F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5.04 Kb.
PDF просмотр
səhifə16/24
tarix22.07.2017
ölçüsü5.04 Kb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

2. Sosial nəzarətin strukturu 
 
Sosial nəzarət insanların davranışını sosial cəhətdən tənzimləməyin və ictimai qayda yaratmağın xüsusi 
mexanizmidir. Elmi ədəbiyyatı araşdırdıqda məlum olur ki, bu mexanizmin strukturu birmənalı izah edilmir. 
Bəziləri sosial nəzarəti dinamik model kimi nəzərdən keçirir və onun aşağıdakı ünsürlərini qeyd edirlər: 
- fərd; 
- sosial birlik (qrup, sinif, cəmiyyət); 
- fərdi (nəzarət olunan) fəaliyyət; 
[201 - 202] 
- sosial (nəzarətedici) fəaliyyət. 
Zənnimizcə, bu struktura müəyyən dərəcədə haqq qazandırmaq olar. Çünki sosial nəzarət  əslində  fərdin, 
sosial qrupun və onların rəngarəng fəaliyyətinin zəminində bütöv, dinamik sistem kimi çıxış edə bilir. Lakin sosial 
nəzarətin belə başa düşülməsində müəyyən natamamlıq hiss olunur. Belə ki, əvvala, həm fərd, həm də sosial qrup 
sosial nəzarətin subyekti ola bilər.  İkincisi, həm fərdi fəaliyyət, həm də sosial fəaliyyət nəzarət olunan və 
nəzarətedici xarakter kəsb edə bilər. Başqa sözlə, fərdi fəaliyyət heç də  həmişə  nəzarət olunan fəaliyyət, sosial 
fəaliyyət isə heç də həmişə nəzarətedici fəaliyyət deyildir. Konkret situasiyalarda vəziyyət dəyişə, başqalaşa bilər. 
Görünür müəlliflər təklif olunan strukturun natamamlığını hiss edərək, iki məqamın nəzərə alınmasını vacib 
sayırlar: 
Birincisi, fərdi fəaliyyətlə sosial fəaliyyətin qarşılıqlı münasibəti məsələsidir. Müəlliflərin fıkrincə, fərdi 
fəaliyyətlə sosial fəaliyyətin qarşılıqlı münasibəti nəzarətolunan və  nəzarətedici fəaliyyət kimi başa düşülsə  də
qarşılıqlı  təsir prosesinin xüsusiyyəti nəzərə alınmalıdır. Başqa sözlə, həmin münasibət müqabil əlaqəsi olmayan 
biristiqamətli nəzarət kimi başa düşülməməlidir. Sosial nəzarətedici fəaliyyət aktı  fərdi nəzarətolunan davranışa 
reaksiya kimi sosial nəzarət sisteminə qoşularaq, öz növbəsində sosial stimul funksiyasını yerinə yetirir (bu pozitiv 
və ya neqativ ola bilər), fərdi fəaliyyətin sonrakı aktlarının xarakterini irəlicədən müəyyən edə bilər. Nəticədə fərdi 
fəaliyyət aktları sosial fəaliyyətə reaksiya kimi çıxış edir. 
İkincisi, sosial nəzarət sistemi ünsürlərinin qarşılıqlı  təsirinin sosial-psixoloji xarakterli bir sıra mühüm 
xarakteristikalardan asılı olmasıdır. Həmin xarakteristikalar sırasına ilk növbədə sosial persepsiya, qavrayış 
ustanovkası aid edilir. Eyni bir sosial reallığı fərd (fərdi persepsiya) və sosial qrup (qrup persepsiyası) məhz həmin 
prizmadan qavrayır. Situasiyanın qiymətləndirilməsi və qavramanın xarakteri 
[202 - 203] 
əsasında fərdin və 
müvafiq sosial qrupun özünüqiymətləndirməsi formalaşır. 
Elmi ədəbiyyatda sosial nəzarətin strukturunun 3 başlıca ünsürdən ibarət olması fıkri geniş yayılmışdır: 
1. hakimiyyət; 

82 
 
2. normalar; 
3. sanksiyalar.

