el aşığı,

Yox zülfünün dolaşığı.

Bu könlümün yaraşığı

Ol, yaxanı düymələmə.

***

Sevdim sənin kamalını,



Bilməyi, kimdən öyrəndin?

Dərdimə çarə dərmanı,

Qılmağı, kimdən öyrəndin?
Vəsfini söylərəm saznan,

Bülbül sayaq, bahar, yaznan.

Yar yanına işvə-naznan,

Gəlməyi, kimdən öyrəndin?


İbrahiməm gülə-gülə,

Əlimi vermişəm ələ.

Üzüm sürtüm siyah telə,

Düzməyi kimdən öyrəndin?


Aşıq Vəli Qaraxanlı (Məmmədov) Aşıq Hüseyn Bozal­qan­lının yetirmələrindən olub. Tovuzun Qaraxanlı kəndindən idi. Onunla bir çox görüşlə­rimizdən xatirələrim var. Həm də Aşıq Vəlinin oğlu Rasim həmya­şıdım, dostum və tələbə yoldaşımdır. Bizi bir-birimizə bağla­yan bir də Vəli əminin zəngin sənət biliyi və mənə olan mehribançılığı idi. Onun dilində “bilmirəm” sözü olmaz­dı.

İlk dəfə Tovuzun köhnə bazarında birgə söhbət edən zaman Vəli əmi məndən soruşdu ki, Məhərrəm, Qaradaş kəndində Seyid Aşıq İbrahim barəsində bir məlumatın varmı? Dedim ki, Vəli əmi, bilirəm ki, yaxşı səsi və şeirləri olub. Amma bu şeirlərinin əksəriyyətindən xəbərsizəm. Birdə ki, onun övladlarını, nəvələrini tanıyıram. Vəli əmi isə mənə Aşıq İbrahim haqqında bu sözləri dedi: “Aşıq İbrahim hər kəsin ustad kimi qiymətləndirdiyi aşıqladan biri idi. Biz onunla yaxınlıq edirdik. Mən onun bir çox şeirlərini bilirəm. Gedərik bizə, Mən deyə­rəm, sən də yazarsan. Onun cəddi və ruhu köməyimizdə olar. Dünya işidi, biz də yad olunarıq.”

Mən o gün Vəli əmiylə Qaraxanlıya gəldim. Bu şeirləri o, dedi, mən də yazdım:

Ələ baxımlıdan, gözləri acdan,

Kəraməti, səxavəti görmədim.

Qəlbi qara, tərsə baxan qıyqacdan,

Edəcəyi ziyafəti görmədim.
Az yaşadım, çox düşündüm, daşındım,

Dərd əlindən, daxilimdən aşındım.

Söz dedim düz çıxdı söhbətim, andım

Mərd insanda küdurəti görmədim.


Heç vədə heç kəsə badaq vurmadım,

Haram puldan xanimanlar qurmadım.

Sərvət yığıb, öz canımı yormadım,

Haqq yolunda, heç qələti görmədim.


Seyid oldum haqqa könül bağladım,

Hər bir kəslə xətir-hörmət saxladım.

Yaxşı dostu əzəl başdan yoxladım,

Küdurəti, xəcaləti görmədim.


İbrahiməm, sazdı, sözdü amalım,

Dərk eyləyir dərin sözü kamalım.

Qədir bilənlərin qadasın alım,

Mənnən sarı şikayəti görmədim.


***

Mən gedirəm, Tanrı sizə yar olsun,

Səbr eləyib yol gözləyin, balalar.

Hər kəlməm yayılıb xalqa car olsun,

Çəlhimimi siz izləyin, balalar.
Gedirəm mərminin, topun içinə,

Ümüdvaram dava-şava keçinə.

Əkin, səpin, meyl salın biçinə,

Allah deyib, siz sözləyin, balalar.


Qoy var olsun Musa ilə, Kamala,

Müsəllim yetişsin istək, amala.

Sizdən betər oldum, bəlalı bala,

Ananızı əzizləyin, balalar.


Əlləriniz üzülməsin əməkdən,

İştahanız kəsilməsin yeməkdən.

İbrahim də yorulmadı deməkdən,

Kədər, qəmi siz gizləyin, balalar.


***

(Aşıq Hüseyn Bozalqanlıya)


Aşıq Hüseyn qüdrətinə heyranam,

Tərlansan səmada dolan, bax belə.

Sənə san söyləyən əziz bir canam,

Dəryalar tək dolur, dolan, bax belə.


Sözün meydanında yeriyir atın,

Aləmə bəllidi hünərin, zatın.

Xoşuna gəlibsən elin, elatın,

Alır mükafatı, alan, bax belə.


Tutub yer üzünü sənətkarlığın,

Bizlərə gərəkdi hər an varlığın.

Yaman çətin olur sənin sınağın,

Pozulmaz nə bürcün, qalan, bax belə.


İbrahim cavandı, sən müdrik qoca,

Gözümdə hər zaman ucasan, uca.

