Baki-2014 Redaktor: Şirvani Ədilli



Yüklə 1.52 Mb.
səhifə11/12
tarix30.11.2016
ölçüsü1.52 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

Aşıq Həsən Rzayev Aşıq İbrahimin şagirdi olub. Aşıq Həsənin yaddaşında ustadının bir çox şeirləri qalmışdı. Yeri düşdükcə el məclislərində onu oxuyardı. Bir tərəfdən də onunla ana tərəfdən qohum idilər. Aşıq Həsən eldə-obada çalıb-çağıran zaman ilk ustadını yad edər və ona rəhmət oxuyardı. Bu şeirləri Aşıq İbrahimin oğlu Musaya və mənə özü danışmışdı. Onun dilindən iki şeiri qələmə aldım:
Hörmətini itirərsən,

Dediyin söz, yalan olsa.

Hər cür nifrət götürərsən,

Söyləyəni balan olsa.


Uca dağları aşasan,

Haqq işiylə barışasan.

Bülbül olub yarışasan,

Gül nəğməsi çalan olsa.


İbrahiməm, gözlə pərdə,

Vaxtsız duçar olma dərdə.

Ümidlə bax, yaxşı mərdə,

Könül evin talan olsa.

***

Get tap özcə həmdəmini,



Hər yetənə sarışmaynan.

Anlaynan dərdi-sərini,

Vecsizlərə qarışmaynan.
Nəzərə almaq lazımdır ki, Aşıq İbrahimin hazırda heç bir həmyaşıdı və həmkarı qalmayıb. Mən isə uzun araşdırmalardan sonra yəqin etmişəm ki, aşağıdakı məşhur şeir də Aşıq İbrahim Möhsü­mova məxsusdur. Sənətkara böhtan atmaq həm də onun ruhunu incitmək deməkdir. Bu bir abidədir ki, biz yalnız onun bərpasına çalışmalıyıq.
Yarın baxçasında üç gül açılıb,

Ağ gül, qırmızı gül, bir də sarı gül.

Hər üçü də bir-birindən öyməli,

Ağ gül, qırmızı gül, bir də sarı gül.


Ağca gülün qapısından baxmalı,

Qızıl gülü al yanağa taxmalı.

Sarı gülü dəstə tutub qoxmalı,

Ağ gül, qırmızı gül, bir də sarı gül.

Ağ gülü bənzətdim ağ göyərçinə,

Qızıl gül bənzəyir göydə laçına,

İbrahim qurbandı gülün üçünə,

Ağ gül, qırmızı gül, bir də sarı gül.



AŞIQ MƏHƏRRƏM HÜSEYNLİ HAQQINDA DEYILƏNLƏR
Əkbər Qoşalı

(Şai , publisist)
Məhərrəm Hüseyn oğlu Hüseynli 1959-cu il, iyul ayının 26-da Tovuz rayonunun Qaradaş (Seyidlər) kəndində doğulub. Gözünü açandan dünya şöhrətli Aşıq İmranla Aşıq Əkbərin səsininin sehrinə qapılaraq, Türk Dünyasının əzəmətli ozanı Mikayıl Azaflının, Aşıq Yusifin, Xatınlı Ələkbərin, Məhəm­məd Covdaroğlunun, Huseyn Cavan kimi sənətçilərin şeir-sənət dunyasına könül vermişdir. Onların ifa texnikasına, danışıq və toy-səhnə mədəniyyətinə məhəbbətlə yanaşan Mə­hərrəm Hüseyinli Aşıq Mikayıl Azaflını özünə bilavasitə ustad seçmişdir.

M.Hüseynli orta məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Univer­sitetinə  (indiki Bakı Dövlət Universiteti) daxil olub. Onun sənətdə bir daha kamilləşməsi tələbəlik illərinə təsadüf edir. Bu illərdə Uneversitetdə  kecirilən tədbirlərdə yüksək professionallıqla çıxışlar edib. Böyük məclislərə dəvət alan Məhərrəm ustad Mikayıl Azaflı ilə məclis və konsert salonlarında qoşa, qabaq-qarşı calıb-çağırıb, necə deyərlər, elin gözü qarşısında püxtələşib. Böyük ustad aşıqlarla dostluq və dərin sənət münasibətlərində bulunan sənətçinin arxivində onlarla aşıqla apardığı söhbətlərin audio və videoyazıları var.

1981-ci ildə xalq şairi Hüseyn Arifin cağırışına ilk qoşulanlardan biri kimi M.Huseynlinin də çalışmaları Azərbay­can Aşıqlar Birliyinin (AAB) təməl daşının qoyulma­sında böyük rol oynamış, 1984-cü ildə Azərbaycan aşıqlarının uzun aradan sonra keçirilən növbəti – IV Qurultayına nüma­yəndə seçilmişdir.

Aşıq hələ gənc yaşlarından üzvü olduğu Birliyin keçirdiyi tədbirlərdə yaddaqalan çıxışlar edib. O, ustadı Aşıq Mikayıl Azaflı ilə yanaşı Aşıq Aydın Cobanoğlu, Aşıq Rza Qobustanlı, Aşıq Əjdər (İbrahimov), Aşıq-balabancı Sərdar Məmmədli, Aşıq Cuma və b. ilə də Novruz mərasimləri və digər toplantı­lar­da  birgə çıxışlar edib. Respubli­kada keçirilən tələbə və gənc­lərin ümumittifaq xalq yaradıcılığı festivalında yüksək yer tuta­raq diplom və fəxri fərmanlara layiq görülüb.

Aşıq Məhərrəm 1990-cı ildə İçəri Şəhərdə “Qoca qartal” Aşıqlar Ansamblını yaradaraq televiziyada, radioda, habelə xeyriyyə konsertlərində – böyük konsert salonlarında çıxışlar edib. Bu ansamblın tərkibində Aşıq Rakif (İsmayılov), Aşıq Fikrət Körpülü, Aşıq Ədalət Qiyasoğlu, Aşıq-balabançı Sərdar Məmmədli, Aşıq Nuru Məhəmmədoğlu kimi gözəl sənətçilər birləşirdi.

Tanınmış aşıq 1991-ci ildə keçmiş “Oğuz”, indiki “Tovuz” Xeyriy­yə Cəmiyyətinin dəstəyi ilə Müslüm Maqoma­yev adına Azər­bay­can Dövlət Filarmoniyasında xeyriyyə kon­sert­ləri düzənlə­mişdir. Həmçinin keçmiş Mərkəzi Konsert Sarayı, indiki Heydər Əliyev adına Sarayda “Koroğ­luya qayı­daq”, “Hoydu, igidlərim, hoydu” adlı (cəng ruhlu) konsertlər düzənləmişdir. Hər iki konsertin videoyazısı Az.TV tərəfindən bir neçə dəfə yayımlanmışdır və onun arxivində qorunur.

Məhərrəm Huseynli yalnız konsertlərin təşki­ltaçısı kimi deyil, habelə yubilyar aşıq və şairlər haqqında mətbuatda yazılarla çıxış etmək, onların yubiley tədbirlərinin (örnəyi: “Aşıq Mirzə (Bayramov)-100”, “Aşıq Əsəd (Rzayev)-120”, “Aşıq Ələsgər (Tağıyev)”-60”, “Aşıq İmran (Həsənov)-65”, “Aşıq Əkbər (Cəfərov)-70”, “Aşıq İlyas Alovlu-60 (və 70), “Aşıq Mikayıl Azaflı-60 (-70-80)”, “Aşıq Alqayıt (Xəlilov)-50”, “Xalq şairi Səməd Vurğun-100”) ssenarisini hazırla­maq, rejissorluğunu və aparıcılığını üzərinə götürməklə də aşıq sənətinə öz fədakar qatqıların vermişdir.

Aşığın Dədə Ələsgərin, Aşıq Hüseyn Bozalqanlı­nın,  Xəstə Bayraməlinin, Aşıq İmranın, Bəhmən Vətənoğlu­nun, Həmid Abbasın, Abbas Abdullanın, şair Musa Ələkbərli­nin, şairə Dülarə Azaflının yubiley törənlərindəki çıxışları yad­daş­lar­da silinməz iz buraxmışdır.

Məhər­rəm Hüseyinli yaradıcı aşıqdır. Onun mətbuatda dərc edilmiş məqalələrinin bir qismi “Tovuz aşıqları” adı ilə kitablaşdırılmışdır. Bəhrələndiyi və daim sevdiyi sənətkarlar­dan olan Aşıq Mikayıl Azaflıya ünvanladığı “Azaflı” poeması, Aşıq Əsədə həsr etdiyi “Şilləsi səndən, siftəsi məndən” adlı dastanı, o cümlədən “Mirəli Ağa” (“Alı Dədə”) dastanı, “Ki­şi dastanı”, eləcə də  Dədə Ələsgərlə Aşıq Hüseyn Bozalqanlı­nın görüşünün mənzum dastan formasında yenidən işlənməsi və digər olmuş həqiqətləri dastanlaşdırması, kitablaşdırması şük­ran­lıqla vurğulanmalıdır. İndiyə qədər işıq üzü görən 12 kitabının sənətsevərlərin masaüstü kitabı olması da ona olan oxucu marağının ifadəsidir.


