Xalis maliyyə sövdələşmələri də üç yerə bölünür: 1) Dövlət transfert ödənişləri; 2) Xüsusi transfert ödənişləri; 3) Qiymətli kağızların alqı-satqısı.
Dövlət transfert ödənişlərinə sosial sığorta, işsizlərə, əlillərə dövlət tərəfindən verilən müavinətlər və təqaüdlər daxildir. Bu ödənişlərin xüsusiyyəti ondan ibarətdir ki, onu alanlar cari ildə bu pulla məhsul istehsalında iştirak etmir-lər. Deməli, dövlət transfert ödənişlərinin ÜMM-ə daxil edilməsi cari ildə həmin göstəricinin şişirdilməsinə gətirib çıxarır. Xüsusi transfert ödənişlərinə, məsələn, universitet tələbələrinə ailələrinin hər ay, yaxud da varlı qohumlarının birdəfəlik verdikləri pul və yardımlar daxildir. Çünki bunlar istehsalın nəticələri deyil, vəsaitin bir şəxs tərəfindən digərinə verilməsidir.
ÜMM hesablandıqda qiymətli kağızlarla aparılan sövdələşmələr, yəni səhm və istiqrazların alqı-satqısı da onun tərkibinə daxil edilmir. Çünki bu sövdələşmələr də cari ildə istehsalın həcminin artması demək deyildir. Lakin qeyd etmək lazımdır ki, pulun, onu "yığan" adamın əlindən çıx-ması və qiymətli kağızlarla sövdələşmələr aparan adamın əlinə keçməsi dolayı yolla istehsalın artmasına səbəb ola bilər.
Köhnə (işlənmiş) əmtəələrin ÜMM-ə daxil edilmə-sinin düzgün olmadığını isbat etməyə ehtiyac yoxdur. Çünki bu bir həqiqətdir ki, köhnə əmtəələr ya cari ildə istehsal edilməmişdir, yaxud da eyni bir ildə bir neçə dəfə alınıb-satıldıqda ÜMM-in tərkibində bir o qədər dəfə təkrarlana bilər. Məsələn, tutaq ki, kimsə 2005-ci ildə istehsal edilmiş və sahibi olduğu "Mersedes" markalı avtomobili kiməsə satmışdır. Bu sövdələşmə ÜMM-ə daxil edilməməlidir. Ona görə ki, avtomobil cari ildə istehsal olunmamışdır. Deməli, cari ildə istehsal edilmiş məhsullar yalnız həmin ildə, ÜMM-ə daxil edilir.
Beləliklə, biz ÜMM-in tərkibini nəzərdən keçirdik və onun nədən ibarət olduğunu aydınlaşdırdıq. Lakin bunlar nəzəri müddəalardır və burada əsas məsələlərdən biri ÜMM-in hesablanması metodlarının öyrənilməsindən ibarətdir.