______________Milli Kitabxana_____________
203
digəri onu dağıdırmış. Onların arasında "nə fikir, nə təlim, nə
arzu, nə əqidə, nə söz, nə əməl, nə inam, nə ruh uyğun gəlmirdi".
Təlimə görə, son məqamda yalançılar, şər qüvvələr zülmət
padşahlığına, həqiqət tərəfdarları, xeyirxah qüvvələr işıqlı
padşahlığa düşəcəkdilər. Qatlarda sinfi cəmiyyətdə mülki
bərabərsizliyin, haqsızlığın törətdiyi ziddiyyətlər dini boyalarla və
fəlsəfi mühakimələrlə öz əksini tapmışdır.
Zərdüşt bu ziddiyyətlərdən özü üçün çıxış yolu tapır. O,
özünü Ahuramazdanın pərəstişkarı elan edir, bu məsləkə sahib
olan kəndlərin talanmasını, mal-qaranın oğurlanmasını və
aparılmasını pisləyir. Yasnada deyilir: "Mən bu torpaqda mal-qara
saxlayan hər bir sahibkara sərbəst hərəkət və azad həyat təmin
edirəm... Mal-qaranı tutub aparmaqdan, Mazda məsləkli kəndlərə
ziyan vurub talamaqdan imtina edirəm... Mən alçaq, ziyankar,
yalançı, bədxah divlərlə birgə olmaqdan imtina edirəm, divlərdən
və onların tərəfdarlarından, cadugərlərdən və onların
tərəfdarlarından, canlı məxluqa zorakılıq işlədənlərdən imtina
edirəm". Nəhayət, Zərdüşt öz təliminə uyğun olaraq yeni
əməllərinə sadiq qalacağına and içməli olur: "Mən Mazda inamına
sadiq olmağa and içirəm, çünki o, hərbi basqınlara son qoymağa,
silahı yerə qoymağa, özününkülər ilə nikah bağlamağa çağırır".
Çox güman ki, Zərdüşt təlimi Midiya irandilli tayfalarının
siyasi yüksəlişi zamanı, e.ə. VII əsrdə meydana gəlmiş və
formalaşmışdı. Bu təlim yerli (div, dayva) dini dünyagörüşü
saxlayan etnoslara qarşı yönəldilmişdi, onlar dinsiz qələmə
verilirdi, bütün bəd əməllər onların adına çıxılırdı. Zərdüştün
təlimini qəbul etməyənlər, yalançı və şər qüvvə tərəfdarı elan
edilirdi. Ahuramazdaya sitayiş edənə axirət dünyasında işıqlı
həyat vədi verilirdi. Zərdüşt qədim dini dünyagörüşündən imtina
edərək yeni siyasi şəraitə uyğun olaraq Ahuramazdaya inamı və
ibadəti seçmişdi.
Avestanın digər bölməsi "Yaşt" adlanır. Burada ayrı-ayrı
ilahələrə həsr olunmuş himn və mahnılar toplanmışdı. Biri Mitra
allahıdır. Qədim hind-Avropa tayfaları Mitraya sitayiş edirdilər.
Lakin yaştlar Mitranın yaradılmasını Ahuramazdanın əməli kimi
qələmə verirlər. Mitra çoxlu otlaqlara malik olan ilahi adlandırılır.
|