Zənnimizcə, bu nöqteyi-nəzər mahiyyəti daha dəqiq əks etdirir. 
Əvvəlcə qeyd edək ki, sosial nəzarət və hakimiyyət bir-biri ilə sıx bağlı olan anlayışlardır. Bu anlayışlardan 
hansının daha geniş, hansının daha məhdud olmasını demək cətindir. Bəzi müəlliflər belə hesab edirlər ki 
hakimiyyət daha geniş anlayışdır; o, nəzarəti özünün bir funksiyası kimi ehtiva edir. Bu fikir o halda doğrudur ki, 
söhbət təşkilatdan gedir. Lakin söhbət cəmiyyətdən getdikdə  vəziyyət dəyişir: sosial nəzarət anlayışı daha geniş 
məzmun kəsb edir, hakimiyyət isə  nəzarəti həyata keçirmək vasitəsi kimi çıxış edir. Çünki hökumət, parlament, 
kütləvi informasiya vasitələri, sıravi vətəndaşlar və s. sosial nəzarətin həyata keçirilməsində özünəməxsus yer 
tuturlar. Hakimiyyət sayəsində normalar yaratmaq (məsələn, hüquqi qanunlar və ya davranış qaydaları), habelə 
onların yerinə yetirilməsi üzərində  nəzarət qoymaq, səmərəli sanksiyalar sistemi tətbiq etmək mümkün olur. 
Hakimiyyət əslində əhatəedici anlayış kimi təzahür edir, sosial nəzarətin digər iki çox mühüm ünsürünü-normaları 
və sanksiyaları sıx birləşdirə bilir. 
Diqqət yetirsək, aydın müşahidə etmək olar ki, əslində  cəmiyyətin hər bir üzvü öz üzərinə müəyyən 
hakimiyyət funksiyaları götürür. Məsələn, yaşlı adam zibili küçəyə atan bir cavana irad tutursa, o, bir növ 
hakimiyyət funksiyası təzahür etdirir. Lakin polis, məhkəmə, parlament, hökumət, ordu daha böyük hakimiyyətə 
malikdir. Bu halda hakimiyyət funksiyaları başqasını düz yola dəvət edən yaşlı 
[203 - 204]
 adamın hərəkəti ilə 
müqayisədə daha təsirli, daha realdır. Çünki onların nəinki əmrlər, göstərişlər vermək (sosial normalar yaratmaq) 
səlahiyyətləri vardır, həm də  həmin  əmrlərin, göstərişlərin (sosial normaların) icrası üzərində  səmərəli nəzarət 
imkanları mövcuddur. 
İstənilən cəmiyyətdə yuxarıların və  aşağıların hakimiyyət uğrunda mübarizəsi gedir. Aşağılar həmişə 
çalışırlar ki, hakimiyyətə  nəzarət etsinlər, onun hər addımını izləsinlər ki, mümkün sui-istifadələrin sayını 
maksimum azaltsınlar. Azlığın hakimiyyəti isə əksinə, çalışır ki, əhatəedici nəzarətdən yayınsın, daha çox maneələr 
yaratsın, bir növ keçilməz olsun. Bu mənada yuxarıların və aşağıların mənafeləri diametral əkslik təşkil edir. Elə 
cəmiyyətlər var ki, onlar müxtəlif istiqamətli mənafeləri barışdıra bilir və elə mexanizmlər və ya institutlar 
yaradıblar ki, onlar sosiumun münaqişələr, toqquşmalar, müharibələr nəticəsində dağılmasına imkan verməsinlər. 
Bəzi cəmiyyətlər isə buna nail ola bilmirlər. 
Etiraf etməliyik ki, biz «hakimiyyət» sözündən çox istifadə edirik, lakin onun mənasına lazımınca diqqət 
yetirmirik. Bu anlayışın məzmunu ilə yaxından tanış olduqda görürük ki, o, heç də birmənalı izah edilmir. 
Hakimiyyətdən bəhs etdikdə çox zaman siyasəti düşünürük. Əslində isə hakimiyyət adi həyatımızda da hər birimizə 
aiddir.  Əgər biz kiməsə tabe oluruqsa, bunu ona görə edirik ki, o, bizim üzərimizdə hakimiyyətə malikdir. 
Valideynləri, müəllimləri, polis işçilərini, məşqçiləri və s. xatırlayaq. Onlar müqabil tərəfı vacib, zəruri hesab 
etdiklərini yerinə yetirməyə məcbur edirlər. Təsadüfü deyildir ki, təsir, nüfuz və ya qüdrət haqqında mühakimələr 
yürüdürkən çox zaman həmin anlayışlarla məhz hakimiyyəti ifadə edirik. 
Görkəmli sosioloq M. Veber hakimiyyəti öz iradəsini digər adamların arzularına, istəklərinə rəğmən qəbul 
etdirmək imkanı və ya qabiliyyəti kimi nəzərdən keçirirdi. Bu və ya digər hərəkəti o zaman hakimiyyətin təzahürü 
adlandırmaq olar ki, həmin hərəkət insanı nə isə etməyə məcbur 
[204 - 205] 
edir, sövq edir, halbuki həmin insan öz 
iradəsi ilə başqa cür hərəkət edərdi. P. Morris isə qeyd edir ki, hakimiyyət sadəcə olaraq kiməsə və ya nəyəsə təsir 
göstərmək qabiliyyəti deyildir, kiminsə və ya nəyinsə dəyişilməsinə yönəlmiş fəaliyyətdir, prosesdir. 
Araşdırmalar göstərir ki, hakimiyyətin təbiətinə dair müxtəlif konsepsiyalar, mövqelər bir-birindən fərqli 
olsa da, onlardan birinin digərini inkar etməsi qənaətinə  gəlmək olmaz. Çünki belə  fərqlilik hakimiyyət 
fenomeninin ayrı-ayrı aspektlərini əks etdirir. Müasir politoloji və sosioloji ədəbiyyatda hakimiyyətin minimum üç 
aspekti ayırd edilir: 
- Direktiv aspekt. Bu halda hakimiyyət əmrlərin, direktivlərin, sərəncamların yerinə yetirilməsini təmin edən 
fenomen kimi başa düşülür. Məlum cəmiyyətin yüksək hakimiyyət instansiyasından bəhs edərkən məhz bu mənanı 
əsas tuturlar. Hakimiyyətin direktiv aspekti adətən aparıcı hesab olunur. 
- Funksional aspekt. Bu halda hakimiyyət ictimai idarəetmə funksiyasını reallaşdırmaq qabiliyyəti və 
bacarığı kimi başa düşülür. 
Kommunikativ aspekt. Bu aspekt nəzərdə tutur ki, hakimiyyət hər iki tərəf (idarə edən və idarə olunan) üçün 
anlaşıqlı olan ünsiyyət və dil vasitəsilə reallaşır. 
Yeri gəlmişkən qeyd edək ki, məhşur Amerika politoloqu və idarəetmə  nəzəriyyəçisi, iqtisadiyyat üzrə 
Nobel mükafatı laureatı Q. Saymon qeyd edirdi ki, kommunikasiyasız nə hakimiyyət, nə də təsir mövcud olmazdı. 
Q. Saymon kommunikasiyanı təkcə nitq qarşılıqlı təsiri kimi yox, bu sözün geniş mənasında başa düşürdü. 
Sosial nəzarətin ikinci struktur ünsürü normalardır. Normalar elə  tələblərdir ki, onlar cəmiyyətdə özünü 
düzgün aparmaq üçün nə etmək lazım olduğunu diktə edir. Bu tələblər fərdə və qrupa istiqamətlənməklə nəyi isə 
                                                 
1
 Кравченко А. И. , Тюрина И. О. , Социология управления. М., 2004, с. 320. 

83 
 
etməyə icazə verir, nəyi isə etməyi qadağan edir. Normalar cəmiyyətdə idarəetmə sistemində yüksək 
qiymətləndirilir; onlar cəmiyyətin 
[205 - 206]
 sıx birləşməsində əvəzsiz rol oynayır, ictimai xaosun baş verməsinə 
mane olur, sabitliyin güclənməsinə kömək edir. Elmi ədəbiyyatda belə bir fikir söylənilir ki, normalar hakimiyyətin 
birinci silahıdır. Həmin normaların icrası üzərində  nəzarət isə onun ikinci silahıdır. Bu qənaətlə bütövlükdə 
razılaşmaq olar. Çünki məhz normalar dəyərlərimizin qoruyucusu, mühafizədir. Hətta davranışın ən sadə normaları 
da qrup və bütövlükdə  cəmiyyət tərəfindən yüksək qiymətləndirilən cəhətləri özündə  əks etdirir. İnsanın həyat 
fəaliyyətinin müxtəlif sahələrini nəzərdən keçirdikdə aydın olur ki, onların hər birinin ümumi və spesifik normalar 
sistemi mövcuddur. 
Sosial normalar müvafiq davranış  tələbləri, tapşırıqları  və gözləmələridir. Sosial normaların meydana 
gəlməsi və  fəaliyyəti, cəmiyyətin sosial-siyasi təşkilində yeri ictimai münasibətlərin nizama salınmasına olan 
obyektiv tələbatla müəyyən olunur. 
Sosial normaların (bunları çox vaxt «Ümumi qaydalar» adlandırırlar) meydana gəlməsinin  əsasında hər 
şeydən əvvəl maddi istehsalın tələbatları dayanır. İstehsal, bölgü və mübadilə aktlarının təkrar olunması, yəni sosial 
qarşılıqlı  təsirlərin təkrar olunması elə ümumi qaydaların varlığını  tələb edir ki, onlar müvafiq ictimai 
münasibətlərin iştirakçılarına müntəzəm surətdə  həmin qarşılıqlı  təsirlərə qoşulmaq imkanı versin. Bunun 
sayəsində sosial normalar özündə sosial qarşılıqlı təsirlərin mücərrəd modelini təcəssüm etdirir. Bu model fərdlərə 
imkan yaradır ki, onlar ictimai münasibətlərin digər iştirakçılarının fəaliyyətini irəlicədən görə bilsinlər, öz 
davranışını müvafiq qaydada nizama salsınlar. Bunun sayəsində sosial normalar fərd səviyyəsində onun 
davranışının ölçüsünə, cəmiyyət səviyyəsində isə həmin davranışın qiymətləndirmə miqyasına çevrilir. 
Sosial normalar bir sıra spesifik əlamətlərə malikdir: 
- onlar rasional baxımdan dərk olunmuş və məntiqi cəhətdən formula edilmiş qaydalar şəklində ifadə oluna 
bilər; 
[206 - 207]
 bu halda vasitələrə məqsədlərə, yaxın məqsədlər uzaq məqsədlərə və s. tabe edilir; 
- sosial normaların  əksəriyyəti üçün xarakterik cəhət onların çox zaman ictimai şüurda göstərilən 
elementlərə (məqsədlər, vasitələr) ayrılmasıdır. Başqa sözlə, onlar bütöv nümunələr, stereotiplər (davranış 
standartları) kimi mövcud olur, məhz bu cür qavranılır, davranışda təkrar istehsal edilir; 
- sosial normaların məzmunu fərdlərin və sosial qrupların real davranışından hasil edilir; 
- həmin normaların fəaliyyi çox zaman kortəbii təzahür edərək, insanların şüurunda heç də həmişə dolğun 
əksini tapa bilmir; 
-sosial normalar insanların davranışını nizama salır, ictimai münasibətlərin  ən rəngarəng növlərini 
tənzimləyir. Bunlar müəyyən normalar iearxiyası kimi təşəkkül tapır, sosial əhəmiyyət baxımından fərqlənir və 
spesifik xüsusiyyətlər kəsb edirlər; 
- sosial normalar fəal qarşılıqlı  təsirə malik olan fenomendir. Məsələn, siyasi normalar ideoloji sərvətlər 
sistemi ilə birbaşa bağlıdır, iqtisadi xarakterli normalara təsir göstərir; iqtisadi xarakterli normalar texniki 
normalara təsirsiz qalmır və s. Ailə münasibətləri və  əxlaq sahəsinə aid olan normalar əslində sosial cəhətdən 
əhəmiyyətli davranış aktlarının bütün məcmusunu  əhatə edir. Hüquqi normalar qeyd edilən normaların  ən 
mühümlərini birləşdirir və əlaqələndirir. 
İnsanların qarşılıqlı ictimai təsirləri prosesi sosial normaların işlənib hazırlanması üçün başlıca zəmindir. 
Təkrar olunan, sabit qarşılıqlı  təsirlər müəyyən nizam, qayda yaradılmasını  tələb edir, başqa sözlə, ictimai 
tələbatlarla şərtlənən sosial qarşılıqlı təsirlər müvafiq standartlar işləyib hazırlamağı zərurətə çevirir. 
Aydın məsələdir ki, sosial qarşılıqlı  təsirlər birbirindən təcrid olunmuş  fərdlər arasında deyil, sosial 
qruplarda, təbəqələrdə birləşmiş insanlar arasında həyata keçirilir. Sabit sosial təşəkküllərin yaranmasının özü 
qarşılıqlı  təsirlərin ayrı-ayrı 
[207 - 208] 
kateqoriyalarının nizama salınması sayəsində, yəni insan birgəyaşayışını 
istənilən formaları üçün zəruri olan əsas tələbləri  əks etdirən sosial normaların meydana gəlməsi sayəsində 
mümkün olur. 
Sosial normaların institusional xarakteri onlara sosial mənada son dərəcə mühüm xüsusiyyət bəxş edir: onlar 
nisbi sabitliyə, daimilik xüsusiyyətinə malik olur; əgər onlar hüquqda təsbit edilmişdirsə,  ən ümumi xarakter 
daşıyır. Lakin məhz bu xüsusiyyət onları mobillikdə, yeniləşən sosial-iqtisadi şəraiti nəzərə almaqla özbaşına 
dəyişilmək imkanından məhrum edir. Dəyişən sosial şəraitlə  fərqlilik artdıqca institusional sosial normaların 
tənzimedici funksiyasının səmərəliliyi azalır. Başqa sözlə, reallıqdan ayrı düşmək müvafiq normaların sosial 
səmərəliliyini sarsıdır. Bu şəraitdə ictimai münasibətlər sahəsində spontan olaraq, özbaşına yeni, qeyri-institusional 
sosial normalar meydana gəlir. Onlar bir tərəfdən dəyişilmiş  şəraiti adekvat əks etdirə bilər, digər tərəfdən isə 
institusional nəzarətdən kənarda qalaraq, ümumi məcburilik xarakteri kəsb etmədiyindən legitimləşməyərək, hüquq 
pozulmalarına və cinayətkarlığa yol aça bilər. Çox zaman müəyyən məhdud, lokal mənada adekvat olan həmin 
normalar bütövlükdə iqtisadiyyat miqyasında disfunksiyalara gətirib çıxara bilər.  İqtisadiyyat isə institusional 
tənzimləməyə  məhz ona görə möhtacdır ki, o, bütün cəmiyyət üçün qarşlıqlı surətdə  əlaqəli vahid sistemdir. 
Normaların belə institutlaşması iqtisadi inkişafın yeni, dəyilmiş obyektiv şəraitinə, hər şeydən əvvəl isə cəmiyyətin 
məhsuldar qüvvələrinin yeni, qabaqcıl xarakteristikalarına adekvat olmalıdır. 

84 
 
Sosial nəzarətin strukturunun üçüncü ünsürü sanksiyalardır. Sanksiyalar insanların sosial normalara riayət 
etməsini stimullaşdıran mükafatlandırma və cəzalandırma vasitəsidir. 
Etiraf etməliyik ki, sanksiya sözünü işlədəndə adətən daha çox onun neqativ aspektinə diqqət yönəlir. 
Halbuki yuxarıda qeyd etdiyimiz kimi, sanksiyalar təkcə  cəzanı (neqativ 
[208 - 209]
 aspekti) yox, həm də 
mükafatlandırmanı (pozitiv aspekti) nəzərdə tutur. Sanksiyalar sosial normaların qoruyucularıdır. Diqqət yetirsək, 
görərik ki, normalar həm dəyərlər, həm də sanksiyalar tərəfindən müdafiə olunur. 
Sosial sanksiyalar bütöv, çoxşaxəli sistemdir. Bu sistem normaların yerinə yetirilməsi üçün, yəni 
konformizm üçün (onlarla razılaşma) mükafatları, normalardan kənara çıxmaya görə, yəni deviantlığa görə cəzaları 
nəzərdə tutur. 
Konformizm (latınca conformis - oxşar, uyğun deməkdir) üçün uyğunlaşma, mövcud qaydaları, hökmran 
rəyləri passivcəsinə qəbul etmək, öz mövqeyinin olmaması, ən güclü təzyiq qüvvəsinə malik istənilən nümunəyə 
qeyritənqidi yanaşma xarakter cəhətdir. Bu halda şəxsiyyət qrupun real və ya təsəvvür olunan təzyiqinə itaətkarlıq 
göstərir. Lakin unutmaq olmaz ki, konformizm ümumən qəbul edilmiş qaydalarla zahiri razılıqdır. İnsan daxilən 
həmin qaydalarla Razılaşmaya bilər, bu barədə heç kəsə  məlumat verməyə bilər. Konformizm sosial nəzarətin 
məqsədi ola bilər, lakin o, sosiallaşmanın məqsədi deyildir. Çünki sosiallaşma ümumən qəbul edilmiş normalarla 
daxili razılaşmanı, onların «qəbul olunmasını» nəzərdə tutur. Deviantlıq (latınca deviatio - kənara çıxma deməkdir) 
məlum cəmiyyətdə ümumən qəbul edilmiş normaları və qaydaları pozan davranışı ifadə edir. Göründüyü kimi, hər 
iki davranış tərzi normalarla bilavasitə bağlıdır. 
Sosial sanksiyalar sosial nəzarət sistemində çox mühüm rol oynayır. Ozü-özlüyündə normalar heç nəyə 
nəzarət etmir. Normalara əsaslanmaqla adamların bir qismi digərinin davranışına nəzarət edir. Normalara əməl 
olunması, habelə sanksiyaların yerinə yetirilməsi bizim davranışımızı məqbul məcraya yönəldir. Bizim hər birimiz 
yaxşı bilirik ki, mühüm elmi kəşf üçün rəsmi mükafat, ağır cinayət  əməli üçün həbs gözlənilir. Biz başqa bir 
adamdan müəyyən hərəkət gözləyəndə ona ümüd edirik ki, o, təkcə mövcud normanı yox, həm də onun yerinə 
yetirilməsi (yerinə yetirilməməsi) 
[209 - 210] 
üçün müvafiq sanksiyanı da bilir. 
Deməli, normalar və sanksiyalar vahid bir tam halında birləşmişdir. Hər hansı bir normanı müşayət edən 
sanksiya yoxdursa, onda norma şüara, dəvətə, çağırışa çevrilir, real davranışı nizamlaya bilmir. Bu halda norma 
sosial nəzarət ünsürü olmaqdan qalır. 
Sosial sanksiyaların tətbiqində spesifik məqamlar mövcuddur. Elə hallar olur ki, sanksiyaların tətbiqi kənar 
şəxslərin iştirakını tələb edir. Elə hallar da olur ki, buna ehtiyac qalmır. Sanksiyaların tətbiqi baxımından spesifik 
şəraiti aydın başa düşmək üçün iki situasiyanı müqayisə etmək kifayətdir: 
1-ci situasiya - işçi başqa bir müəssisədə daha münasib işə getmək istəyir. O, ərizə ilə müdiriyyətə müraciət 
edir, ilkin sərəncam və ya əmr hazırlanır. Həmin işçinin işdən çıxması müəssisənin (təşkilatın) kadrlar şöbəsi 
tərəfındən rəsmiləşdirilir. 
2-ci situasiya - müəyyən cinayət  əməli üçün həbs. Bu situasiya ilkin istintaqı, məhkəmə dinləmələrini, 
yuxarı instansiyalara verilmiş şikayətlərə baxılmasını və nəhayət, son qərar qəbul olunmasını nəzərdə tutur. Başqa 
sözlə, bu situasiya uzunmüddətli mürəkkəb proseduranı şərtləndirir. 
Sanksiyalara və onların tətbiqinə aid olan bəzi məqamları xüsusi qeyd etməyə ehtiyac vardır. 
Əvvəla, insanın özünün özünə sanksiyalar tətbiq etməsi heç zaman baş vermir. İnsan müəyyən hadisə  və 
prosesi daxilən təhlil edərək müəyyən qənaətə gəlir: özünü ya təqsirli bilir, ya da təqsirsiz hesab edir. Həmin qənaət 
özünə münasibətdə sanksiya tətbiqi ilə nəticələnmir. 
Sanksiyaların tətbiqi insanın özünə doğru istiqamətlənmişsə, daxili təhlil aparılırsa, belə nəzarət formalarını 
özünənəzarət adlandırmaq daha düzgün olardı. 
İkincisi, qrup vərdişlərini pozanlara tətbiq edilən sanksiyalar az sayda adamların olmasını tələb edir. Bu işə 
çoxsaylı adamların cəlb olunması nəzarətin təsirliliyini zəiflədə 
[210 - 211]
 bilər, lüzumsuz səs-küy doğura bilər. 
Beləliklə, sanksiyaların fəal, qüdrətli təsir, nəzarət imkanları vardır. Həmin imkanlardan düzgün, vaxtında 
və səmərəli istifadə olunmalı, konkret vəziyyət diqqətlə, hərtərəfli araşdırılmalıdır. 
 