Sən sahib çıxıbsan sənətdə taca,

Sənin tək eyləyir qan-qan, bax belə.


Aşıq İmran Həsənov qüdrətli ustadların yetirməsi, “Əməkdar mədəniyyət işçisi”, böyük ustad aşıq idi. Mən Aşıq İmranla çox yaxın idim. Onu varlığım qədər çox istəyirəm. Bu dostluq, yaxınlıq bizdə qarşılıqlı olub. Aşıq İmran mənim zənnimcə müqayisə olunmaz dərəcədə əlçatmaz və sənətinin sultanı olan aşıqlardan biri idi. Onun külliyyatını, sənət dünyasında kimliyini bildiyim üçün daim dioloqda olmuşam. Demək olar ki, o, məndən heç bir bilgisini əsirgəməzdi. Mən onun dediklərini ya canlı-canlı maqnitofona, ya da qeyd dəftərimə yazardım.

Yenə də 1981-ci ildə Bakı mehman­xanasının 8-ci mərtə­bə­sində hər ikimiz söhbəti orta nəsil aşıqlarından salmışdıq. Birdən qayıtdı ki, kəndçiniz Aşıq İbrahimin şeirlərindən istə­yir­sənsə bir neçəsini deyim yaz. Mən qeyd dəftərimə onun söylədiyi bu qoşquları yazdım:


Ulu Tanrım yekdi, bilin,

Dünya qədər çəkisi var.

Var ölçüsü ayın, ilin,

124 min Nəbisi var.


Mənəm Məhəmməd ümməti,

Heç çəkmərəm xəcaləti.

Vərdiş etdim ibadəti,

Min bir Tanrı kəlməsi var.


Əlidir Allahın şiri

Ali cənnət onun yeri.

İbrahimdi gövhər, zəri,

Haqq çağıran öz səsi var.


***
(Aşıq Əsəd Rzayevə)
Mən bir ustad tanıyıram,

Nəvasıyla əlçatmazdı.

Mən bir ustad tanıyıram,

Nərəsiylə əlçatmazdı.


Saza ürəkdən vurulub,

Təməli zildən qurulub.

Heç deməzsən ki, yorulub,

Həvəsiylə əlçatmazdı.


Alı, Ələsgər ustadı,

Hər yanı dolanır adı.

Sevmir ah ilə fəryadı,

Nəfəsiylə əlçatmazdı.


İbrahiməm, adı Əsəd,

Çox etmişəm ona həsəd.

Şah ustaddı, çəkibdi sədd,

Qafasıyla əlçatmazdı.


***
(Aşıq Nəcəf Əlimərdanlıya)
Biz peyğəmbər övladıyıq,

Sınaqlıyıq, Aşıq Nəcəf.

Arzu diləyin şadıyıq,

Soraqlıyıq, Aşıq Nəcəf.


Səcda qılan var cəddimə,

“Əlif”, “lam” oxşar qəddimə.

Tanrı nur saçır əhdimə,

Çıraqlıyıq, Aşıq Nəcəf.


Ozanlığım müqəddəsdi,

Güvəncim saz ilə səsdi.

Gözləməyin məndən qəsdi,

Qıraqlıyıq, Aşıq Nəcəf.

Haqq kəlamı dilimizdə,

Xətabət saz əlimizdə,

Şad xəbərlər elimizdə

Yaraqlıyıq, Aşıq Nəcəf.


Sözün dedi Seyid İbrahim,

Unudammaz bizi heç kim.

Dindir sazı, danışsın sim,

Varaqlıyıq, Aşıq Nəcəf.


Aşıq Əkbər Cəfərov Bozalqanlı məktəbinin yetirdiyi nadir ustad aşıqlarından biri idi. Bu möhtəşəm və misilsiz korifey sənətkarımızla da çox oturub durub və kimsəyə məlum olmayan aşıqlar haqqında söhbətlər etmişik. O, Aşıq İbrahim haqqında bu sözləri demişdi: “Aşıq Mirzə bizə tövsiyyə edirdi ki, təkcə aşıq havalarını yox, muğamı da kamil öyrənmək gərəkdir. Buna görə Aşıq Seyid İbrahimi bizə misal gətirirdi. Şəxsən bu deyilənlərdən ibrət götürənlərdən biri də mənəm. Aşıq Mirzə dostuna sədaqətini bildirmək üçün onun bir neçə sözünü həm özü oxuyardı, həm də bizə oxutdurardı”.

Aşıq İbrahimin Aşıq Əkbərdən əldə etdiyim şeirləri aşa­ğı­­da­lılardaır:


Oğul doğulmuşam haqqqım var, bəli,

Vətəni, milləti qoruyam hər an.

Mərd adam düşünər axır, əzəli,

Xalqımın qeydinə yarayam hər an.


Bizim Babəkimiz, Xətaimiz var,

Tarixdən silinməz çox izimiz var.

Şükür bu vətəndə siz ilə biz var,

Qeyrətli millətin zoruyam hər an.


Özümüzə tuşlanmasın xəsarət,

Qoy məhv olsun bu köləlik, əsarət.

