PARİS SÜLH KONFRANSINDA AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN İŞTİRAKI
1918-ci il dekabrın 7-də açılmış Azərbaycan parlamenti Paris sülh konfransında iştirak etmək üçün oraya nümayəndə heyəti göndərdi. Ona parlamentin sədri Ə.M.Topçubaşov başçılıq edirdi. Nümayəndə heyəti, çoxpartiyalılıq əsasında formalaşmışdı. Hələ yolda olan zaman Əhməd bəy Ağaoğlu
«İttifaq və Tərəqqi» partiyasının rəhbərlərindən birinin ittihamı ilə tutulub müttəfiqlər tərəfindən Malta adasına həbsə göndərildi. İngilis hökumətinin köməyi ilə konfransda iştirak etmək üçün icazə ala bilən nümayəndə heyəti 1919-cu ilin may ayında Parisə çatdı.
Paris sülh konfransı Kolçak hökumətini bütün keçmiş Rusiya ərazisində ali hakimiyyət orqanı kimi tanımaq haqqında qərar qəbul etmişdi. Azərbaycan, Dağlılar Respublikası, Estoniya, Kuban, Gürcüstan, Latviya, Litva, Ukrayna nümayəndələri sülh konfransının sədrinə birgə müraciətlə bu qərara etirazlarını bildirdilər. Onlar Vilsondan «14 maddəlik»
məşhur proqramında əksini tapmış öz müqəddəratını təyin etmək hüququnun müstəqil dövlətlər kimi mövcud olan bu ölkələrə də şamil edilməsini və onların da rəsmən tanınmasını xahiş edirdilər.
1919-cu il mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti V.Vilsonla görüşə bildi. Təqdim olunmuş memorandumda Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixi, onun bir illik inkişaf yolundan, istiqlal yolunda verdiyi qurbanlardan danışılırdı. Göstərilirdi ki, bu yolda Azərbaycanın iki şəhəri və 500 kəndi dağılmış, Azərbaycan xalqı 100 mindən
150 minə qədər qurban vermişdir. Daha sonra Vilsondan Azərbaycanın istiqlaliyyətinin tanınması, ABŞ-la Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələrin bərqərar edilməsi və
məsələlərdə Azərbaycan nümayəndə heyətinə kömək göstərilməsi xahiş edilirdi.
Lakin prezident Vilson Azərbaycan nümayəndə heyətini soyuq qarşılamış, sülh konfransının dünyanı kiçik hissələrə parçalamaq niyyətində olmadığını dedikdən sonra Azərbaycan nümayəndələrinə konfederasiya ideyasını müdafiə etməyi məsləhət bilmiş, Millətlər Cəmiyyətinin mandatı ilə böyük dövlətlərdən birinin bu konfederasiya üzərinə qəyyumluğunun real çıxış yolu olduğunu göstərmişdir.
Azərbaycan Respublikasının nümayəndə heyətinin Parisdə vəziyyəti çətin idi. Ermənistan və Gürcüstan nümayəndələrindən fərqli olaraq onlara heç bir kömək göstərilmirdi. Qərbdəki ermənipərəstlik hərəkatı və gürcü menşeviklərinin beynəlxalq sosializm ilə əlaqələri fonunda azərbaycanlıların mövqeyi zəif idi.
Azərbaycan nümayəndələrinin Paris sülh konfransında irəli sürdükləri memorandumda aşağıdakılar irəli sürülürdü:
Sülh konfransı Qafqaz Azərbaycanının Rus imperiyasından ayrılmasını bəyənsin. Azərbaycan tamamilə müstəqil dövlət olmaqla Azərbaycan Xalq Cumhuriyyəti
adlansın və sərhədləri əlavə edilən xəritədəki kimi müəyyənləşdirilsin.
Azərbaycan Respublikası nümayəndə heyətinin üzvləri sülh konfransının və onun komissiyalarının işinə cəlb olunsun.
Azərbaycan Respublikası yüksək himayəsi altında olmaq istədiyi Millətlər cəmiyyətinin üzvlüyünə qəbul edilsin.
Azərbaycan Respublikası nümayəndələri tərəfindən verilən memoranduma çox yüksək keyfiyyətlə işlənmiş rəngli xəritə də əlavə olunmuşdu. Azərbaycan respublikası hökumətinin nəzarəti altında olan ərazinin dəqiq sərhədləri verilir və bu ölkənin Zaqafqaziyada olan mövqeyi hərtərəfli göstərilirdi.
Paris sülh konfransına təqdim olunan memorandumdan məlum olur ki, Azərbaycan hökumətinin nəzarəti altında olan ərazi 8378, 66 kv. verstdir və yaxud 94137, 38 kvardrat kilometrdir. Bu da bütün Qafqazın 217 376, 15 vesrt, yaxud 247 376, 15 kvadrat kilometr olan ərazisinin 30%-dən çoxunu təşkil edir.
Memorandumda göstərilirdi ki, Yerevan və Tiflis quberniyalarında, Zaqatala qəzasında mənsubiyyəti Azərbaycan, Ermənistan, Gürcüstan və Şimali Qafqaz respublikaları arasında iddialar doğuran və sahəcə çox kiçik ərazilər də mövcuddur. Dağıstan quberniyasının əhalisinin azərbaycanlılardan ibarət olan hissəsi həmişə Azərbaycana birləşmək meylində olmuşdur.
Danışıqlar zamanı yerli şəraiti öyrənmək üçün Cənubi Qafqaza ABŞ-ın xüsusi nömayəndəliyinin göndərilməsi məqsədəuyğun hesab edildi. ABŞ-ın təşəbbüsü ilə Sülh konfransı 1919-cu il iyun ayının əvvəllərində polkovnik K.V.Haskeli Ermənistanın ali komissarı təyin etdi. Oktyabr ayının əvvəllərində general Xarbordun başçılığı ilə Amerika nümayəndəliyi Cənubi Qafqaza göndərildi. Yerlərdə vəziyyətlə ətraflı tanış olan V.Haskel 1919-cu il avqust ayının 29-da
Bakıda apardığı danışıqlarda Qarabağ və Zəngəzurun Azərbaycana məxsus olduğunu bildirdi. Naxçıvan, Şərur və Dərələyəzdə Haskel ABŞ general-qubernatoru tərəfindən idarə olunan neytral zona yaradılmasını təklif etdi. 1919-cu il oktyabr ayının 24-də Naxçıvanda ABŞ general-qubernatorluğunun yaradılması və Amerika polkovniki E.Dellinin buraya qubernator təyin edilməsi barədə V.Haskelin bəyanatı elan edildi. Lakin Azərbaycan hökumətinin qəti mövqeyi, Naxçıvan əhalisinin ciddi müqaviməti ABŞ-ın planlarını puç etdi. Polkovnik Delli isə Naxçıvanda Sülh konfransının nümayəndəliyi kimi fəaliyyət göstərdi. Paris sülh konfransının Ali Şurası Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzonun təklifi ilə 1920-ci il yanvarın 11-də Azərbaycan, Gürcüstan və bir qədər sonra, Ermənistanın müstəqilliyini de-fakto tanıdı. Buna baxmayaraq onların dövlət sərhədlərinin müzakirəsi və təsdiqi məsələsini həmin ölkələrin beynəlxaq vəziyyətinin tam aydınlaşdırılmasına qədər təxirə saldı.
1920-ci ilin yanvarın 19-da Azərbaycan və Gürcüstanın rəsmi nümayəndələri Paris konfransının Ali Şurasının iclasına dəvət edildilər. İclasda müzakirə olunan məsələlərin əksəriyyəti Zaqafqaziyanın müdafiəsi ilə bağlı idi. Ə.M.Topçubaşov bu görüşün nəticələri haqqında Azərbaycan hökumətinə təcili məlumat verdi. Tezliklə xarici işlər nazirinin imzası ilə Azərbaycan hökumətinin rəsmi memorandumu müttəfiq dövlətlərin Ali Şurasına təqdim edildi. Memorandumda Azərbaycan respublikasının böyük tarixi xidmətləri və əhəmiyyəti xatırladılır, Azərbaycanın çox tezliklə şimaldan gələn təhlükə ilə üz-üzə dayanacağı ehtimalı qarşısında ona müxtəlif sahələrdə əsaslı yardım edilməsi zərurəti əsaslandırılırdı. Azərbaycanın istiqlalının qorunması məsələsində Azərbaycan hökumətinə hərtərəfli hərbi yardım göstərilməsi xahiş edilir, ənənəvi iqtisadi əlaqələr pozulduğundan ölkədə yaranmış iqtisadi maliyyə böhranını aradan qaldırmaq məqsədi ilə Avropa və Amerikanın
Azərbaycana 40-50 milyon qızıl manat miqdarında borc verməsi arzu edilirdi.
Paris sülh konfransında dövlətlər tərəfindən tanınandan sonra Azərbaycanın xarici işlər nazirliyində Avropa və Amerikanın altı dövlətində – İngiltərə, Fransa, ABŞ, İtaliya, İsveçrə və Polşada diplomatik nümayəndəliklərin açılması haqqında layihə hazırlandı. ADR-in baş naziri F.Xoyski İsveçrə ilə münasibətlərin yaradılmasına da böyük əhəmiyyət verirdi. İsveçrədə ADR-in informasiya mərkəzinin yaradılması haqqında razılıq əldə edilmişdi.
Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin səmərəli fəaliyyətində Ə.M.Topçubaşovun mühüm rolu olmuşdur.
Dostları ilə paylaş: |