Ərəb əlifbasının dəyişdirilməsinin ilk təşəbbüskarlarından biri görkəmli Azərbaycan
mütəfəkkiri
M.F.Axundov olmuşdur. Onun əlifba islahatı ilə bağlı cəhdləri bu fikrin
yayılmasında əsaslı rol oynamışdır. Sonralar əlifbanın dəyişdirilməsi meyli daha da güclənmiş,
əlifbanın dəyişdirilməsinin tərəfdarları artmışdır.
1901-1920-ci illərdə Azərbaycan əlifbasının dəyişdirilməsi məsələsi müzakirə və
mübahisə obyekti olsa da, əlifba dəyişməmiş qalmışdır.
25 avqust- 5 sentyabr 1907-ci il tarixdə Azərbaycanda latın əsaslı əlifba layihəsi müzakirə
olunmuşdur. Eyni zamanda F.Ağazadənin bu dövrdə hazırlanmış «Əlifba» dərsliyi müzakirəyə
qoyulmuşdur. O dövrdə irəli sürülmüş layihədə sağır nuna uyğun gələn hərfin, eləcə də
gələcəkdə Z(c) hərfinin əlifbadan çıxarılması ideyası irəli atılırdı. Lakin bu müzakirələr müsbət
nəticə verməmiş nə layihə, nə də əlifba qəbul edilməmişdir.
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə əlifba islahatı məsələsi də dövlət
səviyyəsində qoyulmuş və müsbət həll edilmişdi. Cümhuriyyətin maarif xadimləri çətin
öyrənilən ərəb qrafikası ilə kütləvi savadlandırmanın çətin olduğunu görürdülər. Əlifba islahatı
ilə əlaqədar həm ictimaiyyətdə, mətbuatda, həm də əski əlifbanın müdafiəçiləri ilə latın
qrafikalı Azərbaycan əlifbası tərəfdarları arasında mübarizə və mübahisələr gedirdi. Əski
əlifbanı müdafiə edənlər iddia edirdilər ki, əlifbanın dəyişdirilməsi bizi ədəbiyyatımızdan,
mənəvi sərvətlərimizdən, həmçinin Şərq mədəniyyətindən ayrı salar. Lakin yeni əlifba
tərəfdarları vaxtı əldən vermədilər. 1919-cu il 21 mart tarixli Nazirlər Şurasının iclasında
hökumətin üzvü Xudadad bəy Məlik Aslanovla birlikdə
Yollar nazirinə tapşırıldı ki, ərəb
əlifbasının islahı üçün xüsusi komissiya yaratsınlar.
1919-cu il avqustun 19-da keçirilən yığıncaqda komissiya ona təqdim olunan layihələri
müzakirə etdi. Qeyd etdi ki, komissiyaya üç müxtəlif layihə təqdim olunmuşdu. Bunların
müəllifi Məhəmmədağa Şahtaxtlı, Abdulla bəy Əfəndiyev, Abdulla Tağızadə ilə Əziz Seyidov
idi. Əlifba komissiyasının gərgin işindən sonra Abdulla bəy Əfəndiyevin layihəsi parlament
tərəfindən bəyənilir və Xalq Maarif Nazirliyinə tapşırılır ki, ətraflı tanışlıq üçün tabeliyində
olan bütün təhsil müəssisələrinə göndərilsin.
Lakin iqtisadi çətinlik, maliyyə vəsaitinin olmaması və əsasən də vəziyyətin kəskin
şəkildə dəyişməsi bu məsələnin tam həllinə imkan vermədi.
Z.Cəlilqızı sovet dövründə Azərbaycanda əlifba islahatı məsələsini üç dövrə bölür: a)
1920-1929-cu illər; b)1930-1939-cu illər; c) 1940 - 1990-cı illər (19, 46).