Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Birinci Dünya müharibəsinin son dövründə və müharibədən sonrakı ilk illərdə beynəlxalq münasibətlər



Yüklə 0,59 Mb.
səhifə2/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   156
avropa amerka tarıxı

Birinci Dünya müharibəsinin son dövründə və müharibədən sonrakı ilk illərdə beynəlxalq münasibətlər


(1918-1923-cü illər)

Birinci Dünya müharibəsinin son ilində beynəlxalq


münasibətlər
Birinci Dünya müharibəsi bölünmüş dünyanı yenidən bö- lüşdürmək uğrunda mübarizənin, ilk növbədə, Almaniya-İngil- tərə ziddiyyətlərinin kəskinləşməsi nəticəsində başladı.

Müharibənin törətdiyi iqtisadi dağıntılar hələ onun gedişində dövrün real siyasət yeridən xadimlərini düşünməyə vadar etdi. Məhz bu dövrdə tarixə «yeni demokratiya» carçısı kimi daxil olan ABŞ prezidenti Vudro Vilson sülh təşəbbüsü ilə çıxış edərək 1918-ci il yanvarın 8-də müharibədən sonra dünyanın ədalətli bölgüsünü müəyyən edən «14 maddəlik sülh proqramını» elan etdi. Bu maddələr aşağıdakılar idi:



    1. Sülh müqavilələrinin açıq müzakirəsi. Bundan sonra heç bir gizli beynəlxalq saziş olmayacaq, diplomatiya isə həmişə açıq-aydın və hamının gözü qarşısında fəa- liyyət göstərəcək.

    2. Ərazi suları xaricində həm sülh, həm də müharibə vaxtı gəmiçiliyin dənizlərdə mütləq sərbəstliyi.

    3. Mümkün qədər bütün iqtisadi maneələrin ləğvi.

    4. Dövlət təhlükəsizliyinə uyğun olaraq silahların mümkün qədər azaldılması üçün ədalətli zəmanətlər.

    5. Müstəmləkələr üzərində suverenliklə bağlı bütün məsə- lələrin həllində əhalinin maraqlarının hökumətlərin əda- lətli tələblərinə nisbətdə bərabər tutulması prinsipinə əsaslanaraq bütün müstəmləkə mübahisələrinin sərbəst, səmimi və mütləq bitərəflik mövqeyindən həlli.

    6. Bütün rus torpaqlarının azad edilməsi; Rusiya öz tale- yini özü müəyyən etməli, istədiyi idarə formasını seç- məli və Millətlər Cəmiyyətinə qəbul edilməlidir.

    7. "Belçika….boşaldılmalı və bərpa edilməlidir."

    8. Fransa boşaldılmalı, işğala məruz qalmış əraziləri bərpa edilməli, Elzas və Lotaringiya Fransaya qaytarılmalıdır.

    9. İtaliyanın sərhədləri şəffaf görünən milli sərhədlərə görə dəyişdirilməlidir.

    10. Avstriya-Macarıstan xalqları… geniş muxtar inkişaf im- kanları əldə etməlidirlər (sonralar muxtariyyət prinsipi tam müstəqilliklə əvəz edildi).

    11. Rumıniya, Serbiya və Qaradağ (Çernoqoriya) boşaldıl- malıdır.

    12. Osmanlı imperiyasının türk hissəsi… təminatlı və möh- kəm suverenlik almalıdır; tabe edilmiş millətlərə təhlü- kəsizlik və "muxtar inkişafın mütləq pozulmaz şərtləri" təmin edilməlidir.

    13. Müstəqil Polşa dövləti yaradılmalıdır.

    14. Xüsusi müqavilələr əsasında ümumi millətlər birliyi (Millətlər Cəmiyyəti) yaradılmalıdır.

1918-ci ilin oktyabrında ABŞ dövlətlər departamentinin hazırladığı “14 maddə”nin şərhində çağırılacaq Paris sülh konfransının iş prinsipləri də göstərildi. Vilson prinsiplərindən ancaq o xalq istifadə edə bilərdi ki, o intellektual və mədəni- dini sərvətlərinə görə fərqlənsin, öz taleyini özü həll etməyə qadir olduğunu sübut etsin, iqtisadi, maliyyə və təbii sərvətlərə malik olsun, özünü tarixi təcavüzdən qorumağı bacarsın və tabe olduğu ölkənin hökumətinin zülmündən əziyyət çəksin.

1918-ci il Birinci Dünya müharibəsinin son ili oldu. Antantanın üzvü olan Rusiya Oktyabr çevrilişindən dərhal sonra hələ müharibə qurtarmamış Almaniya ilə seperat, yəni əlahiddə sülh bağlamaq qərarına gəldi. Rusiyada hakimiyyətə gəlmiş bolşeviklər öz hakimiyyətlərini qoruyub saxlamaq üçün

yeganə çarəni Rusiyanı müharibədən çıxarmaqda görürüdülər. Məhz bunun nəticəsi idi ki, Rusiya Almaniya və onun müttəfiqləri ilə danışıqlara başladı. Bu danışıqlar 1918-ci il martın 3-də Almaniya və onun müttəfiqləri ilə Rusiya arasında Brest-Lütovsk sülhünün bağlanması ilə başa çatdı. Bu, Rusiya üçün alçaldıcı sülh idi. Brest sülhünün şərtlərinə görə Rusiya öz qoşunlarını Ukrayna, Belarusiya və Pribaltika ölkələrindən dərhal çıxarmalı, həmin ərazilərdə alman qoşunları yerləşdiril- məli idi. Rusiya Ukrayinada hakimiyyətdə olan radanı qanuni hökumət kimi tanımalı idi. 50 milyon əhali yaşayan 1 mln. kv. km ərazi Almaniyanın tərkibinə keçir, Sovet Rusiyası ilə Almaniya arasında diplomatik münasibətlər yaradılırdı. Həmin sülhə görə Qars, Ərdahan, Batum Türkiyəyə qaytarılırdı. Müqavilənin şərtlərinə görə 1877-78-ci illər rus-türk müharibəsinə qədərki sərhəd xətti bərpa edilməli, rus qoşunları türk ərazilərində və sərhəddə yerləşən erməni silahlı birləşmələrini tərki-silah etməli idilər. Lakin Brest sülhü uzun sürmədi. «Dördlər ittifaqı» müharibədə məğlub edildikdən sonra 1918-ci il noyabrın 13-də Rusiya bildirdi ki, o, Brest sülhünün şərtlərindən imtina edir və onu qanuni saymır.

Rusiyadan sonra Antantanın tərkibində olan Rumıniya da 1918-ci ilin mayın 7-də müharibədən çıxdı. Rumıniya ilə alman bloku ölkələri arasında bağlanan Buxarest sülhünün şərtlərinə görə, Rumıniyanın təbii sərvət və ehtiyatlarından istifadə etmək üçün Alman inhisarlarına müstəsna hüquq verilir, cənubi Dobruca Bolqarıstana qaytarılır, 15 min km-lik dağlıq sərhəd zolağı Avstriya-Macarıstana verilirdi. Lakin yenə də Almaniyanın yanacağa olan təlabatı ödənilməmiş qalırdı.

1918-ci ildə yayında Antanta dövlətləri qüvvə və üstünlük cəhətdən daha da gücləndilər. Dördlər ittifaqının məğlubiyyəti qaçılmaz fakt oldu. 1918-ci ilin yay hücumlarında Almaniya və onun müttəfiqləri qəti məğlubiyyətə düçar oldular.

1918-ci ilin ikinci yarısında Bolqarıstanı kəskin iqtisadi və siyasi böhran bürüdü. Sentyabrın 15-də Dobro çayı rayonunda Antanta ölkələrinin silahlı qüvvələri bolqar ordusunu darmadağın etdi. Sentyabrın 29-da Antanta komandanlığı ilə Bolqarıstan arasında bağlanan Salonik barışıq sazişinə əsasən Bolqarıstan işğal etdiyi Serbiya, Yunanıstan, Rumıniya ərazilərini boşaltmalı idi. Bolqarıstan yollarını Antanta ordularının ələ keçirməsi nəticəsində Almaniya Osmanlı dövlətindən coğrafi cəhətdən ayrı salınmış olurdu.

1918- ci ilin oktyabrında Fələstin və Suriyada türk ordusu məğlub edildikdən sonra elə həmin ayın 30-da Antanta komandanlığı Lemnos adasındakı Mudros limanında Osmanlı dövləti ilə barışıq sazişi imzaladı. Həmin sazişə görə Qara dəniz boğazları müttəfiqlər tərəfindən işğal edilir, Osmanlı sularında üzən hərbi gəmilər müttəfiqlərə təslim edilirdi. Türk limanlarından Osmanlı dövlətinin müttəfiqlərinin istifadə etmələri qadağan olunur, Osmanlı hərbi birləşmələri Güney Azərbaycandan dərhal çıxır, Qafqaz ərazisi müttəfiqlərin nəzarəti altına keçirdi. Qalib dövlətlər Batum və Bakını işğal etməli idilər. Hicaz, Yəmən, Suriya, Mesopotamiyadakı türk qarnizonları müttəfiqlərə verilməli, Trablis və Kirenaikdəki türk emissar zabitləri İtaliya qarnizonuna tabe edilməli idi. Hər hansı hərbi əmlakın məhv edilməsi qadağan edilirdi. Bir sözlə, Osanlı dövləti Antanta dövlətlərindən asılı hala salınırdı.

1918-ci il noyabrın 3-də “Loskut monarxiyası” adlanan Avstriya-Macarıstanla bağlanan Padui barışıq sazişinə əsasən Antanta dövlətləri bu ölkənin təsərrüfatının tam sahibi olurdular.

Bu şəraitdə Almaniya üçün cənub və cənub-şərqdən ciddi təhlükə yaranmış oldu.

1918-ci ilin noyabrın 11-də isə Kompyen meşəsində Antanta ordularının baş komandanı general Foşun vaqonunda Almaniya təslim olmaq haqqında akta qol çəkdi. Kompyen

barışığı ilə Birinci dünya müharibəsi qurtarmış oldu. Həmin barışığa görə 6 saat ərzində quruda, havada və suda bütün hərbi əməliyyatlar dayandırılmalı idi. Almaniya Belçika və Fransa ərazisindən öz qoşununu dərhal geri çağırmalı, hər iki tərəfdən götürülən əsirlər geri qaytarılmalı idi. Həmçinin Almaniya Antanta dövlətinə 5 min top, 25 min pulemyot, 3 min minamyot, 5 min paravoz, 150 min vaqon, 5 min yük avtomobili, 1700 təyyarə verməli idi. Almaniya şərq cəbhəsindəki, yəni Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstandakı qoşunlarını geri çəkməli, oradakı hərbi ləva- zimatlarını müttəfiqlərə verməli idi. Kompyen barışığına görə bu barışıqdan keçən ancaq 36 gün ərzində yenidən müharibə başlana bilərdi. Lakin müharibəyə başlamazdan 48 saat əvvəl tərəflər xəbərdar edilməli idi.

Beləliklə, Almaniya bloku dövlətləri müharibədə ağır məğlubiyyətə uğradılar. Almaniya və onun müttəfiqlərinin Birinci dünya müharibəsində məğlub olmasının başlıca səbəbləri Antanta dövlətlərinin iqtisadi və insan ehtiyatları cəhətdən Almaniya bloku ölkələrindən üstünlüyü, hərbi qüvvələr nisbətinin Antanta ölkələrinin xeyrinə olması, hərbi əməliyyatların gedişində Almaniyanın siyasi üstqurumunun böhran vəziyyətinə düşməsi, alman bloku ölkələrinin hərbi nəzəriyyə, strategiya, taktika cəhətdən rəqiblərindən zəif olması, “Dördlər ittifaqı”nın hərbi kəşfiyyat və informasiya baxımından müharibəyə yaxşı hazırlaşması, Antanta ölkələrinin Osmanlı dövləti və Avstriya-Macarıstan imperatorluğunda yaşayan milli azlıqları qiyamlara və separatçılığa təhrik etmələri idi.



Siyasətin zorakılıqla davamı olan bu müharibə 38 dövləti əhatə etmiş və iştirak edən dövlətlərin milli sərvətinin 1 hissəsinin məhv edilməsinə gətirib çıxarmışdı. Müharibə 3

edən dövlətlərin ağır sənayesinin 70%-i, yüngül sənayesinin

50%-i bu işə sərf edilmişdi. Müharibədə 10 milyon adam ölmüş, 20 milyonu yaralanmışdı. Əgər 1773-cü ildən 1914-cü ilə qədər olan müharibələrə çəkilən xərclər cəmi 6 milyon dollar olmuşdursa, Birinci Dünya müharibəsi bəşəriyyətə 80 milyard dollara başa gəlmişdir.

Birinci dünya müharibəsinin beynəlxalq nəticələri dörd nəhəng imperiyanın – Almaniya, Avstriya-Macarıstan, Osmanlı və Rusiya imperiyasının dağılması, bir sıra yeni dövlətlərin yaranması, dünya dövlətlərinin iqtisadi və siyasi cəhətdən qeyri-bərabər inkişafının sürətlənməsi, müstəmləkə və yarı müstəmləkə ölkələrində milli-azadlıq hərəkatının güclənməsi, müharibənin yaratdığı ağır sosial-iqtisadi vəziyyətin bir çox ölkələrdə inqilabi hərəkatın meydana gəlməsinə səbəb olması və s. idi.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin