Dərsə verilən tərbiyəedici tələblərə aşağıdakılar daxil edilir:
-
tədris materialının tərbiyəedici imkanlarını, nail olunacaq real tərbiyə məqsədlərini müəyyənləşdirmək;
-
tədris işinin məqsəd və məzmunundan üzvü surətdə irəli gələn tərbiyə vəzifələrini qoymaq;
-
şagirdləri milli və ümumbəşəri dəyərlər əsasında tərbiyə etmək, onlarda səliqəlilik, məsuliyyətlilik, icraçılıq, müstəqillik, işgüzarlıq, diqqətlilik, doğruçuluq, kollektivçilik kimi həyatı əhəmiyyəti olan keyfiyyətləri formalaşdırmaq;
-
şagirdlərə diqqət və qayğıkeş münasibət göstərmək, pedaqoji taktın tələblərinə riayət etmək, şagirdlərlə əməkdaşlıq etmək, onların müvəffəqiyyət qazanmasına maraqlı olmaq.
Bütün dərslərdə müntəzəm olaraq həyata keçirilən inkişafetdirici tələblərə aşağıdakılar daxil edilir:
-
şagirdlərdə müsbət təlim-tərbiyə motivlərini, maraqlarını, yaradıcı təşəbbüskarlığı və fəallığı formalaşdırıb inkişaf etdirmək;
-
şagirdlərin inkişaf səviyyəsini və psixoloji xüsusiyyətlərini öyrənib nəzərə almaq; onların “yaxın inkişaf zonasını” layihələşdirmək;
-
tədris məşğələlərini “qabaqlama” səviyyəsində keçmək, inkişafda yeni keyfiyyət dəyişikliklərinin başlanmasını stimullaşdırmaq;
-
şagirdlərin intellektual, emosional, sosial inkişafında “sıçrayışları” proqnozlaşdırmaq və baş verəcək dəyişiklikləri nəzərə almaqla tədris məşğələlərini operativ surətdə yenidən qurmaq.
Dərsə yuxarıda sadalanan tələblərdən başqa digər tələblər də verilir. Bunlara təşkilati, psixoloji, idarəedici, gigiyenik, etik tələblər daxildir.
Yeri gəlmişkən, qeyd edək ki, məktəblilərin tədris məşğələlərinə marağının azalması kimi qorxulu meyl yarananda (bu XX əsrin 70-ci illərinə təsadüf etmişdir) müəllimlər şagirdlərin əqli əməkdən üz döndərməsinin qarşısını müxtəlif üsullarla almağa cəhd göstərdilər. Kütləvi praktikada bu problemə diqqət yetirilərək qeyri-standart dərslər təşkil edildi. Məqsəd şagirdlərdə tədris əməyinə maraq oyatmaq və o marağı saxlamaq idi. Qeyri-standart dərslər standart strukturu olmayan impovizə edilmiş tədris məşğələləridir.
Təbii ki, qeyri-standart dərslər öz məqsədinə, təşkilinə, keçirilmə metodikasına görə qeyri-adi dərslərdir, onlar ciddi strukturu, müəyyən iş rejimi olan gündəlik tədris məşğələlərinə nisbətən şagirdlərin daha çox xoşuna gəlir. Ona görə də, müəllimlər belə qeyri-standart dərslərdən də istifadə etməlidirlər. Amma qeyri-standart dərsləri başlıca iş formasına çevirmək olmaz. Dərslər-işgüzar oyunlar, dərslər-mətbuat konfransı, yarış dərsləri, məsləhət dərsləri, kompyuter dərsləri, qarşılıqlı təlim dərsləri, yaradıcılıq dərsləri, dərslər-oyunlar, fantaziya dərsləri, dərslər-konsertlər, məqbul dərsləri, dialoq dərslər, dərslər- rollu oyunlar, dərslər-seminarlar, inteqral dərslər, “məhkəmə” dərsləri və s. bu kimi qeyri-standart formalara aludəçilik etmək olmaz. Çox vaxt apardığına, ciddi əqli əmək sərf edilmədiyinə və yüksək nəticə qazanmadığına görə onları sistem halında tətbiq etmək məqsədəuyğun deyildir.
