Ey anamın oğulları!
Məndən nə istəyirsiniz, ey anamın oğulları?
Sizin üçün boş vədlərlə bəzədilmiş saraylar və damı arzularla örtülmüş məbədlər tikməyimi, yoxsa yalançı və qorxaqların tikdiklərini uçurmağımı, riyakar və alçaqların ucaltdıqlarını sökməyimi istəyirsinizmi?
Sizin üçün nə edim, ey anamın oğulları?
Sizə xoş gəlmək üçün göyərçin kimi quruldamalıyammı, yoxsa özümə xoş gəlmək üçün aslan kimi nərildəməli?
Mən oxudum sizin üçün, amma siz rəqs eləmək istəmədiniz. Mən ağladım sizin qarşınızda, amma siz mənə qoşulub ağlamaq istəmədiniz; istəyirsiniz ki, mən eyni zamanda həm oxuyum, həm də ağlayım?
Ruhlarınız acından qıvrılırlar, baxmayaraq ki, bilik çörəyi vadidəki daşlardan çoxdur, amma siz yemirsiniz onlardan; ürəkləriniz susuzluqdan yanır, baxmayaraq ki, həyat bulaqları çay kimi evlərinizin yanından axır. Niyə axı siz içmirsiniz?
Dənizin qabarması, çəkilməsi var, ayın bədirlənməsi və yenidən doğulması, fəsillərin isə yayı və qışı var. Həqiqətə gəldikdə isə o dəyişmir, yox olmur və heç nəyə də çevrilmir. Elə isə onun üzünü niyə korlamaq istəyirsiniz?
Gecənin sakitliyində sizi çağırırdım ki, bədirlənmiş ayın gözəlliyini və ulduzların möhtəşəmliyini göstərim sizə. Siz isə yatdığınız yerdən dik atılaraq qorxu içində qılınc və nizələrinizi qapıb: “Hanı düşmən? Məhv edərik onu”,– deyə qışqırırdınız. Lakin səhər həm atlı, həm piyada, düşmən üstümüzə gələndə mən sizi yenə çağırırdım, siz isə oyanmır, yalnız yuxulu-yuxulu üzünüzü çevirirdiniz.
Mən deyirdim: “Durun, dağın başına qalxaq, sizə dünyanın səltənətlərini göstərim”. Siz isə cavab verirdiniz: “Ata-babalarımız bu dərənin dibində yaşamış, onun kölgəsində ölmüş və onun mağaralarında da dəfn olunmuşlar. İndi buranı tərk edərək onlardan heç birinin getmədiyi yerlərə biz necə gedək?”
Mən sizə deyirdim: “Gedək düzlərə, sizə qızıl mədənlərini və yerin xəzinələrini göstərim”. Siz isə: “Düzlərdə oğru və quldurlar pusqu qururlar”, – deyə cavab verirdiniz.
Deyirdim: “Gedək sahilə, dənizin ləpədöyənə çıxartdığı nemətlərinə tamaşa edək”. Siz isə: “Dənizin səsi ruhumuza üşütmə salır, onun dərinliklərinin dəhşəti isə cismimizi qurudur”, – deyirdiniz.
Mən sizi sevirdim, ey anamın oğulları, lakin bu məhəbbət mənə ziyan gətirdi, sizə isə xeyir vermədi. Və bu gün mən sizə nifrət edirəm, fəqət bu nifrət bir seldir ki, yalnız quru budaqları yuyub aparır və yalnız çürümüş evləri dağıdır.
Mən sizin zəifliyinizə mərhəmətlə yanaşırdım, ey anamın oğulları, fəqət mənim bu münasibətim zəiflərin və laqeydlərin sayını artırdı yalnız və həyata qiymətli heç nə gətirmədi. Və bu gün mən sizin zəifliyinizlə görüşəndə qəlbim diksindi, ikrah hissindən sıxıldı.
Mən sizin itaətkarlığınız və məzlumluğunuza baxıb ağlayırdım və mənim göz yaşlarım büllur kimi təmiz olsa da üstünüzdəki qalın çirki yuya bilmədi, yalnız gözümü örtmüş pərdəni yox elədi. Göz yaşlarım sizin daşlaşmış qəlblərinizi yumşaltmasa da, mənim qəlbimdə həyəcanı artırdı. Bu gün mən sizin əzablarınıza gülürəm və bu gülüş fırtınadan sonra yox, fırtınadan qabaq səslənən göy qurultusudur.
Axı məndən nə istəyirsiniz, ey anamın oğulları?
İstəyirsiz, üzünüzün sakit göllərdə əks olunan kabuslarını sizə göstərim? Onda gedin və baxın, necə eybəcərdir cizgiləriniz.
Başınıza çarə qılmağa tələsin, zira, qorxu artıq başınıza kül ələmiş yuxusuzluq gözlərinizi həlqəyə alıb və onlar qaranlıq çuxura dönmüşdür, qorxaqlıq yanaqlarınıza toxunmuş və onları qırışıq cındıra döndərmişdir, ölüm dodaqlarınızdan öpmüş və onları payız yarpaqları kimi saraltmışdır.
Məndən nə istəyirsiniz, ey anamın oğulları, – daha doğrusu, sizi öz oğlu saymaq istəməyən həyatdan nə istəyirsiniz?
Ruhlarınız kahin və boşboğazların tələlərində qıvrılır, bədənləriniz tiran və cəlladların dişlərində həlak olur, ölkəniz isə təcavüzkar və qəsbkarların təpiyi altında inildəyir. Nəyə ümid bəsləyirsiniz bu günəşin atlında?
Qılınclarınız pas atıb, nizələrinizin ucluqları qırılıb, qalxanlarınız tozla örtülüb. Döyüş meydanına çıxmağa necə cəsarət edirsiniz?
Dininiz – riyakarlıq, bu dünyanız – saxta, o dünyanız – puç. Elə isə nə üçün yaşayırsınız? Ölüm ki, var – gücsüzlərə istirahət üçündür!
Həyat isə – gəncliyi müşayiət edən, gücdür, yetkinliyə xas, uğurdur, qocalıqla gələn müdriklikdir. Siz isə, ey mənim anamın oğulları, elə doğulandan iqtidarsız qocalara bənzəyirdiniz, sonra isə palçığa girib daş atan uşaqlara çevrildiniz.
Həqiqətdə bəşəriyyət – dağların sirlərini dənizin dərinliklərinə aparan, büllur kimi təmiz sulara malik, axan nəğməli çaydır. Siz isə, ey mənim anamın oğulları, dərinliklərində həşəratlar gəzən, sahillərində isə ilanlar qıvrılan iyrənc bataqlıqsınız.
Həqiqətdə ruh – müqəddəs mavi alovdur ki, quru otları yandırır; fırtınalar onu alışdırdıqca o da allahların üzünü işıqlandırır. Sizin isə ruhlarınız, ey anamın oğulları, küləyin qarların üstü ilə sovurduğu, fırtınalarınsa vadilərə səpələdiyi küldür.
Mən sizə nifrət edirəm, ey anamın oğulları, siz şöhrət və əzəmətə nifrət etdiyiniz üçün!
İyrənirəm sizdən, ona görə ki, siz özünüz özünüzdən iyrənirsiniz.
Mən – sizin düşməninizəm, ona görə ki, siz allahların düşmənisiniz və bunu heç anlamırsınız da!
Biz və siz
Biz dərdin oğullarıyıq, siz isə şənliyin.
Biz dərdin, nisgilin oğullarıyıq, dərd isə daş qəlbli insanlara yaxın gəlməyən tanrının kölgəsidir; biz kədərə bürünmüş ruhların sahibləriyik. Kədər isə o qədər böyükdür ki, kiçik ruhlar onu içinə almaq iqtidarında deyillər; siz gülürsünüz, biz isə ağlayır, nalə çəkirik. Lakin bir dəfə göz yaşında yuyunan kəs əbədi olaraq paklığa qovuşacaqdır.
Siz bizi tanımırsınız, biz isə sizə bələdik. Siz ətrafınıza boylanmadan həyatın ildırım sürətli çayına qoşularaq qaçırsınız, biz isə sahildə oturub sizi görür və eşidirik. Siz bizim fəryadımıza məhəl qoymursunuz - qulaqlarınız gündəlik səs – küylə doludur, biz isə sizin nəğmələrinizi dinləyirik, çünki gecələrin pıçıltısı bizim eşitmə qabiliyyətimizi gücləndirib. Biz sizi görürük. Axı siz titrək, tutqun işığın altında dayanmısınız. Lakin siz bizi görmürsünüz – biz dözülməz dərəcədə parlaq qaranlıqda qərar tutmuşuq.
Biz dərdin oğullarıyıq – peyğəmbərlər, şairlər və musiqiçilər. Biz qəlbimizin iplərindən tanrılar üçün əlbisə toxuyuruq və ruhumuzun toxumları ilə mələklərin ovuclarını doldururuq. Siz, ey qayğısız şənliyin və bitib-tükənməyən nəşənin, əyləncənin oğulları – siz, ürəyinizi boşluğun əllərinə verib onun barmaqlarını nəvazişilə heyran olubsunuz, səfehliyin yanındaca dinclik axtarırsınız. Çünki səfehliyin evində simanızı görə biləcəyiniz ayna yoxdur.
Biz dərddən ah çəkirik və bizim nəfəsimizlə çiçəklərin pıçıltısı, budaqların xışıltısı və çayların şırıltısı səmalara yüksəlir. Siz isə qəhqəhə çəkib gülürsünüz və sizin gülüşünüzün gurultusu insan kəllələrinin xışıltısına, zəncirlərin cingiltisinə və dərin uçurumun fəryadlarına qarışır.
Biz ağlayırıq və bizim göz yaşlarımızın həyatın qəlbinə yağması şeh damcılarının gecənin gözlərindən şəfəqin köksünə tökülməsinə bənzəyir. Siz isə gülürsünüz və sizin dodaqlarınızın kənarlarından acı təbəssümün axması ilan dişlərindən qurbanın yarasına damcılayan zəhərə bənzəyir.
Biz dulların dərdini və yetimlərin əzabını gördüyümüz üçün ağlayırıq, siz isə qızılın parıltısına kor olduğunuz üçün heç nəyi görmədən gülürsünüz. Biz məzlumların fəryadını və zülmə məruz qalanların qışqırıq səslərini eşitdiyimiz üçün ağlayırıq, siz isə badələrin cingiltisindən savayı heç nəyi eşitmədiyiniz üçün gülürsünüz.
Bədənimiz ruhumuzu tanrıdan ayırdığı üçün biz ağlayırıq, siz isə cisminiz hərisliklə külə yapışdığı üçün gülürsünüz.
Biz dərdin, nisgilin, siz isə şənliyin, nəşənin övladlarısınız. Gəlin günəşin qarşısında dərdimizin və nəşənizin bəhrəsini nümayiş etdirək!
Siz əsirlərin kəllələrindən ehramlar ucaltmısınız; hal-hazırda bu ehramlar qumların üzərində dayanaraq, nəsillərə bizim əbədiliyimiz və faniliyimiz haqqında rəvayətlər söyləyirlər. Biz azad ruhların, insanların əlləri ilə Bastiliyanı dağıtdıq və Bastiliya millətlərin dilində bizim ünvanımıza söylənən lənətə və alqışa çevrilmişdir. Siz Babilistanın bağlarını məzlumların zəhmətləri hesabına əkib-becərmiş və səfillərin məzarları üzərində Nineviya saraylarını ucaltmısınız. İndi isə Babilistan və Nineviya dəvələrin səhralarda qoyduqları ayaq izlərinə bənzəyir. Biz mərmərdən Astartanın heykəlini yaparaq lal və hərəkətsiz mərməri lərzəyə gəlməyə və dillənməyə məcbur etmişik; biz simlərdə nəhavənd nəğmələrini ifa etmişik və həmin simlər fəzada qanad çalan aşiqlərin ruhlarını haraylamışdır; biz Məryəmin rəsmini cizgilər və boyalarla çəkmiş və cizgilər tanrıların fikrinə, boyalar isə mələklərin hisslərinə bənzəmişdir.
Siz Romanın və Antioxiyanın meydançalarında minlərlə qurbanları caynaqları ilə parçalayan əyləncələrin izinə düşmüsünüz, biz isə barmaqları «İliadanı», «İovanın kitabını» və «Böyük Taiyyəni» yaratmış sükuta doğru yol gedirik. Siz saysız-hesabsız qadınların ruhunu günah və əxlaqsızlıq girdabına salan fəlakətli ehtirasın odunda yanırsınız. Biz isə kölgəsində müəlləqələrin, «Hamleti» və Dantenin poeması doğulan tənhalığı bağrımıza basırıq. Siz qılıncının zərbələri altında qanı su yerinə axıdan tamahkarlığa diqqət kəsilmisiniz, biz isə əlləri ilə uca aləmdən bilik endirən təxəyyüllə dostuq.
Biz qəmin, siz isə nəşənin oğullarısınız. Bizim nisgilimizlə sizin sevincinizi sıldırım dağlar ayırır. Onların tikanlı çığırlarından sizin güclü atlarınız və gözəl arabalarınız keçə bilməz.
Biz sizin məhdudiyyətinizin halına yanır, siz isə bizim əzəmətimizə nifrət bəsləyirsiniz. Belə olan halda zaman bizim iltifatımızla sizin nifrətiniz arasında dayanıb tərəddüdlə bizə baxır.
Biz sizin yanınıza dost kimi təşrif buyursaq da, siz düşmən kimi bizə hücum edirsiniz və dostluqla düşmənçilik arasında göz yaşı və qanla dolu dərin uçurum yaranır.
Biz sizlər üçün saraylar qurur, siz isə bizim üçün məzarlar qazırsınız. Və bəşəriyyət sarayların təmtərağı məzarın zülməti arasından dəmir addımlarla gedir.
Biz sizin yollarınıza qızılgüllər səririk, siz isə bizim yatağımıza tikanlar döşəyirsiniz və qızılgülün ləçəkləri ilə tikanları arasındakı həqiqət əbədiyyət yuxusu ilə yatır.
Siz öz amansız zəifliyinizlə bizim asanlıqla təsir altına düşən qüvvələrimizi əzəli olaraq dəf etməyə can atırsınız. Siz bir anlığa bizə qalib gələndə, sevincdən qurbağa kimi quruldaşırsınız, biz isə əsrlər boyu qələbə çaldığımız halda, dahilər kimi susmağı bacarırıq. Siz, Nazaretlini1 çarmıxa çəkmiş və dövrəyə alaraq təhqir etmisiniz. Lakin o, xaçdan enib dahilər kimi yer üzünü tərk edərək, ruhu və həqiqəti ilə nəsillər üzərində qələbə çalıb yer üzünü şöhrət və gözəlliklə işıqlandırmışdır.
Siz, Sokratı qətlə yetirmiş, Paveli daşqalaq etmiş, Qalileyi sarsıtmış, Əli ibn Əbu Talibi öldürmüş, Midhət paşanı boğmusunuz. Lakin onların hər biri yenilməz qəhrəmandırlar və indi də əbədiyyətin qarşısında diridirlər. Siz isə bəşəriyyətin hafizəsində üfunətli ölülər kimi qalacaqsınız və əsrlər boyu onları yığışdırmaq və torpağa tapşırmaq üçün qəbirqazan tapılmayacaqdır.
Biz dərdin, nisgilin oğullarıyıq, dərd isə kainata səadət və bilik yağdıran buludlardır. Siz isə nəşənin, şənliyin oğullarısınız. Lakin şənlik və nəşə nə qədər böyük, hədsiz-hüdudsuz olursa-olsun, o küləklərin sovurduğu və təbiətin yox etdiyi tüstü sütuna bənzəyir.
Məntiqin fəlsəfəsi,
yaxud özünüdərk
Yağışlı Beyrut axşamlarının birində Səlim əfəndi Duaybas köhnə kitablar və müxtəlif vərəqlər yığını ilə qalaqlanmış masanın arxasında oturmuşdu.
Vərəqləri səhifələdikcə o, vaxtaşırı başını qaldırır və qalın dodaqları arasından havaya qalın tənbəki tüstüsü buraxırdı. O, müəllimi Sokratdan ilhamlanmış Platonun özünüdərk haqqında yazdığı traktatı nəzərdən keçirirdi.
