34. Kredit sistemi və müasir şəraitdə onun inkişafı. Bazar iqtisadiyyatının formalaşması və səmərəliliyinin artırılması kredit münasibətlərindən istifadə etmədən və onları təkmilləşdirmədən mümkün deyil. Müasir tip kredit münasibətlərinin formalaşması uzun inkişaf yolu keçmiş mürəkkəb iqtisadi münasibətlərin həyata keçirilməsinə əsaslanır.
Hazırda "kredit sistemi" anlayışına iki cəhət daxildir:
1. Kredit sistemi kredit münasibətlərinin, kreditləmə formaları və metodlarının məcmusu kimi (funksional cəhət);
2. Kredit sistemi borc kapitalları bazarında sərbəst pul vəsaitlərini cəmləyən və onları borc verən (institusional cəhət) maliyyə- kredit təşkilatlarının məcmusu kimi.
Birinci cəhətdə kredit sistemi bank, kommersiya, istehlak və başqa kreditləmə növləri ilə təmsil olunmuşdur. Bütün bu kredit formalarının öz spesifik kredit münasibətləri cizgiləri və onlara xas olan kreditləmə metodları var.
İkinci cəhətdə kredit sistemi fəaliyyətlərini borc kapitalları bazarında həyata keçirən maliyyə vasitəçilərinin məcmusundan ibarətdir.
Bazar iqtisadiyyatı şəraitində kredit sisteminin əsas fəaliyyət göstərən üzvləri banklardır. Bu zaman qeyd etmək lazımdır ki, kredit sistemi müəyyən kredit sistemi çərçivəsində fəaliyyət göstərən banklar məcmusundan ibarət olan bank sistemindən xeyli geniş məfhumdur.
Müasir kredit sistemi borc kapitalları bazarının əsas hissəsidir və öz növbəsində aşağıdakı əsas institusional qruplardan (pillələrdən) ibarətdir:
1. Mərkəzi (emissiya) bank.
2. Bank sistemi:
• kommersiya bankları;
• əmanət bankları;
• investisiya bankları;
• ipoteka bankları;
• digər ixtisaslaşmış banklar.
3. Sığorta bölməsi:
• sığorta kompaniyaları;
• pensiya fondları.
4. İxtisaslaşmış qeyri-bank maliyyə-kredit institutları:
• investisiya şirkətləri;
• maliyyə şirkətləri;
• xeyriyyə fondları və b.
35. Dövlət büdcəsi: formalaşma və istifadə yolları. Maliyyə sistemi — dövlətin öz siyasi və iqtisadi funksiyalarını yerinə yetirməsini təmin etməyə təyinatlanmış maliyyə hissələrinin məcmusudur. O, dörd əsas hissədən -dövlət büdcəsi, yerli maliyyələr, dövlət müəssisələrinin maliyyələri və xüsusi hökumət fondlarından ibarətdir. Hər bir hissə üzvi surətdə bir-biri ilə əlaqləndirilmiş və dövlətin maliyyə siyasətinin həyata keçirilməsinə yönümlənmiş maliyyə elementlərinin məcmusudur.
Maliyyə sisteminin əsas hissəsi hökumətin sərəncamında olan ən iri mərkəzləşdirilmiş pul fondu olan dövlət büdcəsidir.
Büdcə hər bir dövlətə onun iqtisadi, sosial və siyasi funksiyalarının yerinə yetirilməsinə xidmət edən pul fonduna olan obyektiv tələbtını ödəmək üçün lazımdır. Hər bir dövlətin büdcəsinə eyni kateqoriyalar: vergilər, borclar, xərclər və s. daxildir ki, onların da məzmunu bir ictimai iqtisadi quruluşdan digərinə keçdikdə dəyişmir. Bu məqam büdcəni iqtisadi kateqoriya adlandırmağa əsas verir.
Büdcə maliyyə sisteminin mərkəzi hissəsi olduğundan maliyyənin bütün əsas keyfiyyət əlamətlərini özündə əks etdirir. "Maliyyə" gedişi prosesində dövlətin mərkəzləşdirilmiş pul fondlarının yarandığı və istifadə olunduğu pul münasibətləri sistemi olduğundan "büdcə" pul münasibətləri sistemidir.
Buna görə də büdcə gedişi prosesində büdcə fondunun yarandığı və istifadə olunduğu imperativ pul münasibətləri sistemidir.
Əhəmiyyətinə görə ikinci maliyyə hissəsi yerli maliyyə sistemidir. Elmi texniki tərəqqinin təsiri altında yerli hakimiyyət orqanlarının rolu və təsirinin artması baş verir. Yerli təsərrüfatın miqyası böyüyür, yerli hakimiyyətin funksiyaları genişlənir və mürəkkəbləşir. Bütün bunlar dövlət quruluşu və dövlətin müvafiq inzibati bölgüsü ilə müəyyən edilən yerli maliyyələrin əhəmiyyətini gücləndirir. ABŞ-da, məsələn, maliyyələrə ştatların, qraflıqların və taunşiplərin maliyyələri daxildir. Federativ dövlətlərdə (ABŞ, AFR, Kanada) ümumdövlət maliyyə sisteminin bütün resurslarının 40%-dən 50%-nə qədəri, unitar dövlətlərdə isə 30%-ə qədəri yerli büdcələrin payına düşür.
Sərəncamlarında əsas və dövriyyə kapitalı olan, müstəqil smetaya malik, dövlət büdcəsi ilə qarşılıqlı münasibətləri qanunla tənzimlənən dövlət müəssisələrinin maliyyələri müstəqil maliyyə hissəsi əmələ gətirirlər. Dövlət müəssisələri müxtəlif dərəcədə muxtariyyata, istehsal və maliyyə müstəqililyinə malikdirlər.
Dövlət büdcəsi özündə bütün əsas maliyyə institutlarını - xərcləri, müxtəlif növ gəlirləri, dövlət borclarını birləşdirir.Onun ən mühüm funksiyaları maliyyə siyasətinin həyata keçirilməsi, hökumətin maliyyə proqramının yerinə yetirilməsini təşkil etməkdir. Büdcə əsas etibarilə vergilər hesabına yığılan və dövlət tərəfindən öz qarşısında duran məsələlərin həll edilməsi üçün istifadə olunan mərkəzldşdirilmiş pul fondudur. Hazırda dövlət büdcələri yeni yaradılmış dəyərin 40% -ə qədərini, bəzi ölkələrdə isə bundan da çoxunu təkrar bölürlər. Dövlətin əlində cəmlənən iri maliyyə resursları onun fəaliyyətinin maddi əsası olub, təsərrüfat həyatına müdaxilə etmək üçün geniş imkanlar yaradırlar.