Təlim prosesinin təşkilinin digər formaları (köməkçi formaları) sırasına dərnəklər, praktikumlar, seminarlar, konfranslar, məsləhətlər, fakültativ məşğələlər, tədris ekskursiyaları, şagirdlərin müstəqil işləri (evdə) və s. aiddir. Bu formalar şərti olaraq köməkçi formalar adlanır, ola bilər ki, onlardan bəziləri məsələn, seminarlar, evdə müstəqil işlər, fakültativ məşğələlər, ekskursiyalar müəyyən vaxt təlimin təşkilinin əsas forması statusunda çıxış etsin.
Qeyd etmək lazımdır ki, şagirdlərin evdə müstəqil işi məktəbdənkənar əsas və stabil məşğələ növlərindəndir. Bu iş növü təlim prosesinin tərkib hissəsidir. Onun başlıca məqsədi şagirdlərin dərslərdə aldıqları bilik və bacarıqları genişləndirmək, dərinləşdirmək, unutmanın qarşısını almaq və həm də onların fərdi meyllərini, istedad və qabiliyyətlərini inkişaf etdirməkdir.
Müstəqil ev işi tədris proqramlarının tələblərini, həmçinin məktəblilərin maraq və tələbatlarını, onların inkişaf səviyyəsini nəzərə almaqla qurulur. Sinifdənxaric müstəqil iş şagirdlərin müstəqilliyinə, şüurluluğuna, fəalllığına istinad edir. Düzgün təşkil edilmiş sinifdənxaric fəaliyyət şagirdlərin inkişafında sinifdəki fəal işdən heç də az əhəmiyyət kəsb etmir.
Ə.X.Paşayev, F.A.Rüstəmov yazırlar ki, şagirdlərin evdə müstəqil işi aşağıdakı təlim funskiyalarını yerinə yetirir:
1) dərsdə əldə olunmuş bilik və bacarıqları möhkəmlətmək;
2) sinifdə keçirilmiş tədris materialını genişləndirmək və dərinləşdirmək;
3) çalışmaları müstəqil yerinə yetirmək üçün bacarıq və vərdişləri formalaşdırmaq;
4) proqram materialı çərçivəsində fərdi tapşırıqları yerinə yetirmək yolu ilə təfəkkürün müstəqilliyini inkişaf etdirmək;
5) fərdi müşahidələr və təcrübələr aparmaq, dərslərdə yeni mövzuları öyrənmək üçün material toplamaq və tədris vasitələri hazırlamaq (təbiət nümunələri, şəkillər, üllüstrasiyalar, qəzet və jurnallardan kəsilib götürülmüş və statistik materiallar əsasında).
Fənn dərnəkləri öz istiqamətinə, məzmununa, iş metodlarına, keçirilmə vaxtına görə müxtəlifdir. Praktika təsdiq edir ki, fənn dərnəkləri şagirdərin maraq və meyllərinin inkişafında olduqca əlverişli rol oynayır. Təlimə müsbət münasibət inkişafa da müsbət təsir edir. Dərnəklər həyatla əlaqənin möhkəmləndirilməsinə, fənlərarası əlaqənin inkişafına kömək edir. Şagirdlərin fənn dərnəklərində iştirakı tədris prosesini fəallaşdırır, təlimin keyfiyyətini yüksəldir.
Ekskursiyalar tədris işinin qədim formalarındandır. Könüllü keçirilən tərbiyə xarakterli ekskursiyalardan fərqli olaraq, təlim ekskursiyaları tədris proqramlarında öz əksini tapır. Ekskursiyanın hər bir mərhələsinin vəzifəsindən asılı olaraq, müəllim şagirdləri kollektiv, qrup və fərdi tpşırıqlar üzərində işlədir. Ekskursiyaların təşkili forması məqsəd, obyektin xüsusiyyətləri, şagirdlərin idrak qabiliyyətini səmərəli idarə etmək imkanları, həmçinin şagirdlərin təhlükəsizliyini və sağlamlığını müdafiə etmək istəyi ilə şərtlənir.
Fakültativlər və seçmə kurslar tədris planı üzrə məktəblilərin, onların valideynlərinin arzu və maraqlarını nəzərə almaqla işlənib hazırlanır. Fakültativlərin və seçmə kurslar siyahısı tərtib edilərkən təkcə şagirdlərin arzularına deyil, həm ictimai tələbatlara və məktəbin imkanlarına əsaslanılır. Şagirdlərin praktik fəaliyyətə hazırlanması zamanı konkret şərait və vəzifələr nəzərə alınır. Fakultativ və seçmə məşğələlər ümumtəhsil fənləri ilə sıx əlaqədə keçirilməlidir.
Məsləhətlər şagirdlərə tədris materialına yiyələnmək işində qarşıya çıxan çətinlikləri aradan qaldırmağa kömək edir. Məsləhətlər prosesində müəllim şagirdlərin fəaliyyətini elə istiqamətləndirir ki, onlar bu və ya digər məsələni düzgün başa düşsün, mürəkkəb tapşırıqların və öyrənilən hadisələrin mahiyyətini açmağı öyrənsinlər. Məsləhətlər şagirdlərin biliklərindəki mövcud çatışmazlıqları üzə çıxarmağa, onların diqqətini dərindən öyrənilməsi vacib olan məsələlərə yönəltməyə imkan verir. Düzgün təşkil edilmiş məsləhət şagirdlərdə özünənəzarət, öz biliklərinə tənqidi münasibət tərbiyə edir, yaxşı oxumağa, təhsil səviyyəsini düzgün müəyyən etməyə kömək edir.
5.1. Müəllimin dərsə hazırlaşması və dərsin planlaşdırılması
Tədris işində müəllim həlledici tərəfdir (təşkiledici əsas iki komponentdən biridir). Dərsə verilən tələb kimi müəllimin fəaliyyətin müvəffəqiyyəti üçün də müəyyən şərtlər mövcuddur. Mühüm şərtlərdən biri müəllimin dərsə hazırlığıdır. Bunu pedaqoqlar xüsusi vurğulayırlar.
Digər pedaqoqlar kimi N.M.Kazımov da müəllimin dəsrə hazırlaşmasına çoxcəhətli problemin–fənnin tədrisinə hazırlığın bir hissəsi kimi baxır. O yazır: “Müəllimin dərsə hazırlığı fənnin tədrisinə hazırlığın yalnız bir hissəsidir. Müəllimin fənn üzrə hazırlığı çoxcəhətli problemdir. Fənn üzrə tematik planlaşdırma da buraya daxildir. Tematik planlaşdırma zamanı müəllim fənn üzrə dərslərin ardıcıllığını və tiplərini müəyyənləşdirir, bundan sonra onun dərsə hazırlaşması başlayır.
Müəllim bu və ya digər dərsə hazırlaşarkən çalışır ki, dərsə verilən tələblərə birər-birər necə əməl edəcəyini konkretləşdirsin. O, dərslər sistemində növbəti dərsin yerini, onun tipini, qarşısında qoyacağı əsas didaktik məqsədi və vəzifələri aydınlaşdırır. Dərsin quruluşu, onun mərhələləri, ardıcıllığı qeyd edilir” (7). O, çox haqlı olaraq göstərir ki, dərsə hazırlaşarkən təlimin başlıca funksiyalarının – təhsil, tərbiyə və inkişaf funksiyalarının necə yerinə yetiriləcəyi müəllimin diqqət mərkəzində durur. Bu məqsədlə o, əvvəla, həmin dərsdə öyrədəcəyi əsas bilikləri, ideyanı, qanunu, qaydanı, anlayışı dəqiqləşdirir, aşılayacağı tədris və idrak bacarıqlarını müəyyənləşdirir; ikincisi, dərs zamanı hansı əxlaqi, mənəvi estetik və s. keyfiyyətlərin formalaşmasına təkan verəcəyini aydınlaşdırır; üçüncüsü dərsin məzmununu təşkil edən bilik və bacarıqlar vasitəsi ilə hansı psixiloji funksiyaları – diqqəti, təxəyyülü, iradəni və s. inkişaf etdirəcəyini konkretləşdirir.
Dərsin hər mərhələsində müəllim necə hərəkət edəcəyini və şagirdlərin nə ilə məşğul olacağını planlaşdırılır. Qarşıdakı başlıca didaktik məqsəd və vəzifələrdən asılı olaraq təlim metodlarının seçilməsi də müəllimin dərsə hazırlığına aiddir. Hansı əyani və texniki vasitələrdən, hansı mənbələrdən, sorğu kitablarından, lüğətlərdən və s. dərsdə istifadə edəcəyini müəllim qabaqcadan düşünür.
