F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 1.62 Mb.
Pdf просмотр
səhifə17/24
tarix22.07.2017
ölçüsü1.62 Mb.
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

 
 
XII FƏSİL 
 
SİYASƏTİN SOSİOLOGİYASI 
 
1. Siyasətin sosiologiyası sosioloji elmin mühüm sahəsi kimi 
 
Siyasi sosiologiya sosiologiyanın çox mühüm sahələrindən biri olub, siyasəti və siyasi münasibətləri 
öyrənir. Onun əsas predmeti siyasi hakimiyyətdir, onun cəmiyyətdə  fəaliyyətinin və bölgüsünün forma və 
metodlarıdır. Bu predmet çərçivəsində  fərdlərin, sosial qrupların, etnik birliklərin və onların təşkilatlarının real 
siyasi şüuru, maraqları və davranışına xüsusi diqqət yetirilir. 
Siyasətin sosiologiyası xüsusi sosioloji bilik sahəsi kimi Qərbdə XX əsrin 30-50-ci illərində qərarlaşmışdır. 
Lakin onun predmet sahəsini, yəni siyasətə sosioloji yanaşmanı  həmin dövrlə  məhdudlaşdırmaq doğru olmazdı. 
Qədim yunan mütəfəkkirlərini, ilk növbədə Platonu və Aristoteli, Yeni dövr nəzəriyyəçilərini (Makiavelli, Boden, 
Hobbs, Monteskye, Tokvil və başqaları), fransız ensiklopedistlərini (Didro, Dalamber, Russo, Volter, Helvetsi, 
Holbax və s.), Sen-Simonu, Lokku, Ferqyussonu və Hegeli xatırlamaq kifayətdir. Onların ideyaları siyasəti və onun 
nəzəri-metodoloji mənalandırılmasını nisbi muxtar həyat və elm sahəsi kimi ayırd etməkdə, eyni zamanda siyasəti 
sosial sfera ilə qarşılıqlı  təsirdə öyrənməkdə mühüm rol oynamışdır. Bu ilkin şərtlər sosiologiyada M. Veber, 
V. Pareto, Q. Moska, R. Mixels, A. Bentli, D. Trumen, Q. Lassuel kimi ğörkəmli mütəfəkkirlər, habelə digər 
məktəb və cərəyanların nümayəndələri tərəfindən reallaşdırıldı. 
Bir cəhətə  də xüsüsi diqqət yetirilməlidir: Qərbdə siyasi sosiologiyanın təşəkkülü ümumi sosiologiyanın 
inkişafı ilə 
[217 - 218]
  sıx  əlaqədə, siyasi elmlə (politologiya ilə) qarşılıqlı  təsirdə  və  rəqabətdə baş vermişdir. 
Məsələn, ümümi sosiologiyada siyasi sosiologiyanın siyasi sistem nəzəriyyəsinə adaptasiya olunması (T. Parsons 
və onun ardıcılları), sosiologiyanın bir çox mərkəzi konsepsiya və anlayışlarının (məsələn, təsisatlaşma, 
sosiallaşma, sosial diferensiasiya və inkişaf) siyasiləşməsi və siyasətin təhlil instrumentinə çevrilməsi özünü 
göstərir. Siyasi sosiologiyanın digər sələfi olan siyasi elm müstəqil akademik fənn kimi xeyli əvvəl təşəkkül 
tapmışdır. Belə ki, həmin elmin ilk kafedraları Qərbi Avropada və Amerikada XIX əsrin sonu - XX əsrin əvvəlində 
meydana gəlmiş, tezliklə milli assosiasiyalara çevrilmişdir. Artıq 1949-cu ildə YUNESKO-nun nəzdində 
Beynəlxalq Siyasi Elm Assosiasiyası (BSEA) yaranmışdır. Siyasi sosiologiya nümayəndələri, habelə sosioloji 
yönümlü politoloqlar təklif edirdilər ki, siyasət perspektivdə sosial struktur və qeyri-formal sosial institutlar, ictimai 
rəy və davranış baxımından, bir sözlə, sosial-siyasi proseslərin, norma və münasibətlərin bütün kompleksi kimi, 
şəxsiyyətin və kiçik qrupların sosial-mədəni və psixoloji xarakteristikalarının bütün rəngarəngliyini tədqiq etməklə 
təhlil olunsun. Bu halqa diqqət yetiriləsi məqamlar xeyli artır. Məsələn, təkcə razılıq və sabitlik məsələlərini yox, 
həm də münaqişə və dəyişikliləri araşdırmaq lazım gəlir. Təkcə siyasi partiyaları və həmkarlar təşkilatlarını yox, 
bütün ictimai təşkilatları və hərəkatları, qeyri-formal birlikləri öyrənməyə ehtiyac yaranır və s. 
Siyasi sosiologiya nümayəndələrinin, sosioloji yönümlü politoloqların mühüm xidmətlərindən biri də 
onların sosiologiyada geniş istifadə olunan bir sıra anlayışları (məsələn, aktyor, rol, status, mövqe, dəyər, gözləmə, 
yönüm və s.) siyasətin tədqiqinə daxil etmələridir. 
Nəzərə almaq lazımdır ki, artıq XX əsrin 50-60-cı illərində Qərbdə, ən əvvəl ABŞ-da siyasi elmin özündə 
sosiologiyalaşma meyli güclənir. Mütəxəssislər bunu iki mühüm amillə izah edirlər:  1)  pozitivist-biheviorist 
dünyagörüşü və 
[218 - 219]
 metodologiyasının üstün nüfuza malik olması ; 2)  empirik təhlil metodlarının geniş 
tətbiq edilməsi. Öz növbəsində siyasi sosiologiya sahəsində çalışanlar rəsmi siyasi təsisatları və normaları (əlbəttə, 
bu sahə üçün xarakterik olan metodlarla) öyrənməyin zəruriliyini etiraf etdilər. Təsadüfi deyildir ki, hazırda siyasi 
sosiologiya və siyasi elm nəzəri-metodoloji və kateqoriya-anlayış baxımından o qədər də fərqlənmir. Təsisatlaşma 
aspektində siyasi elmin imkanları daha genişdir: inkişaf etmiş ölkələrdə siyasi elmə dair çoxsaylı fakültələr və 
kafedralar mövcuddur, halbuki siyasi sosiologiya, demək olar ki, ancaq ümumi sosiologiya çərçivəsində öyrənilir 
və tədris olunur. 
Hazırda siyasi sosiologiyanın predmet sahəsi qeyri-yekdil mövqeləri əks etdirir. Bunun səbəbləri müxtəlifdir 

