ordu quruculuğu idi. Cümhuriyyət yarananda onun müsəlman könüllü dəstələrindən
ibarət cəmi 600 nəfərlik kiçik bir hərbi qüvvəsi var idi. Daxili və xarici
düşmənlərin çoxluğu şəraitində dövlətimiz bu kiçik qüvvə ilə istiqlaliyyətini və
öz ərazi bütövlüyünü qoruyub saxlamaq iqtidarında deyildi. Bunu nəzərə alan
hökumət 1918-ci il Batum müqaviləsinə əsasən Osmanlı dövlətindən təcili hərbi
yardım alaraq öz milli ordusunu qurmağa başladı. Bu məqsədlə Osmanlıdan
təcrübəli hərbi mütəxəssislər çağrıldı. Hökumətin 1918-ci il 26 iyun tarixli
qərarı ilə Müsəlman korpusu "Azərbaycan korpusu" adlandırıldı. 1918-ci il
avqustun 11-də verilmiş "Ümumi hərbi səfərbərlik" haqqında fərmana görə
1894 - 1899-cu illərdə doğulmuş müsəlman etiqadlı bütün Azərbaycan
vətəndaşları hərbi qulluğa çağrılırdılar. Bu fərmana tabe olmayanlar müharibə
dövrünün hərbi qanunları ilə mühakimə olunmalı idilər. 1918-ci il noyabrın 1-də
Hərbi nazirliyin yaradılması haqqında qərar verildi. Hərbi nazirliyə rəhbərliyi
baş nazir F.X.Xoyski öz üzərinə götürdü və general Səməd bəy Mehmandarov
onun müavini təyin olundu. 1918-ci il dekabrın 26-da yaradılmiş üçüncü
hökumət kabinetində hərbi nazir vəzifəsini tutan böyük sərkərdəmiz
Səməd bəy Mehmandarovun rəhbərliyi altında Milli ordunun yaradılması prosesi
sürətləndi. 1919-cu ildə 25 min nəfərdən ibarət ordu yaratmaq və 1920-ci ildə
hərbi qüvvələrin sayını 40 minə çatdırmaq vəzifəsi irəli sürülmüşdü. Hökumət
bu strateji sahəyə 400 milyon manata yaxın pul ayırmışdı ki, bu da illik dövlət
büdcəsinin 24% -nə bərabər idi. Görülən tədbirlər nəticəsində artıq 1919-cu ilin
sonlarında
Azərbaycan milli ordusu iki piyada və bir süvari (atlı) diviziyadan
ibarət idi. General S.Mehmandarovun orduda əmrlərin Azərbaycan türk dilində
verilməsi və hərbi təlimin ana dilində aparılması haqqında əmrinin icrasına
xüsusi diqqət yetirilirdi. Hərbi nazirin müavini görkəmli hərbiçimiz general