Müəllimin dərsə hazırlığı, müxtəlif formaya – geniş metodik işləmə, təfsilatlı plan və ya cədvəl formasına düşə bilər.
Müəllimin dərsə hazırlaşması və dərsin planlaşdırılması nöqteyi-nəzərindən B.A. Əhmədovun fikirləri tövsiyə kimi qəbul oluna bilər. O, yazır ki, müəllim dərsə hazırlaşarkən aşağıdakıları əsas götürməlidir: 1) proqramın tələblərini; 2) şagirdlərin real səviyyəsini; 3) məqsədi; 4) materialın məzmununu; 5) Vasitə və metodları və s. Dərsin planlaşdırılmasında isə aşağıdakılar diqqət mərkəzində saxlanmalıdır:
1.Mövzunun proqramda necə verilməsi, proqramın ən çox nəyi tələb etdiyinin diqqətlə öyrənilməsi;
2. Öyrəniləcək mövzu ilə əlaqədar yeni elmi -metodik ədəbiyyatın nəzərdən keçirilməsi, öyrənilməsi.
3. Sinfin bütün şagirdlərini, eləcə də hər bir şagirdi göz önünə gətirmək, materialı əvvəlcədən onların real səviyyəsinə uyğunlaşdırmaq, müvafiq iş priyomları müəyyənləşdirmək zəruridir;
4. Dərsin konkret məqsədini aşkar etmək, dərsin sonunda “Nəyə nail olmalıyam?” sualına cavab vermək lazımdır.
5. Həmin məqsədə çatmaq üçün şagirdləri hansı iş növü üzərində işlətmək lazım gəldiyini aydınlaşdırmaq;
6. Şagirdin səviyyəsi, məqsəd, əldə olunan vasitələr sistemi ilə müəllimin öz imkanları arasındakı əlaqə müəyyən edilməlidir;
7. Qeyd olunanlar əsasında dərsin kompozisiyası yaradılmalı və dərsin planı yazılmalıdır;
8. Dərs xəyalən icra edilməlidir və vaxt müəyyənləşdirilməlidir.
Müəllimin dərsə hazırlaşmasının və dərsin planlaşdırıl-masının proqram materialı ilə bağlılığını xüsusi qeyd edərək B.A.Əhmədov göstərir ki, məktəbdə proqram materialı iki şəkildə planlaşdırılır: perspektiv, cari. Perspektiv planlaşdırma da iki yerə bölünür: İllik və tematik. Cari planlaşdırma tematik plana əsaslanır və hər bir konkret dərs üçün tələb olunur. Bu, dərsin məqsədlərini, mərhələlərini, müstəqil işləri və s. əks etdirir (1).
Y. Talıbov, Ə.Ağayev, İ.İsayev, A. Eminov da müəllimin dərsə hazırlaşması məsələsinə xüsusi əhəmiyyət vermişlər. M.M.Mehdizadə yazırdi ki, ”...belə bir həqiqəti sübut etməyə ehtiyac yoxdur ki, dərsin elmi-nəzəri və metodik səviyyəsi, onun təlim və tərbiyə səmərəsinin yüksəldilməsi xeyli dərəcədə müəllimin bütövlükdə öz fənnini tədris etməyə ümumi hazırlığının necə olmasından və xüsusən növbəti dərsə hazırlaşmasından asılıdır”(4).
Şübhə yoxdur ki, dərsə hazırlıq, dərsin planının tərtibi ilə başa çatır. Bu dərsin mütləq komponentidir, bunsuz müəllim dərsdə qarışıqlıq yaranması, bununla da məşğələlərin səmərəliliyinin azalması təhlükəsi qarşısında qalır.