Sağdan: Şair-publisist Əkbər Qoşalı, Polis mayoru Sübhan Hüsey­nov, akademik Vəli Əliyev, Aşıq Məhərrəm Hüseynli
Qastrol səfərlərinə tez-tez yollanan aşıq Məhərrəm Hü­seynli Orta Asiyada, İranda, Türkiyədə, Rusiyanın böyük şəhərlərində və digər yerlərdə çalıb-çağırmış, ödüllər qazan­mışdır. O, 2004-cü ildə Azərbaycan Respublikasının Mədəniy­yət və Turizm Nazirliyinin göndərişi ilə Altay Res­pub­li­ka­sında keçirilən uluslararası festivalda Azərbaycanı təmsil etmişdir. O, I Uluslararası Dastançılar Qurultayının və Festivalının birinci dərəcəli diplomuna layiq görülərək ödülləndirilmişdir. 2008-ci ildə Azərbaycan kütləvi informasiya vasitələri işçilərinin həmkarlar ittifaqı onu “QIZIL QƏLƏM”lə mükafatlandırıb.

Ömrünü-gününü mədəniyyətimizə, ədəbiyyatımıza həsr edən Məhərrəm Hüseynli hal-hazırda AAB-nin 5-ci qurulta­yında seçilmiş İdarə Heyətinin üzvüdür. O, həmçinin uzun müddət Azərneftyağ NEZ-nun  Mədəniyyət Evinin mudir muavini vəzifəsində çalışıb. Yuxarıda da vurğuladığım kimi M.Hüseynli yaradıcı aşıqıdr. Onun bədii yaradıcılığı çoxsa­xəlidir. O, publisist yazıları ilə yanaşı, qoşma, gəraylı, təcnis, divani, mü­­xəm­məs, ustadnamə, satirik şeirlər, gözəllə­mə­lər, deyişmələr yazıb. Aşığın indiyə qədər 15 albomu səsyazma studiyaları tərəfindən sənətsevərlərə təqdim olunub. Onun ifa­sında klassiklərimizlə ruhi bağlılıq, sözün aşıq musiqisinə uy­ğun seçimi, səhnə mədəniyyəti, yerli-yataqlı vurulan zəngulə­lər, yaraşıqlı və nurlu siması, sazın sinəsinə qədər bütün zil gedişatlarla birgə, sözün düzgün ifası şəkillənir. Özəlliklə, onun ifasında zil Koroğlu havaları, bayatılar və nadir halda oxunan havaların əzəməti özünü göstərir.

Aşıq Məhərrəm haqqında  bir sıra qələm sahibləri yadda­qalan məqalələr yazıb. Bunlardan şair Cabir Novruz, şair-pub­li­sist Knyaz Aslan, şair-publisist Vaqif İsaqoğlu, ustad jurnalist Cəfər Əliyev,jurnalist tədqiqatçı Maşallah Xuduyev,şair Müzəffər Şükür Məchul, şair-publisist Mə­həm­məd Nərimanoğlu, jurnalist Fikrət Mahmudov, təbrizli şair Bəsir İbadi,şair-publisist Ədilli Şirvani,tədqiqatçı Həmid Ormanlı və başqalarının adını çəkmək olar.


Vidadi Aşıq Əsəd oğlu
Mən Məhərrəm Hüseynlini televiziya ekranlarından, radio dalğalarından tanıyırdım. Onu dinləyənlər mənə bu gənc aşığın səsinin, ifasının atama bənzərliyini deyirdilər. Mən özüm çox istəyirdim ki, onunla şəxsən tanış olam.

1991-ci ildə Tovuzda Aşıq Mirzə Bayramovun 100 illik yubileyi ərəfəsində onunla yaxından tanış oldum. Ona deyən­də ki, mən Aşıq Əsəd Rzayevin kiçik oğlu Vidadiyəm, o, məni doğma qardaş kimi qucaqlayıb öpdü və sonra dedi ki, a sağ olmuş, bizim dədələrimiz dost olublar. Bəs biz bir-birimizi niyə tanımırıq? Sonra Məhərrəm sözarası mənə dedi ki, ustadım Mikayıl Azaflı mənə bir vəsiyyət edib. Dedim nədir o vəsiyyət. Dedi ki, o vəsiyyət Aşıq Əsədlə Aşıq Mirzənin yubiley və yaradıcılıq gecələrini keçirməkdir. İndiki gecə Aşıq Mirzə­nin 100 illiyidir, növbəti yubiley gecəsi isə Aşıq Əsədin 120 illik gecəsi olacaq. Siz Əsəd babanın 120 illiyinə hazırlaşın.

1993-cü ilin sonlarında Tovuzda Aşıq Əkbər adına mədəniyyət sarayında Aşıq Əsədin 120 illik yubileyinə həsr olunmuş yüksək səviyyəli bir tədbir keçirdik. Həmin gecəni Tovuzun telekanalı və AzTV çəkib birbaşa efirdə içtimaiyyətə təqdim etdi. Onu da deyim ki, televiziyanın folklor üzrə baş redaktoru Ağalar Mirzə və Məhərrəm Hüseynlinin təşəbbü­süylə Aşıq Hüseyn Bozalqanlı adına muzeydə Aşıq Əsədə ayrılmış guşəni və onun haqqında deyilən xatirə və məruzələr lentə alındı. Sonra Aşıq Əsədin məzarüstü ziyarətini nə lentə alıb zəngin bir veriliş hazırladılar və efirdə bir neçə dəfə təkrar göstərdilər.

AAB-də bu işlərə məsul olan Məhərrəm Hüseynlinin təşkilatçılığı ilə Bakıda M.Maqamayev adına filarmoniyada da Aşıq Əsədin 120 illik yubiley və yaradıçılıq tədbiri çox yüksək səviyyədə keçirildi. Cəsarətlə deyərdim ki, Azərbay­canda Aşıq Əsədin həmin yubiley-yaradıcılıq tədbirləri kimi yüksək səviyyəli tədbirlər az-az keçirilir. Bu gecələrin aparıcısı da, rejissoru da, musiqi tərtibçisi də, yüksək keyfiyyətli video­çəkilişinin təşkilatçısı da məhz Məhərrəm Hüseynli idi. Qədir­şü­naslıqla bildirirəm ki, Aşıq Əsəd haqqında ən dəyərli elmi-publistik və tədqiqat xarakterli yazıları da mətbuat orqanlarında məhz M.Hü­seynli yazmışdı.

M.Hüseynli Aşıq Əsəd haqqında olmuş real hadisələrə, bizim evimizdə və dövlət arxivində olan əlyazma­lara, ustadı Aşıq Mikayıl Azaflının, Aşıq İmran Həsənovun, Aşıq Nağı Rzayevin, Aşıq Şadət Gülməmmədovun, Aşıq Məhəmməd Çov­daroğ­lunun, atası Hüseyn Hüseynovun və onlarla yaşlı nəsil nüma­yən­dələrinin dediklərinə istinadən “Şilləsi səndən, siftəsi məndən” adlı dastanı və digər olmuş əhvalatları qələmə alaraq ilk dəfə 2008-ci ildə “Araz” nəşriyyatında çapdan çıxan “Müqəddəs dədələr dastanı” kitabında nəşr etdirib oxuculara təqdim etmişdir. Onu da qeyd edim ki, bu qədər əziyyətinin müqabilində heç kimdən bir manat da olsa təmənnası olmayıb, öz əməyini ruhu şadlara halal edib. Belə böyük ürəkli, polad biləkli, arzu-diləkli insanlar həyatda az-az olur.

M.Hüseynli bir dəfə mənə dedi ki, a qardaş, Əsəd babamızın külliyyatını hazırla, kitab şəklində buraxdıraq. Doğ­rusu mən bu işə çoxdan başlamışdım. Amma amansız xəstəlik mənə bu işləri tamamlamağa imkan vermirdi. Nəhayət, Aşıq Əsədin külliyyatının təxminən 70 faizdən çoxunu topladım və Bakıya Məhərrəm müəllimə göndərdim. Kitabın yüksək səviy­yədə hazırlanmasında bir daha onun xidmətləri oldu. Çox “mənəm” deyən alimlərin yaza bilməyəcəyi yüksək səviyyəli ön sözü kitaba məhz M.Hüseynli yazdı.

Onun atama həsr etdiyi şeir, sanki, bir rəssam əsəridir. Bu kitabın ikinci xeyirxah dəstəkçisi – Aşıq Əsədin nəticəsi Əhli­man adında qohumumuz söz düşəndə heyranlıqla M.Hüseyn­lidə olan yüksək insani keyfiyyətlərdən, onun böyük sənətkar­lara məhəbbətindən danışırdı. “Sazn sözün koroğlusu” adlı həmin kitabın Tovuzda Aşıq Əsədin öz adını daşıyan musiqi məktəbində təqdimatı yenə də M.Hüseynli tərəfindən yüksək səviyyədə keçirildi.

Atamın 140 illiyi münasibətiylə “Sazın-sözün koroğlusu” adlı ikinci kitab da onun redaktorluğu ilə 2014-cü ildə nəşr olundu.

Cavanlığından böyük hörmət və nüfuza sahib olan dostu­muza can sağlığı diləyirəm. Qoy Aşıq Əsədin nəticələri və kötükcələri bilsinlər ki, onların ulu babalarına övladlıq edənlərdən biri və bəlkə də birincisi məhz M.Hüseynlidir. Cəsarətlə deyərdim ki, Məhərrəm Hüseynli öz xeyirxah əməl­ləriylə gələcək nəsillərə örnək olacaq bir kişi ömrü yaşamaq­dadır. Doğrusu belə bir misilsiz ifaçılığı olan yaradıcı, yaşadıcı, yaraşıqlı, xeyirxah və təşkilatçı sənətkar üçün ömrün 55-ci baharı bir növ hesabat da sayılır. Öz əməlləriylə yaşayan insanların öndə gedənlərinin öncülüdür Məhərrəm Hüseynli. Bu yaşında bu ağ saçlı aşığa, şair, publisist, yüksək elmi səviyyəli qardaşıma uzun ömür diləyirəm.

Aşiq-şair Gülarə Azaflı
Məhərrəm Hüseynli haqqında fikir bildirmək mənim üçün çox xoşdur. Onun saza-sözə, ifaçılığa, yaradıcılığa olan münasibəti haqqında çox danışmaq olar.

Yadımdadır, M.Maqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında atam Mikayıl Azaflının rəhbərliyi ilə keçirilən bir konsertdə onun ifasını yüzlərlə tamaşaçı sürəkli alqışlarla qarşıladı. Onun zil, şaqraq, zənguləli səsiylə oxuduğu “cəngi” və “misri” havalarından xoşhal olmuş tamaşaçıların alqışından sonra atam Aşıq Mikayıl Azaflı şəyirdi haqqında ümidverici sözlər söylədi.

O vaxtlar, yəni 1981-ci illərin əvvəllərində mən Gəncədə yaşayır və işləyirdim. Bacım Dilarə Azaflı isə Biləcəri qəsəbəsində yaşayırdı. Atam Bakıya gələndə ilk xəbər tutan Məhərrəm Hüseynli və atamın dostu Adil əmi idi. Məhərrəm atamla ustad-şəyirdlikdən əvvəl,ata-oğul münasibətində olmuşlar.

Gənc olmasına baxmaya­raq Məhərrəm Hüseynlidə təşəb­büs­karlıq, məsuliyyət, qorx­maz­lıq, yüksək tərbiyə var idi. Bu baxım­dan onun respubli­ka­mı­zın mərkəzi konsert salonla­rında keçir­diyi tədbirlər yaddaş­lardan silinməzdir. Bakı şəhə­rin­də bar­maqla sayılan gənc aşıqlardan biri də Məhərrəm Hüseynli idi.

Atam tez-tez Bakıya dəvət edilsə də, 1981-ci ildən, yəni AAB-nin təməl daşı qoyulandan sonra şəhərə daha çox bağlan­dı. Elə o zamanlardan da atam şəhərdəki toplantılara, el məclislə­rinə çox vaxt Məhərrəm Hüseynli və Adil Həsənovla birgə dəvət alırdı.

Aşıq Məhərrəm Hüseynli və Aşıq Gülarə Azaflı
Aşıq Məhərrəm BDU-nun tələbəsi olduğu zaman dəfə­lərlə atamın professor-müəllim və tələbələrlə görüşünü təşkil edib. Onun dediyinə görə belə görüşlərin birində kimsə yazılı şəkildə müraciət edir ki, ustad, xahiş edirik ki, bizə məlum olmayan havalardan və sözlərdən oxuyasınız. M.Azaflı isə böyük şair Məmməd Arazın “Dünya mənim, dünya sənin, dünya heç kimin” adlı şerinə bəstələdiyi mahnını oxuyur. Belə bir qəmli notlarla oxunan mahnıdan təsirlənən tamaşaçıların hətta gözlərindən də yaş gəlir. Məlum olduğu kimi sonralar bu mahnını Niyamə­ddin Musayev də öz repertu­arına daxil edib.


Sağdan qabaqda: Aşıq Mikayıl Azaflı, Azad Ozan.

sağdan arxada: İlham Kazımov və Məhərrəm Hüseynli. Mikayıl Azaflı xəstə olarkən. 20.02. 1990-cı il
M.Hüseynli indiyə qədər mətbuat səhifələrində çoxsaylı elmi-publisis­tik yazılarla çıxış edib. Onun Mikayıl Azaflı haq­qında ilk məqaləsi 1990-cı ildə “Mədəniyyət” qəzetində dərc edilib. 2001-ci ildə “Ünsiyyət” nəşriyyatında çap edilən “Kişi dastanı” adlı kitabında isə atam Mikayıl Azaflıya həsr etdiyi “Azaflı poeması” oxuculara təqdim edilib. Onun atama olan sevgisi tükənməzdir.

Aşıq Məhərrəm tamın yubiley və yaradıcılıq tədbirlərində böyük həvəslə iştirak etmişdir. A.M.Şərifzadə adına aktyorlar evində görkəmli professor Qə­zən­fər Paşayevin rəhbərliyi və aparıcılığı ilə keçirilən M.Azaf­­­lının 60 illik yubiley və yara­dıçılıq gecəsində, Məhərrəm Hü­seynlinin ustadı haqqında yük­sək profissionallıqla etdiyi çıxış­lar tamaşaçı və dinləyicilər tərəfindən hərarətlə qarşılanıb. Türki­yənin tanınmış alimi, Azaflışünas Əli Qafqasiyalının nəşr etdirdiyi “Qoca qartal” və digər kitablarda M.Hüseynliylə atamın qoşa şəkillərini kitaba daxil etmişdir.Bununlada onların biri,birinə bağlılığına xüsusi yer vermışdır. Onlarla yetirmələri içindən təkcə M.Hüseynlinin seçilməsi təsadüfi deyil. Belə ki, M.Hüseynli M.Azaflı yaradıcılığının bilicisi kimi adı ön cərgə­dədir. O, Nəinki atamın qoşqularını, eləcə də yaratdığı aşıq havalarının nadir bilicisi və ifaçısıdır.

1991-ci ilin 20 yanvar hadisəsindən sonra Məhərrəmlə atamın hər ikisinin şəhidlərimizə 40 gün yas saxlaması onun böyük vətənpərvər və millət təəssübü çəkən bir insan olduğunu göstərir.

Məhərrəm mənim böyük qardaşım mərhum Məzahim­lə, Ha­kimlə, Hökmranla bacılarım Dilarəylə, Maralla doğma mü­na­sibətdə olub. Bu gün də həmin münasibətlər davam etdir.

Mən Məhərrəm Hüseynliylə yaşıdam. Biri-birimizə “ba­cı” və “qardaş” deyə müraciət edirik. Bütün bunlara səbəb M.Hü­seynlinin Azaflı ailəsinə olan əbədi bağlılığıdır. Eşidəndə ki, 55 yaşı ərəfəsində onun əsərlərinin ikin­ci cildi nəşr olu­nacaq, fikirləşdim ki, bu kitaba onun haqqında yazı yazmaq mənim də borcumdur. Mən Azaflı ailəsi adından qardaşımı 55 illik yubileyi və əsərlərinin nəşr olunması münasibətiylə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları ar­zu­layıram.

Arif Aşıq Əkbər oğlu
Mən aşıq Əkbər Cəfərovun böyük oğlu­yam. İstər atamın, istərsə də onun ətrafında olan aşıq Əlixan Niftalıyevin, Ələsgər Tağıyevin Məhərrəm Hüseynli haqqında yüksək fikirlər söyləməsinin şahidiyəm. Məhərrəm Hüseynli öz ifasını atamın ifa tərzinə uyğun edirdi.

Bir dəfə ondan soruşdum ki, səni atama bağlayan nədir. O, belə cavab verdi: “Ay Arif, sən ustad oğlusan. Yaxşı deyiblər “ustad oğlu şagird olmaz”. Əvvəla, Əkbər əminin ifa zənginliyi əksər aşıqlardan seçilir. O, nə oxuyubsa yüksək professionallıqla oxuyub. Sonra isə sualına cavab olaraq deyim ki, Əkbər əmi sazı səsinə uyğun kökləyir, səsi zərgər dəqiqliyi ilə işlədir, sözü aydın və anlaqlı formada xalqa çatdırmaqla hər sözü heca-heca, kəlmə-kəlmə oxuyaraq ritmik qanunauyğun­luğa tam riayət edir. Oxu­duğu musiqiyə uyğun şeir seçir. Zili, bəmi, zənguləni yerində vurur”.

1981-ci ildən üzü bəri Bakıda keçirilən aşıq konsert­lərində Məhərrəm böyük sənətkarlardan doymurdu. Əlin­də maqnitofon aşıqlardan bilmə­diyi, eşitmədiyi klassik aşıq hava­larını lentə alırdı. Çox vaxt o, bunu mərhum sənətşunas alim Azad Ozan Kərimovla birgə edirdi.

Atam vəfatından 6-7 ay əvvəl infarkt keçirmişdi. 1990-cı ildə atam dünyasını dəyişən günü Məhərrəm Tovuzda onunla görüşüb ayrılmışdı. Bu hadisə hamımızdan betər Məhərrəmi narahat edirdi. Atamın vəfatının yeddinci günü Aşıq Məhər­rəmin təşəbbüsü ilə radioda Maşallah Xudubəylinin redaktor­luğu ilə qəmli notlarla hər kəsi məyus edən “Tovuzda bir aşıq vardı” adlı radio verilişi yayımlandı. O vaxt Aşıq Mikayıl Azaflı da Biləcəri qəsəbəsindəki dəmir yolu xəstəxanasında bu veriılişi dinləyərkən özünü saxlamayıb ağlayıb. Xəstəxanada yatan başqa xəstələrdən biri soruşub ki, bu kimdir ki, belə için-için ağlayırsan? O da qayıdıb ki, o, mənim əzizimdi, özüməm.

