Baytarlıq haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikasında baytarlıq fəaliyyətinin hüquqi və təşkilati
əsaslarını müəyyən edir, ölkənin baytarlıq (baytarlıq-sanitariya) sağlamlığını, dövlət
baytarlıq nəzarətində olan yüklərin təhlükəsizliyini, əhalinin heyvan və insanlar üçün
ümumi olan xəstəliklərdən mühafizəsini təmin edən subyektlər arasındakı münasibətləri
tənzimləyir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. baytarlıq—heyvan (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və
başqaları) xəstəliklərinin qarşısının alınması, insan sağlamlığı üçün yararlı və
təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin heyvan və
insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsi sahəsində elmi, praktiki və
təşkilati tədbirlər sistemi;
1.0.2. baytarlıq fəaliyyəti—qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlığın
idarə edilməsi, baytarlıq nəzarəti, təbabəti və əczaçılığı sahəsində həyata keçirilən
fəaliyyət növü;
1.0.3. baytarlıq təbabəti—heyvan xəstəliklərinin öyrənilməsini, profilaktikasını,
diaqnostikasını, müalicəsini və heyvanların sağlamlığının qorunmasını əhatə edən
fəaliyyət sahəsi;
1.0.4. baytarlıq (baytarlıq-sanitariya) qaydaları—
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən hazırlanan, baytarlıq normativləri əsasında baytarlıq tədbirlərinin
aparılması qaydasını müəyyən edən və baytarlıq fəaliyyəti ilə məşğul olan hüquqi
və fiziki şəxslər tərəfindən yerinə yetirilməsi məcburi olan tədbirləri təsbit edən
normativ sənədlər;
1.0.5. baytarlıq preparatları—yalnız heyvan xəstəliklərinin profilaktikası,
müalicəsi, diaqnostikası və heyvanların məhsuldarlığının artırılması üçün istifadə
olunan baytarlıq təyinatlı immunobioloji, bioloji, bitki, kimyəvi və kimya-
əczaçılıq mənşəli maddələr;
1.0.6. baytarlıq preparatlarının dövlət qeydiyyatına alınması—
müvafiq icra
hakimiyyəti orqanı
tərəfindən baytarlıq preparatlarının, onlara aid sənəd və
materialların ekspertizası və qeydiyyat sınağının
nəticələrinə görə
qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət
reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat
şəhadətnaməsinin verilməsi;
1.0.7. baytarlıq preparatlarının dövlət reyestri—qanunvericiliklə müəyyən edilmiş
qaydada qeydə alınmış və Azərbaycan Respublikasında istehsalına, ixracına,
idxalına və tətbiqinə icazə verilmiş baytarlıq preparatlarının siyahısı;
1.0.8. baytarlıq preparatlarının dövriyyəsi—baytarlıq preparatlarının istehsalı,
aprobasiyası, daşınması, saxlanması, idxalı, ixracı, satışı və istifadəsi;
1.0.9. baytarlıq sənədləri—dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən
vəzifəli şəxslər tərəfindən dövlət baytarlıq nəzarətində olan yüklərə və obyektlərə
verilən baytarlıq (baytarlıq-sanitariya) rəyləri, baytarlıq arayışları, şəhadətnamə
və sertifikatları;
1.0.10. identikləşdirmə—heyvanların və heyvandarlıq müəssisələrinin, heyvan
mənşəli məhsulların emalı, saxlanması və satışı obyektlərinin, həmçinin
heyvanlar üçün yem və baytarlıq təyinatlı bioloji preparatlar istehsalçılarının
uçota alınması (kodlaşdırılması);
1.0.11. dövlət baytarlıq nəzarətində olan yüklər—heyvanlar, heyvan mənşəli
məhsullar və xammal, baytarlıq preparatları, yem və yem əlavələri;
1.0.12. fərdi baytarlıq təbabəti praktikası—bu Qanunun 5.3-cü və 30-cu
maddələrinin tələbləri nəzərə alınmaqla hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən baytarlıq
fəaliyyəti;
1.0.13. özəl baytarlıq təbabəti—qanunvericiliyə uyğun olaraq xüsusi razılıq
(lisenziya) əsasında hüquqi şəxslər (baytarlıq klinikaları və s.) tərəfindən həyata
keçirilən baytarlıq fəaliyyəti.