Dərsin planlaşdırılması ilə bağlı V.A.Onişşuk göstəriri ki, dərs planının keyfiyyəti onda dərsin bütün ünsürlərinin əks olunmasından asılıdır. Y.K.Babanski optimallaşdırma prinsiplərinə uyğun təlimin planlaşdırılması və təşkilinin ardıcıllığını təqdim etmişdir. Onun təqdimatı belədir:
1. Təhsil, tərbiyə, intellektual, iradi və emosional inkişaf vəzifələrinin planlaşdırılması;
2. Hər bir sinfin xüsusiyyətlərinin nəzərə alınması ilə təlim vəzifələrinin konkretləşdirilməsi;
3. Təlim materiallarının məzmununda başlıcanın dəqiq ayrılması;
4. Sorğu, yeninin öyrənilməsi, çalışmalar və s. ardıcıllığının şüurlu şəkildə seçilməsi;
5. Təlimin vasitə, metodlarının verilmiş şəraitdə daha yaxşı uzlaşmasının seçilməsi. Dərsin gedişində təlim metodlarına xüsusi təshihin verilməsi;
6. Təlimin təşkilinin əsaslandırılmış formasının seçilməsi. Daha hazırlıqlı və zəif mənimsəməyə malik şagirdlərə fərdi yanaşma.
7. Təlimin əsaslandırılmış tempinin seçilməsi. Fəaliyyətdə olan normalara uyğun ev tapşırığının həcminin müəyyənləşdirilməsi. Digər müəllimlərlə ev tapşırığı həcminin koordinasiya edilməsi;
8. Təlim üçün yüksək səviyyəli şərait və imkanlara çalışmaq;
9. Təhsilvermə, tərbiyə və inkişaf planı ilə təlimin nəticələrinin təhlili. Ev tapşırığına şagirdin vaxt itkisinin rasionallığının nəzərə alınması.
Praktikada bir çox müəllimlər ağırlıq mərkəzini ayrı-ayrı dərslərə hazırlıq üzərində yerləşdirir, tədris ili və tədris mövzusu üzrə hazırlığa isə kifayət qədər diqqət vermirlər. Bizim fikrimizcə, tematik planlaşma ilə dərslər üzrə planlaşma (cari planlaşma) qarşı-qarşıya qoyula bilməz.Tematik planlaşma zəruridir, bunsuz dərslər üzrə planlaşma lazımi nəticəni verə bilməz. Eyni zamanda tematik planlaşmaya nisbətən dərslər üzrə planlaşma zaman və məkana görə daha konkret məna daşıyır.
Müasir dərsə hazırlıqda müəllimlərin çətinliyi aşağıdakı istiqamətlərdə özünü göstərir: birinci çətinlik dərslərin təşkilinin elə axtarışı ilə bağlıdır ki, burada həm tədris materialının bütün şagirdlər tərəfindən mənimsənilməsi, həm də müstəqil idrak fəaliyyətlərinin və əqli inkişafının təmin olunması diqqət mərkəzində saxlanılsın (bu isə təlim materialının hazırlanması və uyğun təlim metodlarının seçilməsi ilə bağlıdır); ikinci çətinlik problem situasiyasının yaradılması, burada priyom və metodların, problem sualların, didaktik materialın tapılmasından ibarətdir; üçüncü çətinlik, təlim probleminin müstəqil həlli üçün vaxta qənaət və dərsin tempinin yüksəldilməsi üçün texniki vasitələrin kompleks tətbiqinin vacibliyi ilə bağlıdır; dördüncü çətinlik, mövzuya şagirdlərin marağının oyanması, təlim motivlərinin formalaşması, onların emosional-iradi münasibətlərinin artırılması zəruriliyi ilə əlaqədardır.
Pedoqoji ədəbiyyatda problemli dərslərin planlaşdırlması və hazırlıq sisteminin qurulmasına aid olan mülahizələr də vardır. T.V. Kudryavtsevin bu barədə fikri müəyyən qədər maraq doğurur. O, dərsə hazırlığın aşağıdakı sxemini təklif etmişdir: a) materialın məzmununun təhlili; b) həmin əsasa görə problemili vəziyyətin tipinin seçilməsi; c) problemin tipi və dərsin struktur mərhələləri ilə bağlı təlim materialının konstruksiya olunması; ç) dərsin konkret gedişinin qabaqcadan düşünülməsi.
T.V. Kudryatsevin sxeminin problemli dərsə verilən bir sıra tələblərə uyğun olduğunu inkar etmək olmaz. Ancaq o, dərsə hazırlığın məzmunu, təlim materialıının təhlili mərhələlərini, təlim materiallarının məzmunu üzərində müəllimin konkret iş priyomlarını tam açmır; bu sxem yalnız məntiqi-psixoloji alt strukturun bəzi elementlərini əhatə edir. Ona görə də, o, problemli dərsə hazırlığın tələblərinə tamamilə kifayətləndirici ola bilmir.
Dərsin planlaşdırılması və hazırlıq sisteminin işlənilməsi üçün M.A. Danilovun nəticələri daha ciddi əhəmiyyət kəsb edir. O, aşağıdakı şərtlərin gözlənilməsini zəruri hesab edir:
- əvvəlki məşğələlərin nəticələrini nəzərə almaq;
- əvvəlki və hazırki dərslər arasında əlaqəni müəyyənləşdirmək;
- dərsin məqsədini müəyyənləşdirmək;
- şagirdlər üçün idrak məsələlərini formalaşdırmaq;
- müstəqil işin hər bir bilik mənbəyi ilə təchiz edilməsi,;
- dərs materialının həcmini müəyyənləşdirmək;
- öyrənməyə maraqları müəyyənləşdirməkdən ötrü metodika düşünmək;
- yazılı və şifahi çalışmaları seçmək;
- oyun materiallarını seçmək;
- informasiya materiallarını seçmək;
- müəllimin özünün nə etməli olduğunu, şagirdin nə edəcəyini müəyyənləşdirmək;
- tapşırıqların icrası zamanı uşaqların rastlaşdığı çətinlikləri görmək;
- ilk dəqiqələrdən şagirdlərin işə necə qoşulmasını düşünmək;
- ev tapşırıqlarının həcmini müəyyənləşdirmək;
- biliklərin qeydə alınma formalarını əvvəlcədən görmək;
- didaktik təchizatı hazırlamaq;
N.Q. Dayri M.A.Danilovun mülahizələrini dəqiqləşdirmək yolunda müvəffəq addım ataraq dərs planı tərtibinin belə bir sxemini təklif etmişdir; 1) əldə olunacaq nəticələri müəyyənləşdirmək: a) bilikləri; b) təfəkkürün inkişafı; c) tərbiyə; 2) müəllim və şagirdlərin fəaliyyəti priyomalarını müəyyənləşdirmək; 3) yeni materialın öyrənilməsi (müəllim-şagird); 4) ev tapşırığı (müəllim-şagird).
Lakin təəssüf ki, N.Q. Dayri problemli təlim anlayışında əsasən biliklərin problemli şərhini nəzərdə tutur, o, şagirdlərin idrak imkanlarını kifayət dərəcədə qiymətləndirmir.
Müasir dərsin, ümumiyyətlə, problemli, inkişafetdirici təlimin təşkilinin birinci və başlıca şərti yüksək ixtisaslı mütəxəssis – müəllim pedaqoqun mövcudluğudur. Təlimin təşkili pedaqoqdan yeni səviyyədə sistematik yaradıcı iş tələb edir. Şagirdin psixi vəziyyətinin müəyyən edilməsi, onun təlimə hazırlıq dərəcəsi, problemli vəziyyətin yaradılması, şagirdlərin müstəqil idrak fəaliyyətinin stimullaşdırılması, bu fəaliyyətin idarə olunması və s. bütün bunlar pedoqoji intuisiya, çevik əql, metodik ustalıq, həm də başlıcası, tədrisin elmi təşkili vərdişlərini tələb edir.
Tədrisə müəllimin hazırlığı başlıca olaraq aşağıdakılarla müəyyən edilir: a) müəllimin dünyagörüşü, onun elmi-siyasi hazırlığı; b) müəllimin ziyalılıq səviyyəsi; c) uşaqlarla müəllimin humanist münasibəti; ç) müəllimin peşə hazırlığı; d) müəllimin şəxsi keyfiyyətləri.
Pedaqoji tətqiqatlar sübut edir ki, dərsin qurulması və hazırlanmasının özünəməxsus məntiqi vardır və təlim məşğələsinin planlaşdırılmasının iki altsistemi mövcuddur:
1) təlim materialının elmi-metodik təhlili, şagirdlərin öyrənməyə qabillik dərəcəsi, psixo-pedoqoji hazırlığı, məşğələnin keçirilməsinin vasitə və şəraiti əsasında onun hazırlanmasının altsistemi. Bu altsistem dərsin strukturu və müasir təlim-tərbiyə prosesinə tələblərlə şərtlənir.
