______________Milli Kitabxana_____________
18
ola bilər. Hətta müasir dövrdə geridə qalmış qəbilələrin şüurunu
öyrənmək də çətindir. Çünki onlar bu və ya digər dərəcədə
sivilizasiyanın təsirini görə bilmişlər. İbtidai mədəniyyəti
anlamağın ikinci çətinliyi onun formalarının çoxsaylı və
rəngarəng olmasında, ümumiləşdirilməyin demək olar ki, qeyri-
mümkünlüyü ilə əlaqədardır.
On min illərlə bir dövrü əhatə edən ibtidai mədəniyyətdə
ümumi, bütöv olan bir şey tapmaq mümkündürmü? İbtidai
mədəniyyətin inkişafında çoxsaylı mərhələlərin olduğunu çox az
adam inkar edə bilər. Müasir Avstraliya aborigenləri, eskimoslar,
Cənubi Amerika ovçuları-hindularının mədəniyyətində ümumi
qanunauyğunluqlar tapmaq olduqca çətindir. Görəsən bizim
şüurumuzla ibtidai insanın şüuru arasında köklü fərqlər
olmuşdurmu? Bu sualın cavabının birinci variantını təkamül
məktəbinə daxil olanlar verir. Əsas müddəa budur: insan psixikası
cəmiyyətin inkişafının bütün mərhələlərində birtiplidir. Təfəkkür
qanunları universal və dəyişməzdir.
İbtidai insanların dinə qədərki fikirlərinə aid nəzəriyyələr
kifayət qədər əsaslandırılmamışdır, çünki ibtidai insanların dünya
haqqında təsəvvürlərinin müxtəlif formalarına aid materiallar daha
çoxdur. Əgər buraya ibtidai inkişaf mərhələsində yaşayan,
məsələn, Avstraliya aborigenlərini və b. həyat tərzinin
öyrənilməsini də daxil etsək, güclü və zəngin material əldə etmiş
olarıq. İlkin dini təsəvvürlər kompleksi çoxcəhətlidir. Lakin
onların əksəriyyəti son nəticədə təbiətdə insanın yeri və rolu,
insanın ətraf aləmlə əlaqələrinin öyrənilməsi baxımından bir sıra
forma və metodlara bölünür. Bu formalar totemizm, animizm,
magiya, fetişizm və mifologiyadan ibarətdir. Yuxarıdakı
formaların hamısı vacib olsa da, onların içərisində mifologiya
özünəməxsus yer tutur. Mifologiyada insanlara öz totem-əcdadları
ilə əlaqəsini, təbiətin bu və ya digər qüvvəsinin canlılaşdırılması,
fetişin və magiyanın sehrli gücünü izah edən material istənilən
qədərdir.
Müxtəlif xalqların rəngarəng miflərinin və müxtəlif adlar
altında çıxış edən allahları, qəhrəmanları və mifik hökmdarlarının
olmasına baxmayaraq, ən qədim dövrlərdə bəşər mədəniyyətinin
|