44. AB-in maliyyə sistemi və büdcə sistemi Avropa Birliyinin büdcəsi AB-yə üzv ölkələrin pul vəsaitlərinin dövlətlərarası mərkəzləşmiş fondunu ifadə edir və əsas maliyyə planı formasında çıxış edir. Bu plana uyğun olaraq Avropa Birliyinin vəsaitlərinin səfərbər edilməsi və xərclənməsi baş verir. Ümumi büdcə ilk dəfə 1958-ci ildə Birliyin maliyyə xərcləri planına uyğun şəkildə hazırlanmışdır. Lakin, o dövrdən sonra, əsasən müxtəlif büdcə mexanizmlərinin unifikasiyası ilə bağlı əhəmiyyətli dəyişikliklər baş verdi. Birliklərdən hər biri – Kömür və polad üzrə Avropa birliyi, Atom enerjisi üzrə Avropa birliyi və Avropa iqtisadi birliyi ilkin olaraq öz büdcələrinə malik idi. Merqer müqaviləsinin (Merger Treaty) qüvvəyə minməsi nəticəsində 1965-ci ildə yalnız iki büdcə qaldı. Bunlar Kömür və polad üzrə Avropa birliyinin operativ büdcəsi və ümumi büdcə idi. Sonuncunun səlahiyyətləri 2002-ci ildə sona çatdı və onun bütün aktivləri mədaxil və məxaricin bölgülü uçot şərtləri ilə qalan büdcəyə təqdim olundu. Birliyin büdcəsi unifikasiya tendensiyaları ilə yanaşı, get-gedə daha avtonom olurdu. Əgər 1970-ci ilə qədər Avropanın baş mərkəzləşmiş fondu iştirakçı ölkələrin pul ayırmaları hesabına formalaşırdısa, 1970-ci ilin 21 aprel qərarı ilə (1988 və 1994-cü illərdə yeniləşdirilmişdir) ilk dəfə olaraq xüsusi resurslar sistemi tətbiq olundu. 2000-ci ilin sentyabrında AB Nazirlər şurası Avropa Birliyinin xüsusi resurslar məsələsi barədə yeni qərar çıxartdı və bu qərar 1994-cü il qərarını əvəz etdi.
1986-cı ildə vahid Avropanın büdcə münasibətlərinin təşəkkül tarixində AB büdcə mexanizminin yenidən formalaşdırılmasına təkan verən hadisə baş verdi. Avropa birliyinin genişləndirilməsi barədə danışıqların üçüncü raundu Ispaniyanın və Portuqaliyanın da onun tərkibinə daxil edilməsinə, həmçinin vahid bazarın yaradılma perspektivləri barədə və iqtisadi, sosial harmonizasiyanın zəruriliyi barədə müzakirələrə gətirib çıxartdı. Nəticədə 1987-ci ilin fevralında AB Komissiyasına Avropa birliyinin fəaliyyətində maliyyələşdirmənin dəyişdirilməsi barədə təkliflər verildi. Bu təkliflər Delor paketi (Delors package) şəklində tərtib olunmuşdur. Aşağıdakılar paketə uyğun olaraq nəzərdə tutulmuşdur:
AB büdcəsinin bütün xüsusi resurslarının həcminin son həddi müəyyənləşdirilirdi. Həm də, mütləq şəkildə bütün xüsusi resurslar hesaba alınır və ÜMM-in ölçüsündən məhdud faiz müəyyənləşdirilirdi;
maliyyə perspektivi sistemi tətbiq olunurdu. Bu sistem əsas prioritetləri bir neçə il əvvəlcədən müəyyənləşdirirdi. Maliyyə perspektivinin cari sistemi 2000-ci ildən 2006-cı ilə qədərki dövrü əhatə edir. 1988-ci ildən reallaşdırılmağa başlanan bu sistemə əsasən, büdcə xərclərinin ikiqat hüdudu müəyyənləşdirilirdi. Bir tərəfdən, ödənişlərin ümumi ölçüsü ÜMM-in faizi ilə məhdudlaşırdı (1,27%); digər tərəfdən, təxsisatların hər bir kateqoriyasının yuxarı həddi hər il yenidən nəzərdən keçirilir və müəyyənləşdirilirdi;
iştirakçı ölkələrin iqtisadi sistemlərindəki fərqlərin azaldılması üçün əlavə dəyər vergisi təshih olunurdu. Bu zaman üzv ölkələrin ÜMM-ində nisbi istehlak payı nəzərə alınırdı;
kənd təsərrüfatı proqramlarının maliyyələşdirilməsi ilə bağlı xərclər maliyyə perspektivi sisteminin çərçivələri ilə məhdudlaşırdı;
mühüm olmayan xərclərin artırılmasının maksimal həddi tətbiq olunurdu. Bu həddin müəyyənləşdirilməsində son söz parlamentə məxsus idi. Parlament verilmiş təxsisatların ölçüsünü yalnız cüzi dərəcədə artıra bilərdi.