İbrahiməm, heç çəkməyək xəcalət,

Özüm milyon-milyon harayam hər an.
***

Tanrı nurundan yaradıb,

Sallanıban gələn qızı.

Elə bil kövsərdən dadıb,

Mənə satır işvə-nazı.
Gözlərini süzüb gedir,

Bağrım başın üzüb gedir.

Ürəyimdə gəzib gedir,

Gərək qaldıram avazı.


Beli incə, gözü ala,

Uzaq olsun xəta-bəla.

İbrahim də çala-çala,

Dilləndirsin telli sazı.


***

Kora gördü, lala dindi,

Deyənləri çox görmüşəm.

Daxilləri çirkab, kindi,

Bu cinləri çox görmüşəm.

Anmır dünya gərdişini,

Tərgitməyir vərdişini.

Adı kişi, nakişini,

Vecsizləri çox görmüşəm.
Haqq işinə yarımayır,

Yaraları sarımayır,

Müftəxordu, zarımayır,

Yeyənləri çox görmüşəm.

Ona-buna pul verəni,

Yolunda sinə gərəni.

Hulqumu mırtıq çərəni

Öyənləri çox görmüşəm.


Ögey olan gül ətrinə,

Oxşayır ərdoya, cinə.

Seyid İbrahimin xətrinə

Dəyənləri çox görmüşəm.


Aşıq Müseyib Cillinin ifasına vurğunlardanam. Onunla şəxsi tanışlığım Aşıq Müseyibin doğma Göyçə mahalından Bakıya deportasiya edilən zamandan başladı. Bizim dəfələrlə onunla saz-söz haqqında söhbətlərimiz olmuşdu. Bir dəfə o, qayıtdı ki, sənə bir aşıq barəsində danışmaq istəyirəm. Dedim ki, ustad, kimdir o?. Qayıtdı ki, sizin yaşınızdan çox-çox əvvəllər yaşayıb yaratmış və vaxtsız-vədəsiz dünyasını behişt­lik etmiş, əslən seyid olan Aşıq İbrahim Möhsümov. Dedim xahiş edirəm nə bilirsənsə de, mən yazım. Bu sözdən sonra o, aşıq İbrahim haqqında, onun ifaçılığından, insanlığından, sayılıb seçilməsindən xeyli söhbət etdi. Sonra dedi:

– Aşıq İbrahim çavan olmasına baxmayaraq gözəl şeirlər də yazmışdı. Bir dəfə Tovuzun Xatınlı kəndində mənə sifariş verildi ki, Aşıq İbrahimdən oxuyam. 1939-cu ildə dostum Aşıq Qədir İsmayılov mənə bu şeirləri vermişdi. Odur ki, əzbər bildiyim üçün onları oxudum. Bundan sonra məclis əhli mənə çox böyük hörmət elədi. Əslində isə mən rəhmətlik aşıq İbra­himlə dost idim. Onun özündən şeirlər almağım üçün fürsət axtarırdım. Lakin, amansız müharibə və dostumun vaxtsız köçməsi istəklərimi ürəyimdə qoydu. Yenə də şükür edirəm ki, yaxşı söz yaddaşdan silinməz olur. Özümnən ha aparmayacam. Deyim yaz.

Aşıq Müseyib dedi, mən isə yazdım:

Qoy eşitsin arif olan

Söz, anlayıb qananındı.

Təsirlənən, fikrə dalan,

İşarədən ananındı.
Oxuduqca gəldim coşa,

Sözü söyləmədim boşa.

Çox dedilər aşıq, yaşa,

Yanqı canda yananındı.


Seyd İbrahim, ucaldı səs,

Sən bülbülə olmaz qəfəs.

İstəklərin deyil əbəs,

Sevən könlün cananındı.


***
Nə çoxlı var-dövlət, nə bu cah-cəlal,

Kimsəyə qalmayıb, qalan da deyil.

Dünyada ölməzdi əməllə, kamal,

Ağılsız nəticə alan da deyil.


Çox dedim yetənin qapısın döymə,

Döyərlər qapını, özünü öymə.

Tanrı bəndəsinin xətrinə dəymə,

Yadına tanrını salan ha deyil.


İbrahiməm, gərək ürəyin ola,

Min arzu niyyətli diləyin ola.

Od ilə, alovdan bələyin ola,

Duyğusuz saz alıb çalan ha deyil.


***

Yaxşı ki, dil açan telli sazım var,

Mən ondan danışıb, dinirəm qoşa.

Sözün sərrafıyam, öz bazarım var,

“Mənəm” deyənləri yenirəm qoşa.

“Cəngi”də coşuram, ləngərlənirəm,

Arif məclisindən bəhrələnirəm.

Çoxlu öyrənirəm, azca dinirəm,

Dəli Koroğluya dönürəm qoşa.
Söz mənim xəzinəm, qibləgahımdı,

Ürək səbr et deyən qərargahımdı.

Ustadı unutmaq min günahımdı,

Onunla alışıb, sönürəm qoşa.

1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə