16.Vətəndaş cəmiyyəti və hüquqi dövlətdə etiket və etiket davranış qaydaları
Müasir vətəndaş cəmiyyəti və dövlət quruculuğu prosesində mədəniyyətlərin qarşılıqlı əlaqəsi, qarşılıqlı təsiri və zənginləşməsi dövründə peşə etikasının, etiketinin və davranış mədəniyyətinin rolu artır və bu problem daha da aktuallaşır.Etika elminin bir sahəsi olan peşə etikası və etiket nisbətən sonrakı dövrlərdə meydana gəlmişdir. Etika əxlaq haqqında elm kimi eramızdan əvvəl, peşə etikası əxlaqi tələblər, ictimai əmək bölgüsü və peşələrin təşəkkülünün qarşılıqlı əlaqəsini öyrənən nəzəri və tətbiqi problem kimi təzahür etmişdir. "Hippokratın andı" ən qədim etik kodekslərdən biridir. Peşə etikası problemləri ilə qədim dövrdə Aristotel, müasir dövrdə isə Kant və Dürkheym məşğul olmuşlar.İlk peşə-etik kodekslər orta əsrlərdə formalaşmağa başlamış etiket, davranış mədəniyyəti və manerası kimi Qədim Şərqdə yaranmış, Qədim Qərbdə, Yunanıstanda da təşəkkül tapmışdır.
Praktiki əxlaq fəlsəfəsi adlanan etika əxlaqla peşə etikası qarşılıqlı əlaqədardır və bu elmin - etikanın bir bölməsi kimi aşağıdakı funksiyaları yerinə yetirir:
- İdraki;
- Tərbiyəvi;
- Dünyagörüşü;
- Tənzimləyici;
- Müdafiə funksiyaları.
Etiketin Qərbdə İngiltərə və Fransada yarandığını iddia edir, onları "etiketin klassik ölkələri" adlandırırlar. Lakin bir çox tədqiqatçılar bununla razılaşmırlar. Onlar göstərirlər ki, XV əsrdə kobudluğa əsaslanan adətlərin, gücün hökm sürdüyü hər iki ölkədə nəcib, incə davranış qaydalarının olmasından danışmağa dəyməz. O zamankı Avropa Ölkələrindən Almaniya haqqında da bu barədə bir söz demək olmaz. Yalnız İtaliya istisna təşkil edirdi. XIV əsrdən İtaliyada adətlərin nəcibləşdirilməsinə başlandı. İtaliyada Avropanın digər ölkələrində nisbətən feodal adətləri öz yerini daha tez yeni dövrün adətlərinə verdi: burada yüksək dərəcəli savadlılıq mənəvi zənginlik, öz həyatını nəcib qaydalarla tənzimləmək meyili gücləndi. Digər Avropa ölkələri müharibələrin odu-alovu içərisində bütün məsələləri hərbi güclə həll etməyə üstünlük verir, hətta sonralar liberal-demokratik, humanist dəyərlərin beşiyi olan Fransada həmin dövrdə elmə hörmət edilmir, alimləri ən dəyərsiz, əhəmiyyətsiz, insan hesab edirdilər.Daha çox İtaliyanı etiketin vətəni hesab edirlər. İnsan cəmiyyətinə onlar arasında qarşılıqlı münasibətləri tənzimetmə vasitələrindən biri kimi daxil olan etiket - nəcib davranış qaydaları mədəni cəmiyyətdə qəbul edilən nəzakət, ədəb, mərifət, qanacaq kimi mədəni-mənəvi dəyərləri özündə əks etdirdi.
"Etiket" fransızca etiquette sözündən olub, müəyyən sosial dairələrdə qəbul edilmiş rəftar, davranış qaydalarının məcmusudur. Ensiklopediyalarda etiket cəmiyyətdə qəbul edilmiş rəftar, davranış formaları, nəzakət, ədəb, mərifət, qanacaq formaları kimi səciyyələndirilir. Fransız sözü etiquette yarlık, etiketka və mərasim mənasını verir, daha doğrusu müəyyən mərasimin keçirilməsi qaydası deməkdir. "Etiket" sözü rus dilinə XVIII əsrdə Azərbaycan dilinə isə rus dili vasitəsilə keçsə də, davranış qaydaları ölkəmizdə qədim zamanlardan mövcud olsa da, XX əsrə keçmişdir.Etiket normaları bir növ razılığa əsaslanır. Bununla əlaqədar bu normalar müxtəlif qaydalarda fərqli şəkildə özünü göstərir, bu zaman həmin xalqların tarixi inkişaf xüsusiyyətləri nəzərə alınır. Əslində, etiket hər bir insanın davranışına ictimai nəzarət forması kimi çıxış edir, bu normaların pozulmasına görə mühakimə etməkdən başlamış cəriməyədək müxtəlif formalardan istifadə olunur. "Etiket" termini cəmiyyətdə qəbul edilmiş davranış, mərifət, nəzakət qaydası və forması kimi insanların qarşılıqlı münasibətlərində mühüm rol oynayır. Etiketdə müəyyən şəraitdə formal davranış qaydaları onun məzmunundakı sağlam düşüncə və rasionallıqla birləşir. Etiketin praktiki, o, insanlara müxtəlif qruplarla müxtəlif səviyyələrdə ünsiyyət yaratmaq üçün artıq hazır ümumi mərtifət, ədəb, nəzakət qaydalarından istifadə etmək imkanı verir. Etiketin əsasını sadə davranış qaydaları təşkil edir. Etiketdə nitq mədəniyyəti, mədəni danışıq yalnız düzgün qrammatik və stilistik qaydalara riayət etməyi tələb etmir, bu zaman vulqar sözlərdən, qeyri-senzuralı ifadələrdən, söyüşlərdən imtina edilməlidir. Elementar nəzakət, mərifət və ədəb-qaydaları salamlaşmaq, vidalaşmaq, xoş və ədəbli sözlər demək, insanlara sağlam həyat, xoşbəxtlik, cansağlığı diləmək və arzulamaq qabiliyyətindən ibarətdir.Vətəndaş cəmiyyəti və hüquqi dövlətdə xoş ünsiyyət zamanı insanların daxili, mənəvi aləmi, zahiri görünüşü, geyimi ilə, ictimai yerlərdə özünü mərifətli aparmağı bacarığı ilə vəhdət təşkil etməlidir. Səliqəli geyinən mədəni, ədəbli, qanacaqlı adam ətrafdakılarda xoş təəssürat yaradır. Vətəndaş cəmiyyətinin etiketində diqqətlilik, qayğıkeşlik, başqalarının halına acımaq, ehtiyacı olanlara kömək etmək, həmsöhbəti dinləmək bacarığı yüksək qiymətləndirilir. Etiketlə insanlar arasında təşəkkül tapan, uzun sürən proseslərin nəticəsi olan mənəvi-əxlaqi normalar qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdədir. Etiket və mənəvi-əxlaqi normalara riayət etməklə siyasi, iqtisadi və mədəni münasibətlər həyata keçirmək olar.
Etiketlərin bir çox növlərini ayırırlar:
- Danışıq və nitq etikası;
- Süfrə mədəniyyəti və etiket;
- Jurnalistlərin davranış mədəniyyəti;
- Pedaqoji etika (müəllimlərin, valideynlərin, şagirdlərin, tələbələrin etik davranış qaydaları);
- Hüquq və mühafizə orqanlarının (polis, prokurorluq), hərbçilərin;
- Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının etik davranış qaydaları;
- Dövlət qulluqçularının etiket qaydaları;
- Alimlərin və yaradıcı şəxsiyyətlərin etik kodeksi;
- Həkimlərin etik kodeksi;
- Biznesmenlərin davranış mədəniyyəti;
- Diplomatların rəsmi və qeyri-rəsmi etiket və davranış qaydaları;
- Müxtəlif peşə sahiblərinin etik kodeksləri.
Müasir etiket demokratik, vətəndaş cəmiyyətlərində hökm sürən mənəviyyat normaları kimi uzun sürən prosesin - adətlərin irsi nəticəsi olaraq qədim dövrlərdən indiyədək bütün xalqların mənəvi həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Etiket - davranış qaydalarına müasir dövrdə ən ümumi mənəvi vasitə kimi hər hansı cəmiyyətin bütün üzvləri, eləcə də dünyada mövcud olan müxtəlif sosial-siyasi sistemlərin nümayəndələri də riayət edirlər. Etiket ümumdünya prosesi olaraq bütün xalqların, millətlərin, etnik qrupların, insanların həyat tərzlərinə çevrilmişdir.Etiket qaydaları yarandığı gündən indiyədək cilalana-cilalana təkmilləşə-təkmilləşə bizim günlərə gəlib çıxmışdır. Hər bir xalq öz spesifik tarixi inkişaf xüsusiyyətlərinə, ictimai-siyasi quruluşuna, adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə uyğun olaraq etiket qaydalarına əlavələr, düzəlişlər etmiş, onu daha da təkmilləşdirmiş, beləliklə ümumdünya davranış mədəniyyətinə öz milli töhfəsini vermişdir. Bu mənada etiket-davranış mədəniyyəti ümumbəşəriliyin və milliliyin vəhdəti olan bir mənəvi sərvətdir.
Uzun əsrlər boyu bəşəriyyətin həyat şəraiti dəyişdikcə, təhsil və mədəniyyətin, mənəvi həyatın səviyyəsi yüksəldikcə etiket, davranış qaydaları bir-birini əvəz etmişdir. Şübhəsiz ki, etiket qaydaları mütləq olmadığından yerindən, zamanından və şəraitindən asılı olaraq onlara riayət olunmuşdur. Əxlaq normalarından fərqli olaraq etiket qaydaları şərti xarakter daşıyır. Belə ki, etiket qaydalarına yazılmamış razılaşma var: həmin razılaşmaya görə insanların davranış qaydalarında nəyin ümumi, hamı tərəfindən qəbul olunub-olunmaması müəyyənləşdirilir. Hər bir mədəni insan əsas etiket normalarına riayət etməyi başa düşməklə yanaşı, müəyyən qayda və qarşılıqlı münasibətlərin zəruriliyini də dərk etməlidir. Manera, qayda insanın daxili mədəniyyətini, onun mənəvi və intellektul keyfiyyətini əks etdirir. Özünü cəmiyyətdə yaxşı aparmağı bacarmaq çox böyük əhəmiyyət kəsb edir. Bu cür qabiliyyət sayəsində insan başqaları ilə asanlıqla əlaqə yarada bilir, qarşılıqlı anlaşmaya nail olur, yaxşı, sabit qarşılıqlı münasibətlər yarada bilir. Belə tərbiyəli insanlar rəsmi mərasimlərdə, cəmiyyətdə deyil, evdə etiket qaydalarına riayət etməklə insanlar arasında hörmət və nüfuz qazana bilir. Bütün şəraitlərdə ədəbli, qanacaqlı, mərifətli olan ictimai qaydanı pozmayan nə sözü ilə, nə hərəkəti ilə heç kəsi incitməyən, heç kəsin ləyaqətinə toxunmayan belə insanlarla yanaşı rəsmi yerlərdə bir cür, evdə başqa başqa cür olan, başqalarının xətrinə dəyən ikiüzlü kobud adamlara da təsadüf olunur. Bu isə onların mədəniyyətsizliyinə və tərbiyəsizliyinə dəlalət edir, onların ikili davranış standartları ilə yaşadığını göstərir.Müasir vətəndaş cəmiyyətində etiket insanların məişətdə, xidmətdə, ictimai yerlərdə, küçədə, qonaqlıqlarda, müxtəlif növ rəsmi tədbirlərdə - qəbullarda, mərasimlərdə, danışıqlarda davranışını tənzimləyir. Beləliklə, etiket ümumbəşəri əsrlər boyu müxtəlif xalqların yaratdıqları ümumbəşəri mədəniyyətinin, əxlaqın, mənəviyyatın daxil, insanların xeyir, ədalət, insanlıq haqqında təsəvvürlərinin, eləcə də gecəlik, qayda-qanun, məişət, məqsəd uyğunluğu haqqında maddi mədəniyyətin çox mühüm, böyük hissəsini təşkil edir.Məlum olduğu kimi, indiyədək Qərbdə, Şərqdə, MDB ölkələrində, Rusiyada, o cümlədən Azərbaycanda peşə etikasının müxtəlif sahələrinə aid məlumatlara təsadüf olunur. Bütün Qərb ölkələrində etiketə dair ensiklopediyalara belə rast gəlindiyi halda, bu problem Azərbaycanda sistemli və müfəssəl şəkildə işlənməmişdir. Məlumdur ki, etiket etik normalarla sıx bağlıdır. "Etiket" normalar mənəvi keyfiyyətin yalnız bir parametridir. Onun ədalətlilik, sadə niyyətlilik, təmizlik, nəfs toxluğu var ki, bunların - bütün şəxslər tərəfindən yerinə yetirilməsinə böyük ehtiyac var.Ulu Öndər Heydər Əliyevin qurduğu tərbiyə sisteminin üstün cəhətlərindən biri də Onun vətəndaş cəmiyyəti və hüquqi dövlətdə fəaliyyət göstərən milli kadrların kefiyyətinin artırılmasına xidmət göstərmək imkanına malik olmasıdır. Azərbaycan Respublikasının Prezidenti, ölkə başçısı Cənab İlham Əliyev etiket qaydalarının əhəmiyyətini və dəyərini dərk edərək davranış qaydalarının gənc nəslə öyrədilməsi zərurətini göstərir.
Dostları ilə paylaş: |