3. Sosial nəzarət metodları 
 
Cəmiyyətin, sosial qrupların, müxtəlif sosial təşkilatların sabitliyi belə sosial təşəkküllərin üzvlərinin 
optimal qarşılıqh təsirlərini təmin edən xüsusi mexanizmin - sosial nəzarət mexanizminin xarakterindən və 
səmərəliliyindən asılıdır. İnsanların bu cür təşəkküllərdə birləşməsi iki prinsipial məqamın təsiri altında baş verir. 
Birincisi, obyektiv amildir. Bəşəri mövcüdluğun fundamental tələbatları sosial praktikanın müxtəlif 
növlərinin həyata keçirilməsi prosesində səylərin, hərəkətlərin birləşdirilməsini, əlaqələndirilməsini zəruri edir. Bu 
amilin reallaşması labüddür; onun dərk olunub-olunmaması labüdlüyü aradan qaldırmır. 
İkincisi, subyektiv amildir. Bu, müxtəlif sosial praktika növlərinə, sosial təşkilat formalarına cəlb olunmuş, 
qoşulmuş insanlar sayəsində kəsb edilən mənadır, xarakterdir. 

85 
 
Qeyd edilən hər iki amilə müvafiq surətdə istənilən sosial təşkilata xas olan nəzarət mexanizmindən bəhs 
etmək mümkündür. Bu mexanizm fərdləri ictimai, ümumqrup məqsədlərinə tabe edir, cəmiyyət hüdudlarında 
onların birliyini qoruyub saxlayır; sosial dəyərlərdən və normalardan ibarət olan spesefık sistem tətbiq edir, onu 
müdafiə edir, həmin normaların qrup, cəmiyyət üzvləri tərəfindən mənimsənilməsini təmin edir, onlara riayət 
olunmasını mükafatlandırır, onların tələblərindən kənara çıxma hallarının qarşısını alır. Sosial nəzarət 
mexanizminin mənası və əsas funksiyası da bundadır. Sosial təşəkküllərin, strukturların obyektiv-subyektiv 
[211 - 
212]
 xarakteri məhz burada təzahür edir. Sosial nəzarət obyektiv cəhət kimi çıxış edir: o, istənilən sosial təşəkkülün 
labüd surətdə meydana çıxan elementidir. Sosial nəzarət həm də şüurlu surətdə formalaşdırılmış, tətbiq olunmuş, 
qərarlaşmış formadır. Söhbət birinci halda qeyri-formal, ikinci halda isə formal sosial nəzarət haqqında gedir. 
Formal sosial nəzarət dövlət tərəfindən qanunvericilik qaydasında icazə verilən fəaliyyətlərin 
stimullaşdırılması, qadağan olunan fəaliyyətlərin müəyyənləşdirilməsi və onların müqabilində sanksiyalar tətbiqi 
yolu ilə həyata keçirilir. Formal nəzarət həm də elə sosial strukturlarda həyata keçirilir ki, qəbul olunmuş normalara 
əməl edilməsi normativ aktlarla (nizamnamə, təlimatlar,  əsasnamə  və s.) və müvafiq sanksiyalarla təmin edilir. 
Formal sosial nəzarət, onun yaradılması və həyata keçirilməsi sosial qarşılıqlı təsirlərin rasional təşkili prosesinin 
nəticəsidir. Formal sosial nəzarətin agentləri dövlət hakimiyyəti orqanlarına səlahiyyəti olanlardır, bütün 
hakimiyyət strukturlarıdır. Onların fəaliyyəti müvafiq qaydalarla müəyyən edilmişdir. Sanksiyalar cinayət 
məsuliyyəti, inzibati tədbirlər və intizam tənbehləri formasında olur. 
Formal sosial nəzarətin səmərəliliyi məlum dövlət hakimiyyətinin və  səlahiyyətli müvafiq strukturların 
legitimlik dərəcəsinə birbaşa mütənasibdir. Bu səmərəliliyin tabe, ikinci dərəcəli  şərtləri sırasına müvafiq 
sanksiyaların sərtliyi, cəzanın ağırlığı və onun real tətbiqinin dönməzliyi dərəcəsi aid edilə bilər. 
Qeyri-formal sosial nəzarət isə qarşılıqlı  təsirlərin özünütəşkilinin nəticəsidir. Onun funksiyası da sosial 
qarşılıqlı  təsirlərin normativ nizamlanmasıdır. Lakin unudulmamalıdır ki, belə  nəzarət üçün seçilən normaların 
məzmunu formalaşdırılmamışdır; həmin normalar sosial qruplarda, birliklərdə kortəbii surətdə meydana gəlir, 
onların üzvlərinin davranışında məhz belə sosial təşəkküllər üçün xarakterik olan sanksiyaların tətbiqi təhlükəsi 
altında təkrar istehsal 
[212 - 213] 
olunur. Qeyri-formal sosial nəzarətin agentləri həmin qruplar və birliklərdir, 
onların ən nüfuzlu üzvləridir (məsələn, ailədə valideynlər, sosial qrupların qeyri-formal liderləri və «diqqətdə olan» 
digər  şəxsləri). Sanksiyalar məhdud (və ya real tətbiq) formasında özünü göstərir: fiziki zorakılıq, rəddetmə, 
üzvlükdən məhrumetmə, habelə hədə, məsxərəyə qoyma, müdafiədən imtina etmə və s. 
Qeyri-formal sosial nəzarətin səmərəliliyi müvafiq sosial qrupların və  təşəkküllərin birlik dərəcəsinə, 
onların üzvlərinin sosial vəhdət və  həmrəylik səviyyəsinə birbaşa mütənasibdir. Sosial (qrup) normalarının 
pozulmasına görə sanksiyaların ağırlığı  və qaçılmazlığı sosial təşəkküllərin dağılması, birliyin pozulması, sosial 
həmrəyliyin itirilməsi ilə  əlaqədar olaraq, öz nəzarətedici effektindən məhrum olur. Qeyri-formal nəzarətin 
səmərəliliyinin çox mühüm, həlledici komponenti məhz sosial həmrəylik fenomenidir. 
Qeyri-formal sosial nəzarətdən bəhs edərkən çox zaman klassik nümunə kimi ənənəvi kənd icmasına qeyd 
edirlər. Həqiqətən kənd icması öz üzvlərinin həyatının, demək olar ki, bütün aspektlərinə nəzarət edirdi. Məsələn, 
münaqişə  və mübahisələrin həlli, gəlin seçilməsi, uşağa ad qoyulması  və s. Yazılı normalar mövcud olmamış, 
ictimai rəy qüdrətli nəzarətedici imkanlar kəsb etmişdir (bu rəyi çox zaman icmanın ağsaqqal üzvləri ifadə 
etmişlər). Sosial nəzarət sisteminə din üzvi surətdə qoşulmuşdur. Ayin və mərasimlərə ciddi riayət olunması sosial 
normalara rəğbət hissi tərbiyə etmiş, həmin normaların zəruriliyinin daha dərindən dərk olunmasına kömək 
etmişdir. Nişanlanma, yeni ailə qurulması, yetkinliyə çatma, uşağın doğulması, məhsul yığımı və s. xüsusi təntənə 
ilə qeyd olunmuşdur. Göründüyü kimi, formal nəzarət metodlarından fərqli olaraq, qeyri-formal metodlar praktik 
surətdə hamıya müyəssər olmuşdur
1

Qeyri-formal nəzarəti həm də ailə, qohumlar, dostlar və tanışlar yerinə yetirə bilərlər. Onları qeyri-formal 
nəzarətin 
[213 - 214] 
agentləri adlandırırlar. 
Formal nəzarət tarixən qeyri-formal nəzarətdən sonra meydana gəlmişdir. Bu, mürəkkəb cəmiyyətlərin və 
dövlətlərin doğulması (məsələn, qədim  Şərq imperiyalar) dövrünə  təsadüf edir, hərçənd onun rüşeymləri, ilk 
təzahürləri daha əvvəlki dövrlərə aiddir. Mövcud qaydaları pozanlara rəsmən tətbiq olunan formal sanksiyaların 
dairəsi (məsələn, ölüm cəzası, qəbilədən qovulma, vəzifədən kənar edilmə, habelə mükafatların bütün mümkün 
növləri) dəqiq müəyyənləşdirilmişdir. 
Bu bir həqiqətdir ki, müasir cəmiyyətlərdə formal nəzarətin əhəmiyyəti getdikcə artır. Bu onunla əlaqədardır 
ki, mürəkkəb cəmiyyətdə, xüsusən çoxmilyonlu ölkədə nizamı, sabitliyi qoruyub saxlamaq o qədər də asan vəzifə 
deyildir. Burada ayrı-ayrı qrupların, təbəqələrin mənafeləri toqquşur, ictimai praktika durmadan zənginləşir. Qeyri-
formal nəzarət insanların o qədər də böyük olmayan qrupu ilə məhdudlaşmışdır. Ona görə də belə nəzarəti lokal 
(məhəlli, yerli) nəzarət adlandırırlar. Formal nəzarət isə əksinə, ölkənin bütün ərazisində fəaliyyət göstərir, qlobal 
məna kəsb edir. Belə  nəzarəti xüsusi strukturlar və adamlar - formal nəzarət agentləri həyata keçirirlər. Onlar 
                                                 
1
 Кравченко А. И.  Социология. М., 2005, с. 232-233. 

86 
 
xüsusi təlim görmüş  nəzarət funksiyalarının yerinə yetirilməsi üçün əmək haqqı alan şəxslərdir. Onlar sosial 
statusların və rolların daşıyıcılarıdır (məsələn, məhkəmə, polis, həkim-psixiatr, sosial işçi, dini idarənin, məscidin 
xüsusi vəzifəli şəxsləri və s.) 
Əgər ənənəvi cəmiyyətlərdə sosial nəzarət yazılmamış qaydalara əsaslanırdısa, müasir cəmiyyətlərdə artıq 
yazılmış normalara (qanunlar, fərmanlar, qərarlar, təlimatlar və s.) istinad edir. Sosial nəzarət təsisatlaşmış xarakter 
kəsb edir. 
Nəzarət metodları tətbiq edilən sanksiyalardan asılı olaraq, aşağıdakı kimi təzahür edə bilər: 
-0000000000000000000000 sərt; 
- yumşaq; 
- birbaşa (bilavasitə); 
[214 - 215]
 
- vasitəli.

Nəzarətin qeyd olunan metodları  kəsişə bilər. Məsələn, siyasi repressiya, reket, mütəşəkkil cinayətkarlıq 
birbaşa sərt nəzarət instrumentlərinə aiddir. Konstitusiyanın və mülki məcələlərin fəaliyyəti birbaşa yumşaq nəzarət 
instrumentlərinə, kütləvi informasiya vasitələri vasitəli yumşaq nəzarət instrumentlərinə, beynəlxalq birliyin 
iqtisadi sanksiyaları vasitəli sərt nəzarət isntrumentlərinə aiddir. 
Nəzarət metodları həm də ümumi və detal ola bilər. Məsələn, menecer öz tabeçiliyində olan şəxsə tapşırıq 
verirsə, lakin tapşırığın yerinə yetirilməsi gedişinə nəzarət etmirsə, deməli, o, ümumi nəzarət metodundan istifadə 
edir. Əgər menecer fəaliyyətin hər bir məqamına müdaxilə edir, nəyisə düzəldir, sahmana salırsa, deməli, o, detal 
nəzarət metodundan istifadə edir. Sonuncunu həm də nəzarətçi adlandırırlar. Nəzarət cəmiyyətin həm mikro, həm 
də makro səviyyəsində həyata keçirilir. Başqa sözlə, nəzarət irimiqyaslı sosial sistem hüdudlarınadək yayılır. 
Ümumi nəzarət zamanı ancaq son nəticə izlənilir. Fikrimizi sadə bir nümunə ilə izah edək. Müəllim 
şagirdlərə Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini açıqlayan inşa yazmağı tapşırır. Həftənin sonunda inşa 
yazıların yoxlanılacağını bildirir. Həftənin sonunda o, yerinə yetirilmiş  işlərin keyfiyyətini yoxlayır və müvafiq 
qiymətlər yazır. Bu halda müəllimi hansı ədəbiyyatdan istifadə olunması, köməyə kimlərin cəlb edilməsi və s. kimi 
məsələlər maraqlandırmır. O, şagirdlərə tam fəaliyyət sərbəstliyi verir. 
Lakin detal nəzarət zamanı  vəziyyət dəyişir, başqalaşır. Müəllim vəzifələri, tapşırığın həcmini və yerinə 
yetirilməsi müddətlərini müəyyənləşdirir. Bundan əlavə, o, inşanın planını verir, müvafiq ədəbiyyatı göstərir və 
tələb edir ki, iş müstəqil surətdə yerinə yetirilsin, heç kimin köməyindən istifadə olunmasın. Müəllim əlavə olaraq 
bildirir ki, yazılmış hissələr günaşırı  təqdim olunsun ki, o, vaxtında səhvləri 
[215 a 216] 
düzəltsin və  zərurət 
yaransa,  şagirdi istiqamətləndirsin. Deməli, müəllim işin yerinə yetirilməsinin bütün gedişinə  nəzarət edir. 
Göründüyü kimi, detal nəzarət zamanı fəaliyyət sərbəstliyi çox məhduddur. 
Məlum olduğu kimi, nəzarət idarəetmənin tərkib hissəsidir. Lakin idarəetmənin elə mühüm, əhəmiyyətli 
hissəsidir ki, nəzarətin növündən, metodlarından asılı olaraq, idarəetmənin özü də xeyli dərəcədə dəyişir. Belə ki, 
nəzarət metodları idarəetmə üslubunda (demokratik, avtoritar) dərin iz buraxır. Nəzarət prosesində ilkin planlar son 
nəticələrlə müqayisə olunur, kənaraçıxmalar olduqda, səbəbləri araşdırılır və müvafiq tədbirlər (məsələn, cərimə 
olunmaq, tənbeh edilmək, işdən çıxarılmaq və s.) görülür. Nəzarət məhz onunla qüdrətlidir ki, o, ciddi qüsurlar 
aşkara çıxarıldıqda cəza tədbiri ilə sona çatır. Cəza olmasa, nəzarətdən qorxmağa ehtiyac qalarmı? Əlbəttə, yox. 
Lakin cəza ədalətli olmalı, işin mahiyyətini, real vəziyyətini, xarakterini, sosial nəticələrini dəqiq əks etdirilməlidir. 
Ümumiyyətlə, istənilən kollektivin sərəncamında əmək vəzifələrinin vicdanla yerinə yetirilməsi, mənəvi-psixoloji 
iqlimin yaxşılaşdırılması üçün kompleks hüquqi və ictimai təsiredici vasitələr vardır. Həmin vasitələrdən vaxtında, 
səmərəli və optimal istifadə olunması olduqca ciddi məsələdir.

Kollektiv üzvlərinə hüquqi, əxlaqi, ictimai vasitələrlə  təsir göstərilməsi sabit və dinamik fəaliyyət 
stereotiplərinin işlənib hazırlanmasına, istehsal tapşırıqlarının keyfiyyətli, dürüst yerinə yetirilməsinə kömək edir. 
Bununla da işçilərdə birgə işləmək mədəniyyətinin, tam qüvvə ilə çalışmaq vərdişinin, əməyə münasibətdə sosial 
cəhətdən optimal nümunənin formalaşması prosesi sürətlənir. 
[216 - 217]
 
                                                 
1
 Кравченко А. И.  Социология. М., 2005, с. 234. 
2
 Sosiologiya (dərslik). Bakı, 2005, s. 169. 

87 
 
1   ...   12   13   14   15   16   17   18   19   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə