Əlifbanın kamilliyi onun yerinə yetirdiyi
funksiyadan asılıdır. Aydındır ki, bu
funksiya :
1) bir tərəfdən nitqi dildəki səslər əsasında canlandırmaqdan ibarətdirsə,
2) digər tərəfdən nitqi yazıya köçürməkdir.
Bu iki funksiya bir-biri ilə sıx qarşılıqlı əlaqəli olub, bəzən onların arasındakı sərhədi
müəyyənləşdirmək belə çətindir. Müasir dövrdə iki yazı növünü fərqləndirmək zəruridir.
Birinci yazı növü texniki vasitələrin (yazı makinaları, kömpüterlər
, çap maşınları və s.)
köməyi ilə gerçəkləşdirilir. Texniki vasitələr nitqi əlifbadakı hərflərin qəbul olunmuş standart
formaları –müxtəlif ölçülü şriftlər əsasında yazıya çevirir. İkinci yazı növü insan fikrini dilin
xüsusi yaradılmış şərti işarələr sisteminin – dilin əlifbası və yazı normaları vasitəsilə ayrı-ayrı
fərdlər tərəfindən əks etdirilməsidir. Bu əksetdirmə prosesinin nəticəsi əlyazmadır. «Əlyazma
– yazı prosesinin yazı-hərəkət vərdişinə əsaslanan maddiləşmiş məhsuludur.» Əlyazmalar
müxtəlif şəxslər tərəfindən icra olunduğundan onlarda obyektiv amillərlə yanaşı, subyektiv
amillərin təsiri hiss olunur. Buna görə də əlyazmalar müxtəlif cəhətlərdən bir-birindən
fərqlənir, onların keyfiyyəti əlifbada qəbul edilmiş hərflərin yazılış formalarından, fərdin yazı
vərdişindən və bir sıra başqa səbəblərdən asılı olur. Əlyazma insan əməyinin məhsuludur. Ona
görə də yazı prosesinin, bu prosesdə istifadə olunan vasitələrin təkmilləşdirilməsi tələbləri
meydana çıxır. Belə tələblərin böyük bir qismi əlifbanın kamil olması ilə yerinə yetirilə bilər.
Əlifbanın təkmilləşdirilməsi, ideal əlifba ilə bağlı elmi axtarışların sayı az deyildir.
İdeal əlifbanın meyarları məşhur dilçi Boduen de Kurtene tərəfindən irəli sürülmüşdür.
O, əlifbanın ideal olması üçün bir sıra tələblərin ödənilməsinin vacib olduğunu qeyd edərək
yazmışdır: «1)dildəki hər səs xüsusi və müstəqil işarə-hərflə ifadə olunmalıdır; 2)eyni bir işarə
bütün hallarda yalnız bir səsi bildirməlidir; 3)eyni səs bütün məqamlarda mütləq eyni işarə ilə
ifadə olunmalıdır; 4)yazıda bu və ya digər səsin tələffüzünü bildirməyən heç bir artıq işarə
olmamalıdır; 5)bütün səslər yazıda ifadə olunmalıdır; 6)səslərin fərqli variantları, oxşar
olmayan modifikasiyalarını bir-birindən tamamilə fərqli işarələrlə göstərmək lazımdır; 7)dildə
olmayan və ya işlədilməsi mümkün olan səslərin deyil, yalnız mövcud səslərin yazıda ifadəsinə
səy göstərilməlidir» ( 13,12).
A.A.Reformatski əlifbanın ideallığı ilə bağlı yazır: «dildə olan fonem-səslərin miqdarı
qədər hərfi olan əlifba ideal əlifbadır.»
A.Qurbanov