6. Azərbaycan pul sisteminin inkişaf tarixi.
Azərbaycanın pul dövriyyəsi onun dövlətçilik tarixi ilə bağlıdır. Ölkəmizin ərazisində tapılan gümüş dirhəmlər Azərbaycanda daxili bazarın mövcudluğunu sübut edən əsas faktlardandır. Hələ eramızdan əvvəl III əsrdə Albanlar və Atropatenalılar Makedoniyalı İskəndərin sikkəsinə bənzər pullar kəsməyə başlamışlar. “Dədə-Qorqud” dastanının məlumatları təsdiq edir ki, Azərbaycan oğuzlarının həyatında natural mübadilə ilə bərabər pul artıq müəyyən rol oynayır. XVIII əsrdə Səfəvilər dövləti zəiflədi ki, bunun da nəticəsində Azərbaycan ayrı-ayrı xanlıqlara parçalanmağa məruz qaldı. Pul sistemi baxımından bu xanlıqların hər biri özünün pulunu kəsirdi. Bu dövrlərdə Şuşada, Qubada, Dərbənddə, Naxçıvanda və Təbrizdə gümüş abbası və yarım abbası, mis fulus və s. Şəkidə mis fulus və gümüş, yarım abbası kəsilirdi. Bir sözlə Azərbaycanın vahid pul sistemi yox idi və bu pulların sabit qiyməti də yox idi, hər xanlığın pulu öz ərazisində əsas pul kimi işlədilirdi, başqa ərazidə o öz dəyərini xeyli itirirdi. Aydın məsələdir ki, bu vəziyyətdə ölkənin ticarət əlaqələri, ümumi vəziyyəti və nüfuzu zəifləyir. Ölkənin zəifləməsindən məharətlə istifadə edən İran və Rusiya 1828-ci ildə öz aralarında Türkmənçay müqaviləsi bağlayaraq Azərbaycanı Şimali və Cənubi Azərbaycana ayırmaqla öz müstəmləkələri elan etdilər. Artıq 1860-cı ildə Rusiya imperiyası özünün Dövlət Bankını açdı. Hər bir dövlətin mərkəzi bankının əsas xüsusiyyətləri bu banka da aid edilirdi. Azərbaycanın müstəqillik əldə etməsi ilə əlaqədar (1991-ci il 18 oktyabr) olaraq 1992-ci il 11 fevral tarixli Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Bankının, SSRİ Sənaye-Tikinti Bankının, SSRİ Aqrar-Sənaye Bankının Azərbaycan Respublikası bankları bazarında Azərbaycan Respublikasının Milli Bankı yaradılmışdır. Milli Bankın 1992-ci ildə yaradılmasına baxmayaraq artıq 1991-ci il 25 may Azərbaycan Respublikası iqtisadi müstəqilliyinin əsasları haqqında Konstitusiya Qanununun 14-cü maddəsi Azərbaycanda müstəqil bank sisteminin yaradılmasını onun statusunu və səlahiyyətlərini müəyyən etmiş və milli pul vahidinin tədavülünün hüquqi əsaslarını təsbit etmişdir.
Mövzu 11. Pul tədavülü. İnflyasiya.
P l a n
1. Pul tədavülü, onun təşkili və quruluşu.
2. Pul tədavülü qanunu.
3. Bank multiplikatorunun mahiyyəti.
4. Pul aqreqatları.
5. İnflyasiyanın mahiyyəti, onun forma və növləri.
6. Pul islahatları.
1. Pul tədavülü, onun təşkili və quruluşu.
Pullar daim dövlətlə, təsərrüfat subyektləri və fiziki şəxslər arasında hərəkətdədirlər. Pulların nağd və nağdsız şəkildə hərəkət edərək öz funksiyalarını yerinə yetirməsi pul tədavülü adlanır. Pul tədavülü iki yerə: nağd və nağdsız pul tədavülünə ayrılır. Nağdsız pul tədavülü – dəyərin elə hərəkətidir ki, bu zaman nağd pullardan deyil, çeklər, veksellər, kredit kartları və başqa kredit sənədlərindən istifadə edilir. Nağd pul tədavülü – pulların tədavül və tədiyyə funksiyasını yerinə yetirdiyi zaman nağd formada hərəkətidir. Hər iki dövriyyə arasında qarşılıqlı əlaqə mövcuddur. Belə ki, pullar daim tədavülün bir sferasından digərinə keçməklə hərəkətdə olurlar. Yəni, nağd pullar kredit təşkilatlarında hesaba keçirilməklə nağdsız pullara, əksinə nağdsız pullar bankın kassalarından müştəriyə nağd şəkildə verilməklə nağd pullara çevrilirlər.
Pul dövranı anlayışı altında isə müəyyən vaxt ərzində nağd və nağdsız formada bütün ödəmələrin məcmusu başa düşülür. Pul dövranı ümumi daxili məhsulun (ÜDM) və Milli gəlirin yaranması, bölgü və yenidən bölgüsü proseslərini özündə cəmləşdirir. Rasional təşkil olunmuş pul dövranı bu göstəricilərin artım tempinə uyğun gəlir. Əgər pul dövranının artım tempi ÜDM və Milli gəlirin artım tempini üstələyirsə, demək ölkədə inflyasiya prosesi baş verir.
Pul dövranı strukturunda nağdsız, ödəmə və nağd pul dövranı bir-birindən fərqlənir. Ödəmə dövranına – nağdsız ödəmələr və əmək haqlarının verilməsi ilə bağlı müəyyən qədər nağd pul ödəmələri də aiddir. Nağdsız dövrana – təsərrüfat subyektlərinin qarşılıqlı ödəmələri və s. yolla aparılan nağdsız hesablaşmalardan istifadə etməklə məcmu pul dövranının bir hissəsini təşkil edir. İqtisadi cəhətdən inkişaf etmiş və normal fəaliyyət göstərən bank sisteminin təşkil olunduğu dövlətlərdə nağdsız dövran məcmu pul dövranının 90%-nə qədərini təşkil edir. Nağd pul dövranına isə məcmu pul dövranının bir hissəsini təşkil edən ödəmə və tədavül vasitəsi kimi istifadə olunan pullar aiddir. Nağd pul dövranı özündə müəyyən vaxt ərzində (ay, rüb, il) həyata keçirilən nağd pullarla baş verən bütün əməliyyatları əhatə edir. Pulların bir tədavül sferasından digər tədavül sferasına keçmə mexanizmi pul dövranının elastikliyinin təmin olunmasında, onun tənzimlənməsində və pulların rasional xərclənməsinə nəzarətin həyata keçirilməsində çox böyük rol oynayır. Nağd pul ödəmələrindən istifadə sahəsi əsasən əhalinin gəlirləri ilə müəyyənləşir. Pul tədavülü aşağıdakılar arasında pul hərəkətinin ayrı-ayrı kanallarından formalaşır. - Mərkəzi və kommersiya bankları arasında; - Kommersiya bankları arasında; - Müəssisə və təşkilatlar arasında; - Banklar, müəssisə və təşkilatlar arasında; - Müəssisə, təşkilat və əhali arasında; - Fiziki şəxslər arasında; - Müxtəlif təyinatlı maliyyə institutları və əhali arasında. Bu kanalların hər birində pullar qarşılıqlı hərəkətə malikdirlər. Pul tədavülü əmtəə satışı və qeyri-əmtəə xarakterli ödəniş və hesablaşmalarla əlaqədar pulun nağd və nağdsız hərəkətidir. Pul tədavülü kapitalın dövranına və dövriyyəsinə xidmət edir, məcmu ictimai məhsulun tədavülü və mübadiləsini özündə cəmləşdirir. Azərbaycan Respublikasında nağd pul tədavülünün təşkili Milli Bankın üzərinə düşür. Belə ki, sxemdən göründüyü kimi Milli Bank nağd pul tədavülünün təşkili üçün aşağıdakı əməliyyatları yerinə yetirir:
Milli Bankın nağd pul tədavülünün təşkili sistemi
Kağız və metal pul istehsalını təşkil edir
Ölkənin pulla təchiz olunmasını öz üzərinə götürür
Bu pulların daşınmasını və saxlanmasını təmin edir
Emissiya planlarının tərtib edir
Ehtiyyatlar barədə sərəncamlar verir
Onların ehtiyyat fondlarının yaradılmasını təşkil edir
Bundan başqa kredit təşkilatları üçün: - Nağd pulun saxlanması; - Daşınması və inkassasiya qaydası; - Pul nişanlarının ödəmə qabiliyyətsizliyini; - Zədələnmiş kağız pulların dəyişdirilməsini; - Zədəli pulların məhv edilməsini təmin edir. Nağd pul tədavülü aşağıdakı prinsiplər əsasında aparılır: 1. bütün müəssisə və təşkilatlar müəyyən olunmuş limit həddindən artıq nağd pullarını kommersiya banklarında saxlamalıdırlar. 2. istənilən növ müəssisə və təşkilatlar üçün nağd pul qalıqları üçün banklar limit həddi müəyyən edir. 3. nağd pul dövriyyəsi proqnoz planlaşdırmanın obyekti kimi çıxış edir. 4. pul tədavülünün idarə olunması mərkəzləşdirilmiş qaydada həyata keçirilir. 5. nağd pul tədavülünün təşkili pul dövriyyəsinin sabitliyini təmin etmək məqsədi güdür. 6. müəssisələr nağd pulları ancaq onlara xidmət edən banklardan ala bilərlər. Nağd pul emissiyası pulların tədavülə pul kütləsinin artması ilə baş verən buraxılışıdır. Nağd pulların inhisarçı emissiya hüququ hər bir dövlətin mərkəzi bankına verilir ki, bu da bu bankı digər kommersiya banklarından fərqləndirən əsas cəhətlərdəndir. Mərkəzi bank özünün analoji fəaliyyəti çərçivəsində kommersiya banklarının kassa dövriyyələrinin proqnozlarından istifadə etməklə pul emissiyasının ölçüsünü müəyyən etmiş olur. Həmçinin onu da qeyd etmək lazımdır ki, bu zaman emissiyanın optimal həcmi ilə yanaşı, onun regionlar arasında düzgün paylaşdırılması da vacib şərtlərdəndir. Nağd pul emissiyası üçün ərazilər üzrə mərkəzi bankın baş idarələrinin hesablaşma-kassa mərkəzlərində (HKM) ehtiyat fondları və dövriyyə kassaları yaradılır. Ehtiyat fondlarında tədavülə buraxılmaq üçün nəzərdə tutulan, lakin hələ mahiyyət etibarilə pul hesab edilməyən (pul tədavülü prosesində iştirak etmədiyi üçün) pul nişanları saxlanılır. Hesablaşma kassa mərkəzinin dövriyyə kassalarında pullar daim hərəkətdə olurlar. Belə ki, kommersiya bankları nağd pul qalıqlarını bura təhvil verir və yaxud da lazım olduqda oradan nağd pullar alırlar. Beləliklə, hesablaşma-kassa mərkəzlərinin dövriyyə kassalarındakı pullar daim hərəkətdə olur və tədavüldə olan pullar hesab olunur. Əgər HKM dövriyyə kassalarına nağd pul qəbulu ondan çıxan pullardan çox olarsa, bu zaman əmələ gələn fərq tədavüldən çıxarılır və ehtiyat fonduna keçir. Burada bu pullar müvəqqəti olaraq pul olma xassəsini itirirlər. Əksinə əgər, HKM-in dövriyyə kassalarından çıxan pullar kassaya daxil olan puldan çox olarsa, ehtiyat fondundan dövriyyə kassalarına əlavə pul keçir ki, bununla da bir növ pul emissiyası baş vermiş olur. Lakin onu da nəzərə almaq lazımdır ki, bir HKM-in digər HKM ilə emissiya yerinə yetirməsi zamanı bir kassaya əlavə daxilolmalar, digər kassadan çıxan artıq pullarla ört-bastır oluna bilər. Buna görə də tədavüldə nağd pulların ümumi həcmi dəyişməyə də bilər, bununla da emissiya baş verməyə də bilər. Müəyyən bir gündə pul emissiyasının baş verib-verməməsi haqda məlumat yalnız hər bir ölkənin mərkəzi bankının direktorlar şurası tərəfindən müəyyən edilir. Belə ki, məhz bu şura gündəlik emissiya balansı tərtib edir. Nağdsız pul tədavülü puldan istifadə etmədən kredit təşkilatlarında açılmış hesablar üzrə pul vəsaitlərinin köçürülməsi ilə əlaqədar və qarşılıqlı ödənişlər vasitəsilə həyata keçirilən hesablaşmalardan ibarətdir. Nağdsız pul dövriyyəsinin həcmi ölkədə mal kütləsindən, qiymət səviyyəsindən, hesablaşmaların həlqəsindən, bölgü və yenidən bölgüdən və onun həcmindən asılıdır. İqtisadi məzmununa görə nağdsız pul tədavülü iki yerə bölünür: - büdcəyə daxil olan tədiyyələr – (mənfəətdən gəlir, əlavə dəyər vergisi, digər məcburi tədiyyələr) - büdcədənkənar tədiyyələr – ssuda faizləri, sığorta kampaniyaları ilə əlaqədar hesablaşmalar.
Nağdsız pul tədavülü bank hesablarında olan pul qalıqlarının dəyişməsi deməkdir. Bu isə hesab sahibinin çeki, plastik kart, elektron hesablama vasitələri və başqa hesablama sənədləri üzrə verdiyi əmrlərin bank tərəfindən yerinə yetirilməsi zamanı həyata keçir. Nağdsız pul tədavülünün 2 qrupu mövcuddur: - əmtəə əməliyyatları üzrə; - maliyyə öhdəlikləri. I qrupa - əmtəə və xidmətlər üzrə nağdsız hesablaşmalar aiddir. II qrupa – büdcə ödəmələri (gəlirdən vergi, əlavə dəyər vergisi, fiziki şəxslərdən gəlir vergisi, digər məcburi ödəmələr) və büdcədənkənar fond, bank ssuda faizləri, kredit üzrə faiz ödəmələri, sığorta kompaniyaları üzrə hesablaşmalar aiddir.
2. Pul tədavülü qanunu.
Pul tədavülü qanunu K.Marks tərəfindən formalaşdırılmışdır. Özünün “Kapital” əsərində K.Marks iqtisadi göstəricilər olan pul kütləsi, mal və xidmətlərin, kreditin, qarşılıqlı və nağdsız ödəmələrin qiymət məbləği və pulun dövretmə sürətinin qarşılıqlı iqtisadi asılılığının elmi açıqlamasını vermişdir. Bu qarşılıqlı əlaqə iki növ asılılığın məcmusu kimi başa düşülür: - tədavül vasitəsi kimi lazım olan pulun miqdarı ilə realizə olunan mal və xidmətlərin qiymət məbləği arasındakı birbaşa asılılıq; - tədavül vasitəsi kimi lazım olan pulun miqdarı ilə pulun dövretmə sürəti arasındakı tərsinə asılılıq. Bütün bunları aşağıdakı formulada göstərmək olar:
K= S / C (1)
Burada: K – tədavül vasitəsi kimi lazım olan pulun miqdarı; S – realizə olunan mal və xidmətlərin qiymət məbləği; C – tədavül vasitəsi kimi pulun dövrlərinin orta sayı. (pulun dövretmə sürəti) Pulun tədiyyə funksiyasının ortaya çıxması ilə əlaqədar olaraq bu düstur bir qədər qəlizləşdi və pulun tədavüldəki miqdarını müəyyən edən qanun aşağıdakı kimi formalaşmış oldu:
K= (S1-S2+S3-P) / C (2)
Burada: S1 – mal və xidmətlərin qiymət məbləği; S2 – kreditə satılmış malların qiymət məbləği; S3 – öhdəliklər üzrə ödəmələrin məbləği; P – qarşılıqlı ödəmələr.
Pulun dövretmə sürəti (pulun tədavül sürəti) – pulun tədavül və tədiyyə funksiyasını yerinə yetirdiyi zaman pul hərəkətinin intensivliyinin göstəricisi olub, il ərzində hər bir dövri gəlirlərin xərclərinə xidmət edən pul kütləsinin dövrlərinin sayını göstərir. Aydındır ki, metal pul tədavülü dövründə pulun dəfinə funksiyası vasitəsilə tədavüldə pulun miqdarı avtomatik olaraq tənzimlənirdi. Yəni, əgər pula tələbat azalırdısa, artıq pullar dəfinəyə yığılırdı. Əksinə, əgər pula tələbat artırdısa, o zaman dəfinədən tədavülə əlavə pul buraxılırdı. Elə buna görə də tədavüldə pulun miqdarı həmişə lazımi səviyyəsini saxlaya bilirdi. Həmçinin onu da qeyd etmək lazımdır ki, əgər, tədavüldə qızıla xırdalanmaya banknotlar və ya kağız pullar dövr edərsə və buraxılan bu pulların miqdarı tədavül üçün lazım olan qızıl pulların miqdarına bərabər olarsa, bu zaman da heç bir problem ortaya çıxmaz. Belə ki, kağız pullar bu zaman ideal şəkildə qızıl pulları əvəz etmiş olar. Lakin problem o zaman qalxır ki, heç bir şeylə məhdudlanmayan kağız pul emissiyası pul tədavülü qanununu pozmuş olur, tədavül kanalları artıq pullarla dolur ki, bu da son nəticədə ölkədə inflyasiyanın yaranmasına səbəb olur. Əlbəttə ki, pulun dövretmə sürətinin dəyişməsi həm ümumi iqtisadi amillərdən, həm də monetar amillərdən asılıdır. Pulun dövretmə sürətinin aşağı salınması prosesi ölkənin pul-kredit siyasəti baxımından əldə etdiyi nailiyyətlərdən hesab olunur. Bu prosesə bank sektorunun vəziyyətinin yaxşılaşdırılması, müəssisə və əhalinin gəlir səviyyəsi və s. təkan verə bilər.
Bazar münasibətlərində pullar daima tədavüldə fəaliyyət göstərir. Yeni pullar tədavüldə banklardan daxil olur ki, banklar da bu pulları kredit əməliyyatları vasitəsilə yaradırlar. Məhz bu səbəbdən də pul emissiyasının kredit xarakteri istənilən dövlətin pul sisteminin təşkilinin ən başlıca prinsipi hesab olunur. “Pul emissiyası” və “pulun tədavülə buraxılması” anlayışları bir-birindən fərqlidir. Belə ki, pulun tədavülə buraxılması nəticəsində onların dövriyyədəki ümumi miqdarı praktiki olaraq artmır. Bu isə onunla bağlıdır ki, nağdsız pullar tədavülə kommersiya banklarının öz müştərilərinə kredit verdiyi zaman buraxılır. Nağd pullar isə tədavülə kommersiya banklarının kassa əməliyyatları, yəni onların müştərilərinə öz əməliyyat kassalarından nağd pul verdiyi zaman baş verir. Lakin burada həmçinin əksinə proses, nağd pulların bankın kassalarına təhvil verilməsi və əvvəlcə verilmiş borcların nağdsız qaydada ödənilməsi prosesi də baş verir. Bundan başqa nəzərə almaq lazımdır ki, kommersiya bankları “ikinci pullara”, daha dəqiq desək, artıq ölkənin mərkəzi bankı tərəfindən buraxılan pullara istinad edir. Bununla da demək olar ki, tədavüldə pulun miqdarı dəyişmir. Pulun emissiyası dedikdə pulların tədavülə elə buraxılışından söhbət gedir ki, bu zaman pul kütləsi tədavüldə artmış olsun. Həmçinin onu da qeyd etmək lazımdır ki, pul emissiyası hər bir ölkənin mərkəzi bankı tərəfindən həyata keçirilir ki, bununla da tədavülə əlavə “ilkin” pullar buraxılmış olur. Beləliklə də tədavülə pulun buraxılmasını analoji olaraq pulun nağd və nağdsız emissiyasına bölürlər.
3. Bank multiplikatorunun mahiyyəti.
İqtisadiyyatda inzibati amirlik dövründə nağd və nağdsız pul emissiyası anlayışları arasında elə də fərq yox idi. Çünki, hər iki emissiyanı dövlətin mərkəzi bankı SSRİ Dövlət Bankı yerinə yetirirdi. Bazar iqtisadiyyatı şəraitində isə emissiya funksiyası bölünməyə başlayır: - Nağdsız pul emissiyası kommersiya bank sistemi və qeyri-bank təşkilatları vasitəsilə həyata keçirilir. - Nağd pul emissiyasını isə Milli Bank yerinə yetirir. Nağdsız pul emissiyasının başlıca məqsədi hüquqi şəxslərin tədavül vasitələrinə olan əlavə tələblərinin ödənilməsindən ibarətdir. Lakin, kredit təşkilatlarında olan vəsaitlər hesabına hüquqi şəxslərin tədavül vasitələrinə olan əlavə tələbatını deyil, adi tələbatı ödənilir. Aydındır ki, əlavə tələbat əlavə vasitələr hesabına ödənilə bilər. Bunun üçün də bu əlavə vasitələri yarada bilən nağdsız pul emissiya mexanizmi olmalıdır. İkipilləli bank sistemi şəraitində emissiya mexanizmi bank (depozit) multiplikatoru əsasında fəaliyyət göstərir. Multiplikator – (lat. multiplicator – çoxaldan) – iqtisadi göstəricidir. Onun miqdarı o dərəcəni xarakterizə edir ki, o səviyyədə investisiya tələbinin, yaxud investisiyaların özünün artırılması məhsulun buraxılış həcminin və bu məhsula istehlak tələbinin (və bu səbəbdən də gəlirin) dəyişməsini əmələ gətirir. Sayca multiplikator vahiddən çoxdur və bu nisbətə bərabərdir: M=1/İSM. Burada İSM istehlakçının bu məhsulun istehlakına son həddəki meylidir, yaxud taraz YDM–in, investisiyaların həcminin dəyişilməsinin nisbətinə bərabərdir. (“İzahlı iqtisadi terminlər lüğəti” – II cild səh. 106-107) Bank multiplikatoru ölkənin bank sistemi çərçivəsində nağdsız pulların bir bankdan başqa banka hərəkəti prosesində kommersiya banklarının hesablarında onların həcminin artması deməkdir. Onu da qeyd etmək lazımdır ki, bank, kredit və depozit multiplikatoru müxtəlif nöqteyi nəzərdən multiplikasiyanın vahid mexanizmini xarakterizə edir. Bank multiplikatoru multiplikasiya prosesini onun subyektlərinin mövqeyindən tərənnüm edir. Buraya pulu multiplikasiyalaşdıran – kommersiya bankları və qeyri-bank təşkilatları aiddir. Kredit multiplikatoru bu prosesin hərəkətverici qüvvəsini açıqlayır. Yəni multiplikasiyanın yalnız bazar münasibətlərinin kreditləşməsi zamanı baş verə bilməsi faktını açıqlayır. Kredit multiplikatoru dedikdə kommersiya banklarının kreditlərinin mərkəzi bankın kommersiya banklarına verdiyi kreditlərə nisbəti kimi başa düşülür. Depozit multiplikatoru multiplikasiyanın obyektini, daha dəqiq, multiplikasiya prosesində artan kommersiya banklarının depozit hesablarındakı pulları tərənnüm edir. Ümumi şəkildə pul multiplikatorunu pul təklifinin pul bazasına qarşı münasibəti kimi təsəvvür etmək olar. Pul təklifi birbaşa pul bazasının həcmindən və pul multiplikatorundan asılıdır. Pul bazası dedikdə mərkəzi bank tərəfindən buraxılan (Milli Bankın xəzinədarlığında olan nağd pullar nəzərə alınmadan) nağd pullar və kommersiya banklarının məcburi ehtiyatları nəzərdə tutulur. Ölkəmizin timsalında son illər pul bazası sferasında baş verən dəyişiklikləri ümumi şəkildə müsbət qiymətləndirmək olar. Belə ki, statistik məlumatlara əsasən qeyd etmək lazımdır ki, 2007-ci ilin mart ayının sonuna geniş mənada pul bazası (və ya ehtiyat pullar) ilin əvvəlinə nəzərən 246.2 mln. AZN və ya 12% azalaraq 1798.4 mln. AZN təşkil etmişdir. Manatla pul bazası isə ilin əvvəlinə nəzərən 63 mln. AZN və ya 3.9% artaraq 1662.5 mln. AZN təşkil etmişdir. Pul multiplikatoru pul bazasının artması zamanı pul təklifinin necə dəyişməsini göstərir. Depozit əmsalı və ehtiyat normasının artması uyğun olaraq pul multiplikatorunu azaltmış olur.
4. Pul aqreqatları.
Pul aqreqatı pul kütləsinin göstəricisidir.
Pul kütləsi pul bazasının kommersiya bank sistemində genişlənməsi ilə yaranır və tədavüldəki nağd pullardan və müştərilərin hesablarındakı pul qalıqlarından ibarətdir. Statistikada pul aqreqatları müəyyən müddətdə pulun hərəkətindəki dəyişikliklərinin təhlili üçün nəzərdə tutulmuşdur. Pul aqreqatlarının düzülüşünün əsasını maddi sərvətlərin likvidlik səviyyəsi ardıcıllığı təşkil edir. Maddi sərvətlərin likvidliyi dedikdə onların tez bir zamanda böyük itkilər vermədən pula çevrilmə qabiliyyəti durur. Maddi sərvətlərin likvidliyi zamanla ölçülür. Bu sərvətlərin pula çevrilməsi nə qədər az müddətdə baş verərsə, demək onun likvidliyi bir o qədər yüksəkdir. Demək ən yüksək likvidliliyə malik olan nağd pullardır.
Tədavüldə nağd pullar M0 aqreqatı ilə müəyyənləşir. Bu aqreqat özündə banknotları, xəzinə biletlərini və metal pulları cəmləşdirir.
M0 aqreqatını pul bazasından fərqləndirmək vacibdir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi pul bazasının tərkibinə kommersiya banklarının mərkəzi banklarda olan məcburi ehtiyatları aiddir. Lakin M0 aqreqatına isə formal olaraq bu ehtiyatlar daxil deyil.
Ardıcıl olaraq M0 aqreqatına azdan başlayaraq likvidli vəsaitləri birləşdirərək ondan sonrakı aqreqatları almaq olur.
Aqreqatların sayı və tərkibi ölkənin kredit sisteminin struktur xüsusiyyətlərindən və onun maliyyə bazarlarının inkişaf səviyyəsindən asılıdır.
İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin pul aqreqatları:
M0 – tədavüldəki nağd pullar;
M1 = M0+ bankın cari hesablarındakı vəsaitlər;
M2 = M1+ kommersiya banklarında müddətli və əmanət qoyuluşları;
M3 = M2+ qeyri-bank təşkilatlarındakı əmanətlər;
M4 = M3+ depozit sertifikatları, səhmlər və müxtəlif kredit öhdəlikləri.
Milli Bank pul kütləsi kimi M2 aqreqatını qəbul etmişdir ki, bu da nağd pullardan, hesablarda və müddətli depozitlərdə olan qalıqlardan ibarətdir.
Əvvəllər pul aqreqatlarından istifadə xarici ölkələrlə müqayisədə Azərbaycanda bir o qədər də yüksək səviyyədə olmasa da son illərdə Milli Bankın bu istiqamətdə apardığı işləri qənaətbəxş hesab etmək olar. Azərbaycan Respublikasında məcmu pul kütləsini hesablamaq üçün (pul bazası) M0 (dövriyyədə pul), M1 (M0 və tələbolunanadək əmanətlər və depozitlər), M2 (M1 və müddətli əmanətlər), M3 (M2 və istiqraz və əmanət sertifikatları, xarici valyuta ilə depozitlər) pul aqreqatlarından istifadə edilir.
5. İnflyasiyanın mahiyyəti, onun forma və növləri.
İnflyasiya anlayışı pul tədavülü qanununun pozulması yolu ilə dövriyyə kanallarının dolması kimi başa düşülür.
“İnflyasiya” termini kütləvi şəkildə kağız pullara keçidlə əlaqədardır və kağız pulların çoxluğu onların ucuzlaşmasına və bunun ardınca isə qiymətlərin qalxmasına səbəb oldu.
İnflyasiya – yalnız kağız-kredit tədavülünə məxsus olan, mal dövriyyəsi təklifi ilə müqayisədə artıq kağız pulların dövriyyə etməsi, qiymətlərin qalxması və bununla da pulların dəyərsizləşməsi və alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə müşayət olunan pulun tədavül qanununun pozulmasıdır.
Başqa sözlə desək, inflyasiya hər şeydən əvvəl pul tədavülü kanallarının artıq pul kütləsi ilə dolması, lakin bunun qarşısında əmtəə kütləsinin artmamasının nəticəsində yaranır. İqtisadiyyatda qiymətlərin səviyyəsi dövriyyədə tədavül edən pulların həcmindən asılıdır. Klassik mübadilə qaydasına görə bu aşağıdakı kimi göstərilir:
MV = PQ
Burada; P – mal və xidmətlərin qiymət səviyyəsi;
Q – real mal və xidmətlərin həcmi;
M – dövriyyədə olan pul kütləsi;
V – pulun dövretmə sürəti.
Buna uyğun olaraq inflyasiya proseslərinin artmasının vacib səbəblərindən biri nominal pul kütləsinin Milli məhsulun artmasından daha tez çoxalmasıdır.
İnflyasiyanın sürəti pul kütləsinin artım sürəti və pulun dövretmə sürətinin artması ilə düz mütənasib, real məhsulun artım sürəti ilə isə tərs mütənasibdir. Pul kütləsinin sabitliyi şəraitində real məhsulun aşağı düşməsi inflyasiyanın sürətinin artmasına səbəb olur. Çünki, az həcmdə məhsulun qarşısında pulların əvvəlki həcmi durmuş olur. Əksinə, əvvəlki həcmdə pul kütləsinin qarşısında real məhsul həcminin artması isə deflyasiyaya, başqa sözlə qiymətlərin aşağı düşməsinə səbəb olur. Qeyd etmək lazımdır ki, təcrübədə deflyasiyaya çox nadir hallarda rast gəlmək olur. Müasir iqtisadi şəraitdə inflyasiya prosesi çox zaman real məhsulun artıb azalmasından asılı olmayaraq inkişaf edir.
Pulun dövretmə sürəti və məhsulun real artımının sabitliyi şəraitində inflyasiya pul kütləsinin artım sürəti ilə müəyyənləşir.
Tədavüldə pul kütləsinin artması bütövlükdə mərkəzi bankların kredit emissiyası ilə müəyyənləşir. İstənilən istiqamətdə mərkəzi bankların aktivlərinin artması, yəni hakimiyyətə, kommersiya banklarına, əhaliyə, xarici dövlətlərə verilən kreditlər, həmçinin xalis beynəlxalq ehtiyatların artımı pul bazasının artmasına səbəb olur. Multiplikativ effektlə pul bazasının artması pul kütləsinin genişlənməsinə səbəb olur. Pul kütləsi isə öz növbəsində inflyasiyanın sürətlənməsinə gətirib çıxarır. Beləliklə, demək olar ki, mərkəzi bankların aktivlərinin istənilən genişlənməsi inflyasiya xarakteri daşıyır və bu aktivlərin strukturuna və artmasına görə inflyasiya mənbələri haqda mühakimə yürütmək olar. Kredit emissiyası nəticəsində yaranan pul kütləsi inflyasiya tempinə dərhal deyil, hissə-hissə təsir göstərir. Qeyd etmək lazımdır ki, pul kütləsinin artması inflyasiya tempinin artmasına təsir göstərdiyi kimi, onun azalması da inflyasiyanın azalmasına səbəb olur.
İnflyasiyanın yaranmasının aşağıdakı forma və növləri vardır:
-
Dostları ilə paylaş: |