Azərbaycanlıların ümumiyyətlə Ermənistan ərazisindən çıxarılmasını qarşısına məqsəd qoyan ermənilərin ciddi təkidləri nəticəsində SSRİ rəhbərliyinin əmri ilə iki yüz minə yaxın azərbaycanlı yaşadıqları ərazilərdən deportasiya olundu. Monoetnik erməni dövləti yaratmaq istəyən ermənilərin həyata keçirdiyi bu siyasət - etnik təmizləmə siyasətinin gedişində minlərlə azərbaycanlı zorakılıqlara, terrora məruz qalmış, müxtəlif səbəblərdən ölmüş və ya öldürülmüşdü.
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 18 dekabr tarixli 656 saylı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" Fərmanında deyilir:
"... SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti cinayət aktı olmuşdur. Bu qərar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud represiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək ölmüşdür".