______________Milli Kitabxana_____________
271
əyləncə məclisləri adi hal alır və şəhər həyatı korlanmağa başlayır.
Odur ki, şüşə istehsalına olan ehtiyac dövrün ictimai zərurəti kimi
ortaya çıxır.
Şüşə sənətinin inkişafı VIII əsrdən etibarən Azərbaycanda
şirəli dulusçuluq məmulatının istehsalı üçün texnoloji baza
yaratmışdı. Belə ki, şüşə və keramika üçün şirələrin istehsalı,
təxminən, eyni texnoloji proseslər və eyni xammal tələb edirdi.
Qədim Azərbaycanın şüşə məmulatı qəlibə salmaq və
üfürmək kimi iki üsulla hazırlanırdı. Bu dövrdə ustalar şüşənin
hələ tamamilə ağ rəngdə alınmasına nail ola bilməmişlər.
Xammalın (qum, soda, əhəng) tərkibində olan dəmir qatışıqları
şüşənin yaşılımtıl rəng almasına səbəb olurdu.
Şüşə məmulatı içərisində göy, yaşılaçalan göy və abı rəngli
qablara da rast gəlirik.
O vaxt ustalar hələ dəmiri və misi lazımlı əsas materialdan
ayıra bilmirdilər. Təmiz ağ rəngli şüşə alınması üçün qumu
tərkibində müxtəlif metal oksidləri olan duzlardan ayırmaq lazım
idi.
Şüşə kürələrində xammalın bişməsi üçün 1500°-yə qədər
istilik tələb olunurdu. İstənilən istiliyi əldə etmək üçün isə
meşələrdə olan bol və yararlı ağaclardan istifadə edilirdi. Lakin
ibtidai şəkildə qurulmuş kürələrdə istiliyin çox hissəsi ətrafa
dağılır və itib gedirdi. Əldə edilən istiliyin kifayət etməsi üçün
şüşə xəmiri ibtidai və kiçik qazanlarda bişirilirdi. Nəzərə almaq
lazımdır ki, qazandan götürülən şüşə xəmiri tez soyuyur, soyuq
halda isə ona forma vermək olmurdu. Bütün bu çətinliklərin
nəticəsidir ki, o dövrdə ancaq kiçik həcmli qablar istehsal etmək
mümkün olmuşdur.
Alban dövründə bədii şüşə istehsalının inkişafı iki
mərhələdə (I-IV və IV-VII əsrlər) baş vermişdir. İkinci dövrdə
qabların həcminin nisbətən böyük olması, yəqin ki, şüşə bişirən
kürələrin təkmilləşməsindən irəli gəlmişdir. Bu texniki tərəqqi isə
həmin dövrdə dəmirçiliyin inkişafı və dəmirçi kürələrinin daha
məqsədəuyğun şəkildə qurulması ilə əlaqədardır. Dəmirçiliyin
tərəqqisi isə, şübhəsiz ki, istehsal alətlərinin istehsalı və
müharibələrlə sıx surətdə bağlı idi.
|