B-yə üzv dövlətlərin maliyyə həmrəyliyi prinsipi o deməkdir ki, AB-yə üzv dövlətlərin üzvlük haqları onların maliyyə imkanlarına mütənasib olmalıdır.
AB-nin xüsusi resurslarına aşağıdakılar aiddir:
kənd təsərrüfatı rüsumları və şəkərə, izoqlükozaya qoyulan vergilər. Şəkərə qoyulan vergilər şəkər bazasının tənzimlənməsi üçün tətbiq olunur və aşağıdakılardan ibarətdir:
istehsal vergisi nəzərdə tutur ki, istehsalçılar bazarın müdafiəsi ilə bağlı xərclərə pul yatırırlar; saxlama vergisi şəkrin bazara müntəzəm axınına zəmanət vermək üçün saxlama dəyərinin bərabərləşdirilmə sistemini maliyyələşdirir.
Itkilərin ödənilməsi üçün əlavə vergi. Məsələ bundadır ki, 1988-1989-cu illərdən başlayaraq, izoqlükozanın və inulinin istehsalına qoyulmuş vergilər şəkərin istehsalına qoyulan vergilər kimi nəzərdən keçirilir;
gömrük rüsumları ümumi gömrük tarifi ilə (common cistoms tariff), AB-yə üzv olmayan dövlətlərdən AB-yə idxal olunan malların gömrük dəyərindən tutulur. Ayırmaların ölçüsü – ümumi gömrük tarifinin 90%-inə bərabərdir;
ƏDV –resursları AB-yə üzv olan hər bir dövlətin ƏDV bazasına nəzərən vahid norma ilə hesablanır. Vahid norma AB-nin qaydalarına uyğun olaraq, vahid metodika ilə müəyyənləşdirilir. 1988-ci ilin iyunundan başlayaraq, vahid norma Ingiltərə tərəfindən ödənilmiş ümumi kompensasiyanı çıxmaqla, ƏDV bazasının 1,4%-ni təşkil edirdi. AB-yə üzv dövlətlərin bazası ÜMM-in 55%-dən çox ola bilməz. Xüsusi resurslar barədə yeni qərara uyğun olaraq, 1999-cu ildə ƏDV norması tədriclə 1,0%-ə qədər, son hədd norması isə 50%-ə qədər tədriclə azaldı. Büdcənin maliyyələşdirilməsi üçün zəruri olan xüsusi resursların ümumi ölçüsündə ƏDV-resursların nisbi payının azaldılması nəticəsində «dördüncü resursun» artması baş verdi;
«dördüncü resurs». Gəlirlərin bu kateqoriyası 1988-ci ildə tətbiq edilmiş, ÜMM-ə əsaslanmışdır və AB-yə üzv olan bütün dövlətlərin ÜMM məbləğinə nəzərən norma üzrə hesablanır. Bu, büdcə resursunu balanslaşdıran dəyişən kəmiyyətdir və onun tələb norması büdcə prosedurunun gedişində elə tərzdə hesablanır ki, əldə edilməmiş gəlirləri ödəyə bilsin. Bu resursun məqsədi AB-yə üzv olan hər bir dövlətin ödədiyi payın onun real imkanlarına uyğunluğunu təmin etməkdir. Bütün gəlir, üstəgəl sair gəlirlər (AB-nin vəzifəli şəxslərinin əmək haqlarının azaldılması, vaxtı keçmiş ödənişlər üzrə faizlər, əvvəlki illərin cərimələri və aktiv saldosu) cari ilin büdcəsinə daxil edilmiş xərclərin maliyyələşdirilməsi üçün tələb olunan ödənişlər üzrə ümumi təxsisatları ödəməlidir.