______________Milli Kitabxana_____________
200
aslanın geniş açılmış ağzına yapışdırılmış, əl tutacağının sonu isə
vəhşi qaban fiquru formasında qızıldan tökülmüşdü. Bununla
əlaqədar Luristan tunc əşyalarının kökünü Elam metallurgiya
sənətində axtarırlar.
Memarlıq sahəsində də Elam sənətkarları öz üslubları ilə
fərqlənirdilər. Dur-Untaş məbədi özünün əzəməti ilə, inşaat
texnikası ilə İkiçayarası məbədlərinə oxşamırdı. Bu qülləli məbəd
(zikkurat) beş mərtəbədən ibarət idi. Tikintidə çiy və bişmiş
kərpicdən istifadə olunmuşdu. Minlərlə işçi qüvvəsi, bənna və
memar tikintidə çalışırdı. Məbəd ətrafına qala divarı hörülmüşdü.
Divarın yeddi darvazası vardı. Bəzi darvazaların önündə müxtəlif
Elam allahlarına mənsub kiçik məbədlər tikilmişdi. Elam qonşu
xalqlar mədəniyyətinə xeyli təsir göstərmişdi.
Qədim fars təqvimi isə Babil qəməri-şəmsi (günəş-ay)
təqvim sisteminə uyğun tərtib olunmuşdur. Təqvim 12 və bir
əlavə aydan ibarət idi. İranda Zərdüşt təqvimi də işlədilirdi. Bu
təqvim, adətən, ayları allahların adı ilə bildirirdi. İl 365 gündən
ibarət idi. Babilistanda olduğu kimi, il 12 aya, hər ay 30 günə
bölünürdü. İlə 5 gün əlavə edirdilər.
Haxamaniş dövlətinin yaranması və yüksəlişi dövründə İran
mədəniyyəti imperiyaya daxil olan xalqlara güclü təsir
göstərmişdi və eyni zamanda, əks təsirə də məruz qalmışdı.
İranın ən qədim əhalisi müxtəlif allahlara sitayiş edirdi.
Elamda artıq müəyyən panteon sistemi yaradılmışdı. Qaynaqlar
Urmiyyə gölü hövzəsi sakinlərinin dini dünyagörüşü barədə çox
cüzi təsəvvür yaradırlar. Burada çoxallahlılıq, bütlərə sitayiş
mövcud olmuşdur. Assurilər dəfələrlə Manna allahlarını
(təsvirlərini) qənimət kimi aparmışdılar.
İranın cənubunda farslar arasında zərdüştlük təlimi
yayılmışdı. Herodotun verdiyi məlumata görə, farslar məbəd
tikməzdilər, ibadəti açıq havada keçirirdilər. Onlar müxtəlif təbiət
qüvvələrinə sitayiş edirdilər. Günəş, su, ay, külək və s. sitayiş
obyektinə çevrilmişdi.
Ehtimala görə, zərdüştlük e.ə. VII əsrdə meydana gəlmişdir.
Zərdüştlüyün müqəddəs kitabı Avesta hesab edilir. Avestanın
mətnlərindən göründüyü kimi, bu dinin banisi Zərdüşt (Avestada
|