Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin



Yüklə 0,59 Mb.
səhifə3/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   156
avropa amerka tarıxı

PARİS SÜLH KONFRANSI


Qaliblərlə məğlublar arasında sülh müqavilələrini hazırla- maq və bağlamaq üçün 1919-ci il yanvarın 18-də Parisdə (Versalda) 27 dövlətdən 1000 nəfər nümayəndənin rəsmən iştirak etdiyi sülh konfransı işə başladı. Konfransın gündəliyinə Almaniya ilə Sülh müqaviləsinin bağlanması, ərazi və müstəmləkə ölkələri, Millətlər Cəmiyyətinin yaradılması, təzminat, tərksilah məsələləri daxil idi. Konfransa sovet Rusiyası və məğlub dövlətlər dəvət edilməmişdi. Konfransda müharibəyə formal olaraq qoşulmuş Latın Amerikası ölkələri də məşvərətçi səslə iştirak edirdilər. Konfransa sədrliyi Fran- sanın baş naziri, son dərəcə qətiyyətli, başladığı işi axıra çatdırmağı sevən, "Pələng" ləqəbi ilə tanınan Corc Klemanso edirdi. Əsas məsələlərin həllində konfransda təşkil edilmiş bir neçə Şura mühüm rol oynayırdı. Bunlardan biri "Onlar şurası" idi. Bu şuraya 5 dövlətin, yəni ABŞ, İngiltərə, Fransa, Yaponiya və İtaliyanın dövlət və hökumət başçıları və xarici işlər nazirləri daxil idilər. Sonra bu orqan həmin 5 ölkənin

xarici işlər nazirlərindən ibarət olan "5-lər şurası"na, ABŞ, İngiltərə, Fransa və İtaliyanın dövlət və hökumət başçılarından ibarət olan (Vilson, Lloyd Corc, Klemanso, Orlando) "Dördlər şurası"na bölündü. Konfransda həlledici sözü Vilson, Lloyd Corc, Klemansondan ibarət - "Böyük üçlük" deyirdi.

Konfrans beynəlxalq nöqteyi-nəzərdən əlverişli vaxtda çağırılmamışdı. Çünki Sovet Rusiyasında vətəndaş müharibəsi gedişində bolşeviklər artıq qələbə təşəbbüsünü öz əllərinə almaqda idilər. Bu baxımdan konfransda Rusiya məsələsi xüsusi diqqət cəlb edirdi. Fransa istəyirdi ki, Rusiyaya dərhal hərbi müdaxilə edilsin, çarizm Rusiyada yenidən bərpa olunsun və Fransa çar Rusiyası ilə birgə İngiltərə və ABŞ-a qarşı dayan- sın. Lakin konfransda Fransanın Avropada hegemonluğunun yolverilməz olduğunu hesab edən İngiltərə və ABŞ belə bir fikir irəli sürdülər ki, həm Sovet Rusiyasının, həm də ağ qvardiyaçıların rəhbərləri ilə birgə danışıqlar aparsınlar və iqtisadi yolla Sovet hakimiyyətinin Rusiyada yıxılmasına nail olsunlar. Uzun danışıqlardan sonra «Böyük üçlük» qərara gəldi ki, Rusiyaya həm hərbi müdaxilə etmək, həm də Rusiyadakı ağqvardiyaçılara silah, sursat, maddi yardım göstərmək lazımdır. Antanta qoşunlarının baş komandanı general Foşun Moskvaya 1 milyonluq ordu göndərmək istəyi isə baş tutmadı.

Konfransda ən mühüm məsələ Almaniya məsələsi idi. Fransa Almaniyanı tam parçalanmış vəziyyətdə görmək istəyirdi. O, hələ müharibə dövründə çar Rusiyası ilə belə bir qərara gəlmişdi ki, Reynin sol sahilini Almaniyadan ayırıb Bufer-Reyn respublikası yaratsınlar. Fransa həmçinin Bavariyanı da müstəqil respublika kimi görmək istəyirdi. O, Saar kömür hövzəsini də özünə birləşdirməyi tələb edirdi. Həmçinin Fransa 800 milyard qızıl marka təzminat tələb edirdi ki, bu təzminatın da 58%-i Fransaya çatmalı idi. Lakin ABŞ və İngiltərə kontinentdə Fransaya və Sovet Rusiyasına qarşı dura

biləcək vahid, iqtisadi cəhətdən güclü Almaniyanın qalması tərəfdarları idilər.

1919-cu ilin martında L.Corc Vilsona və Klemansoya “Fontonlodan memorandum” adlı sənəd göndərərək Almaniya ilə əzablı sülh bağlamamağı təklif etdi.

Konfransda mühüm məsələlərdən biri də İtaliya məsələsi idi. İtaliyaya 1915-1917-ci illərdə Antanta tərəfindən çoxlu vədlər verilmişdi. Müharibə dövründə bağlanan sazişlərə görə İtaliyaya Kiçik Asiya və Balkan yarımadasının şimal-qərbində geniş ərazilər vəd edilmişdi. İtaliya həmçinin Dolmasiyanın şimal hissəsini, Fium limanını da tələb edirdi. Lakin müharibə qurtardıqdan sonra İtaliya burjuaziyasının iqtisadi cəhətdən zəifliyi və onun məğlublar içərisində qalib, qaliblər içərisində isə məğlub vəziyyətində olması qalib dövlətlərə imkan verdi ki, İtaliyaya vəd etdikləri əraziləri ona yox, Serb-Xorvat-sloven krallığına və Yunanıstana versinlər. Etiraz əlaməti olaraq İtaliya nümayəndə heyəti konfransı tərk etsə də, bu heç bir dəyişikliyə səbəb olmadı. İtaliya nümayəndə heyəti may ayında yenidən konfransa qayıtdı.

Uzun müddətli hazırlıqdan sonra mayın 7-də Almaniya nümayəndə heyəti Parisə dəvət olundu və sülh müqaviləsinin mətni imzalanmaq üçün ona təqdim olundu. Lakin müqavilənin şərtləri o qədər alçaldıcı idi ki, o zaman Almaniyanın xarici işlər naziri olan Borkdorf Rotsenau onu imzalamaqdan imtina edib öz vəzifəsindən istefa verdi. Almaniya nümayəndə heyəti Berlinə qayıtdı. Xarici işlər naziri təyin edilmiş sosial-demokrat German Müller 1919-cu ilin iyunun 28-də tarixə Versal sülhü adı ilə daxil olmuş həmin müqaviləni imzaladı və müharibənin başlanmasında Almaniya başlıca təqsirkar olduğunu etiraf etmək məcburiyyətində qaldı. Versal müqaviləsinə görə: Elzas və Lotaringiya yenidən Fransaya qaytarılırdı. Reynin sol sahili hərbsizləşdirilmiş zona elan edilirdi və burada Almaniyanın zavodlar tikməsi qadağan edilirdi. Reynin sol sahilini

Antantanın işğalçı qoşunları tutdular. Saar vilayəti 15 il müddətində Millətlər Cəmiyyətinin mandatına, onun kömür mədənləri isə Fransaya verildi. Müəyyən olunan müddət bitdikdən sonra vilayətin gələcək taleyinin referendum yolu ilə həll olunması nəzərdə tutulurdu. Sülh müqaviləsinə görə 15 ildən sonra Saar hər hansı bir dövlətə verilərdisə, onun kömür mədənlərini alman sahibkarları da ala bilərdi. Almaniya Avstriyanın müstəqilliyinə hörmət edəcəyini öhdəsinə götürdü.

Müqaviləyə əsasən Belçikanın bitərfliyi təsdiq edilir, Ey- pen və Malmedi mahalları ona verilirdi. Həmçinin Belçikanın tabeliyində olan Morena bitərəf zona elan edildi. Versal müqaviləsində nəzərdə tutulurdu ki, Lüksemburq hersoqluğu 1919-cu il yanvarın 1-dən müstəqil dövlət elan edilsin. 1864-cü ildə Danimarkadan almanların burada əksəriyyət təşkil etdiyi bəhanə edilərək alınmış Halşteyn vilayəti və Yuxari Şlezviq yenidən Danimarkaya qaytarılırdı. Aşağı Şlezviqin məsələsi isə referendum, yəni ümumrəy sorğusu ilə həll edilməli idi. Almaniyanın ərazisi Şərqi Prussiyanın ondan ayrılması nəticəsində iki hissəyə bölündü. Almaniya Memel (Klaypeda) ərazisi üzərində bütün hüquqlarından əl çəkdi.1923-cü ildə Klaypeda Litvaya verildi. O Birinci Dünya müharibəsi başlananadək keçmiş Rusiya imperiyasına daxil olan bütün ərazilərin müstəqilliyini tanıdı. Almaniya Polşanın müstəqilliyini tanıyır və Polşaya məxsus olan Şərqi Poznanı, Şimali və Şərqi Prussiyanın bir hissəsini, Şileziyanın ona məxsus hissəsini Polşaya qaytarırdı.Qdansk müstəqil şəhər elan edilirdi. Lakin Polşa dövləti dənizə çıxa bilmədi. Baltik dənizinə çıxa biləcək 100 km2-ə qədər ərazi Almaniyanın ixtiyarında qalırdı. Almaniya öz müstəmləkələrinin hamısını itirdi. Almaniyada hərbi mükəlləfiyyət ləğv edilirdi. Almaniya ordu və donanma saxlaya bilməzdi. Ancaq 100 min nəfər könüllü ordu saxlaya bilərdi və bu orduya rəhbərlik edən zabit heyəti 4 min nəfərdən çox olmamalı idi. Bütün Almaniya üzrə

hərbi rütbəlilərin sayı isə 15 mini ötməməli idi. Onun sayını ancaq 1500 nəfər artırmaq olardı. Əsgərlər və unter-zabitlər 12, zabitlər isə ən azı 45 il xitmət etməli idilər. Almaniya ancaq 6 yüngül, 6 ağır zirehli gəmiyə, 12 mina- daşıyan və 12 əksminadaşıyan linkörə sahib ola bilərdi. Almaniyanın böyük tonnajlı gəmilər inşa etməyə, sualtı qayıqlara və hava donanmasına malik olmağa ixtiyarı yox idi. Lakin Versal müqaviləsi Almaniya imperializminin əsaslarına toxunmadı. Almaniyanın hərbi sənaye potensialı ləğv edilmədi, yalnız məh- dudlaşdırıldı.

Versal müqaviləsinin mühüm tərkib hissələrindən biri də Millətlər Cəmiyyəti məsələsi idi. Millətlər Cəmiyyətinin fəaliyyəti assambley, onun şurası və katiblik vasitəsi ilə həyata keçirilirdi. Cəmiyyətin Baş Şurasının üzvlərini əvvəl dörd ölkənin (İngiltərə, Fransa, İtaliya, Yaponiya) nümayəndələri təşkil edirdi. Millətlər Cəmiyyətinin katibliyi yanında beynəlxalq əmək bürosu, tərksilah komissiyası, beynəlxalq ədalət məhkəməsi palatası fəaliyyət göstərməli idi.

Millətlər Cəmiyyətinin nizamnaməsi sülh müqaviləsinin tərkib hissəsi oldu. O, cəmiyyətin əsas vəzifələrini-xalqlar ara- sında əməkdaşlığın inkişaf etdirilməsi, sülhün və təhlükəsiz- liyin təmin olunması vəzifələrini müəyyən etdi. Beynəlxalq məsələləri müzakirə etmək üçün hər il Millətlər Cəmiyyətinin Məclisi toplaşırdı. Nizamnamə Cəmiyyətinin təcavüzkar dövlət barəsində kollektiv tədbirlər-sanksiyalar tətbiq etməsini nəzərdə tuturdu. Lakin nizamnamədə təcavüzün nə demək ol- duğunun və təcavüzkarın kim olduğunun tərifi yox idi. Vilson tərəfindən bu cəmiyyətin yaradılması təşəbbüsü irəli sürülsə də, Millətlər Cəmiyyətində rəhbər rol Yaponiyanın köməyi nəticəsində İngiltərə və Fransaya məxsus oldu. Həmçinin Vilson diplomatik uğursuzluğa düçar olaraq, müstəmləkələrin Millətlər Cəmiyyəti təşkil ediləndən sonra bölgüsünə nail ola bilmədi. İmperialistlər Almaniyanın keçmiş müstəmləkələrini

və Türkiyənin mülklərini açıq şəkildə tutmağa cürət etmədilər. Müstəmləkə xalqlarının özlərini guya müstəqil idarə etməyə qadir olmadıqları bəhanəsi ilə Millətlər Cəmiyyəti vasitəsi ilə bu xalqlara "mandat sistemi" adı altında qəyyumlar müəyyən olundu. Mandatların İngiltərə və onun dominionlarına, Fransaya, Yaponiyaya və Belçikaya verilməsi müəyyən edildi. İngiltərə və Fransa mandat sistemi xətti ilə müstəmləkələrin elə konfransda bölgüsünə nail oldular. Müstəmləkələr üç mandat kateqoriyasına bölündülər. «A» kateqoriyasına, əsasən, Osmanlı İmperiyasına aid olan Ərəb ölkələri daxil idi. Onların tezliklə müstəqillik qazanması nəzərdə tutulurdu. Fransa Suriya və Livanı, İngiltərə isə Fələstin, Transiordaniya və İraqı aldı.«B» və «C» kateqoriyaları birbaşa Almaniyanın müstəm- ləkələri idi. «B» kateqoriyasınaMərkəzi Afrikadakı alman müstəmləkələri, yəni Şərqi Almaniya Afrikası, Toqo və Kamerun daxil idi ki, bu İngiltərə və Fransaya çatırdı. «C» kateqoriyasına isə Cənub-Şərqi və Cənub-Qərbi Afrikadakı və Sakit Okeandakı Almaniya müstəmləkələri daxil idi. Bunlar faktiki olaraq Yaponiya, Avstraliya, Yeni Zelandiya və Cənubi Afrika İttifaqının mülklərinə çevrildilər. Belə ki, Cənub-Şərqi və Cənub-Qərbi Afrikadakı Almaniya müstəmləkələrini Cənubi Afrika İttifaqı aldı. Yeni Qvineya İngiltərənin dominionu olan Avstraliyaya, Marşal, Mariya və Karolin adaları Yaponiyaya verilirdi. Üçbucaq Kionqosu Portuqaliyaya, Çinin Şandun əyaləti Yaponiyaya, Ruanda və Urindi Belçikaya, Samao adası Yeni Zelandiyaya verilirdi. İmperialist dövlətləri arasında, müstəmləkələrin və nüfuz dairələrinin yenidən bölüşdürülməsi bu müstəmləkələrin qeyri-bərabər inkişafına və imperialistlər arasında ziddiyyətlərin yeni düyünlərinin yaranmasına səbəb oldu.

Versal sülh müqaviləsində mübahisəli məsələlərdən biri olan təzminat məsələsi öz əksini tapmadı. Çünki ABŞ cəmi 228 mlrd marka Almaniyadan təzminat alınmasını tələb edirdi.

Almaniyadan təzminat alınmasında Fransanın marağı daha böyük idi. O bu təzminat hesabına Avropada güclənmək istəyirdi. Fransa nümayəndəsi son nəticədə Almaniyadan 480- 600 milyard qızıl marka təzminat alınmasını tələb edirdi. İngiltərənin isə mövqeyi bu məsələdə ziddiyyətli idi. O gah Fransanın təklif etdiyi və ya ona yaxın məbləğə tərəfdar çıxır, gah da onun əksinə olan təklif irəli sürürdü. İngilis nümayəndəliyinin maliyyə eksperti Keyns Almaniyadan 50 milyard qızıl markadan çox təzminat tələb etməyi yolverilməz hesab edirdi. Təzminat üzrə ayrıca konfrans çağırılması nəzərdə tutuldu. Lakin sülh müqaviləsində belə bir maddə var idi ki, 1921-ci ilə qədər Almaniya 20 mld qızıl marka təzminat ödəsin. 1920-ci ilin iyulun 5-10-da Belçikanın Spa şəhərində çağırılan konfransda Almaniyanın tərksilah məsələsi ilə yanaşı təzminatın miqdarı və onun verilmə vaxtı müəyyən olundu. Almaniya 30 il müddətinə 132 mld marka təzminat verməli idi. Bu təzminatın 52%-i Fransaya, 22%-i İngiltərəyə, 10%-i İtaliyaya, 8%-i Belçikaya, 0,75 %-i Portuqaliyaya, 0,75 %-i Yaponiyaya, 6,5%-i Yunanıstan və Yuqoslaviyaya verməli idi. ABŞ-ın təzminat almaq hüququ saxlanıldı.

Müqavilə, bir neçə ölkə istisna olmaqla, konfransın əksər iştirakçıları tərəfindən imzalandı və təsdiq olundu. Bir sıra ərazilərinin taleyi ilə əlaqədar müqavilənin şərtlərindən, Şandun vilayətinin Yaponiyaya verilməsindən narazı qalan Çin onu imzalamadı. Versal sülhünün şərtləri Amerika inhisarçılarının dünya hegemonluğu iddialarını təmin etmədiyi üçün, həm də İngiltərə və Fransanın başçılıq etdiyi Millətlər Cəmiyyətinə daxil olmaq istəməyən ABŞ senatı da bu müqaviləni ratifikasiya etmədi. Versal sülhü qaliblərlə məğlublar arasında ziddiyyətlər doğurdu. Qaliblərin cəbhəsində rəqabət gücləndi.

Birinci dünya müharibəsinin sonunda milli-azadlıq hərə- katı nəticəsində çoxmillətli Avstriya-Macarıstan imperiyasında

parçalanma əmələ gəldi. Bu imperiyanın yerində Polşa, Çexoslavakiya, Serb-Xorvat-sloven krallığı, Avstriya, Macarıstan kimi yeni dövlətlər yarandı. Habsburqlar monarxiyası süqut etdi. Yeni yaranan dövlətlərdə Fransa öz silahlı qüvvələrini yerləşdirdi ki, bu yolla o, Sovet Rusiyasından qorunmaq üçün, "sanitor kardonu" təşkil etmək istəyirdi.

Paris sülh konfransında Almaniyanın müttəfiqi olan Avs- triya ilə də 1919-cu il sentyabrın 10-da Sen-Jermendə sülh mü- qaviləsi bağlandı. Bu sülh müqaviləsi hazırlanarkən ən mübahi- səli məsələ Balkan yarımadası və Dunay hövzəsi idi. Həmin müqaviləyə görə Avstriya öz tərkibində olan malikanələrin ha- mısından əl çəkdi. Avstriyanın gələcəkdə Almaniya ilə birləş- dirilməsi, yəni anşlüs qadağan edilirdi. Avstriya Çexoslavaki- yanın müstəqilliyini tanıyır. Çexiya, Moraviya və Sileziyanın ona məxsus hissəsini ona verirdi. Avstriya həmçinin Serb- Xorvat-Sloven krallağının müstəqilliyini tanıyır, Sloveniya, Dolmasiya, Bosniya və Hersoqovunanı ona verirdi. Avstriya ancaq 30 min ordu saxlaya bilərdi. O Adriatik dənizində və Dunay çayında donanma saxlamaq hüququndan məhrum edilirdi. Sen-Jermen müqaviləsinə əsasən Yuliyek-Kraynı, Triyest əraziləri İtaliyaya verilirdi.

1919-cu il noyabrın 27-də isə Bolqarıstanla Neyi müqavi- ləsi bağlandı. Həmin müqaviləyə əsasən Bolqarıstan öz ərazisi- nin xeyli hissəsindən məhrum oldu. Müqaviləyə əsasən Bolqa- rıstan Makedoniyanın ona məxsus hissəsini Serb-Xorvat-Slo- ven krallığına verdi. Qərbi Frakiya Yunanıstana verildi və buna görə Bolqarıstan Egey dənizinə çıxışını itirdi. Cənubi Dobruçi Rumıniyaya verildi. Bolqarıstan ancaq 20 min qoşun, 4 minadaşıyan, 4 əksminadaşıyan gəmi, 6 matorlu qayıq saxlaya bilərdi. O, 2,27 mlrd frank təzminat verməli və onu 37 il ərzində ödəməli idi. Neyi müqaviləsinə görə Bolaqrıstan 5 il müdətində Serb-Xorvat-Sloven krallığına hər il 50 min ton daş

kömür, bundan başqa, Yunanıstan, Ruminiya və Serb-Xorvat- Sloven krallığına 6 ay müdətində 70 min baş mal-qara verməli idi. Bu müqavilə Bolqarıstanda milli ədavəti gücləndirdi.

1920-ci ilin iyunun 4-də Macarıstanla Parisin Trianon sa- rayında sülh müqaviləsi bağlandı. Müqaviləyə görə Macarıs- tandan slavyan malikanələri alındı. Macarıstan Çexiyanın müs- təqilliyini tanıyır, Slovakiya və Zakarpat Ukraynasını ona, Serb-Xorvat-Sloven krallığının müstəqilliyini tanımaqla Xorvatiya, Baçka və Banatın qərb hissəsini isə ona verirdi. Həmçinin Macarıstan Rumıniyaya Transilvaniya və Banatın şərq hissəsini, Avstriyaya Burqenland əyalətini verirdi Macarıstan özünün Dunaydakı bütün donanmasından məhrum edilirdi. O ancaq 35 min nəfərlik muzdlu qoşun saxlaya bilərdi. Macarıstan ərazisi belə parçalandığına görə İkinci Dünya müharibəsinə qədər onu «kəsilmiş dövlət» də adlandırırdılar.

1920-ci ilin avqustun 10-da «Dördlər ittifaqı»nın üzvü olan Türkiyə ilə Sevr müqaviləsi bağlandı. Sevr müqaviləsində Osmanlı imperiyasının dağılması və bölüşdürülməsi nəzərdə tutulurdu. Həmin müqavilə Türkiyəyə onun bir çox starteji cəhətdən əhəmiyyətli ərazilərinin Antanta qoşunları tərəfindən işğal olunması şəraitində zorla qəbul etdirilmişdi. Osmanlı imperiyasının ərazisi tamamilə parçalanırdı. Belə ki, Türkiyə Ermənistanın müstəqilliyini tanıyır Anadolu yarımadasının şərq hissəsini ona, "muxtariyyət" qazanmış Kürdüstanı tanıyaraq Anadolunun cənub-şərq hissəsini isə ona verirdi. Türkiyə həmçinin Dardanelin Avropa sahili, Ədirnə, İzmir və Şərqi Frakiyanın, demək olar ki, Türkiyənin bütün Avropa hissəsinin Yunanıstanın olması ilə razılaşırdı. Kilikiya qonşu ərazilərlə, həmçinin Anadolunun cənubu Fransanın təsir dairəsinə daxil edilirdi. Bununla bərabər bütün Anadolu İtaliya və Fransanın nüfuz dairəsinə bölünürdü. Türkiyənin bütün mülkləri əlindən alınırdı. O, Misir malikanəsindən məhrum edildi və Misir üzərində İngiltərənin protektoratlığını qəbul etdi. Mandat üsulu



ilə Suriya və Livan Fransaya, İraq, Fələstin və Traniordaniya isə İngiltərəyə verilirdi. Bir sözlə, Türkiyənin əlində ancaq İs- tanbul və onun ətrafındakı ərazilər qalırdı ki, tezliklə İstanbul- dan başqa bu ərazilər də İngiltərə tərəfindən işğal olundu. Dar- danel və Bosfor boğazları ticarət və hərbi gəmilər üçün açıq elan edilirdi. Türkiyənin maliyyəsi üzərində qalib dövlətlər nəzarət etməli idilər. Boğazları nəzarətdə saxlamaq üçün ABŞ, İngiltərə, Fransa, İtaliya və Yaponiyadan ibarət xüsusi komis- siya yaradılırdı. Bu komissiyanın özünün hərbiləşdirilmiş dəs- təsi, büdcəsi və bayrağı var idi. Komissiyanın üzvlərinin hər birinin məsələlərin həllində iki, Rumıniyanın və Yunanıstanın isə bir səs hüququ var idi. Bolqarıstan, Türkiyə və Rusiya bu dənizlər ətrafında yerləşən ölkələr olsa da, onlardan heç birinin səsvermə hüququ yox idi. Onlar ancaq Millətlər Cəmiyyətinə daxil olduqdan sonra komissiyanın üzvü ola bilərdilər. Türkiyə cəmi 50 min muzdlu qoşun saxlaya bilərdi. Sevr müqaviləsi Osmanlı imperiyası kimi böyük bir türk dövlətini tarixdən silmək təhlükəsi qarşısında qoymuşdu. Lakin türk xalqının böyük oğlu M.K.Atatürk gənc türklərin buraxdığı səhvi vaxtında düzəldə bildi. Mustafa Kamal Paşanın başçılıq etdiyi TBMM 1 müqaviləni tanımadı Vətənin mənafeyini qorumağı bacarmayan sultan hökuməti qanundankənar elan olundu. Belə olan halda sultan Sevr müqaviləsini təsdiq etməyə cəsarət etmədi. “Antanta” növbəti fitnəkarlığa əl atdı. Daşnaq Ermənistanı Türkiyəyə müharibə elan etdi və Qars, Oltun, Sarıqamış işğal olundu. Lakin vəziyyətə nəzarət edən Mustafa Kamal hökuməti qısa zamanda düşmənə sarsıdıcı zərbələr endirdi. Kazım Qarabəkir paşanın komandanlığı altında türk qoşunları 1920-ci ilin sentyabrın 28-də hücuma başladılar. Ertəsi gün Sarıqamış, az sonra Qars işğalçılardan azad olundu. Daşnaq Ermənistanı təslim edildi və Gümrüdə sülh müqaviləsi imzalamağa məcbur oldu. Gürcüstanın əlində olan Ərdəhan və





1 TBMM-Türkiyə Böyük Millət Məclisi

Artvin vilayətləri də geri qaytarıldı. 1921-ci ilin yanvar ayında İnönü kəndi ətrafında baş vermiş uğurlu döyüş nəticəsində yunanların qərb cəbhəsində sürətli irəliləyişləri dayandırıldı. Bu döyüş Türkiyə milli-azadlıq hərakatında dönüş nöqtəsi oldu. İngilislərdən kömək almış yunanlar yeni hücuma hazırlaşır, İnönü məğlubiyyətinin əvəzini çıxmaq istəyirdilər. 1921-ci il martın axırında hücuma keçən yunan qoşunları yenə də İnönü kəndi yaxınlığında məğlub edildilər. Bu döyüş tarixdə İkinci İnönü döyüşü adlanır. Yunan qoşunları ingilislərin təhriki ilə yenidən Sakarya istiqamətində hücuma keçdilər. Türk qoşunları sentyabrın 13-də Sakarya vuruşmasında parlaq qələbə çaldılar. Sakaryada məğlub olmuş yunan qoşunları Afyon-Qarahisar xəttinə çəkilərək müdafiəyə keçdilər və öz mövqelərini möhkəmləndirməyə başladılar. 1922-ci il avqustun 26-da Qocatəpədən böyük türk hücumu başladı. Az vaxt ərzində Afyon-Qarahisar xətti yarıldı, 200 minlik yunan ordusu mühasirəyə düşdü. Afyon alındı. Dumlıpınar döyüşü yunanlar üçün tam faciə ilə nəticələndi. Türk qoşunları yunanları Aralıq dənizinə sıxışdırdılar. Anadolunu yunan qoşunlarından təmizləyən türk ordusu sentyabrın 9-da İzmiri azad etdi. Oktyabrın 11-də “Antanta” dövlətləri və Yunanıstan Mudanya sülh müqaviləsini imzaladılar. Noyabrın 1-də TBMM sultan səltənətini ləğv etdi. Sultan Maltaya qaçdı.

1918-1923-cü illərdə gedən azadlıq müharibəsi yenidən qalib dövlətləri məcbur etdi ki, 1923-cü il iyulun 24-də onlar Lozannada çağrılmış konfransda (Konfrans öz işinə1922-ci il noyabrın 22-də başlamışdı) Sevr müqaviləsini qüvvədən düşmüş hesab etsinlər və Ankara hökumətini böyük türk dövlətinin hökuməti kimi tanısınlar. Lozanna protokoluna görə Türkiyə özünün ərəb ərazilərini itirir, Kiprin Böyük Britaniyaya Dodekanez adalarının İtaliyaya, Egey dənizindəki bir sıra adaların Yunanıstana verilməsi ilə razılaşmalı olurdu Bununla bərabər, başlıca türk ərazilərini Türkiyə özündə saxlaya bildi.

İzmir, Ədirnə ilə birlikdə Şərqi Frakiya, Dardanelin Avropa sahilləri, Qallipoli yarımadası və s. Türkiyəyə qaytarıldı. Qara dəniz dövlətlərinin ticarət və hərbi gəmiləri dinc və müharibə vaxtı boğazlardan sərbəst keçə bilərdilər. Fransa, İngiltərə, İtaliya, Yaponiya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Rusiya, Yuqoslaviya, və Türkiyədən ibarət İstanbulda türk nümayəndəliyinin sədrliyi ilə beynəlxalq boğazlar komissiyası yaradıldı. Yunanlar İstanbuldan başqa bütün Türk ərazilərindən çıxarılmalı idilər. Ermənilərin Türkiyə ərazisində Ermənistan təşkil etmək istəyi baş tutmadı. 1923-cü il oktyabrın 15-də Türkiyədə paytaxt İstanbuldan Ankaraya köçürüldü. Həmin il oktyabrın 29-da isə 1876-cı il konstitusiyasında edilmiş bir dəyişikliklə Türkiyə respublika elan edildi.

Bütün bu müqavilələr tarixdə Versal sistemi adlandı.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin