Banklararası əməliyyatlar bütövlükdə bankların müxbir münasibətlərinin inkişaf səviyyəsini tərənnüm edir. Banklar digər banklardan borc ala bilərlər ki, bu da onlara kifayət qədər iri həcmli vəsaitlərlə əməliyyatlar həyata keçirməyə, müxbir hesablarda optimal qalığın saxlanılmasına və lazım gəldikdə müxbir-banka kredit üçün müraciət etməyə imkan verir.
Mərkəzi bankdan borcun alınması kommersiya banklarının passiv əməliyyatıdır. Kommersiya bankı mərkəzi bankdan krediti yenidən uçotla və veksellərin yenidən girovu ilə yenidənmaliyyələşdirmə ardıcıllığında və lombard krediti formasında, yəni dövlət qiymətli kağızlarının girovu ilə alır.
Geri alınma ilə müqavilə, yəni REPO sövdələşməsi kommersiya banklarının yeni resurs mənbəyi kimi yaranmışdır. Bu cür sövdələşmə bank və şirkət arasında bağlanılır. Əgər şirkət çox qısa müddət üçün böyük həcmli yatırım etmək istəyirsə, o, bunu geri alma şərtilə edir. Bank qiymətli kağızları şirkətə müəyyən olunmuş vaxt bitdikdən sonra daha yüksək qiymətə geri almaq öhdəliyi ilə satır. Bu qiymətlər arasındakı fərq faktiki olaraq kreditin ödənilməsi üçün banka verilən haqqdır.
Bank veksellərinin buraxılması yolu ilə vəsaitlərinin cəlb olunması əməliyyatları da son illərin geniş yayılmış əməliyyatlarındandır. Veksel depozit və əmanət sertifikatlarından fərqli olaraq hesablaşma vasitəsi kimi istifadə oluna bildiyindən daha əlverişlidir. Bundan başqa veksellər üzrə, digər qiymətli kağızlar kimi qeydiyyat aparılmır ki, bu da bankın bu sahədə fəaliyyətini asanlaşdırır və onların geniş tətbiqinə imkan yaratmış olur. Lakin buna baxmayaraq, müvafiq normativə əsasən veksellərin kommersiya bankları tərəfindən buraxılışı tənzimlənir.
Bank iki növ veksellər buraxır:
- Faizli;
- Diskont.
Faizli veksellərin xüsusiyyəti ondan ibarətdir ki, bu veksellərin fiziki və hüquqi şəxslərə satışı və buraxılışı nominal dəyərə vekselin məbləğinə növbəti əlavələrlə baş verir.
Diskont vekselinin xüsusiyyəti ondan ibarətdir ki, onun buraxılışı və satışı nominaldan aşağı qiymətlə, bağlanması isə nominal qiymətlə müəyyənləşir. Bağlanması və alış qiyməti arasındakı fərq veksel saxlayanın gəliri hesab olunur.
Avro valyuta borcları – müəyyən dövlətin kommersiya bankında saxlanılan, xarici valyutada tərənnüm olunan əmanət prinsipi əsasında fəaliyyət göstərən passiv əməliyyatların idarə olunmasının maliyyə alətidir.
Banklararası və ya mərkəzləşdirilmiş kreditlərin cəlb olunması ilə baş verən passiv əməliyyatlar, həmçinin qeyri-investisiya qiymətli kağızlarının emissiyası bankın öz təşəbbüsü ilə aparılır və iri maliyyə vəsaitlərinin tez bir zamanda cəlb olunmasının effektiv üsullarından hesab olunur. Lakin, bu əməliyyatlar pul bazarında həyata keçirildiyindən bu cür resursların cəlb olunmasının dəyəri eyni müddətli depozitdən yüksək olur. Buna görə də kommersiya bankları bu cür vasitələrə maliyyə çətinliyinə düşdükləri zaman, ancaq vacib olan hallarda əl atırlar.
4. Kommersiya banklarının aktiv əməliyyatları
Kommersiya banklarının aktiv əməliyyatları öz adından cəlb olunan və xüsusi vəsaitlərin uyğun gəlirin əldə edilməsi üçün istifadə olunmasıdır.
Kommersiya banklarının aktiv əməliyyatlarının əsas növləri aşağıdakılardır:
- Fiziki və hüquqi şəxslərə müxtəlif müddətə və müxtəlif şərtlərlə kreditlərin verilməsi;
- Öz adından, öz hesabına qiymətli kağızlarla əməliyyatların aparılması;
- İnvestisiyalaşdırma;
- REPO əməliyyatları;
- Valyuta dilinq əməliyyatları;
- Kommersiya banklarının qeyri-ənənəvi əməliyyatları.
Kommersiya bankları tərəfindən aktiv əməliyyatlar eyni zamanda bankın lazımi likvidliyinin qorunması və risklərinin ayrı-ayrı əməliyyat növləri arasında optimal bölüşdürülməsi əsas götürülməklə, gəlir əldə etmək məqsədilə həyata keçirilir. Bu tələblərin qorunması bankları öz aktivlərinin müəyyən hissəsini gəlir gətirməyən yatırımlara qoymağa vadar edir.
Bundan başqa bank fəaliyyətinin hərtərəfli təminatına və inkişafı onun aktiv maddələrdən olan bank binaları və avadanlıqları, həmçinin filiallara qoyulan investisiyaların da olmasını tələb edir. Beləliklə yerinə yetirdiyi məsələlərə görə bank aktivlərini iki qrupa ayırmaq olar:
- Bank likvidliyinin müəyyən həddə saxlanması istiqamətində aparılan əməliyyatlar;
- Bank gəlirinin əldə edilməsi istiqamətində aparılan əməliyyatlar.
Birinci qrupa aşağıdakılar aiddir:
- Bankın kassalarında olan vəsaitlər;
- Mərkəzi bankın müxbir hesabında olan qalıqlar;
- Digər bankların hesablarında olan vəsaitlər və yatırımlar.
İkinci qrupa aşağıdakılar aiddir:
- Fiziki və hüquqi şəxslərin kreditləşməsi;
- Qiymətli kağızlara olan investisiyalar;
- İnvestisiya proyektləri;
- Valyuta dilinq əməliyyatları.
Aktiv əməliyyatların likvidliyi və gəlirliyi ilə yanaşı bu əməliyyatların həyata keçirilməsində kredit risqi və onun paylaşdırılması da böyük əhəmiyyət kəsb edir. Başqa sözlə, bankların öz fəaliyyətlərini yalnız bir aktiv əməliyyat növü üzərində qurmamaları çox böyük əhəmiyyət kəsb edir. Bankın əsas riskləri onun kredit portfelinin strukturu və keyfiyyətindən asılıdır ki, bu risklərə bank öz fəaliyyəti zamanı məruz qalır. Buna görə də borcalanların çox dəqiq seçimi, kreditləşmə şəraitinin təhlili, onun yerinə yetirilməsinə nəzarət bank fəaliyyətinin əsas istiqamətlərindəndir.
Əfsuslar olsun ki, bu gün ölkəmizdəki bankların kredit portfelinin sturukturu demək olar ki, qısamüddətli borclardan təşkil olunmuşdur.
İnvestisiya proyektlərinin həyata keçirilməsi portfel investisiyasının idarə olunması strategiyasının işlənib hazırlanması və reallaşması istiqamətində tədbirlərin həyata keçirilməsini, gəlir əldə etmək məqsədilə birbaşa və portfel investisiyalarının optimal ahənginə nail olmanı, bank riskinin mümkün olan həddinin və bankın balansının likvidliyinin qorunmasını nəzərdə tutur.
Birbaşa investisiyalar – birbaşa istehsala yatırılan vəsaitləri, real aktivlərin əldə olunmasını nəzərdə tutur.
Portfel investisiyaları – qiymətli kağızların alınması və ya pul vəsaitlərinin uzunmüddətli borc verilməsi kimi başa düşülür.
İnvestisiya əməliyyatlarından bankın gəlirləri qiymətli kağızlar üzrə faizlərdən, onların məzənnə qiymətlərinin qalxmasından, komissionlarından, həmçinin qiymətli kağızların alqı və satqısının qiymətləri arasındakı fərqdən yaranır.
Valyuta dilinqi – xarici valyutaya olan tələb və təklifin əsil vasitəçisi kommersiya banklarıdır. Buna görə də bu sahədə kommersiya banklarının əsas məsələsi öz müştərilərnin bir valyutada olan aktivlərinin digər valyutaya konvertlə olunması imkanını təqdim etməkdir. Bu cür konvertasiya «spot» və «forvard» şəraitində gedən əməliyyatlar vasitəsilə həyata keçirilir. Dəqiq desək, hər iş günü boyu bank özünə sərf edən məzənnə ilə xarici valyuta əldə etməyə çalışır ki, bu valyutanın sonrakı reallaşmasından gəlir əldə etsin.
Kommersiya banklarının qeyri-ənənəvi əməliyyatlarına elə əməliyyatlar aid edilir ki, bunları banklardan başqa digər təşkilatlar da həyata keçirə bilər. Bu əməliyyatlara aşağıdakıları aid etmək olar:
- Hesablaşma-kassa xidməti;
- Trast əməliyyatları;
- Lizinq;
- Faktorinq;
- Zəmanət və havadarlığın verilməsi;
- İnkassasiya xidmətləri və s.
Bu əməliyyatlar üzrə gəliri banklar ya komission kimi ya da xidmət üçün haqq şəklində əldə edirlər.
5. Kommersiya banklarının fəaliyyət prinsipləri
Kommersiya banklarının ən vacib və ilkin fəaliyyət prinsipi ondan ibarətdir ki, onlar mövcud resursları çərçivəsində fəaliyyət göstərməlidirlər. Kommersiya bankları digər bankların xeyrinə nağdsız hesablaşmaları həyata keçirə bilər, onlara kreditlər verər, öz müxbir hesabındakı qalıq həddində nağd pul qəbul edə bilər.
Mövcud resurs çərçivəsi dedikdə, kommersiya bankları yalnız öz resursları və kredit qoyuluşları arasındakı kəmiyyət uyğunluğuna deyil, həmçinin bank aktivlərinin xarakteri ilə onlar tərəfindən mobilizə edilmiş resursların xüsusiyyətlərindəki uyğunluğu da nail olmaları başa düşülür. Hər şeydən əvvəl bu uyğunluq yuxarıda adları çəkilmiş göstəricilərin müddətlərinə aiddir. Belə ki, əgər bank qısa müddətə vəsait cəlb edib (qısamüddətli və ya tələbolunanadək depozitlər) onu uzunmüddətli kreditləşmədə istifadə edərsə bu zaman bankın likvidliyi, yəni, öz öhdəliklərini yubanmadan ödəmə qabiliyyəti təhlükə altına alına bilər.
Artan risklə iri həcmli borc vəsaitlərinin bankın aktivlərində olması onun resurslarının ümumi həcmində xüsusi vəsaitlərinin çəkisinin artmasını tələb edir. Bank aktivlərinin onun passivlərinin xarakterindən sərt asılılığı bank fəaliyyətinin iqtisadi normativlərinin müəyyən edilməsində və onların əməliyyatlarının tənzimlənməsində nəzərə alınmalıdır. Bu və ya başqa xüsusi bank əməliyyatlarının (ipoteka, investisiya və s.) həyata keçmə imkanı bank passivlərinin strukturu ilə bağlıdır. Ona görə də bu əməliyyatların şərtlərini hazırlayarkən ilk növbədə mütləq uyğun passivlərin yaranma mənbələrinə fikir vermək lazımdır.
Özünün malik olduğu resurs çərçivəsində bank aktiv əməliyyatlar aparmaqda sərbəstdir. Müəyyən olunmuş iqtisadi normativlərə riayət etmək şərtilə bankın aktiv əməliyyatlarının həcminə nə inzibati, nə də dolayı metodlarla məhdudiyyətlər qoyula bilməz. İnzibati məhdudiyyətlər müstəsna hallarda tətbiq edilə bilər. Belə ki, bankın fəaliyyətinə inzibati yolla müdaxilə onların fəaliyyətinin kommersiya əsasını zəiflədə bilər. Ona görə də bank fəaliyyətinin tənzimlənməsində əsas üstünlük iqtisadi metodlara verilir.
Bankın kommersiya fəaliyyətinin fundamenti olan cəlb olunmuş resurs çərçivəsində fəaliyyət prinsipi onun bütün istiqamətini müəyyən edir: depozitlərin cəlb olunmasında bankın marağı artır, passivlərə görə rəqabət artır ki, bu da kredit resurslarının yalnız mərkəzi bankdan olan yolunu bağlamış olur. Passivlərə görə kəskin mübarizə bankların öz resurslarını yatırmaları üçün daha effektiv sahələr axtarmalarına səbəb olur. Bu zaman bank kapitalının daha rentabelli sahələrə axını baş vermiş olur.
Kommersiya banklarının ikinci əsas fəaliyyət prinsipi – tam iqtisadi sərbəstlik prinsipidir. Bu prinsip həmçinin özündə bankın öz fəaliyyətinin nəticələrinə görə iqtisadi cavabdehliyini də tərənnüm edir. İqtisadi sərbəstlik bankın xüsusi və cəlb etdiyi vəsaitlərdən tam sərbəst istifadə etməsi, əmanətçilər və müştəri seçimində sərbəst olması, vergi ödənişindən sonra qalan gəlirlərindən sərbəst istifadəsi və s. özündə cəmləşdirir.
Fəaliyyətdə olan bank qanunvericiliyi bütün kommersiya banklarına öz fond və gəlirlərinin bölüşdürülməsində iqtisadi sərbəstlik vermişdir. Bankın vergi ödəmələrindən sonra sərəncamında qalan gəliri səhmdarların ümumi iclasında aldıqları qərara əsasən yerləşdirilir. Bu bankın digər fondlarına ayırmaların norma və ölçülərini, həmçinin səhmlər üzrə dividentlərin ölçüsünü müəyyən edir.
Kommersiya banklarının üçüncü prinsipi – kommersiya bankları müştəriləri ilə qarşılıqlı əlaqəni adi bazar münasibətləri üzrə qurulması prinsipidir. Borc verərkən kommersiya bankı ilk bazar kriterilərini, yəni gəlirlilik, risk və likvidliyi üstün tutur. “Ümumdövlət marağı”nın qorunması bankın fəaliyyətinin kommersiya xarakteri ilə bir araya sığmayır. Dövlət marağının qorunması kommersiya bankı üçün likvidlik böhranına səbəb ola bilər.
Kommersiya banklarının dördüncü fəaliyyət prinsipi – ondan ibarətdir ki, bankın fəaliyyətinin tənzimlənməsi yalnız dolayı iqtisadi metodlarla həyata keçirilə bilər. İnzibati metodlarla bankın fəaliyyətinin tənzimləməsi ağlasığmazdır. Akademik V.İ.Kolesnikov bunu belə izah etmişdir: ”Dövlət kommersiya bankları üçün “oyun qaydaları” müəyyən edə bilər, onlara əmrlər verə bilməz.
6. Kommersiya banklarının yaradılması, qeydiyyatı və ləğvi qaydaları
Bank ən azı üç hüquqi və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər. Bank yalnız adlı səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri səs hüququna malik ola bilməzlər. Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı əlavə üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər.
Bank nizamnaməsinin notariat qaydada təsdiqlənmiş surəti, bank tərəfindən təsdiqlənmiş daxili reqlamenti, habelə bankın bank fəaliyyəti ilə əlaqədar müqavilələri imzalamaq səlahiyyəti verilmiş vəzifəli şəxslərin siyahısı bank tərəfindən Milli Banka bir nüsxədə təqdim edilir və Milli Bankda saxlanılır.
Bankın nizamnaməsində edilən dəyişikliklər Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Bankın nizamnaməsində və reqlamentində edilən dəyişikliklər beş təqvim günü müddətində Milli Banka təqdim edilir. Bank məcmu kapitalını, xarici bankın yerli filialı isə məcmu kapitala bərabər tutulmuş vəsaitini daimi olaraq Milli Bankın banklar üçün müəyyən etdiyi məcmu kapitalın minimum miqdarından aşağı olmayan səviyyədə saxlamalıdır. Bankın məcmu kapitalının, xarici bankın yerli filialı üçün isə məcmu kapitala bərabər tutulmuş vəsaitin strukturu, komponentləri və hesablanması qaydası Milli Bank tərəfindən müəyyən edilir. Heç bir bank Milli Bankın qabaqcadan yazılı icazəsi olmadan səhmlərinin satın alınması və ya səhmlərin nominal dəyərinin azaldılması zamanı onun dəyərinin ödənilməsi yolu ilə məcmu kapitalını azalda bilməz. Heç bir xarici bank Milli Bankın qabaqcadan yazılı icazəsi olmadan nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin geri götürülməsi yolu ilə yerli filialının məcmu kapitala bərabər tutulmuş vəsaitini azalda bilməz. Bankın nizamnamə kapitalı və xarici bankın yerli filialının nizamnamə kapitalına bərabər tutulan vəsaiti səhmdarların və ya xarici bankın yalnız Azərbaycan Respublikasının milli valyutasında ödədiyi pul vəsaiti ilə formalaşdırılmalıdır.
Milli Bank bank lisenziyalarının verilməsində və ləğv edilməsində, habelə filiallar, şöbələr və nümayəndəliklər açmaq üçün banklara icazə verilməsində və verilmiş icazələrin ləğv edilməsində müstəsna hüquqlara malikdir.
Bank lisenziyaları və icazələr yazılı formada müddətsiz olaraq verilir. Bank lisenziyaları və icazələr yalnız onları almış şəxslər tərəfindən istifadə edilə bilər və üçüncü şəxslərə verilə bilməz. Bank lisenziyaları və icazələr Milli Bank tərəfindən verildiyi gündən qüvvəyə minir. Lakin Milli Bank verdiyi bank lisenziyasında və icazədə “Azərbaycan Respublikası banklar və bank fəaliyyəti haqqında” qaqnunun 32-ci maddəsinə əsasən banklara icazə verilən fəaliyyət növlərinə məhdudiyyətlər qoya bilər. Bank lisenziyasında və ya icazəsində elə fəaliyyət növləri məhdudlaşdırıla bilər ki, onların həyata keçirilməsi üçün ərizəçi kifayət qədər təşkilati-texniki hazırlığa və ya ixtisasa malik olmasın.
Bank lisenziyası və icazə alınması üçün bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxslər Milli Banka yazılı şəkildə müraciət edirlər. Müraciətin forması və məzmunu, ona əlavə edilən sənədlər Milli Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir. Bu zaman Milli Bank lisenziya vermək üçün müraciətə baxarkən bankın kapitalında mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin) və inzibatçıların maliyyə vəziyyəti, peşəkar fəaliyyəti və keçmişdə cinayət məsuliyyətinə cəlb olunub-olunmadıqları haqqında maliyyə, vergi və hüquq mühafizə orqanlarından məlumat ala bilər. Bu tələb sonradan bankda mühüm iştirak payını əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinə), yeni təyin olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə də şamil edilir. Bu məqsədlə maliyyə, vergi və hüquq mühafizə orqanları Milli Banka onun tələb edə biləcəyi məlumatı verir. İlkin müraciətə baxılması və bank lisenziyasının verilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş miqdarda və qaydada dövlət rüsumu ödənilir.
Bankın yekun müraciətinə və ona əlavə edilmiş sənədlərə ən geci 30 təqvim günü müddətində baxılır. Yekun müraciətdə və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən edildikdə, onları aradan qaldırılması üçün Milli Bank müraciət edən banka müvafiq bildiriş göndərir. Yenidən təqdim olunmuş sənədlərə Milli Bank ən geci 15 təqvim günü müddətində baxmalıdır. Milli Bank sənədlərin “Azərbaycan Respublikası banklar və bank fəaliyyəti haqqında” qanunun tələblərinə cavab verdiyini, ilkin nizamnamə kapitalının minimum miqdarı üzrə ödənişlərin Milli Banka daxil olduğunu müəyyən etdikdə bank lisenziyasının verilməsi haqqında qərar qəbul edir və bu barədə müraciət edənlərə 5 təqvim günü müddətində yazılı bildiriş göndərir. Milli Bankın verdiyi bank lisenziyası olmadan heç bir xarici bank da Azərbaycan Respublikasında filiallar aça bilməz.
Bankların ləğvi də Milli Bank tərəfindən həyata keçirilir. Bu proses 2 formada olur.
- Könüllü ləğv;
- Məcburi ləğv.
17. Beynəlxalq maliyyə və valyuta-kredit münasibətləri
P L A N
1. Beynəlxalq maliyyənin mahiyyəti və əhəmiyyəti
2. Beynəlxalq maliyyə-kredit təşkilatları
3. Beynəlxalq valyuta sistemi
4. Tədiyyə balansı
5. Valyuta bazarı
6. Beynəlxalq kredit
1. Beynəlxalq maliyyənin mahiyyəti və əhəmiyyəti
Beynəlxalq maliyyə sərhəddənkənar maliyyə axınları və maliyyə əməliyyatları ilə əlaqədardır. Beynəlxalq maliyyə əməliyyatları və valyuta münasibətlərinin ayrı-ayrı elementləri hələ antik dövrdə– Qədim Yunanıstanda və Qədim Romada – veksel və digər mübadilə işi şəklində yaranmışdır.
Müasir dövrdə ölkəyə maliyyə ehtiyatlarının daxil olması və çıxması olduqca böyük miqyas kəsb etmişdir. Bunlardan başqa, maliyyə fondlarının bilavasitə sərhədlərdən kənara çıxması və daxil olması ilə əlaqədar olmayan, lakin beynəlxalq mahiyyət daşıyan maliyyə əməliyyatları da mövcuddur. Məsələn, ölkə daxilində baş verən alqı– satqısını, valyuta ilə borc əməliyyatlarını, kapital qoyuluşlarını göstərmək olar. Beləliklə, beynəlxalq maliyyə xarici valyutada maliyyə varidatının və xarici valyuta ilə aparılan əməliyyatları ilə məhşurdur.
Beynəlxalq maliyyə anlayışına daxil olan maliyyə varidatına xarici ölkə valyutalarından başqa xarici valyuta ilə depozit hesabları, istiqraz, pay sənədləri və digər qiymətli kağızlar da aiddir.
Beynəlxalq maliyyə-valyuta münasibətlərinin təkamülü məhsuldar qüvvələrin inkişafı, dünya bazarının yaranması, beynəlxalq əmək bölgüsünün dərinləşməsi, dünya təsərrüfatı sisteminin formalaşması, təsərrüfat əlaqələrinin beynəlmiləlləşməsi ilə sıx bağlıdır.
Beynəlxalq maliyyə-valyuta münasibətləri beynəlxalq iqtisadi münasibətlərin törəməsidir. Maliyyə-valyuta münasibətləri ilə geniş təkrar istehsalı arasında birbaşa və əks əlaqə mövcuddur. Onların obyektiv əsasını mal, kapital və xidmətlərin beynəlxalq mübadiləsini doğuran geniş təkrar istehsal prosesi təşkil edir. Maliyyə-valyuta münasibətlərinin vəziyyəti milli və dünya iqtisadiyyatının vəziyyətindən, siyasi şəraitindən, ölkələr arasında qüvvələr nisbətindən asılıdır. Dünya bazarında kapitalın dövriyyəyə daxil olması nəticəsində pul valyutaya çevrilir və əks proses baş verir. Maliyyə-valyuta münasibətləri geniş təkrar istehsalı prosesinin törəməsi olsa da, onlar nisbi müstəqilliyə malikdirlər.
Təsərrüfat həyatının beynəlmiləlləşdiyi bir şəraitdə geniş təkrar istehsalın xarici amillərdən – dünya istehsalının dinamikasından, xarici elm və texnikanın səviyyəsindən, beynəlxalq ticarətin inkişafından, xarici kapitalın ölkəyə axınından asılılığı artır. Beynəlxalq maliyyə, kredit və valyuta bazarlarının qeyri-sabitliyi və xüsusən böhranlı vəziyyəti geniş təkrar istehsala mənfi təsir göstərir.
Müasir dövrdə iqtisadiyyatda və maliyyə həyatında özünü göstərən liberallaşma və rabitə texnologiyasında baş verən sıçrayışlar müxtəlif ölkələrdə yerləşmiş maliyyə bazarlarını vahid dünya bazarı şəklində birləşdirmişdir. Maliyyə bazarlarında sürətlə genişlənən qloballaşma prosesi dövlətlər və iş adamları üçün yeni imkanlar yaratmaqla yanaşı, yeni-yeni risk və problemlər də doğurmuşdur.
Təsadüfü deyildir ki, beynəlxalq maliyyə problemləri yalnız elmi dairələri deyil, geniş kütlələri də maraqlandırır. İxracatçılar, idxalatçılar və xaricilərə xidmət göstərənlərlə yanaşı, öz yığımını düzgün dəyərləndirmək və yerləşdirmək istəyənlər, valyuta möhtəkirləri və arbitrajçıları, ümumiyyətlə valyuta alqı-satqısı ilə məşğul olanlar bu problemlərlə ciddi maraqlanırlar.
Onlardan başqa xammal, material və avadanlığı xaricdən təmin edən istehsalçılar, hətta tamamilə daxili bazarda fəaliyyət göstərən, lakin bu bazarda xarici istehsalçılarla istər-istəməz rəqabətə girən firmalarda bu problemləri bilib, praktiki fəaliyyətində nəzərə almalıdırlar. Beynəlxalq maliyyə məsələləri xarici bazarlardan (və ya daxildən xarici valyuta ilə) qısa, orta və uzunmüddətli kredit alanlar bu bazara kapital qoymaq istəyən fiziki və hüquqi şəxslər üçün çox vacibdir.
Dövlətin maliyyə xidmətində işləyən mütəxəssislər üçün beynəlxlaq maliyyə problemləri xüsusilə əhəmiyyətlidir. Çünki ayrı-ayrı dövlətlər və müxtəlif dövlət təşkilatları beynəlxalq maliyyə sistemində böyük miqyasda əməliyyatlar aparılır. Milli dövlətlərin çoxu özünün maliyyə vəsaitinə olan ehtiyacını ödəmək üçün beynəlxalq maliyyə bazarlarına, digər dövlətlərə və beynəlxalq maliyyə təşkilatlarına müraciətlər edirlər. Digər dövlətlər isə malik olduqları sərbəst pul ehtiyatlarını faiz əldə etmək üçün xarici maliyyə bazarlarına çıxarırlar.
Beynəlxalq maliyyə sistemində transmilli şirkətlərin (TMŞ) xüsusi rolu vardır. İstehsal və ticarət fəaliyyətlərini dünya miqyasında aparan bu şirkətlər öz gəlir, xərc, borc və alacaqları ilə əlaqədar əməliyyatlarını müxtəlif valyutalar ilə aparırlar. Beynəlxalq banklar isə beynəlxalq maliyyə sisteminin onurğa sütununu təşkil edir.
2. Beynəlxalq maliyyə-kredit təşkilatları
Dünya ölkələri arasında iqtisadi, maliyyə və sosial münasibətlər inkişaf etməkdədir. Xüsusilə II Dünya müharibəsindən sonra dünyada bloklaşmalar ortaya çıxmış, beynəlxalq münasibətlər sürətlənmiş və beynəlxalq valyuta kredit qurumları qurulmağa başlamışdır. Bundan sonra inkişaf etməkdə olan ölkələrin inkişafının maliyyələşdirilməsini saxlaya bilmək üçün xarici borc və xarici yardım qurumları meydana çıxmışdır.
İstər beynəlxalq, istərsə də regional miqyasda fəaliyyət göstərən kredit qurumlarının ortaq məqsədləri aşağıdakılardır:
- Beynəlxalq mal alış-verişində ödəmə güclüklərini aradan qaldırmaq və beynəlxalq inkişafı təşviq etmək;
- İnkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafını dəstəkləmək;
- İqtisadi birləşmə, sərbəst ticarət və iş birliyi münasibətlərini inkişaf etdirmək və sıx iqtisadi iş birliyini stimul etməkdir.
Quruluşu və sərmayəsi birdən çox ölkənin qatıldığı kredit fəaliyyətlərində də yenə də birdən çox ölkənin faydalandığı quruluşlara beynəlxalq kredit təşkilatları deyilir. Günümüzdə fəaliyyət göstərən beynəlxalq kredit quruluşlarının hamısı ikinci dünya müharibəsindən sonra qurulmuşdur. Yaranma tarixinə görə, öncə “Breton Vudds əkizləri” adlandırılan Beynəlxalq Pul Fondu (İMF) və Dünya Bank qrupu.
Mövcud beynəlxalq maliyyə quruluşlarının çalışma sahələri çox çeşidlidir. Çalışma sahələrinə görə bu təşkilatlar aşağıdakı şəkildə qruplaşdırılır:
- Beynəlxalq Valyuta Fondu;
- Dünya Bank qrupuna daxil olan quruluşlar;
- Beynəlxalq İnkişaf Birliyi;
- Avropa Yenidənqurma və İnkişaf Bankı;
Digər regional maliyyə qurumları
- Asiya İnkişaf Bankı;
- Afrika İnkişaf Bankı;
- İslam İnkişaf Bankı;
- Kariblər İnkişaf Bankı;
- Orta Amerika İqtisadi İnteqrasiya Bankı;
- Ərəb Valyuta fondu.
Beynəlxalq maliyyə qurumları qısa, orta və uzun müddətli valyuta kreditləri təklif edir.
Qısa və orta müddətli valyuta krediti verən maliyyə qurumu Beynəlxalq pul fondudur. Uzun müddətli investisiya krediti verən maliyyə qurumları isə Avropa Birliyi İnkişaf Fondu, Avropa İnvestisiya Bankı, Asiya, Afrika və İslam İnkişaf bankları, Dünya Bankı və Birləşmiş Millətlər İnkişaf proqramıdır.
Qısa və orta müddətli valyuta krediti verən təşkilatların maliyyə yardımları üzv ölkələrə, tədiyyə balansındakı müvəqqəti çətinlikləri aradan götürmək üçün verilir. İnvestisiya layihələrinin kreditləşdirilməsi üçün ayrılan fondlar uzunmüddətli kreditlərdir.
Dostları ilə paylaş: |