Bu qiymətli traktatın möcüzəli sətirləri üzərində düşünən Səlim əfəndi yaddaşında bu mövzuyla bağlı filosofların və bəşər nəslinin ruhani rəhbərlərinin nə dediklərini xatırlamağa çalışırdı. Və nə Qərb mütəfəkkirlərinin ən ötəri bir qeydi onun diqqətindən yayındı və nə Şərq alimlərinin bir sözü nəzərindən qaçdı. Və nəhayət onun “mən”i özünüdərk haqqında düşüncələrdə əriyib itəndə o, dik atılaraq əllərini göyə qaldırdı və ucadan söylədi:
“Bəli! Bəli! Özünüdərk – hər bir dərkin anasıdır! Mən öz “mən”imi dərk etməliyəm – və mən onu axıra qədər dərk edəcəm! Mən onun bütün hissə və xassələrini, onun bütün incəliklərini və zərrəciklərini dərk edəcəm. Mən ruhumun üzərindəki sirrlər pərdəsini qaldırmalı, ürəyimin dərinliklərində olan bütün gizlinləri işıqlandırmalıyam. Bundan başqa mən ruhani mövcudluğumun maddi mövcudluğum üçün əhəmiyyətini və maddi varlığımın ruhani varlığım üçün dəyərini aydınlaşdırmalıyam”.
O bu sözləri vəcdlə söylədi və onun gözlərində “idrak yanğısı”, özünüdərk işığı parladı. Sonra o qonşu otağa keçərək yerdən tavana qədər bütün divarı tutmuş iri güzgünün qarşısında heykəl kimi hərəkətsiz dayandı. O, öz əksini tədqiq edirdi: üzünü, başının formasını, bədəninin cizgilərini, bir sözlə, bütün xarici görünüşünü.
Düz yarım saat donub dayandı güzgünün qabağında, sanki əbədi İdeya ona onun ruhunun gizli sirlərini açan və varlığının ən qaranlıq guşələrini işıqlandıran möhtəşəm fikirlər göndərirdi. Nəhayət özü-özünə, asta-asta dilləndi: “Boyum balacadır mənim, amma, axı, Napoleon və Viktor Hüqo da belə idilər.
Alnım dardır, amma Sokratın və Spinozanın alnı da bu cür idi.
Mən keçələm, amma Şekspir də keçəl idi.
Burnum uzun və əyridir, amma eyni burundan Savonarolda, Volterdə və Corc Vaşinqtonda da vardı.
Gözlərim xəstədir, eyni ilə müqəddəs Paveldə və Nitsşedə olduğu kimi.
Yekə ağzım və sallaq dodağım var, eyni ilə Siseronda və XIV Lüdovikdə olan kimi.
Boynum da yoğundur, lap Hannibal və Mark Antonidəki kimi.
Qulaqlarım Bruno və Servantesdəki kimi uzun və şəlpədi.
Yanaqlarım batıqdır, almacıq sümüklərim isə qabağa çıxır, lap Lafayet və Linkolnda olduğu kimi.
Çənəm də bir az irəlidi, Qoldsmit və Uilyam Pittdəki kimi.
Bir çiynim o birindən hündürdür, Qambetta və Ədib İshaqdakı kimi.
Əllərim toppuş, barmaqlarım qısadır, eynən Bleyk və Dantonun əlləri kimi.
Bütövlükdə bədənim zəif və arıqdır, amma bu, cismini ruhani məqsədlər uğrunda incidən əksər mütəfəkkirlərin də nəsibi deyilmi? Qəribədir, yanımda qəhvədan olmasa işləyə yazıb, oxuya bilmirəm!..Bu xasiyyətimdə lap Balzaka oxşamışam. Bundan başqa Tolstoy və Maksim Qorki kimi mən də sadə xalqla ünsiyyətdə olmağı xoşlayıram.
Olur ki, günlərlə yuyunmuram, belə şeylər Bethoven və Uolt Uitmenlə də baş verərdi.
Necə də təəccüblüdür! Qadınların ərləri evdə olmayanda onların çıxartdıqları oyunlar barədə söhbətlərə qulaq asmaqdan xoşum gəlir – eynən Bokkaço və Rable kimi! Mənim şərab düşkünlüyüm isə Nuhun, Əbu Nüvasın, Müsse və Marlonunkuna oxşayır. Yaxşı yeməkdən vaz keçə bilmirəm, xoşlayıram ki, masanın üstündə cürbəcür xörəklər olsun, amma, axı, Böyük Pyotr və əmir əş-Şihabi də iştahlı adamlar olmuşlar”.
