4. Əsas vəsaitlərin təmirinin maliyyələşdirilməsi və kreditləşdirilməsi
Təmir - obyektlərin ilk istehsal güclərinin, texnikanın iş qabiliyyətinin və çoxillik əkmə plantasiyaların bərpasına yönəldilən təşkilati, texniki və digər tədbirlər sistemindən ibarətdir.
Təmir işlərinə və məsrəflərinə aiddir: təmir işlərinin aparılması ilə əlaqədar layihə-smeta və axtarış işləri; avadanlıqların sökülməsinə və quraşdırılmasına, obyektin təmirə aparılmasına xərclər; avadanlığın qismən və tam sökülməsi, qırılmış və ya köhnəlmiş konstruksiya və digər hissələrin dəyişilməsi; yaşayış evlərinin təmiri və s.
Müəssisə və təşkilatların mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq əsas istehsal fondlarının bütün növ təmirinə məsrəflər istehsalın və məhsulların satışına (iş, xidmət) xərclərin tərkibinə aid edilir.
Müəssisə və təşkilatlarda təmirə məsrəfləri məhsulların maya dəyərinə bərabər səviyyədə aid etmək üçün təmir (ehtiyat) fondu yaradıla bilər.Təmir fonduna ayırmalar təsdiq edilmiş normativ üzrə yerinə yetirilir.
Qeyri-istehsal təyinatlı fondların təmirinə məsrəflər məhsulların maya dəyərinə aid edilir. Yerinə yetirilməsi isə müəssisənin sərəncamında qalan mənfəət və digər xüsusi vəsaitlər (istifadə edilməyən təmir fondunun qalığı) hesabına həyata keçirilir.
Əsas istehsal fondlarının təmirinə xərclərin maliyyələşdirilməsini müəssisələr iki formada həyata keçirə bilərlər. Birinci formada faktiki məsrəf maya dəyərinə aid edilir; ikinci formada sərbəst müəyyən edilmiş normativ ayırmalar üzrə təmir fondu yaradılır. Birinci halda təmirə xərclərin azaldılmasına maraq olur. Lakin təmir üzrə xərclərin faktiki maya dəyərinə aid edilməsi il ərzində maya dəyərinə əhəmiyyətli təsir edir.
Təmir fondu yaradılarkən, bu fonddan ayırma il ərzində bərabər həcmdə maya dəyərinə aid edilir. Təmir işlərinə edilən xərclər il ərzində bərabər olmasa da maya dəyəri dəyişir. Belə halda ola bilsin maya dəyəri real xərci əks etdirməsin. Həm də təmir fonduna ayırma yerinə yetirilən işdən çox və ya az ola bilər. Amma təmir işini aparmaq üçün müəssisənin etibarlı mənbəyi olur, lazım gəldikdə həmin vəsaitin qalığından digər lazımi tədbirlərə istifadə edilə bilər.
Təmir fonduna ayırmanın normativini təsərrüfat hər məhsul, iş və xidmətin maya dəyərinə uyğun faizlə müəyyən edir. Təmir fondunun vəsaiti təmir üçün lazım olan material qiymətlilərin ehtiyatının (ehtiyat hissələri, hissələri dəyişilən birləşmələr, materiallar və s.) yaradılmasına yönəldilir.
Təmirə vəsaitlər təsərrüfatın özündə təsdiq edilmiş maliyyə planına aid edilən təmirin maliyyələşdirmə planına uyğun sərf edilir. Smeta dəyəri üzrə məsrəfin həcmi təmirə dayanan obyektin təlimatına, hər obyektin nöqsan cədvəlinə, fəaliyyətdə olan norma və qiymətə görə müəyyən edilir. İcarəyə götürülən əsas fondların təmiri müqavilə şərtindən və fəaliyyətdə olan qanunvericilikdən asılı olaraq icarədarın və ya icarəçinin vəsaiti hesabına yerinə yetirilir. Əgər təmiri icarəçi yerinə yetirərsə xərclər təsərrüfatın təmir planına aid edilir.
Təsərrüfatda təmirin maliyyələşdirilməsi planının ümumi məbləği planlaşdırılan ilə təmirin plan dəyərini, planlaşdırılan ilə keçirilən kreditor borcunun qaytarılmasına xərcləri, ilin əvvəlinə ödənilməyən mənbələr üzrə xərcləri, dövriyyə vəsaitləri normativinin artımını, planlaşdırılan ilin axırına təmir üçün vəsaitlərin qalığını (gələn ilin əvvəlində təmir işlərini yerinə yetirmək üçün) təmin etməlidir.
Təsərrüfat təmir fondunun vəsaitini özünün hesablaşma hesabında saxlayır. Təmiri başa çatmış obyekt üzrə podratçı təşkilatla hesablaşma, yerinə yetirilmiş işin qəbulu aktına əsasən (2b№ li forma) hesablaşma hesabından yerinə yetirilir. Podrat üsulu ilə müqavilə və ya naryad sifarişi əsasında maşınların, avadanlıqların və nəqliyyat vasitələrinin təmirinə görə hesablaşma təsdiq edilmiş preyskuranta, smetaya və ya kalkulyasiyaya əsasən təmirin dəyərinə uyğun yerinə yetirilir. Haqq-hesaba yerinə yetirilmiş işin qəbulu aktı əlavə edilir. Hansı ki, orada preyskuranta, smetaya və ya kalkulyasiyaya istinad edilir, müqavilənin və ya naryad sifarişinin tarixi və nömrəsi qeyd edilir.
Maşınlar, avadanlıqlar və nəqliyyat vasitələrinin təmiri təsərrüfat üsulu ilə yerinə yetirildikdə, materiallara, yüklərin daşınmasına görə ödəmə hesabların ödənməsi yolu ilə yerinə yetirilir. Təmir obyektinin smeta dəyəri həddində maşınların, aqreqatların, avadanlıqların, binaların, qurğuların təmiri üzrə yerinə yetirilən işlərin dəyəri haqqında arayışa əsasən əmək haqqı ödənilir. Arayışa təsərrüfatın baş mühəndisi və baş mühasibi imza edir.
Yerinə yetirilmiş iş haqqında arayış təmir obyektinin plan dəyərindən çox olmamaqla faktiki işə görə doldurulur. Əgər təsərrüfat üsulu ilə aparılan maşınların, avadanlıqların və nəqliyyat vasitələrinin təmirinin preyskurant qiyməti yoxdursa, onda təmirin dəyəri əmək haqqına məsrəflərə, materialların, ehtiyat hissələrinin dəyərinə, qaimə xərclərinə, köməkçi istehsal xidmətlərinin və kənar təşkilatların xidmətlərinin dəyərinə əsasən müəyyən edilir.
Təmir olunan obyektin qəbul-təhvil aktına əsasən son hesablaşma aparılır. Aktda digər göstəricilərlə yanaşı faktiki yerinə yetirilən təmirin həcminin smeta dəyəri də göstərilir. Təmirə illik plandan artıq məsrəf təmir fondundan və digər mənbələrdən nəğd ödənilir.
Təmir üçün təmir olunan obyektin sökülməsindən alınan materiallardan və avadanlıqlardan istifadə edilərsə mədaxil edilən materialların və avadanlıqların dəyəri təmir işlərinə xərci azaldır.
Mövsümlə əlaqədar olaraq təmir fondunun vəsaitində çatışmazlıq olduqda təsərrüfat kredit ala bilər. Kredit I, II və III rüblərdə rüblük plandan artıq təmir üzrə təcili işləri yerinə yetirmək üçün vəsait çatışmadıqda alınır. Kredit növbəti ildə təmir fonduna ayırmalar daxil edildikdə ödənilir. Kreditin qaytarılma vaxtı çatdıqda kredit hesablaşma hesabında axtarılır. Hesabda vəsait olmadıqda o vaxtı uzadılmış kredit hesabına keçirilir.
Mövzu 9. Dövriyyə vəsaitləri
P L A N
1. Dövriyyə vəsaitinin mahiyyəti və kənd təsərrüfatında dövriyyəsinin xüsusiyyətləri
2. Dövriyyə vəsaitlərinin tərkibi və quruluşu
3. Dövriyyə vəsaitlərinin yaranma mənbələri
4. Dövriyyə vəsaitlərinin normalaşdırılması
1. Dövriyyə vəsaitinin mahiyyəti və kənd təsərrüfatında dövriyyəsinin xüsusiyyətləri
Bəllidir ki, beynəlxalq mühasibat standartlarına görə hər bir müəssisənin aktivləri 4 qrupa – dövriyyə kapitalı və ya vəsaitlərinə, investisiyalara, daşınmaz əmlak və avadanlıqlara və qeyri-maddi aktivlərə bölünür. Azərbaycan terminologiyasına uyğun ifadə etsək, korporasiyanın aktivləri əsas vəsaitlər, dövriyyə vəsaitləri, kapital qoyuluşları, qeyri-maddi aktivlərdən ibarət olur.
Bizə bəllidir ki, əsas vəsaitlər – istifadə müddəti bir ildən çox olan və dəyəri amortizasiya edilən və təsərrüfat prosesində istifadə olunan aktivlər – avadanlıq, bina və s.- dir. Biz bilirik ki, kapital qoyuluşları uzunmüddətli qiymətli kağızlara, yeni əsas vəsaitlər yaradılmasına və s. yönəldilən vəsaitlərdir.
Qeyri-maddi aktivlərin fiziki subsidiyaya malik olmayan, ancaq dəyərə malik olan uzunmüddətli aktivdir.
Dövriyyə vəsaitləri – nominal davam edən istehsal tsikli, istehsal tsikli bir ildən az olanda isə il ərzində yenidən nağd pula çevrilən kassa və başqa vəsaitlərdir.
Normal istehsal tsikli isə istehsala yönələn vəsaitlərin yenidən nağd pula çevrilməsi üçün lazım olan orta müddətdir.
Beləliklə, dövriyyə vəsaitlərini bir il müddətində istifadə edilən və yenidən nağd pula çevrilən vəsaitlər kimi xarakterizə edə bilərik.
Hər bir kənd təsərrüfat müəssisəsi istehsal fəaliyyətini yerinə yetirmək üçün lazımı miqdarda dövriyyə vəsaitlərinə malik olmalıdır.
Dövriyyə vəsaitlərinin əsas fərqləndirici xüsusiyyətləri aşağıdakılardır:
1. Onlar 2 hissədən ibarətdir: istehsal dövriyyə fondları və tədavül fondlarından. Birincilər istehsal sferasına xidmət edir ki, – yeni dəyər yaradılır, ikincilər – tədavül sferasındadır ki, orada yeni dəyər yaradılmır.
2. Dövriyyə fondları və tədavül fondları tam dövriyyədə bir dəfə və tam iştirak edir, dövriyyə başa çatdıqdan sonra o, təzələnir.
3. Dövriyyə vəsaitləri dəyəri əks etdirir. Tam dövriyyə prosesində onlar üç mərhələdən keçərək, eyni zamanda üç formada (pul – əmtəə – pul) çıxış edir.
Kənd təsərrüfat müsəsisədə dövriyyə vəsaitlərinin təşkilinin, digər maddi istehsal sahələrinə nisbətən özünə məxsus xüsusiyyətləri var. Dövriyyə vəsaitlərinin avanslaşdırılması dövrü uzundur. Xalq təsərrüfatının digər, istehsal prosesi bərabər, iş dövrü isə fasiləsiz olan sahələrinə nisbətən kənd təsərrüfatında dövriyyə vəsaitlərinin həcmi çoxdur. Dövriyyə vəsaitləri il ərzində bərabər bölüşdürülmür. Dövriyyə vəsaitlərinin qaytarılması təbii amillərin təsirindən bitkilərin yetişməsi və heyvanların böyüməsi ilə əlaqədar eyni vaxtda həyata keçirilir.
Dövriyyə vəsaitlərinin əhəmiyyətli xüsusiyyətlərindən biri də onların natura formasında istehsal prosesində təzələnməsidir. Toxum, əkmə materialları, yem, üzvi kübrələr tam dövriyyə prosesində xüsusi istehsal hesabına təzələnir. Bu növ dövriyyə vəsaitləri satışa verilmir, növbəti istehsal dövrü üçün istehsal sferasında saxlanılır. Bu dövriyyə vəsaitlərinin dövriyyəsini uzadır.
Dövriyyə vəsaitlərinin təşkili və onların tam dövriyyəsi kənd təsərrüfatı istehsalı sahəsindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir.
Bitkiçilikdə dövriyyə vəsaitlərinin qoyuluşu eyni vaxtda həyata keçirilmir (izah etməli).
Heyvandarlıqda bitkiçiliyə nisbətən qoyuluş bərabər olması ilə seçilir. (Südlük istiqamətli heyvandarlıqda, quşçuluqda).
2. Dövriyyə vəsaitlərinin tərkibi və quruluşu
Dövriyyə vəsaitləri təkrar istehsal prosesində istehsal sferasını və tədavül sferasını avanslaşdıran vəsaitlərə bölünürlər.
İstehsal sferasında vəsaitlər aşağıdakı qruplara bölünür:
1) İstehsalat ehtiyatları – toxum və əkmə materialları, yem və döşəmə materialları, neft məhsulları, ehtiyat hissələri, mineral kübrələr, biopreparatlar və zəhərli maddələr, tara, yardımçı müəssisələr üçün xammal, yanacaq, az qiymətli və tez xarab olan əşyalar, tikinti materialları (təmir üçün);
2) Cavan və kökəlməkdə olan heyvanlar – bütün növ cavan heyvanlar, kökəlməkdə olan yaşlı heyvanlar, əsas sürüdən çıxdaş edilərək kökəldilməyə qoyulmuş mal-qara;
3) Bitməmiş istehsalat – bitkiçilikdə, heyvandarlıqda, sənayedə, köməkçi və sair istehsalatda bitməmiş istehsala məsrəflər.
Tədavül sferasındakı vəsaitlərə aşağıdakı qruplar aiddir:
1) Əmtəəlik məhsullar – satış və əmək ödənişi üçün ayrılan bitkiçilik, heyvandarlıq və sair sahənin məhsulları;
2) Hesablaşmadakı vəsaitlər – tədarük təşkilatlarının, sair alıcıların və ayrı-ayrı şəxslərin borcları, əsas fəaliyyət üzrə sair növ debitor borcları;
3) Pul vəsaitləri – kassadakı, hesablaşma hesabındakı vəsaitlər, əsas fəaliyyət üzrə akkreditivlər və limitləşdirilmiş çeklər, sair növ pul vəsaitləri.
Uçotu və maliyyə işlərini sadələşdirmək məqsədilə dövriyyə vəsaitlərinə bir neçə növ əsas fondlar aid edilir. Hansı ki, onların dövriyyə xüsusiyyəti istehsal dövriyyə fondlarına yaxındır. Belə əsas fondlara aiddir: yaşlı quşlar, vəhşi heyvanlar, dovşanlar, arı ailələri, təcrübə üçün istifadə edilən heyvanlar.
Kənd təsərrüfatı müəssisələrində əsas yeri istehsal dövriyyə fondları təşkil edir. Əgər müəssisədə iri həcmli əmtəə fondlarının qoyuluşu və xeyli pul ehtiyatları tələb olunmursa, onda həmin müəssisədə tədavül fondlarının xüsusi çəkisi çox olmur.
Dövriyyə vəsaitlərinin quruluşu istehsal təyinatından və ixtisaslaşmadan asılı olaraq dəyişir. Təsərrüfat pambıqçılıq təyinatlı olduqda dövriyyə vəsaitlərinin tərkibində çiyid, mineral kübrələr, zəhərli maddələr, neft məhsulları, əmtəəlik məhsullar çoxluq təşkil edir. Heyvandarlıq təyinatlı təsərrüfatlarda isə cavan və kökəldilməkdə olan heyvanlar, yem, heyvanların saxlanmasına məsrəflər dövriyyə vəsaitlərinin tərkibində çoxluq təşkil edir.
Müəssisənin digər aqrar sənaye kompleksi müəssisələri ilə qarşılıqlı iqtisadi əlaqəsi və maliyyə intizamının vəziyyəti də dövriyyə vəsaitlərinin quruluşuna təsir edir.
Dövriyyə vəsaitlərinin quruluşu il ərzində kəskin dəyişir. (İzah etmək. Qışda, yaz-yay dövründə və payızda)... Beləliklə, dövriyyə vəsaitləri bir formadan digər formaya keçir, tam dövriyyəni fasiləsiz tamamlayır.
3. Dövriyyə vəsaitlərinin yaranma mənbələri
Dövriyyə vəsaitləri yaranma mənbələrindən asılı olaraq xüsusi, borc və cəlb olunmuşlara bölünür.
Xüsusi dövriyyə vəsaitləri nizamnamə (bölünməz) kapitalına aiddir. Bundan əlavə onlar şərti olaraq xüsusi vəsaitlərə bərabərləşdirilən mənbələr hesabına, daha doğrusu möhkəm passivlər hesabına da yaradılır. Xüsusi dövriyyə vəsaitlərinin mənbəyi balansın passiv tərəfində birinci bölmədə əks olunur.
Xüsusi dövriyyə vəsaitlərinin mənbəyinə – dövriyyə vəsaitlərinin artırılmasına yönəldilmiş mənfəətdən (xalis gəlirdən) ayırmalar, həmçinin dövriyyə vəsaitlərini artıran digər daxilolmalar, əsas vəsaitlərin ləğv edilməsindən daxil olan material qiymətlilərin dəyəri, iqtisadi həvəsləndirmə və xüsusi təyinatlı fondların vəsaitləri, dövriyyə vəsaitlərinin tamamlanmasına yönəldilən məqsədli maliyyələşmələr və s. aiddir.
Möhkəm passivlərə təsərrüfatın dövriyyəsində fəaliyyətdə olan aşağıdakı vəsaitlər aiddir: əmək haqqı üzrə minimum borclar, sosial sığortaya ayırmalar üzrə minimum borclar, qarşıdakı xərclərə və ödəmələrə ehtiyatlar, təsərrüfat üsulu ilə yerinə yetirilən əsaslı təmir üçün material ehtiyatlarının yaradılmasına ayırmalar, dövriyyə vəsaitlərinin tamamlanması üçün müvəqqəti istifadə edilən vəsait, müvəqqəti sərbəst olan iqtisadi həvəsləndirmə və xüsusi təyinatlı fond vəsaitləri.
Borc dövriyyə vəsaitinə – əsasən kreditlər, cəlb olunan – resurslara isə malgöndərənlərə borc və s. kreditorlar, maliyyə orqanlarına borc və s. aiddir.
4. Dövriyyə vəsaitlərinin normalaşdırılması
Müəssisələrin gələcək fəaliyyəti onların dövriyyə vəsaiti ilə təminatından asılıdır. Dövriyyə vəsaitlərinin çatışmazlığı təkrar istehsalın gedişinə mane olur. Normadan artıqlığı isə dövriyyə sürətinin azalmasını, rentabelliyin aşağı düşməsini şərtləndirir.
Bazar təsərrüfatı gerçəkliklərində dövriyyə vəsaitləri hər bir element üzrə «normalaşdırılmalıdır» və dövriyyə vəsaitlərinin effektiv idarə edilməsi belə bir yanaşmanı tələb edir.
Kənd təsərrüfat müəssisələrində dövriyyə vəsaitləri normalaşdırılır, daha doğrusu ayrı-ayrı növ material qiymətliləri və məsrəflər üzrə xüsusi norma və normativlər müəyyən edilir.
Dövriyyə vəsaitlərinin norması iqtisadi və sosial inkişaf proqramı (biznes – plan) tərtib edilərkən iş vahidinin plan maya dəyəri, toxumun səpin, heyvanın yemlənməsi normasını hesablamaq yolu ilə müəyyən edilir.
Normaya əsasən xüsusi dövriyyə vəsaitlərinin pul ifadəsində normativi hesablanır. Normativ hər balans maddəsi üzrə rüblük və planlaşdırılan ilin axırına hesablanır.
Dövriyyə vəsaitlərinin normalaşdırılmasının təsərrüfat üçün istehsalat və maliyyə əhəmiyyəti var. İstehsalat əhəmiyyəti ondan ibarətdir ki, təsərrüfatda minimum normada ehtiyat saxlanılır. Hansı ki, təsərrüfatda ehtiyat daima olmalıdır. Maliyyə əhəmiyyəti isə ondan ibarətdir ki, hesablanmış normativ həcmində dövriyyə vəsaitlərinin xüsusi ödənilmə mənbələri müəyyənləşdirilir; daha doğrusu xüsusi və borc dövriyyə vəsaitlərinin (həddi) müəyyən edilir.
Normativi işləmək üçün təsərrüfat rəhbərindən və baş mütəxəsislərdən ibarət komissiya yaradılır. Normativi müəyyən etmək üçün istehsalın ixtisaslaşması, təsərrüfatla təchizam məntəqəsi və tədavül təşkilatı arasındakı məsafə, hesablaşma ardıcıllığı və s. öyrənilir.
Normativin həcminə bilavasitə aşağıdakılar təsir edir: planlaşdırılan ilin axırına bitməmiş işin həcmi, traktorların, kənd təsərrüfat maşınlarının və digər əsas vəsaitlərin miqdarı, toxuma, əkmə materiallarına və yemə təlabat; cavan və kökəlmədə olan heyvanların miqdarı; istehsal edilən və satılan məhsulların miqdarı, həmçinin material qiymətlilərinə tələbat.
Hər balans maddəsi (xüsusi normativ) və təsərrüfat üzrə (ümumi normativ) işlənmiş normativi təsərrüfat rəhbəri təsdiq edir. Təsdiq olunmuş normativ haqqında həmin müəssisəni kreditləşdirən bank şöbəsinə məlumat verilir.
Xüsusi normativin hesablanması 2 metodla – bilavasitə hesab və analitik metodla yerinə yetirilir.
Bilavasitə hesab metodundan istifadə edilərkən normativ, planlaşdırılan ilin konkret şəraitinə əsasən hesablanır. Yəni istehsal planına, əkin sahəsinə, heyvanların hərəkətinə və s. uyğun olaraq.
Analitik metod hesabat ilinin məlumatlarına əsaslanır. Hər ayın axırına dövriyyə vəsaiti qalığı diqqətlə təhlil edildikdən sonra, onlardan ən azı seçilir.
Bilavasitə hesab metodu ilə bitkiçiliyin və heyvandarlığın bitməmiş istehsalı, toxum və əkmə materialları, cavan və kökəlməkdə olan heyvanlar, gələcək dövrün xərcləri üzrə dövriyyə vəsaitinin normativi hesablanır. Xüsusi normativin həcmi dövriyyə vəsaitinin xüsusi mənbə hesabına ödənilməsi prinsipindən asılıdır.
Kənd təsərrüfatı müəssisələrində normalaşdırmanın 2 prinsipindən – maksimum və minimum – istifadə edilir.
Maksimum prinsipdən istifadə edilərkən planlaşdırılan ilin axırına dövriyyə vəsaitlərinin qoyuluşu tam olaraq xüsusi mənbə hesabına yaradılır. Bu prinsiplə dövriyyə vəsaitlərinin bilavasitə hesab metodu ilə normalaşdırılır.
Minimum prinsipdən istifadə edilərkən planlaşdırılan ilin axırına dövriyyə vəsaitlərinin ümumi qoyuluşunun yalnız bir hissəsi xüsusi mənbə hesabına ödənilir. Planlaşdırılan ilin axırına qoyuluşun qalan hissəsi borc, cəlb olunan və s. mənbələr hesabına ödənilir.
Xüsusi dövriyyə vəsaitlərinin normativi minimum prinsiplə hesablanarkən analitik metod tətbiq edilir.
Ümumiyyətlə bilavasitə hesab metodundan əsasən çətin şəraitli təsərrüfatlarda istifadə olunur.
Kənd təsərrüfatı müəssisələrində qeyd olunan müxtəlif metod və prinsiplərə uyğun olaraq konkret xüsusi dövriyyə vəsaitlərinin normativinin hesablanmasına baxaq.
Birinci qrupda maksimum prinsip üzrə bilavasitə hesab metodu ilə normativin hesablanması.
Toxum və əkmə materialları, cavan və kökəlməkdə olan heyvanlar, bitkiçilik və heyvandarlıqda bitməmiş istehsal, gələcək dövrə xərclər üzrə normativ bu qrupa aiddir. Bu növ üzrə normativin hesablanması üçün aşağıdakı formuladan istifadə edilir:
N = Pq ∙ Pmd
N – planlaşdırılan ilin axırına xüsusi dövriyyə vəsaitinin normativi;
Pq – uyğun növ dövriyyə vəsaitlərinin gələn ilə keçirilən plan qalıcı (toxum, cavan və kökəlməkdə olan heyvanlar və s.);
Pmd – hər vahidin (iş, diri çəki və s.) və ya satınalma qiymətinin plan maya dəyəri.
Toxum və əkmə materialları üzrə xüsusi dövriyyə vəsaitlərinin normativi təsərrüfatda sığorta ehtiyatlarını da daxil etməklə toxuma tələbatı tam əks etdirməlidir. Hansı bölgədə payızlıq əkinlər məhsul yığımına qədər yerinə yetirildikdə onda normativə payızlıq səpin üçün toxum ehtiyatı da daxil edilir.
Normativ hesablanarkən əvvəlcə hər sort üzrə 1ha toxum və əkmə materialının norması müəyyən edilir. Bu zaman təsərrüfatda qəbul edilmiş səpin norması, 1sen. toxumun saxlanma yerinə gətirilməsi, işlənməsi və saxlanması xərcləri də daxil edilməklə plan maya dəyəri əsas götürülür. Sonra sığorta fondunun yaradılması üçün (10-15%) toxumun dəyəri də daxil edilməklə hər bitki üzrə müəyyən edilmiş norma əkin sahəsinə bürünür. Toxum satın alındıqda normativə onun satın alma qiyməti üzrə dəyəri, təsərrüfata gətirilməsi, işlənməsi və saxlanması xərcləri də əlavə edilir.
Bitkiçiliyin bitməmiş istehsalı üzrə normativi gələn ilin məhsullarına çəkilən xərclərin plan məbləğini əks etdirir. Əvvəlcə hər növ bitməmiş istehsalda material qiymətlilərin, əmək haqqının və digər pul xərclərinin məsrəfi normasına görə 1ha məsrəfin plan məbləği müəyyən edilir. Xüsusi istehsalın material qiymətliləri plan maya dəyəri ilə, satın alınanlar isə gətirilmə, saxlanma və s. xərcləri daxil etməklə satın alma qiyməti ilə hesablamaya daxil edilir. Normativi hesablamaq üçün plan üzrə işin həcmi 1ha məsrəfin dəyərinə vurulur.
Heyvandarlıqda bitməmiş istehsal üzrə normativ də bitməmiş istehsalda ilin axırına qalan məsrəfin tam plan dəyərinə görə müəyyən edilir. Normativə daxildir: arıları qışda yemləmək üçün ehtiyat bal və şəkərin dəyəri; göllər və su tutarlar üzrə xərclər; planlaşdırılan ilin axırına inkubasiyaya qoyulan yumurtaların dəyəri. Məsrəflər plan maya dəyəri ilə, satın alınan material qiymətliləri isə satın alma qiymətləri ilə qəbul edilir.
Cavan və kökəldilməkdə olan heyvanlar üzrə normativ planlaşdırılan ilin axırına təsərrüfatda saxlanılan cavan heyvanların, quşların, vəhşi heyvanların və kökəldilmədə olan heyvanların plan üzrə qalıq dəyərinin ödənilməsini nəzərdə tutur. Cavan mal-qara üzrə normativ hesablanarkən, bura südəmər cavanlarda daxil edilərək ilk növbədə hər növ heyvan üzrə dövriyyə vəsaitinin norması müəyyən edilir.
Cavan heyvanlar, quşlar, vəhşi heyvanlar və kökəldilmədə olan heyvanlar üzrə norma, planlaşdırılan ildə onların saxlanmasına plan məsrəflərini əlavə etməklə ilin əvvəlinə hər bir başın faktiki maya dəyərinə görə bilavasitə hesablama yolu ilə müəyyən edilir.
Hər baş cavan iri buynuzlu mal-qaraya və donuzlara məsarifi müəyyən etmək üçün, planda qəbul edilən ilin axırına onların diri çəkisi ödənilir. Dövriyyə vəsaitlərinin normasına planlaşdırılan ilin axırına plan üzrə müəyyən edilən sürü dövriyyəsindəki başların sayına vurmaqla normativ hesablanılır. Yaş qrupu üzrə cavan heyvanların hər növü üçün belə hesablama aparılır.
Gələcək dövrə xərclər üzrə normativ ilin axırına tam vəsait qoyuluşu həcmində müəyyənləşdirilir. O, bir neçə istehsal bölməsin aid olan xərcləri ödəmək üçün nəzərdə tutulur (heyvanları saxlamaq üçün yay düşərgələrinin tikintisinə, silos quyuların və digər obyektlər). Məsrəfin bir hissəsi bu ilin məhsulların maya dəyərinə, digər hissəsi gələn istehsal dövrünün məhsullarına aid edilir. Dövriyyə vəsaitinin normativi, keçən il çəkilən xərcin üzərinə planlaşdırılan ildəki xərcləri əlavə etməklə müəyyən edilir. Alınan məbləğdən istehsal smetası üzrə planlaşdırılan ilin məhsulunun maya dəyərinə aid edilən məsrəflər hətda xüsusi mənbə hesabına ödənilən məsrəflər çıxılır.
İkinci qrupda normativ analitik metodla minimum prinsiplə hesablanır. Normativi hesablamaq üçün planlaşdırılan ildə istehsal şəraitinin dəyişikliyinə uyğun düzəliş edilərək keçən ilin hesabatı üzrə minimum qalıq götürülür.
- Yaradıcı sənaye istehsalının bitməmiş istehsalatında xüsusi dövriyyə vəsaitlərinin normativi keçən ilin aylıq hesabatı üzrə müəyyən edilən yardımçı istehsalın bitməmiş sənaye istehsalının minimum qalıq dəyərindən asılı olaraq müəyyənləşdirilir.
Dövriyyə vəsaitinin norması faiz şəklində əks etdirilir. Bunun üçün keçən ilə görə minimum qalıq, bu il istehsal olunan sənaye məhsulunun dəyərinə bölünməklə müəyyən edilir. Planlaşdırılan ildə planlaşdırılan sənaye məhsulunun dəyərini normaya vurmaqla dövriyyə vəsaitinin normativini alırıq. Həmçinin bu yolla yardımçı müəssisədə emal üçün xammalın normativi hesablanılır. Normativ keçən ilin xammalının minimum qalığına, həmçinin yardımçı müəssisənin keçən ilin və planlaşdırılan ilin xərclərinə görə müəyyən edilir.
- Təmir emalatxanasının bitməmiş istehsalat üzrə normativi, keçən ilin aylıq hesabatında qəbul edilən bitməmiş istehsalın minimum qalıq dəyərinə və başa çatmamış əsaslı təmirə xərclərə görə hesablanılır. Dövriyyə vəsaitinin norması faizlə əks etdirilir. Faizi müəyyən etmək üçün xərclər hesabat ilində yerinə yetirilən əsaslı təmirin maya dəyərinə bölünür. Normativi müəyyən etmək üçün dövriyyə vəsaitinin norması, planlaşdırılan ildə təmir emalatxanasında yerinə yetirilən əsaslı təmir xərcinə vurulur.
- Neft məhsulları üzrə normativi müəyyən etmək üçün keçən ilin aylıq balansları üzrə minimum qalıqlar götürülür. Bu qalıq dəyərini keçən ilin gündəlik yanacaq məsrəfinə bölməklə dövriyyə vəsaitinin gündəlik norması alınır. Cari ilin plan üzrə gündəlik yanacaq məsrəfini normaya vurmaqla planlaşdırılan ilə normativ məbləği müəyyən edilir.
Xüsusi dövriyyə vəsaiti hesabına yalnız işlərin fasiləsizliyi üçün minimum ehtiyatın yaradılması təmin olunur. Mövsümi ehtiyatın hamısı bankın krediti hesabına ödənilir.
- Az qiymətli əşyalar üzrə normativ keçən ilin aylıq hesabatındakı faktiki minimum qalığa görə hesablanılır. Minimum qalıq müəyyən edilərkən həmin əşyaların köhnəlmə dəyəri və lazımsızların dəyəri çıxılır. Həmçinin planlaşdırılan ildə tələbat və təklif şərtlərindəki dəyişiklik nəzərə alınmalıdır. Norma faizlə hesablanılır. Normanı hesablamaq üçün keçən ilə az qiymətli və tez xarab olan əşyaların qalıq dəyərini, planlaşdırılan ildə plan maya dəyəri ilə qiymətləndirməklə bitkiçilikdə və heyvandarlıqda ümumi məhsulların dəyərinə bölmək lazımdır. Planlaşdırılan ildə nəzərdə tutulan ümumi məhsulların dəyərini normaya vurmaqla cari il üçün dövriyyə vəsaitinin normativi hesablanılır. Bu prinsiplə həmçinin köməkçi materiallar üzrə normativ; tara və tara materialları üzrə normativ də hesablanılır.
Yemin, ehtiyat hissələrinin və təmir materiallarının, mineral gübrələrin və zəhərli maddələrin, tədarük təşkilatları ilə hesablaşmaların, təxirə salınmaz ehtiyaclara kassadakı pul vəsaitlərinin qalıqlarının normativləri möhkəm faizlərə görə hesablanılır.
- Yem üzrə xüsusi dövriyyə vəsaitinin normativi, yemin sığorta fondu həcmində müəyyənləşdirilir. Bütün mövsüm ərzindəki ehtiyat bank krediti hesabına ödənilir. Normativ məbləğinə ot və samana illik tələbatın uyğun olaraq 15-20% həcmində dənli yem bitkilərinin dəyəri də əlavə edilir. Bundan başqa normativə hər arı ailəsi üçün 5kq bal (sığorta ehtiyatı) əlavə edilməlidir. Əgər təsərrüfat il boyu heyvanları silosla yemləyirsə, onda normativə aylıq silos ehtiyatı da əlavə olunur.
Normativ hesablanarkən yem plan maya dəyəri ilə qiymətləndirilir. Satın alınan yem qiymətləndirilərkən satın alınan qiymətə nəqliyyat xərci də əlavə edilir.
Əgər təsərrüfat kənd təsərrüfatı məhsullarını emal edən müəssisədən yem tullantısını gətirirsə, onda normativ bir aylıq tələb olunan tullantının dəyəri həcmində müəyyənləşdirilir. Vəhşi heyvandarlıq təsərrüfatlarında normativə soyuducuda saxlanılması mümkün olan balıq-ət yemlərinin sığorta ehtiyatı da əlavə olunur. (bir aylıq tələbatdan artıq olmamaqla)
- Mineral kübrələr və zəhərli kimyəvi preparatlar üzrə normativ, onların orta aylıq daxilolmalarının dəyərləri həcmində hesablanılır. Mineral kübrələr üzrə orta aylıq daxilolmalarının dəyərini müəyyən etmək üçün planlaşdırılan ilə təchizat müqaviləsindəki məbləği 12-yə bölmək lazımdır.
Tibbi ləvazimat və dezinfeksiya (dərmanlama) üçün vəsaitlərin normativi də, bu material qiymətlisindən təsərrüfata aylıq tələbatın dəyərinə əsasən müəyyən edilir. Bərk yanacaq üzrə normativ kommunal təsərrüfata və ictimai iaişəyə iki aylıq tələbat həcmində hesablanılır. Yanacağın qiymətləndirilməsi, onların istifadə yerinə gətirilmə xərci də nəzərə alınmaqla plan maya dəyəri ilə yerinə yetirilir. Qeyd edilən bu üç normativ üçün bir hesablama tərtib olunur.
- Ehtiyat hissələri və təmir-texniki materiallar üzrə xüsusi dövriyyə vəsaitlərinin normativi, texniki xidmətin təmin olunması, həmçinin təsərrüfatın emalatxanasında maşınların, avadanlıqların, aqreqatların və nəqliyyat vasitələrinin cari və əsaslı təmirini aparmaq üçün lazımi ehtiyat yaradır. O, ehtiyat hissələrinin və təmir materiallarının, həmçinin bir neçə əsas fondların illik məsrəfi haqqında məlumata əsasən hesablanılır.
Traktorların, avtomobillərin və kənd təsərrüfatı maşınlarının ilin əvvəlinə dəyərlərinin ilk qiyməti ilə 0,6%-i həcmdə onların mühərriklərinin və aqreqatlarının dəyişdirilməsi fondunun normativi müəyyən edilir. Traktorların, kombaynların və digər kənd təsərrüfat maşınların, avtomobillərinin, avadanlıqlarının, invertarlarının əsaslı və cari təmirinə planlaşdırılan xərclərə görə, ehtiyat hissələrinin və təmir-texniki materiallarının illik məsrəfi müəyyən edilir.
Ehtiyat hissələrinin əsaslı və cari təmirə məsrəfi, təmirin miqdarından və bir təmirə orta hesabla ehtiyat hissələrinin məsrəfindən asılı olaraq hesablanılır. Avtomobillar, traktorlar, kombaynlar və digər aqreqatlar üzrə təmirin miqdarı, müəyyən edilmiş təmirarası müddətdən asılı olaraq müəyyən edilir. Ehtiyat hissələrinin məsrəfi, keçən ildə bir təmirə faktiki orta məsrifə görə hesablanılır.
- Təxirə salınmaz ehtiyaclara kassadakı pul vəsaitlərinin qalığı üzrə normativ, planlaşdırılan ilə ümumi əmək haqqı fondunun 0,2%-i həcmində müəyyən edilir. Bu normativ eyni zamanda ayrı-ayrı təsərrüfatlar üçün kassadakı pul vəsatinin qalığı ola bilər.
Hesablaşma və ya cari hesablardakı pul vəsaitlərinin qalıqları üzrə xüsusi dövriyyə vəsaitlərinin normativləri müəyyən edilir.
Əksəriyyət dövriyyə vəsaitlərinin normativi minimum həddə, bəzi hallarda tələbata uyğun, ilin ayrı-ayrı dövrlərində isə normadan artıq ehtiyat hesablanır. Belə ki, yem üzrə normativdən artıq ehtiyat heyvanların qışlaması dövründə, neft məhsulları üzrə əsas sahə işlərinin aparılmasına hazırlıq dövründə, ehtiyat hissələri üzrə təmir işlərinə hazırlıq dövründə normativdən artıq ehtiyat yaradılır. Təsərrüfatda xüsusi mənbə hesabına yalnız müəyyən edilən həcmdə normativ yaradılır. Normativdən artıq ehtiyat kredit hesabına formalaşdırılır.
Normativin hesablanması üçün əsasən dövriyyə vəsaitlərinin yekun planlaşdırılması (rüblük və ilin axırına) aparılır. Bura daxildir: uyğun dövriyyə vəsaitlərinin qalığının və onların ödənilmə mənbələri planın hesablanması, həmçinin uyğun dövriyyə vəsaitlərinin normativinin və onların yaradılması mənbələrinin müəyyən edilməsi.
Dövriyyə vəsaitlərinin normativi və planı çox vaxtı bir-birindən fərqlənir. Belə ki, “yem” üzrə plan qışlama dövrünün axırına qədər təsərrüfatın tələbatı həcmində olmalıdır. Bu dövriyyə vəsaiti üzrə normativ yemin sığorta ehtiyatını, daha doğrusu təsərrüfatın 1-2 aylıq yemə olan tələbatı əks etdirir.
Təsərrüfatda dövriyyə vəsaitlərinin yekun planlaşdırılmasını aparmaq üçün sosial inkişaf proqramında xüsusi dövriyyə vəsaitlərinin normativləri və onların ödənilməsi mənbələri cədvəlindən istifadə edilir. Bu cədvəlin birinci bölməsində hər bir xüsusi dövriyyə vəsaitinin normativi və yekun normativ məbləğini müəyyən edilir. İkinci bölmədə xüsusi dövriyyə vəsaitlərinin ödənilmə mənbələri planlaşdırılır. Bu mənbələrə aiddir: ilin əvvəlinə xüsusi dövriyyə vəsaitləri, möhkəm passivlər, mənfəət büdcə təxsisatı, kredit və s.
Dostları ilə paylaş: |