Məhərrəm Hüseynli AAB-də məsul vəzifədə çalışdığı zaman Tovuzda atamın yaradıcılıq gecəsini keçirmişdi. Tədbiri də özü aparmışdı. Tanınmış televiziya jurnalisti Aydın Qurba­novun redaktorluğu ilə bu tədbirdən bir veriliş də hazırlanıb efirə verilmişdi. M.Hüseynli eyni zamanda Aşıq Əkbər haq­qında mətbuat səhifələrində elmi-publisistik yazılarla da çıxış edib. “Tovuz aşıqları” adlı kitabında da ona geniş yer ayırıb.

M.Hüseynli atamın 70 illik yubileyi münasibətiylə çox bö­yük bir tarixi iş gördü. Belə ki, 2004-cü ildə “Aşıq Əkbər oxu­yanda” adlı 345 səhifəlik çox dəyərli bir kitab yazaraq “Şuşa” nəşriyyatında nəşr etdirdi. Bu kitabda atamın heç bir yerdə nəşr edilməyən şeirləri də çap olundu. Onun Aşıq Əkbər Cəfərov haqqında digər alim, şair, aşıq və incəsənət xadimlə­rinin diqqətini cəlb edən elmi-publisistik yazıları, atama həsr etdiyi şeirlər yubiley üçün ən böyük töhfə oldu.




Soldan: Məhərrəm Hüseynli, Məmməd İsmayıl, Etibar Möhsümov. Aşıq Əkbərin aktyorlar evində yubileyi zamanı.
Atamın 70 illik yubileyini keçirmək üçün Məhərrəmin təşəbbüsü ilə Mədəniyyət və Turizm nazirliyinə müraciət etdik. Respublikanın ən yaxşı mədəniyyət ocaqlarından biri olan Musiqili Dram Teatrında Aşıq Əkbərin təntənəli gecəsini keçirtdik. Bu gecəni də yüksək səviyyədə M.Hüseynli aparırdı. Bir məqamı xatırladım ki, özü cismən həyatda olmayan belə ustad sənətkarın rejissorun səhvi üzündan audio və video-yazıları epizodik formada verilmədiyindən M.Hüseynli atamın səs yazısını özüylə gətirdiyi diktofondan zalda səsləndirdi. Bütün zaldakı insanlar onu sürəkli alqışladılar. M.Hüseynlinin bu cəsarətli hərəkətinə görə nazirlik ona veri­ləcək qonorarı vermədi. Həmin tədbir dəfələrlə AzTV-də gös­tə­­rilərək milyonlarla insana təqdim edildi. Artıq bu verilişin videoyazısı İran­da və dünyanın bir çox ölkələrində sevilə-sevilə baxılmaqdadır.

Mən Məhərrəmin atama olan münasibətini, ona yüksək məhəbbətini hiss etdikcə onu daha da özümə doğma saymışam. Onu da deyim ki, heç bir təmənnası olmayan bu böyük zəh­mət sahibi əməyini Aşıq Əkbərə halal edərək ona “sitayiş” etdi­yini gizlətmir.

Aşıq Əkbərin ailəsi adından,şəxsən öz adımdan onu doğum günü münasibətiylə bir daha təbrik edirəm.Sazı sinəsindən,səsi kökdən,qələmi əlindən düşməsin.

Firdovsi Aşıq İmran oğlu
Atam Aşıq İmranla gənc aşıq Məhərrəm Hüseynlinin yaxınlılığını və saza-sözə bağlılığını çox erkən yaşlarımdan eşidib görmüşəm. Hər saz tutanı, “aşığam” deyəni atam qəbul etməzdi. Çox az yaşlarımda Məhərrəmin atamın çağırışı ilə bizə gəldiyinin şahidiyəm. Onun şahanə və axar-baxarlı səsində Aşıq Əkbərə və Aşıq İmrana bənzərlik danılmazdır. Atam ona deyəndə ki, bir mahnı oxu, o, tez “cəngi”ni oxudu. İfa zamanı atamın xallarını, güllərini, zəngulələrini də yerli yataqlı etməyə başladı. Atam qayıtdı ki, aşıqlıqda əvvəlcə səs, sonra isə gözəl sima, boy-buxun, dərrakə olmalıdır, o da səndədir. Get ali məktəbə daxil ol. Sonra səni özümə şagird götürərəm. “Savadsız aşıq, duzsuz xörəyə bənzəyir”.