Bir anlığına nitqini yarımçıq kəsən Səlim əfəndi barmaqlarının ucu ilə alnına toxundu və davam etdi:
“Bu – mənəm. Mənim həqiqi mahiyyətim bundan ibarətdir.
Mən – bəşər tarixinin başlanğıcından bu günə qədər yaşamış ən böyük insanların fərqli keyfiyyətlərinin məcmusuyam. Və özündə bütün bu keyfiyyətləri birləşdirən insan hökmən nəsə böyük bir şey eləməlidir.
Müdrikliyin əsası – özünüdərkdir. Və bu axşam mən özümü dərk etdim. Bu gündən mən böyük bir işə girişəcəm. Bunu məndən rəngarəng və çoxsaylı elementlərini məndə birləşdirmiş dünya ideyası tələb edir. Bu gün mən bəşəriyyətin ən böyük dühaları ilə bərabərləşdim; Nuh və Sokratdan tutmuş Bokkaço və Əhməd Faris əş-Şidyaka qədər. Mən hələ bilmirəm görəcəyim o böyük iş nədən ibarət olacaq, amma bir şey şəksizdir: cismində və ruhunda mənimki qədər mahiyyət birləşmiş şəxs – gündüzlərin möcüzəsi, gecələrin sehridir! Mən öz ruhumu dərk etdim. Bəli, and içirəm allahlara ki, mən ruhumu dərk etdim! Elə isə, qoy, nə qədər ki, mən öz işlərimi yekunlaşdırmamışam mənim ruhum sonsuzluğa qədər yaşasın, mahiyyətim əbədiyyətə qovuşsun, dünya mövcudluğunu dayandırmasın”.
Səlim əfəndi otaqda bir neçə dəfə var-gəl etdi. Onun eybəcər üzü sevincdən parlayırdı. Pişik miyoltusu ilə sümük şaqqıltısını özündə birləşdirən səsi ilə o, Əbu-l-Əlanın şerini təkrarlayırdı:
Qədim qəhrəman deyiləm, indi yaşayanlardanam,
Lakin əməllərimə qədimlər tay olarmı?
Bir saatdan sonra isə bizim qəhrəman paltarını soyunmadan öz yapıxmış yatağında uzanmışdı. Və onun Adəm oğlunun səsindən çox dəyirman daşının gurultusunu xatırladan xorultusu məhləni başına almışdı.
Tufan
I
Yüsif əl-Fəxri Livanın şimalında yerləşən Kadiş vadisinin yamacında qərar tutan tənha komada zahid kimi ömür sürmək üçün qarışıq dünyanı tərk edəndə otuz yaşına təzəcə qədəm qoymuşdu.
Qonşu kəndlərin sakinləri onun barəsində müxtəlif fikir söyləyirdilər. Biri deyirdi: «Bu oğlan zəngin və alicənab ailədəndir, sevimli xanımının xəyanətindən sonra tərki-dünyaya çevrilərək, təsəllini tənhalıqda axtarır». Digəri: hesab edirdi ki, «O, şair, xəyalpərəstdir və fikirlərini qələmə almaq, hisslərini şeirlərdə ifadə etmək üçün fani dünyadan kənarlaşıb». Bir başqası isə iddia edirdi ki, «O dünyanı etiqadına dəyişən mömin sufidir». «O – divanədir» – deyə iki kəlmə ilə kifayətlənənlər də var idi.
Mən insan qəlbinin dərinliklərində fərziyyələrin köməyi ilə dərk edilməsi və ehtimalların vasitəsilə açıqlanması mümkün olmayan sirlərin gizləndiyinə əmin olduğum üçün bu fikirlərdən heç biri ilə razı deyildim.
Lakin mən bu qəribə insanla qarşılaşmağı və onunla həmsöhbət olmağı çox istəyirdim.
Onun hekayətini bilmək, məqsəd və niyyətindən agah olmaq üçün mən ona iki dəfə yaxınlaşmağa çalışdım. Lakin cavabında qəzəbli baxışlardan və iki-üç dənə sərt, soyuq və təkəbbürlü kəlmələrdən savayı heç nə əldə edə bilmədim.
İlk dəfə mən ona sidr meşəsinin yaxınlığında rast gəldim və onu hörmətlə salamladım. O mənim salamımın cavabında yalnız başını tərpədərək tez də uzaqlaşdı.
Növbəti dəfə onu komanın yaxınlığındakı üzüm bağının ortasında gördüm və ona yaxınlaşaraq dedim:
– Mən dünən eşitdim ki, bu komanın on dördüncü əsrdə bir tərki-dünya nəstoiri tərəfindən tikilib. Mənim ağam, sən bu barədə daha nə isə bilirsən?
O sərt şəkildə cavab verdi:
– Bu komanın kimin tikdiyini bilmirəm və bilmək də istəmirəm. – Sonra üzünü yana çevirərək istehsa ilə əlavə etdi: – Bəs bu barədə nənəndən niyə soruşmursan? O ki kifayət qədər yaşlıdır və bu vadilərin keçmişi barədə çox bilir.
Mən qarayaxalığımdan pərt olub, ondan ayrıldım.
Eləcə iki il keçdi, bu insanın sirlərlə əhatə olunmuş həyatı isə mənim təxəyyülümü narahat edir, bütün fikirlərimə hakim kəsilirdi.
2
Payız günlərinin birində Yusif əl-Fəxrinin yaşadığı komanın yaxınlığındakı təpələrdə və yamaclarda dolananda güclü tufana düşdüm. Coşqun dəniz gəmi ilə oynayıb, onun sükanını qırıb, yelkənim parça-parça etdiyi kimi tufan da mənimlə oynayırdı. Mən komaya tərəf dönərək öz-özümə dedim: «Bu zahidə baş çəkmək üçün ən münasib məqamlardan biridir. Tufan mənim üzrxahlığım, islanmış paltarım isə mənim müdaifəm olacaq».
Mən məzlum bir görkəmdə komaya yaxınlaşdım və qapını döyməyə macal tapmamış qarşımda görüşünə can atdığım insanın peyda olduğunu gördüm. O əllərində başı sinəsinə düşmüş, tükləri pırpızlaşıb, can verən kimi titrəyən bir quş tutmuşdu.
Mən salamlaşaraq dedim:
– Mənim ağam, qarşına belə bir görkəmdə çıxdığıma görə üz istəyirəm. Lakin tufan getdikcə güclənir, mən isə evimdən çox uzaqdayam.
O qaşlarını çataraq mənə baxdı və təkəbbürlə cavab verdi:
– Ətrafda o qədər mağara var ki. Sən onlardan birində özünə sığınacaq tapa bilərdin.
O bunu deyərək quşun başını nadir hallarda gördüyüm bir nəvazişlə tumarladı və bu insanda ziddiyyət təşkil edən iki hissin – mərhəmətin və qəddarlığın – eyni zamanda təzahür etməsi məni həddən artıq təəcübləndirdi. Mən pərt oldum, o isə sanki mənim nə barədə düşünməyimdən xəbər tutaraq, sınayıcı nəzərlə və maraqla mənə baxdı və dedi:
– Əlbəttə, tufan turşumuş qidaya toxunmur. Ona görə də, ondan qorxmağın və qaçmağın mənası yoxdur.
– Şübhəsiz tufanın nə duzlu, nə də turşdan xoşu gəlməsə də, nəm və soyuq qida onun ürəyincədir. Mən ikinci dəfə tufana düşsəm onun üçün yağlı tikəyə çevriləcəyimə şübhə etmirəm, – deyə mən cavab verdim.
Onun siması bir qədər açıldı və o dedi:
– Əgər tufan səndən bir tikə qopartsaydı, bu, sənin üçün layiq olmadığın şərəf olardı.
– Mənim ağam, siz haqlısınız – deyə mən cavab verdim, – elə buna görə də, layiq olmadığım şərəflə mükafatlanmamaq üçün sənin qapına gəlmişəm.
O, təbəssümünü gizlətmək üçün üzünü yana çevirdi, sonra da korun-korun yanan ocağın qarşısındakı taxta kürsüyə işarə edərək:
– Əyləş və paltarını qurut, – deyə təklif etdi.
Mən ona minnətdarlığımı bildirərək, ocağın kənarında oturdum. O isə qarşımdakı qayada yonulmuş kürsüdə oturaraq, barmaqlarını gil qabda ərinmiş yağda isladıb yaralı quşun qanadını və başını yağlamağa başladı. Sonra o mənə tərəf çevrilərək dedi:
– Bu qaratoyuğu külək yolundan azdırdı və o, ölümcül vəziyyətdə qayaların üzərinə düşmüşdür.
– Mənim ağam, eyni külək məni də sənin qapına gətirib. Bilmirəm, o, mənim qanadımı qırıb yoxsa başımı yaralayıb, – deyə mən cavab verdim.
O mənim üzümə diqqətlə baxdı və dedi:
– Hərgah insan zərrə qədər də olsa quşlara bənzəsəydi! Hərgah tufan insanın qanadlarını qıraraq, başlarını əzsəydi! Lakin çox əfsuslar olsun ki, insan qorxaq və cəsarətsizdir və tufanın ilk həmləsində ya dərələrə girir, ya da torpaqdakı çalalarda gizlənir.
Mən söhbəti davam etdirməyə can ataraq dedim:
– Əlbəttə, insanda olmayan cəhət quşda var. Lakin insan özü üçün yaratdığı qanunların və adət-ənənələrin kölgəsi altında yaşayır. Quşlar isə yer kürəsini günəşin ətrafında fırladan ümumi mütləq qanuna tabe olaraq yaşayırlar.
Onun gözləri parıldadı, siması isə işıqlandı. Sanki o məndə ümid verən bir şagird gördü.
– Əla, çox yaxşı, – deyə o dilləndi, – əgər sən həqiqətən də dediklərinə inanırsansa, o zaman əxlaqsız qanunlara və bayağı ənənələrə itaət edən insanları tərk elə və quşlar kimi hər kəsdən uzaqda, torpağın və səmanın qanunlarının hökm sürdüyü bir yerdə yaşa.
– Mənim ağam, mən söylədiklərimə inanıram, – deyə mən təsdiq etdim.
O, əlini qaldıraraq inakdarlıq və qətiyyətlə dedi:
– İnanmaq – məsələnin bir tərəfi, etiqada uyğun olaraq hərəkət etmək isə məsələnin digər tərəfidir. Bir çoxları dəniz kimi bəlağətli olsalar da, onların həyatı bataqlığı xatırladır. Bir çoxları başlarını dağların zirvəsindən də yuxarı qaldırsalar da, onların ruhu zülmət mağaralarda uyuyur.
O bu sözlər ilə mənə etiraz etmək üçün imkan verməyərək, tələsik yerindən qalxdı və qaratoyuğu pəncərənin yanındakı köhnə yağmurluğun üzərinə qoydu. Sonra o bir dəstə quru budaqları götürüb alova ataraq əlavə etdi:
– Ayaqqabılarını soyun və ayaqlarını qızdır. Axı rütubət insana zərərlidir. Paltarını yaxşıca qurut, utanma.
Mən alova yaxınlaşdım və mənim islanmış paltarımdan buxar qalxmağa başladı. O isə qapının ağzında dayanaraq, tufanın eşikdə necə şiddətləndiyini müşahidə edirdi.
Bir müddətdən sonra mən soruşdum:
– Burada çoxdan yaşayırsan?
– Mən buraya torpaq dağılıb, boşalıb və sel altında qalaraq zülmətə bürünəndə gəlmişəm. Mən buraya ilahi ruhun suların üzərində dolandığı zaman gəlmişəm, – deyə çevrilmədən cavab verdi.
Mən susaraq düşündüm: «Bu insan necə də qəribədir və onu anlamaq necə də çətindir. Lakin onunla söhbəti davam etdirmək və onun qəlbinin sirlərindən agah olmaq lazımdır. Mən onun yumşalmasına və ondakı təkəbbürün xeyirxahlıqla əvəz olmunmasına qədər gözləyəcəm».
Dostları ilə paylaş: |