2) təqvim-illik, tematik və dərs üzrə planlaşmanı özünə daxil edən məşğələnin planlaşdırılmasının altsistemi.
Dərslərin daha çox effektivliyini məşğələnin hazırlanmasının elə sistemi təmin edir ki, o, təlim materialının özünün məzmununun hərtərəfli təhlilinə əsaslanmış olsun. Həm tematik, həm də dərs üzrə planlaşma aşağıdakı hazırlıq sisteminin gözlənilməsini zəruri edir: 1) təlim materallarının komponenti (anlayış) üzrə təhlili, 2) psixoloji təhlili, 3) məntiqi təhlili; 4) təlim materiallarının tərbiyəvi əhəmiyyətinin təhlili; 5) didaktik təhlil.
Bu barədə də maraqlı baxışlar yox deyildir. Məsələn, M. İ. Maxmutovun fikrincə, tematik planlaşdırılmanın sxemi beş bölmədən ibarətdir, onların hər biri bir sıra elementlərə malikdir (ümumiyyətlə, dərslər sistemi üçün zəruridir), lakin müxtəlif tip dərslərdə müxtəlif məzmuna malikdir. Tematik planın bölmələrinin məzmunu belədir:
I. Mövzunun adı və ya dərslər sistemi proqramdan götürülür.
-
Dərslərin məqsədi və yaxud mövzunun didaktik məqsədi, hansı ki, planlaşdırılan mövzunun məzmunundan irəli gəlir. Bu tematik planda ümumi şəkildə ifadə oluna bilir;
-
Dərsin tipləri. Təlim materialının məzmununa və dərslərin məqsədinə uyğun şəkildə bir və ya bir neçə növ göstərilir;
-
Təlimin metodları. Tematik planda yalnız ümumi metodlar göstərilir.
II. Aktuallaşdırma. Planın bu bölməsini iş prosesinin özü müəyyən edir:
-
Əvvəlcədən öyrənilmiş hansı anlayışlar aktuallaşdırılmalıdır;
-
Hansı tip müstəqil işlərin yerinə yetirilməsi əvvəlki bilikləri aktuallaşdırar və əvvəl mənimsənilmişləri dərinləşdirər.
III. Yeni anlayış və fəaliyyət üsullarının formalaşdırılması. Bu bölmədə göstərilir:
-
Bu mövzuya daxil olan yeni anlayışlar ( və ya əvəl daxil edilmiş anlayışların məchul əlamətləri);
-
Şagirdlərin nəzərdə tutulan bilik, bacarıq və vərdişlərinin dərslər sistemində və ev məşğələsində artımı;
-
Bir və ya bir neçə dərslərin əsas problemi formulə edilir. (və ya yalnız araşdırılır).
IV. Tətbiqetmə. Teamtik planın bu bölməsinin məzmunuda göstərilir:
-
Keçmiş dərslərdə öyrənilmiş materiala daxil edilən şagirdlərin müstəqil iş tipləri;
-
Biliklər və dünyagörüşü sisteminin formalaşdırılması üçün zəruri fənlərarası əlaqə.
V. Ev tapşırığı. Tapşırığa daxildir:
1) Dərslikdən və digər informasiya mənbələrindən təkrar üçün material;
2) Növbəti məşğələyə hazırlıq üçün müstəqil iş tipləri.
Amma, zənnimizcə, M.İ. Maxmutovun məqbul hesab etdiyi bu tematik planın sxeminin də tamamlanmasına ehtiyac vardır. Unutmaq olmaz ki, insanın fəaliyyəti digər bioloji varlıqlardan fərqli olaraq dərk olunmuş məqsədlərlə tənzim olunur. Təlim prosesində şagirdin qarşısına qoyulan vəzifələr onun idrak tələbat və motivlərinin təminolunma obyektinə çevrildikdə, başqa sözlə, qarşıya qoyulmuş vəzifənin şagirdin dərk olunmuş məqsədinə çevrilməsi zamanı onun fəallığı mümkün olur. Qarşıya qoyulmuş vəzifənin icrası üçün keçmişdə əldə olunmuşlar arasından zərurilərin müəyyənləşdirilməsi və seçilməsi istiqamətində bərpaedici fəaliyyətə şagird qoşulur. Odur ki, dərslər sisteminin nəticəsinə çevrilməli olan məqsədin şagirdin tələbat və motivlərinin təminolunma obyektinə çevrilməsi üçün müvafiq iş sistemini planlaşdırmaq vacibdir.
