______________Milli Kitabxana_____________
195
fars mixi yazısının yaradılmasını I Daranın adına çıxırlar. Bəzi
mülahizələrə görə, bu yazı növü əvvəllər də işlədilirdi, guya onu
midiyalılar Urartu mixi işarələrinin təsiri altında icad etmişdilər,
sonra haxamanişlər bu yazı növünü midiyalılardan
mənimsəmişdilər. Lakin bu mülahizəni təsdiq edə biləcək Midiya
mixi yazısı nümunəsi tapılmayıb. Ehtimal edirlər ki, midiyalılar
akkad, yaxud arami yazı növündən istifadə edirdilər.
Herodotun məlumatına görə, midiyalı Harpaq II Kuruşa
məktub yazmışdı, Kuruş özü Astiaqın adından məktub tərtib
etmişdi. Bəziləri bu məktubların Midiya mixi yazısı ilə tərtib
olunduğunu söyləyirlər. Lakin bu məktubların Elam mixi yazı
növü ilə tərtib olunması fikri həqiqətə daha uyğundur.
Hələ qədim fars yazı növü icad olunmazdan əvvəl I Daranın
göstərişləri Elam, akkad və arami işarələri ilə yazılırdı. Bisütun
yazısında I Dara deyir: "Mən əvvəl işlədilməyən kitabə növü
yaratdım. (Bu) ari dilində gil və gön üzərindədir". Beləliklə, o, ilk
dəfə ari dili mətnlərini yazıya köçürtdürdü. Belə hesab edirlər ki,
ari dili anlayışı qədim fars və Midiya dillərini nəzərdə tuturmuş.
Lakin bu belə deyil. Bəzi mülahizələrə görə, fars dili Midiyada da
işlənirdi. Qədim fars mətnlərindəki bəzi fonetik fərqlər Midiya
dilinə aid edilir, halbuki onlar əslində fars dilinin dialekt
formalarıdır. Əksinə, belə də fərz edirdilər ki, Bisütun yazısının
qədim fars nüsxəsi əslində, guya Midiya dilində tərtib olunmuşdu.
Demək olar ki, Bisütun kitabəsinin Elam və Akkad nüsxələri
qayaya əvvəlcə həkk olunmuş, sonra isə qədim fars yazı növü ilə
tərtib edilmiş mətnlər Bisütun qayasına köçürülmüşdü.
Haxamaniş kitabələri qədim fars, Elam və akkad dillərində
müxtəlif mixi yazı növü ilə tərtib olunmuşdu. Eyni zamanda,
arami dili və əlifbasından istifadə edirdilər.
Qədim İran əhalisi təqvim sistemi yaratmışdı. Ən qədim
təqvim elamlılara mənsub idi. Onlar ilk əvvəl Akkad təqvim
sistemindən istifadə edirdilər. Ayların Elam dilindəki əvəzi
qaynaqlarda əks olunmayıb. E.ə. I minilliyə aid qaynaqlarda Elam
aylarının adı çəkilmişdir, lakin burada qədim fars dilinin təsiri
özünü göstərirdi. Elam təqvimi qəməri təqvim əsasında
yaranmışdı. Elam dili və mədəniyyəti Haxamaniş dövlətinin
|