II. Dezinseksiya. Kamera dezinfeksiyası Dezinseksiya – yoluxucu (parazitar) xəstəliklərin törədicilərinin keçiriciləri
olan həşaratların və gənələrin, həmçinin sanitar- gigiyenik əhəmiyyətə malik olan və
insanların fəaliyyətinə və istirahətinə maneçilik yaradan buğumayaqlıların məhv
edilməsidir.
Yoluxucu xəstəliklərlə mübarizə onlara qarşı elmi cəhətdən əsaslandırılmış əks
epidemik tədbirlərin kompleks şəkildə aparılmasını nəzərdə tutur. Bu tədbirlər
yoluxucu xəstəlikdən və epidemik prosesin xüsusiyyətindən asılı olaraq həyata
keçirilir. Transmissiv infeksiyalar, məs: malyariya, səpkili və qayıdan yatalaq, gənə
borreliozu, gənə ensefaliti, həmçinin bəzi bagırsaq infeksiyaları (dizenteriya, qarın
yatalağı və s.) ilə mübarizədə tibbi dezinseksiya çox mühüm əhəmiyyət daşıyır.
Buğumayaqlılar onurğasızların çoxsaylı tipi sayılır. Onlardan bəziləri kənd
təsərrüfatına və meşə təsərrüfatına ziyan vurur, mebel dəstini, tikililərin ağac
hissələrini korlayırlar; digərləri insanın və heyvanların yoluxucu xəstəliklərinin
keçiricilədirlər.
Tibbi dezinseksiya – yoluxucu xəstəliklərin keçiriciləri olan, insana müəyyən
zərər yetirən buğumayaqlılarla mübarizə metodlarının, vasitələrinin və üsullarının
elmi cəhətdən əsaslandırılmış tədbirlər kompleksidir.
Tibbi dezinseksiya - entomologiyanın tərkib hissəsi olub epidemioloji və
sanitar- gigiyenik əhəmiyyət kəsb edən buğumayaqlıları öyrənir.
Dezinseksiyanın növləri və metodları: dezinseksiya dezinfektologiyanın
sərbəst bölmələrindən biridir. Dezinseksiya 2 növə bölünür: profilaktik və ocaqlı.
Profilaktik dezinseksiya - buğumayaqlıların çoxalmasının və onların yaşayış
və digər təsərrüfat tikililərində məskunlaşmasının qarşısının alınması məqsədini
daşıyır. Profilaktik tədbirlər keçiricilərin çoxalmasına və qorunub saxlanmasına
maneçilik törədən şəraitlərin yaradılmasından ibarətdir: müntəzəm yuyunma və
bədənin gigiyenası, mənzildə gigiyenik qaydalara riayət edilməsi, qida məhsullarının
və qida qalıqlarının düzgün saxlanılması, pəncərələrin və qapıların torla tutlması,
ərazinin zibil tulantılarından təmizlənməsi və s.