Artıq uzun illərdir ki, M.Hüseynli aşıq sənətiylə məşğuldur. Ali təhsillidir. Saysız-hesabsız xeyriyyə tədbirlə­rinin təşkilatçısı kimi tanınıb. M.Hüseynli AAB-də sədr müa­vini işləyən zaman atam Bakının Saray qəsəbəsindən tez-tez Məhərrəmin yanına gələrdi. Günlərlə sazdan-sözdən söhbət edərdilər. 1994-cü ildə atamın filormoniyada 65 illik yubiley gecəsinin təmtəraqlı keçirilməsində M.Hüseynli var qüvvəsi ilə çalışdı. Bu gecənin video-yazısı dəfələrlə televiziya kanalla­rında yayımlandı. Onu da deyim ki, bu gecədə onun oxuduğu, kimsənin oxuya bilməyəcəyi “Heydəri” (buna “Məmməd­söyünü” də deyirlər) havası atamın ustadı Aşıq Məhərrəm Hacıyevi də təəccübləndirdi. Elə səhnədəcə üzünü atama tutub dedi ki, ay İmran, bu oğlan möcüzədi. Elə bil ki, bunun səsi, Aşıq Əsədin səsiylə eynidir. (Bu konserti izləyənlər dedik­lərimi anlayarlar).

Məhərrəm Hüseynli ilk dəfə “Şəhriyar” adlı qəzetdə “Əsəddən sonra İmran, Mirzədən sonra Əkbər” başlıqlı iki səhifə çox dəyərli bir məqalə dərc elətdirmişdi. Atamı görən oxucular bu yazı barəsində yüksək fikirlər söyləyirdilər. Təpə­dən dırnağa qədər atamla həmfikir olan bu adam Qubadlının işğalından bir neçə ay əvvəl Qubadlıya səfər edib, düz bir həftə döyüşən əsgərlərə konsert vermişdi. Atamın bu səfərləri barəsində M.Hüseynli dəyərli məqalələrlə mətbuatda çıxışlar etmişdi.

Atam Aşıq İmran dünyasını dəyişən zaman Məhərrəm Hüseynlinin təşəbbüsü və iştirakı ilə AzTV-də 30 dəqiqəlik veriliş yayımlandı. Radionun xəbərlər verilişində atama böyük ürək ağrısı ilə nekroloq verdirdi. Dəfələrlə radioda Aşıq İmran haqqında verilişlərdə Aşıq Mahmud Məmmədovla, Aşıq Ulduz Sönməzlə birgə iştirak edərək dəyərli fikirlər söyləyib.

Aşıq Məhərrəm bunlardan ildə əlavə 2003-cü atamın əbədi xatirəsini uca tutaraq “Aşıq İmran coşanda” adında bir kitab yazıb “Araz” nəşriyya­tında nəşr etdirib oxuculara təqdim etdi. Burada görkəmli alim­lər­dən professor Mürsəl Həki­mov, professor Qara Nama­zov və onlarla ədəbiyyat, mədəniyyət və tanınmışlarımızın elmi rəyi ilə müəllifin qiymətli məqalələri yer alıb. Eyni zamanda atamla bağlı olmuş əhvalatları da toplayaraq bu kitaba daxil edilib. Bu kitabın yazılmasının ideyası da, nəşri də onun atama olan istəyinin tükəməzliyini göstərir.

Aşıq İmranın Tovuzda və Bakıda keçirilən yaradıcılıq gecələrində M.Hüseynlinin yüksək profissionallıqla etdiyi çıxışlar əvəzsizdir. Bütün bunlar arxivlərdə saxlanılır.

2013-cü ilin may ayında Aşıq İmran Həsənovun “Şur” nəşriyyatında çapdan çıxan “Sənətimin sultanıyam” adlı şeir və dastanlar kitabının əsas əziyyətini çəkənlərdən biri də məhz Məhərrəm müəllim özüdür. Aşıq İmranın külliyyatının 80 fa­izin­dən çoxu bu kitabda toplanıb. O, məni tələsdirməsəydi bu kitabın çapı bəlkə də xeyli illər gecikəcəkdi. Kitab işıq üzü görəndə məndən çox onun sevincinin həddi-hüdudu yox idi.

Hələ 2003-cü ildə “Şuşa” nəşriyyatında nəşr edilən “Tovuz aşıqları” kitabında da atam haqqında dəyərli bilgilər, elmi təhlillər yer almışdır. Əslində bu kitab haqqında internet səhifələrində, mətbu orqanlarda çox yazılıb. Bu isə aşıq sənə­tinin təbliğində mühümm rol oynayır.

Hesab edirəm ki, bu il ömür yolunun 55-ci baharını qeyd etmiş əziz qardaşım mərhum sənətkarlarımızın anılmasına, əsərlərinin çapına himayəçilik etməklə, onların ruhunu şad edən əməlləriylə özünü yüksək səviyyədə təsdiq etmiş bir şəxsiyyətdir. Mən də Aşıq İmran Həsənovun ailəsinin və Aşıq İmra­nı özünə doğma bilənlərin adından bu mənalı ömür yolçu­suna xoş arzularımı bildirirəm.

1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə