______________Milli Kitabxana_____________
177
şəhərlər salırdılar. Cənubi Qafqazda inşa edilmiş Teyşebaini,
Argiştihinili və Erebuni kimi qala-şəhərləri yüksək inkişaf
səviyyəsinə çatmışdı. Urartu hökmdarları süni suvarma işini zəruri
hesab edir, kanallar çəkdirilirdilər. Bu kanallara bəzən müvafiq
hökmdarın adı verilirdi. Bağ-bağça və üzümlüklərin salınması
hökmdarın göstərişi ilə həyata keçirilirdi.
Yeni şəhərlərə işğal olunmuş ölkələrin əhalisi köçürülürdü.
Belə əsirlər Cənubi Qafqazdan, Şimali Suriyadan və Mannadan
gətirilirdi. Köçürülmüş əhali əsasən qul halına düşürdü. Qul əməyi
dövlət təsərrüfatında tətbiq olunurdu.
Urartunun apardığı geniş miqyaslı müharibələr ordunun
təkmilləşdirilməsini tələb edirdi. Əsirlər Urartu ordusunda
xidmətə qəbul olunurdular. Ordunu Assur tipli silahlarla təchiz
edirdilər. İşğal olunmuş ölkələrdə hərbi və inzibati mərkəzlər
yaradılır, orada hərbi dəstələr yerləşdirilirdi. Bu minvalla əhalinin
Urartuya itaətini təmin edirdilər. Ordunun hərəkətini
sürətləndirmək məqsədilə süvari dəstələri yaradılmışdı. Ölkədə
atçılığın inkişafına lazımi fikir verilirdi, hətta xəracın bir qismini
atlar təşkil edirdi. At ölkəyə qənimət kimi də gətirilirdi. Urartuda
at çapma və oxatma yarışları keçirilirdi.
Dövlətin ərazisi canişinliklərə bölünmüşdü. İşğal olunmuş
torpaqlarda, xüsusilə Cənubi Qafqazda canişinliklər yaradılmışdı.
Vilayətin idarə olunması canişinə tapşırılırdı. Hər bir vilayətin
hərbi qüvvələri və inzibati idarəsi vardı. Urartunun Cənubi
Qafqazda işğalları yerli idarə formalarının dəyişilməsinə şərait
yaratdı. Burada xırda hökmdarlar bu və ya digər ərazini idarə
edirdilər. Urartunun Cənubi Qafqaza qəsbkarlığı buranın daxili
inkişaf prosesini pozur və onların dövlət şəklində birləşməsini
ləngidirdi.
Urartu mədəniyyətinə Assur, Hurri və Het mədəniyyəti təsir
göstərmişdi. İkiçayarasından mixi yazı mənimsənilmiş və Urartu
dilinə uyğunlaşdırılmışdı. Urartu sənətkarları istehkam və qala
inşası sahəsində püxtələşmiş və şəhərsalma inşaat qaydalarını
mənimsəmişdilər.
|