______________Milli Kitabxana_____________
140
allahlar Enkidunu Gilqameşə qarşı yönəltmişdilər. O isə
Gilqameşlə dostluq edir, Humbaba və səma öküzünün
öldürülməsində iştirak edir. Allahlar Enkiduya ölüm hökmü
çıxarırlar. Enkidu xəstələnir və ölür, Gilqameş hədsiz qəmə batır.
Həyatın, qəhrəmanlığın, şöhrətin sonunu gözü qabağında
canlandırır. O, əbədi həyat axtarmağa gedir...
Gilqameş eşitmişdi ki, allahlar uzaq okean sahilində yaşayan
Utnapiştimə nə vaxtsa əbədi həyat bəxş etmişdilər. Çox gedir,
dağı-daşı aşır, okeanı keçir, Utnapiştimi tapır, ondan əbədi həyatın
sirrini öyrənmək istəyir. Utnapiştim «Ümumdünya daşqını»
əhvalatını danışır, lakin əbədi həyat sirrini açmaq istəmir. Lakin
Utnapiştim arvadının təkidi ilə sirri açmalı olur. Gilqameş onun
məsləhəti ilə okeanın dibinə enir və orada cavanlıq otu dərir.
Lakin bu otu qaynadıb suyunu içmək lazım imiş. Yolda Gilqameş
soyunub göldə çimir ki, uzun yolun yorğunluğu bədənindən
çıxsın. Bu məqamda bir ilan cavanlıq otunu aparır. Gilqameş
pərişan halda Uruka qayıdır. O, insanların ölümə qarşı aciz
olduğunu qəti dərk edir.
«Gilqameş haqqında dastan» dünya ədəbiyyatının qızıl
fonduna daxil olmuşdur.
İkiçayarası qeyri-dini ədəbiyyatı sırasına hekayə və nağıllar,
ibarə və zərb-məsəllər daxildir. Hekayələrdə müxtəlif cəhətlər öz
əksini tapmışdı. Lirik ədəbiyyat silsiləsindən nümunə olaraq
«Ağanın qul ilə söhbəti» hekayəsini göstərmək olar. Hekayədə
həyatın mənasızlığı, ağanın hər şeyə inamını itirməsi, qoyulan
suallara qulun ikibaşlı cavabı əks olunmuşdur. Ağanın bədbinliyi,
qulun hazırcavablığı əsərin əsasını təşkil edir. Qul ağanın hər bir
arzusuna bəraət qazandırıcı cavab verir:
- Ey qul, mənim xidmətimdə dayan!
- Bəli, mənim ağam, bəli.
- Yola tələs! İş arabasını hazırla! Mən saraya gedirəm.
- Get, mənim ağam, get. Səni uğur gözləyir.
- Yox, mənim qulum, yox. Saraya getmək istəmirəm.
- Getmə, mənim ağam, getmə! Birdən səni uzaqlara
göndərərlər, naməlum yola çıxmağa məcbur edərlər. Onda sənin
payına gecə və gündüz iztirabı düşər!
|