Üçüncü dövrə çatdıqda tam məşğulluq iqtisadiyyatın bütün bölmələrində özünü göstərir. Sənayenin bütün sahələri məhsul istehsalının artırılması tələbinə daha cavab verə bilmir. Bu isə o deməkdir ki, milli məhsulun real həcmi ən yüksək həddə çatmışdır və tələbin bundan sonra artması inflyasiyaya doğru aparır. Başqa sözlə, cəmiyyətin istehsal imkanlarından artıq olan ümumi tələb qiymətlərin artmasına səbəb ola bilər. Bu dövrdə tələbin inflyasiyasının başlıca şərtləri aşağıdakılardır: 1) Əhalinin tələbatının artması. Buna təsir edən əsas amillər isə əmək haqqının və məşğulluğun artmasıdır;
2) Iqtisadi yüksəliş dövründə investisiyaların və bununla əlaqədar olaraq kapital əmtəələrinə olan tələbin artması;
3) Dövlət xərclərinin (hərbi və sosial xərclərin) artması.
Beləliklə, nəzərdən keçirilənlərə əsasən aşağıdakı nəticələri çıxarmaq olar: qiymətlər sabit qaldıqda (birinci dövr) nominal və real ÜMM eyni sürətlə artır. Lakin "vaxtsız" inflyasiya zamanı (ikinci dövr) nominal ÜMM-i deflyasiya etmək lazımdır. Bu, məhsulun həcmini fiziki ifadədə müəyyən etməyə imkan verir. "Xalis" inflyasiya zamanı (üçüncü dövr) nominal ÜMM artır (həm də bəzən çox sürətlə artır), real ÜMM isə dəyişmir.
Xərclərin artması və bazarda ümumi təklifin azalma-sı da inflyasiyaya səbəb ola bilər. Bunu belə bir faktdan ay-dın görmək olar ki, son illərdə ümumi tələb artıqlığı olmadı-ğı halda, qiymətlərin artdığı dövrlərə təsadüf olunmuşdur. Istehsalın həcmi və məşğulluq azaldığı hallarda da qiymət-lərin artdığı dövrlər müşahidə edilmişdir. Beləliklə, istehsal xərclərinin artması və ya ümumi təklifin azalması ilə əlaqə-dar olaraq baş verən inflyasiya təklif üzrə inflyasiya adlanır. Xərclərin artması ilə əlaqədar olan inflyasiya öz ifadəsini məhsul vahidinə düşən istehsal xərclərinin çoxal-masında tapır və aşağıdakı kimi müəyyən edilir:
Məhsul vahidinə düşən xərclər = ümumi xərclər : məhsulun miqdarı
Məhsul vahidinə düşən xərclərin artması mövcud qiymətlərlə firmanın təklif etdiyi məhsulun və deməli, onun mənfəətinin azalmasına səbəb olur. Bunun nəticəsində bü-tün iqtisadiyyat üzrə təklif olunan əmtəə və xidmətlər azalır, bu isə qiymətlərin bahalaşmasına gətirib çıxarır. Təklif üzrə inflyasiyaya iki başlıca amil təsir edir. Bunlardan biri nominal əmək haqqının artırılması, digəri isə xammal və materialların, enerji daşıyıcılarının qiymətlərinin bahalaşmasıdır.
Əmək haqqının artırılması nəticəsində baş verən inflyasiya istehsal xərclərinin çoxalması ilə əlaqədar olan inflyasiyanın bir növüdür. Bunun başlıca səbəbkarı demək olar ki, həmkarlar ittifaqıdır. Bu, onunla izah edilir ki, həmkarlar ittifaqları kollektiv müqavilələr vasitəsilə nominal əmək haqqı üzərində nəzarəti müəyyən dərəcədə həyata keçirirlər. Məsələn, tutaq ki, iri həmkarlar ittifaqları əmək haqqının böyük məbləğdə artırılmasını tələb edir və buna nail olurlar. Bununla da onlar həm də həmkarlar ittifaqlarının üzvü olmayan işçilərin əmək haqqının yeni standartını müəyyən etmiş olurlar. Bütün ölkə üzrə əmək haqqının artırılması, əks təsir göstərən hər hansı bir amillə (məsələn, bir saatda istehsal olunan məhsulun miqdarı) tarazlaşdırılmadıqda məhsul vahidinə düşən xərclər artır. Istehsalçılar buna bazara çıxardıqları əmtəə və xidmətlərin miqdarını azaltmaqla cavab verirlər. Tələb sabit qalmaqla, təklifin azalması isə qiymətlərin artmasına səbəb olur. Bunu əmək haqqının həddindən çox artırılması ilə əlaqədar olaraq baş verən inflyasiya adlandırırlar. Xərclərin artması ilə əlaqədar olan inflyasiyanın baş-qa bir növü təklif mexanizminin pozulması nəticəsində baş verən inflyasiyadır. Bu, enerji istehsalına sərf olunan xam-malların qiymətlərinin qəflətən artması ilə əlaqədar olaraq istehsal xərclərinin və deməli məhsulların qiymətlərinin bahalaşması nəticəsində baş verir. Bunu 1973-1974, 1979-1980-ci illərdə və ümumiyyətlə son dövrlərdə enerji daşıyıcı-larının qiymətlərinin qalxıb-enməsindən daha aydın görmək olar. Belə ki, enerji daşıyıcılarının qiymətlərinin artması nə-ticəsində istehsal və məhsulların daşınması xərcləri artmış-dır. Bu isə öz növbəsində xərclərin çoxalması ilə əlaqədar olan inflyasiyanın sürətlə artmasına səbəb olmuşdur.
Iqtisadiyyatda elə hallar da olur ki, eyni vaxtda, bir tərəfdən qiymətlər artır, digər tərəfdən isə istehsalın həcmi azalır. Başqa sözlə, qiymətlər və məhsul istehsalı müxtəlif istiqamətlərdə dəyişir. Buna staqflyasiya deyilir. Iqtisadçılar staqflyasiyanın səbəblərini müxtəlif cür izah edirlər. Buna dair aşağıdakı nöqteyi-nəzərlər diqqəti daha çox cəlb edir:
1) Qeyri-təkmil strukturların mövcudluğu. Belə bir fikir irəli sürülür ki, yaxşı sahmana salınmış bazar mexaniz-minə malik olan iqtisadiyyatda bəzi əmtəələrin qiymətləri-nin artması başqa əmtəələrin qiymətlərinin aşağı düşməsinə səbəb olur. Odur ki, bazar tarazlığına əməl olunmalıdır;
2) Staqflyasiya inhisara və bazarda firmaların hökm-ranlığına səbəb olur. Bu o deməkdir ki, az istehsal edib, baha satmaq inhisarlar üçün daha faydalıdır;
3) Belə bir fikir də geniş yayılmışdır ki, staqflyasiya-nın səbəbi gözlənilən inflyasiya ola bilər. Başqa sözlə, isteh-sal amillərinin mülkiyyətçiləri öz gəlirlərinin inflyasiya nəti-cəsində azalacağından ehtiyat edərək xidmətlərin dəyərini artırmağa başlayırlar.