- siyasi sosiologiyaya dair nəzəriyyələr, anlayış aparatı, tədqiqat metodları və empirik şərtlər kifayət qədər 
rəngarəngdir; 
- onun meydana gəlməsi mənbələri, həm də inkişaf qolları müxtəlif və ziddiyyətlidir; 
- siyasətin müxtəlif cür başa düşülməsi, XX əsrdə siyasət sahəsinin özünün genişlənməsi və dəyişilməsidir; 
- alimlərin nəzəri - dünyagörüşü mövqelərinin fərqli xüsu-siyyətlərə malik olmasıdır; 
- cəmiyyətşünaslıq elmlərinin ümumən etiraf olunan nəzəri-metodoloji əsaslarının olmamasıdır; 

88 
 
- həmin elmlərin inkişafına milli xüsusiyyətlərin müəyyən təsir göstərməsidir; 
- həmin elmlərin qarşılıqlı nisbətindəki fərqlilikdir (xüsusən siyasi sosiologiyanın və siyasi elmin 
dövlətşünaslıqla, siyasi fəlsəfə, siyasi tarix və siyasi iqtisadla qarşılıqlı münasibəti və qarşılıqlı təsiridir); 
- ayrı-ayrı ölkələrin sosial elmlərində üstün paradiqmaların bir-birini əvəz etməsi, nəticədə bu fərqliliyin 
özünəməxsus iz buraxmasıdır. Məsələn, ABŞ-ın siyası sosiologiyası üçün xalis empirik yönüm, konflikt və siyasi 
hakimiyyət strukturu problemlərinə üstün diqqətin formalaşması xarakterikdir. 
[219 - 220]
 Almaniyada siyasi 
sosiologiyaya dövlətşünaslığın və siyası  fəlsəfənin, Böyük Britaniyada isə siyasi tarixin və siyasi iqtisadın fəal, 
güclü təsiri hiss olunur. 
Deməli, siyasi sosiologiyanın xüsusi istiqamət kimi formalaşması  və  təkamülü kifayət qədər mürəkkəb 
zəmində baş vermiş, müxtəlif amillərin təsirinə məruz qalmışdır. Sosiologiya tarixinə nəzər yetirdikdə aydın olur 
ki, həm XIX əsrdə, həm də XX əsrdə  əslində  hər bir görkəmli sosioloq dövlət və  cəmiyyət məsələlərini təhlil 
edərkən siyasi həyatın müxtəlif aspektlərinə toxunmuş, maraqlı, orijinal mülahizələr söyləmiş, yaşadığı cəmiyyətin, 
dünyanın siyasi reallıqlarını öz konsepsiyasına uyğun mənalandırmağa səy göstərmişdir. 
 