Yeni anlayış və fəaliyyət üsullarının mənimsənilməsi üzrə işin planlaşdırılmasında şagirdlərin analitik və evristik fəaliyyətlərinin münasibətini müəyyən etmək qaçılmazdır. Bunun üçün təlim prosesinin altsistemlərinin uzlaşmasının optimal sistemini (məqsəd, təlim materialının məzmunu, vasitələr, şagirdlərin potensial imkanları, müəllimin hazırlığı və s. əsaslanmaqla) seçmək lazımdır.
Yaxşı idarəetmə üçün əks-əlaqənin təmin olunması, qiymətləndirmə və tənzimetmə dərsdə nəzərdə tutulan bütün bölmələri əhatə etməlidir. Odur ki, planlaşdırmada qiymətləndirmə və uçot məsələsi diqqət mərkəzində saxlanılmalıdır. Bizcə, tətbiq bölməsində M. İ. Maxmutovun irəli sürdüyü qeydlər ümumi xarakter daşıyır, ona görə də bunun praktik mahiyyəti kölgədə qalır.
Tematik planlaşmadan fərqli olaraq dərs üzrə plan bölmələrinin miqdarına, onların elementlərinə, ardıcıllığına və bu elementlərin məzmununa görə fərqlənə bilir. Hər bir planın müəllimin fərdi iş stilindən, şagirdlərin yaş və öyrənməyə qabilliyindən asılı olaraq öz xüsusiyyətləri vardır. Müasir dərsin hazırlanması zamanı müəllim zəruri olaraq şagirdlərin tədris idrak fəaliyyətlərini planlaşdırır, yeni biliklərin mənimsənilməsi zamanı əqli fəaliyyət priyomlarını nəzərə alır, şagirdlərin fəaliyyətlərini, idarəetmə üzrə öz fəaliyyətini planlaşdırır (bu onun gözlənilməz hallarla qarşılaşmalı olacağını istisna etmir). Böyük şagird kollektivinin fəaliyyətini idarəetmə forması kimi müxtəlif gözlənilməz halların müvəffəqiyyətlə aradan götürülməsi müəllimin çevik reaksiyavermə qabiliyyəti və erudisiyası ilə bağlıdır.
Dərs üzrə planın bölmələrinin məzmununa aşağıdakılar daxildir:
I. Dərsin mövzusu (adətən, dəyişiklik edilmədən tematik plandan götürülür).
1. Dərsin məqsədi (proqram materialının məzmunu əsasında müəyyən edilir).
2. Dərsin tipi (tematik planda göstərilən kimi olur, müəllim tərəfindən alttip kimi dəqiqləşdirilir).
3. Təlim metodları dəqiqləşdirilir, öyrənmə və öyrətmə metodları göstərilir.
4. Təlimin vasitələri. (Təlimin metodları və dərsin növlərinə uyğun vasitələr planlaşdırılır).
II. Dərsin qarşısında qoyulmuş (müəllim tərəfindən formalaşdırılan) məqsəd və vəzifələrin şagirdin idrak məqsədinə çevrilməsi.
1. Əldə olunması nəzərdə tutulan bilik və fəaliyyət üsullarının tədris və ya digər fəaliyyət üçün praktik və nəzəri əhəmiyyətinin, faydalılığının dərk olunması yolu müəyyənləşdirilir.
2. Əyləncəli, təəccüb doğurması və başqa cəhətləri ilə şagirdlərin idrak marağını yaradan üsul va vasitələr seçilir.
3. Şagirdləri problemli vəziyyətə salmaq və dərsin məqsədini problem şəklində formulə etmək vasitələrinin seçilməsi və tətbiq edilməsi yolları müəyyənləşdirilir.
Dostları ilə paylaş: |