2. Siyasi institutların mahiyyəti və fəaliyyəti 
 
Siyasi institutların təşəkkülü uzunmüddətli prosesdir. O, öz başlanğıcını qarşılıqlı  təsirin keyfiyyətcə yeni 
növü olan siyasi hakimiyyətin tədricən təşəkkül tapdığı vaxtdan götürür. Siyasi hakimiyyətin təsisatlaşması müasir 
sosial inkişafın zəruri şərtidir. 
Siyasi institutlar siyasi hakimiyyətin reallaşmasını  həyata keçirirlər. Bu hakimiyyətin zəruriliyi onunla 
şərtlənir ki, fərdlərə, sosial qruplara müyəssər olan ehtiyatlar, sərvətlər və sosial cəhətdən  əhəmiyyətli digər 
obyektlər heç zaman tükənməz deyildir. Onlara yiyələnmək sferasını genişləndirmək kimi təbii səyi məhdudlaşdıra 
bilən sosial cəhətdən müəyyənləşmiş hüdudlar olmalıdır. Belə ehtiyatlar, sərvətlər təkcə maddi xarakterli deyildir. 
Onlara həm də  təhlükəsizlik, informasiya əldə etmək imkanı, status, nüfuz, hakimiyyət aiddir. Zəruri hüdudlar 
olmadıqda qarşılıqlı sosial təsirlər nizamlana bilməz. Anarxiyaya, sosial sistemlərin nizamsızlığına gətirib çıxaran 
mübahisələr, münaqişələr, toqquşmalar labüd olar. Hüdudların müəyyənləşdirilməsi və təmin 
[220 - 221] 
edilməsi 
cəmiyyətdə hakimiyyət münasibətlərinin qərarlaşmasını  tələb edir. Hakimiyyət mübahisə  və münaqişələrin 
inkişafının elə hüdudlarını müəyyənləşdirməyə qadir olmalıdır ki, onlara nail olmağı təmin edən hakimiyyət qərarı 
hamı tərəfmdən məcburi akt kimi qəbul edilsin. 
Hakimiyyəti bir subyektin digər subyektin (və ya subyektlərin) davranış aktlarına, fəaliyyətinə  nəzarət 
imkanı kimi müəyyənləşdirmək olar. Siyasi hakimiyyət bütövlükdə cəmiyyəti əhatə edir. Ancaq siyasi hakimiyyət 
üçün bütün növ sanksiyaların tətbiqi hüququ etiraf olunur (fiziki məcburiyyət, mülkiyyətdən, azadlıqdan 
məhrumetmə və s.). Lakin siyasi hakimiyyətin zorakılığı legitim olmalıdır, yəni cəmiyyətin əksər üzvləri tərəfindən 
etiraf və qəbul olunmalıdır. 
Dövlət mühüm siyasi institutdur. O, təsisatlaşmış siyasi hakimiyyəti həyata keçirir. Siyasi sosiologiya 
sahəsində maraqlı tədqiqatları olan M. Veberə görə, siyasi hakimiyyətin bazası kimi legitimlik ənənəyə, əksəriyyət 
tərəfindən etiraf olunan avtoritetə (harizmaya) və rasional seçimə  əsaslana bilər.  Ənənəvi hakimiyyət qədimdən 
təşəkkül tapmış ənənələrin sarsılmazlığına, müqəddəsliyinə, hakimiyyət orqanlarının təbii qanuniliyinə ən ümumi 
inama istinad edir. Harizmatik hakimiyyət bir şəxsin böyüklüyünə, müqəddəsliyinə, bütün başqaları üzərində 
üstünlüyünə, onun qəhrəmanlığına hökmran inama əsaslanır; belə hakimiyyətin  əsası  həmin  şəxsin simasında 
millətin atası, rəhbəri, şəksiz lideri kimi təzahür edir; ona tam əminliklə, Könüllü, əqidə gücünə, şəxsi sədaqətlə 
tabe olurlar. Rasional xarakterli hakimiyyət qərarlaşmış qaydanın qanuniliyinə üstün inama, əksəriyyət tərəfindən 
dövlət orqanlarının hakimiyyəti həyata keçirmək hüququnun əsaslılığına istinad edir. 
Siyasi hakimiyyət müxtəlif cür yarana və bölüşdürülə bilər. Dövlət idarəçiliyi formalarının  ənənəvi 
tipologiyası hakimiyyətin bölgüsü üsullarını  əks etdirir: avtokratiya, yəni bir nəfər idarəedicinin hökmranlığı; 
oliqarxiya, yəni bir neçə imtiyazlı şəxsin hökmranlığı; demokratiya, yəni xalqın hakimiyyəti. 
[221 - 222]
 Aristotel 
avtokratiyanın tiraniyaya (tiranın hökmranlığı), oliqarxiyanın plutokratiyaya (cinayətkarların hökmranlığı), 
demokratiyanın oxlokratiyaya (yığnağın hökmranlığı) keçməsinin daim meydana gələn fenomenlərinə xüsusi 
diqqət yetirmişdir. 
Mütəxəssislərin fikrincə, məlum idarəetmə formasında qanunla özbaşınalığın qarşılıqlı nisbətinin 
əhəmiyyətli dərəcədə  dəyişilməsi belə keçidin əsasını  təşkil edir. Avtokratiyadan tiranlığa keçid öz təcəssümünü 
qanuni monarxın tiranla əvəz olunmasında tapır. Qanuni monarxın hakimiyyəti varislik hüququna əsaslanır, 
idarəetmənin özü isə mövcud qanunlara, norma və ənənələrə əməl etməklə bağlıdır. Tiranın idarəetməsi özbaşına 
zorakılığa əsaslanır, hər hansı norma ilə bağlı deyildir. Dövlət hakimiyyəti cinayətkar varlanma, əməl üçün istifadə 
olunduqda oliqarxiyanın plutokratiyaya keçməsindən bəhs etmək olar. Oxlokratiya isə  əksəriyyətin elə 
hökmranlığıdır ki, o, qanunla bağlı deyildir, yığnağın zorakılığına istinad edir. 

89 
 
XX əsrdə siyasi idarəetmənin xüsusi forması olan totalitar dövlət meydana gəlmişdir. Almaniyada hitlerizm, 
SSRİ-də stalinizm, Kambocada Pol Pot rejimi buna misal ola bilər. Totalitar dövlətin xarakteristikasında prinsipial 
cəhət hökmran qüvvə tərəfindən qanunların sadəcə olaraq özbaşına pozulması deyildir, hüquqi tənzimləmənin total, 
ən ümumi, ən əhatəli terrorla əvəz olunmasıdır. Qanunsuzluq tiranlığın mahiyyətidir. Terror totalitar hökmranlığın 
mahiyyətü xüsusiyyətidir. 
Totalitar dövlətin xarakteristikasında bu xüsusiyyətləri qeyd edirlər: vahid dövlət ideologiyası; terrorun 
tətbiqi; kütləvi informasiya vasitələri üzərində tam nəzarət; silahlara nəzarətsiz sərəncamçılıq; iqtisadiyyatın tam 
miqyasda idarə olunması. 
Ən yeni dövrdə hüquqi dövlət konsepsiyası etiraf olunur və inkişaf etdirilir. Bu konsepsiya istənilən dövlət 
fəaliyyəti formasının hüquqa, ən  əvvəl Konstitusiyaya tabe 
[222 - 223]
 olması ideyasına  əsaslanır. Demokratik 
cəmiyyətdə Konstitusiyanın başlıca vəzifəsi vətəndaşların  ən mühüm hüquq və azadlıqlarını qorumaq naminə 
dövlət hakimiyyətinin həlledici məhdudlaşdırıcısı, vətəndaş  cəmiyyətinin  əsas institutlarının özinkişafının və 
özünütəşkilinin mühüm təminatçısı olmaqdır. Konstitusiya dövlət hakimiyyətini hüquqla məhdudlaşdıraraq, bəyan 
etdiyi mülki və siyasi hüquqları mühafizə edir, hüququn başlıca funksiyasını reallaşdırır. Bu funksiya azad 
yaşamağın, fəaliyyət göstərməyin təcəssümü və meyarı olmalıdır. Azadlıq olmadan hüquq yuridik fıksiyadır, 
özbaşınalığın pozitiv sanksiyasıdır. Hüquqsuz azadlıq hamının hamıya qarşı müharibəsidir, cəmiyyətin və dövlətin 
dağılmasıdır. 
Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu getdikcə daha mühüm nailiyyətlər qazanır. 
Siyasi partiyaların, həmkarlar və digər təşkilatların, birliklərin azad, sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılır. 
Təhlil göstərir ki, onların fəaliyyətində, qarşılıqlı əlaqə və münasibətlərində yeni, maraqlı cəhətlər meydana gəlir, 
tədricən inkişaf edir və sabit meylə çevrilir. Kütləvi informasiya vasitələrinin rolunun artması ictimai-siyasi 
həyatımızda getdikcə  dərinləşən demokratikləşmənin mühüm göstəricilərindən biridir. Lakin nəzərdən qaçırmaq 
olmaz ki, həm siyasi partiyaların, müxtəlif təşkilatların, həm də kütləvi informasiya vasitələrinin fəaliyyəti 
Konstitusiya prinsiplərinə, qanunçuluğa  əsaslanmalıdır. Ümummilli, ümumdövlət maraqları onların fəaliyyətində 
həmişə önəmli yer tutmalıdır. 
 
3. Siyasi sosiallaşma 
 
Hazırda ictimai həyatın siyasiləşməsi inkişafımızın xarakter xüsusiyyətlərindən birinə çevrilmişdir. Bu, 
təbiidir ki, siyasətin bütün aspektlərinin daha dərindən, hərtərəfli öyrənilməsinə ciddi tələbat doğur. Siyasi 
sosiallaşma aktuallığı getdikcə artan proseslərdən biridir. 
Siyasi sosiallaşma insanın müvafıq informasiyaya yiyələnməsi, siyasi davranış ideyalarını, baxışlarını, 
nümunələrini qavraması prosesidir. 
Siyasi sosiallaşma ünsürləri məktəb yaşından  əvvəl təzahür edə bilər. Lakin bu proses ilk məktəb 
yaşlarından etibarən müntəzəm xarakter alır. Belə ki, sosial psixoloqlarının və pedaqoqların fıkrincə, 8-13 yaş 
uşaqda siyasi baxışların formalaşmasının mühüm mərhələsidir. Bu yaşda siyasi quruluşdan, siyasi proseslərdən 
daha çox siyasi xadimlərdən, rəhbərlərdən bəhs etməyə meyllilik güclü olur. Başqa sözlə, ümumi siyasi proseslərin 
fərdləşdirilməsi aydın müşahidə edilir. Ayrı-ayrı ictimai qüvvələrə, hətta xalqlara, dövlətlərə  rəğbət və ya nifrət, 
tənqidi mövqe təzahür edə bilər. Bu prosesdə ailədə  və  məktəbdə  məsələlərin müzakirəsi, müəyyən yönümün 
olması (təbiidir ki, yaşlıların köməyi ilə) mühüm rol oynayır. 
13-14 yaşdan etibarən sosiallaşmanın yeni mərhələsi başlanır. Yeniyetməlik adlanan bu mərhələnin 
səciyyəvi xüsusiyyəti dağınıq siyasi informasiyanın müəyyən sistem halında formalaşmasıdır. Bu sistemdə nəinki 
siyasi həyatın ayrı-ayrı  məqamları,  ən məşhur  şəxsiyyətləri özünə yer tapır, həm də ölkədəki ümumi siyasi 
vəziyyət, siyasi hakimiyyətin strukturu, cəmiyyətin və dövlətin məqsədləri barəsində müəyyən təsəvvür formalaşır. 
Məhz bu dövrdə müxtəlif ictimai təşkilatların, o cümlədən siyasi yönümlü təşkilatların fəaliyyətinə qoşulmaq 
istiqamətində ilk cəhdlər reallaşır. 
Bir çox cəmiyyətlərdə 18 yaş insanın siyasi həyatda tam hüquqlu iştirakının başlandığı müddət hesab 
olunur. İnsanın bir vətəndaş kimi təşəkkülü əsasən başa çatır. Bu zaman onun dünyagörüşü bir növ tamamlanmış 
məna kəsb edir. Siyasi rəğbət və ya nifrət qabarıq  şəkildə  təzahür edir. Bəziləri üçün siyasi proseslərdə  iştirak 
etmək onun sonrakı  həyatının mühüm komponentinə çevrilir. Millətin, sosial qrupun struktur ünsürü olan insan 
konkret şəraitdən asılı olaraq 
[224 - 225]
 müstəqil surətdə siyasi fəaliyyətə qoşulur, cəmiyyətin siyasi münasibətlərini 
bu və ya digər dərəcədə təcəssüm etdirir. 
Bəzi tədqiqatçıların fikrincə, yetkin həyata qədəm qoymaqla siyasi sosiallaşma prosesi başa çatır. Bu fikirlə 
razılaşmaq çətindir.  İş ondadır ki, öz həyatı dövründə insan, hətta müəyyən sosial qruplar öz siyasi yönümünü 
dəyişə bilər, öz siyasi fəaliyyətini başqa formalarda davam etdirə bilər, gerçəkliyi təhlil edərək, siyasi dissidentə 
çevrilə, yaxud siyasi məsələlərə laqeydlik yolunu tuta bilər. Deməli, insan bütün həyatı ərzində siyasi sosiallaşmaya 
məruz qala bilər. Onun gəncliyində formalaşmış siyasi mövqeyindən, müəyyən sərvət yönümlərindən uzaqlaşıb-

90 
 
uzaqlaşmaması burada xüsusi məna kəsb etmir. Siyasi yönümün, mövqeyin dəyiş-məməsi onun siyasi insan kimi 
dəyişməz qalması demək deyildir. O, öz həyatında müəyyən təshihlər aparır, siyasi reallıqlara öz münasibətini 
dəqiqləşdirir, öz həyat fəaliyyətinin konkret formalarını başqalaşdırır. 
Yeri gəlmişkən bir məsələyə  də aydınlıq gətirilməlidir. Tarixin sərt dönüşlərində insanların siyasi həyata 
qoşulmasına xüsusi diqqət yetirilmiş, hər kəsin siyasətdə  iştirakı hüququ etiraf olunmuş, bunun üçün müəyyən 
təminatlar verilmişdir. Lakin bu, uzun müddət ərzində əhalinin bir qisminə müyəssər olmuşdur. Tarixi proses sübut 
edir ki, siyasi kolliziyalar zamanı siyasi problemlərin həllində  iştirak edənlərin sayı  kəskin surətdə artır. Lakin 
qələbə ya məğlubiyyət məqamları keçdikdən sonra iştirakçıların azalması müşahidə edilir. 
Mütəxəssislərin fikrincə, ümumi meyl belədir ki, siyasət getdikcə daha çox adamın həyatına daxil olur. Sabit 
xarakter daşıyan bu meyl əhəmiyyətli dərəcədə onunla əlaqədardır ki, siyasi hüquq və azadlıqların dərk olunması, 
reallaşması siyasi fəaliyyətdə, demək olar ki, hamının iştirakı üçün əsas yaradır. Müxtəlif səviyyədə  rəhbərin, 
liderin mövqeyi, siyasi proseslərə bələdliyi, elmi cəhətdən əsaslı strategiya və taktika işləyib hazırlamaq bacarığı 
böyük məna kəsb 
[225 - 226]
 edir. Lakin bu, adamların siyasi davranışının, fəaliyyətinin həlledici  əhəmiyyətini 
kiçiltməyə əsas vermir. 
Belə bir cəhət də unudulmamalıdır: bəzən insanların siyasi fəaliyyətini məhdudlaşdırmaq, yaxud başqa bir 
məcraya yönəltmək halları özünü göstərir. Lakin insanların siyasi həyatdan hər hansı formada uzaqlaşdırılması, real 
tarixi prosesə adekvat olmayan səmtə istiqamətləndirilməsi ciddi nəticələrə gətirib çıxara bilər. Məsələn, açıq və ya 
gizli şəkildə bütövlükdə siyasi sistemə münasibətdə yadlaşma təzahür edə bilər. 
Hazırda ictimai-siyasi həyatda təkcə bir ölkə əhalisinin yox, bir çox dövlətlərin əhalisinin sosial dəyərlərinin 
akkumulyasiyası baş verir. İndiki mərhələdə müxtəlif siyasi yönümlü insanlar cəmiyyətin militaristləşdirilməsinə, 
təcavüz və müharibə siyasətinə, irqi və milli ayrı - seçkiliyə, terrorizmə, qadınların hüquqlarının 
məhdudlaşdırılmasına, gənc nəslin vəziyyətinin pisləşməsinə,  ətraf mühitə qeyri-insani münasibətə, təbii 
ehtiyatlardan səmərəsiz istifadəyə və s. qarşı öz etirazlarını bildirirlər. 
Göründüyü kimi, siyasi sosiallaşma mürəkkəb, çoxcəhətli proses olub, müvafıq informasiyanın 
mənimsənilməsini,  şərhini, öz mənafe və  tələbatlarına uyğunlaşdırılmasını, həmin mənafe və  tələbatların 
cəmiyyətlə, dövlətlə qarşılıqlı münasibətlər prosesində, real həyatda reallaşdırılmasını nəzərdə tutur. 
 
4. Siyasi mədəniyyət 
 
Siyasətin sosiologiyasında siyasi mədəniyyət problemi mühüm əhəmiyyət kəsb edir. O, siyasi hakimiyyət 
funksiyalarının həyata keçirilməsi prosesində reallaşdırılan (və ya reallaşdırılmalı olan) nəzəri müddəaların, 
baxışların, rəylərin, sərvət yönümlərinin və s. məcmusu kimi təsəvvür edilə bilər.  
Siyasi mədəniyyət üçün əsas çıxış nöqtəsi əhalinin məlumatlı olması, nəzəri-siyasi problemlərə bələdliyidir. 
İlkin biliklər, məlumatlar adətən kortəbii surətdə  əldə edilir, təhsil sayəsində, kütləvi informasiya vasitələrinin 
fəaliyyəti sayəsində az - çox sistemli xarakter daşıyır. 
Sistemli məqsədyönlü siyasi təhsilin olmaması ciddi nəticələrə  gətirib çıxara bilər. Siyasi yönümün 
itirilməsi, tarixi yaddaşın zəifləməsi və ya təhrifı, siyasi davranışın passivliyi, siyasi hadisələrə marağın sönməsi, 
laqeydlik və s. bu qəbildəndir. 
Siyasi mədəniyyət üçün siyasi yönüm, dəyərlər, ustanovkalar mühüm əhəmiyyətə malikdir. Çünki bunlar 
əqidəni, fəaliyyətə hazırlığı formalaşdırır. 
Təhlil göstərir ki, respublikamızda siyasi yönümlər kifayət qədər rəngarəngdir. Onların spektri müxtəlif 
olmaqla yanaşı yayılma dərəcəsi də bir-birindən fərqlidir. Azərbaycanda Prezident və parlament seçkilərinin 
nəticələri göstərdi ki, siyasi partiyaların çox olmasına baxmayaraq, əsas siyasi yönümlər və  əqidələr bir neçə 
partiya (xüsusən Yeni Azərbaycan Partiyası) ətrafında cəmləşir. 
Nəzərdən qaçırmaq olmaz ki, siyasi mədəniyyət fəaliyyətdə  təcəssümünü tapır. Lakin siyasi mədəniyyət 
təkcə siyasi həyatda iştirakı xarakterizə etmir, o həm də insanın yetkinlik dərəcəsini, dərketmənin mənalılığını, 
dərinliyini, siyasi biliyin praktikaya necə qoşulmasını və s. əks etdirir. 
Aydın məsələdir ki, insanın siyasi fəaliyyəti onun yaşadığı dövlətin hüquqi normaları ilə tənzimlənir. Bu o 
deməkdir ki, şəxsiyyətin siyasi mədəniyyətinin formalaşması  və  təkamülü baxımından hüquqi normaların 
mükəmməlliyi xüsusi məna kəsb edir. Bu normalar cəmiyyətin dinamik inkişafına istiqamətlənməli, zərurət 
yarandıqda yeniləşməlidir, müasirləşməlidir. Demokratik cəmiyyət quruculuğunun uğurla həyata keçirilməsi 
mükəmməl hüquqi prinsiplərə  və normalara, qanunların aliliyinə möhtacdır. Bu quruculuq eyni zamanda 
vətəndaşların siyasi mədəniyyətinin yetkinliyini 
[228 - 228] 
nəzərdə tutur. Ümummilli liderimiz H. Ə. Əliyev qeyd 
edirdi ki, demokratiya «hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir». 
Xatırlatmaq yerinə düşər ki, bazar münasibətlərinin və strukturlarının qərarlaşması, hüquqi demokratik 
dövlət quruculuğu vətəndaşların siyasi şüurunda köklü dəyişmələrin baş verməsini tələb edir. Ona görə də müstəqil 

91 
 
inkişafımıza, milli maraqlara və tələbatlara istinad edən dərkolunmuş siyasi mədəniyyətin formalaşdırılması ümdə 
vəzifələrdən olaraq qalır. 
Bir məsələyə  də diqqət yetirilməlidir: son zamanlar milli ideyadan, onun ictimai-siyasi həyatda rolundan 
çox danışırlar. Milli ideya ictimai şüura «hopmuş» ideyaların kristallaşması ola bilər. Başqa sözlə, belə ideya üstün 
sosial yönümlərin, dəyərlərin təmərküzləşməsi ola bilər. Milli ideya şəxsi, qrup və ictimai maraqları ifadə edərək, 
onları əlaqələndirərsə, o zaman birləşdirici, səfərbəredici ideya ola bilər. 
[228 - 229]
 

92 
 
 
 
XIII FƏSİL 
 
İDARƏETMƏNİN SOSİOLOGİYASI 
 
1. İdarəetmənin sosial təbiəti və strukturu 
 
Əvvəlcə bir-birinə çox yaxın olan iki anlayışın mənasına diqqət yetirilməlidir: menecment və idarəetmə. 
Bəzən həmin anlayışları ümumiyyətlə eyniləşdirirlər. Belə eyniyyəti texniki mənada qəbul etmək olar, çünki 
menecment hərfən idarəetmə deməkdir. Başqa sözlə, «menecment» və «idarəetmə» anlayışlarını texniki mənada 
sinonim sözlər kimi işlətmək olar. Qərbdə menecment anlayışının işlədilməsində kifayət qədər sərbəstlik vardır. 
Lakin bəzi sosioloqlar sosial-mədəni hadisə kimi həmin anlayışların fərqləndirilməsini zəruri hesab edirlər. Onların 
fikrincə, menecment hər şeydən əvvəl kommersiya idarəetməsinin instrumentidir. İdarəetmə isə insanların qarşılıqlı 
fəaliyyətini nizamlayan mexanizmdir. 
«İdarəetmə» və «sosial idarəetmə» anlayışlarını da müqayisə etmək və fərqləndirmək məqsədəuyğundur. Bu 
halda qeyd etmək olar ki, idarəetmə daha geniş anlayışdır; o, müxtəlif təbiətə malik orqanizmlərin, sistemlərin 
(bioloji, sosial, texniki) funksiyası olub, onların müəyyən strukturunu saxlamağı, fəaliyyət rejimini nizamlamağı, 
fəaliyyət məqsədlərini reallaşdırmağı təmin edir. Sosial idarəetmə isə geniş və dar mənada işlədilir. Geniş mənada 
sosial idarəetmə dedikdə bioloji və texniki sistemləri idarəetmədən fərqli olaraq, bütün və hər cür ictimai prosesləri 
idarəetmə başa düşülür. Dar mənada isə sosial idarəetmə  cəmiyyət həyatının sosial sferasına xas olan hadisə  və 
proseslərin idarə olunmasını nəzərdə tutur, sosial siyasətin reallaşdırılması vasitəsi kimi çıxış edir. 
İdarəetmə həmişə hakimiyyətin və səlahiyyətlərin prezumpsiyasına, aşağıların yuxarılara tabeliyinə, iqtisadi, 
sosial və  mədəni nemətlərə yiyələnməkdə  bərabərsizliyə  əsaslanır. Rolların və statusların üfüqi və  şaquli 
diferensiasiyası müxtəlif cür təsbit olunur. İdarəetmə  fərdlərin, qrupların, kollektivlərin fəaliyyətinin müəyyən 
rejimidir, nizamıdır, nəzərdə tutulan norma və qaydaların hüdudlarında həmin fəaliyyətin məhdudlaşdırılmasıdır. 
İdarəetmə piramidası mürəkkəb struktura malikdir. O, elə qurulmuşdur ki, onun konusunda ən imtiyazlı, 
səlahiyyətli vəzifələr yerləşir. Bu vəzifələr aşağı qatlardakı imtiyazsız, yaxud az imtiyazlı mövqelərlə müqayisədə 
çox azdır. Deməli, mövcud yerlərə nisbətdə irəliləmək, yüksəlmək iddiasında olanlar daha çoxdur. Yüksəlmək səyi 
idarəetmə karyerasının əsas motividir. 
«İdarəetmənin strukturu» anlayışını idarəetmə problemlərinə  həsr olunmuş  ədəbiyyatda tez - tez rast 
gəldiyimiz «təşkilatın strukturu» anlayışı ilə müqayisə edək. Təşkilatın strukturu daha geniş anlayış olub, həm 
formal, həm də qeyri - formal təşkilatı əhatə edir. İdarəetmənin strukturu isə təşkilatın strukturunun mühüm ünsürü 
olub, ancaq formal təşkilatı əhatə edir. 
İdarəetmənin strukturu əslində idarəetmə  səviyyələrinin aşağıdan yuxarıya doğru nizamlı yerləşməsidir. 
Burada adətən üç səviyyəni ayırd edirlər: aşağı  səviyyə (məsələn, sex rəhbərləri, baş ustalar); orta səviyyə 
(məsələn, şöbə, bölmə rəhbərləri); yüksək səviyyə (məsələn, baş idarəedici, böyük idarəedicilər). Bu, tipik struktur 
hesab oluna bilər.  İri kompaniyalarda bu səviyyələr arta bilər (məsələn, aşağı, kiçik, orta, böyük, yüksək 
səviyyələr). Silahlı qüvvələrdə, sahə  və regional idarəetmə orqanlarında idarəetmənin daha çox səviyyəsi 
mövcuddur.  İcraçılarla (fəhlə  və qulluqçularla) yüksək səviyyə  rəhbərləri arasında daha çox səviyyələr 
mövcuddursa, belə idarəetmə strukturunu şaquli idarəetmə strukturu adlandırırlar. Rəhbərlik səviyyələri az olduqda 
isə onu üfüqi idarəetmə strukturu adlandırırlar. 
[230 - 231]
 
Bir neçə minilliklər  ərzində mövcud olan, funksional xidmətləri istisna edən  ənənəvi idarəetmə strukturu 
xətti struktur adlanır. XX əsrin  əvvəllərində meydana gələn, funksional xidmətlərin bütöv şəbəkəsini  əhatə edən 
(kadrlar şöbəsi, reklam şöbəsi, təchizat şöbəsi, marketinq şöbəsi, mühasibat və s.) yeni idarəetmə strukturu xətti - 
qərargah strukturu adlanır. 
Yüksək səviyyə rəhbərləri özlərini inzibatçılar hesab edirlər. Onlar firmanın, kompaniyanın və s. fəaliyyətini 
istiqamətləndirirlər. Lakin onların işində inzibatçılıq və idarəetmə birləşir: inzibatçılıq yüksək rəhbərin simasında 
təşkilatın başlıca məqsədlərini və siyasətini müəyyən edir, bütün digər rəhbərlərin məşğul olduğu idarəetmə isə 
həmin məqsədlərin və siyasətin reallaşması üçün zəruri olan əməliyyatların yerinə yetirilməsini təmin edir. 
Təbiidir ki, inzibatçılıq və idarəetmə funksiyaları qarşılıqlı surətdə  kəsişirlər. Həmin funksiyaların yerinə 
yetirilməsi ilə eyni adamların məşğul olması məcburi deyildir. Lakin istənilən səviyyədə eyni bir şəxs öz iş vaxtının 
bir hissəsini inzibatçılığa, digər hissəsini isə idarəetməyə  sərf edə bilər.  İdarəetmə  səviyyəsi yüksək olduqca 
inzibatçılığa daha çox vaxt, idarəetməyə isə daha az vaxt ayrılır və əksinə. İdarə-etmədən tam kənarda qalmaq isə 
əslində mümkün deyildir. 


Поделитесь с Вашими друзьями:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə