Yeni mühazirə 10. Metalların alınma üsulları və xassələri.
Tunc adlı ərintinin tərkibinə mis və qalay daxildir. Bürünc adlanan ərinti mis və sinkdən ibarətdir. Müxtəlif metalların civə ilə ərintiləri amalqama adlanır. Alüminium (95%), maqnezium, mis və manqandan ibarət ərintiyə düralümin deyilir. Çox yüngül və möhkəm ərintidir. Təyyarə istehsalında istifadə edilir. Ərintilərin bərkimə prosesində bir neçə tipik hal ola bilər.
1. Metallar maye halda bir-birində istənilən nisbətdə həll olur. Kristallaşma prosesində bu nisbət saxlanılır və nəticədə bircinsli bərk məhlul alınır. Bu qrup ərintiləri əmələ gətirən metalların kristal qəfəsləri eyni tipli və atomlarının ölçüsü yaxın olur. Bunlara misal olaraq Ag-Au, Ag-Cu, Cu-Ni, Pt-Au ərintilərinin və başqalarını göstərmək olar. Belə ərintilər komponentlərinə nisbətən kimyəvi cəhətdən davamlı və plastik olmaqla yanaşı, elektriki daha yaxşı keçirir.
2. Metallar əridilmiş halda bir-birilə istənilən miqdarda qarışsa da, bərkidikdən sonra alınan ərinti bircinsli olmur. Bərk halda onların həll olması məhdudlaşır. Əmələ gələn kütlə hər iki metalın kiçik kristallarından ibarət olur. Bu hal qurğuşun-qalay, kadmium-bismut, gümüş-qurğuşun və s. sistemlərin bərkimə prosesində müşahidə edilir.
Düralüminium 4 % mis və az miqdar maqnezium, manqan və silisiumu tərkibində saxlayır.
3. Metallar bir-birilə qarışmır və yağ-su sistemində olduğu kimi təbəqələşmə baş verir. Bərkidikdən sonra alınan metal parçasının ayrı-ayrı hissələrinin kimyəvi tərkibi müxtəlif olur. Belə ərintilər mexaniki qarışıq təşkil edir. Təbəqələşmə kimyəvi xassəcə bir-birindən kəskin fərqlənən metallar arasında müşahidə edilir. Misal olaraq sink-qurğuşun, dəmir-qurğuşun, natrium-alüminium və s. ərintiləri göstərmək olar.
4. Ərintini əmələ gətirən metallar bir-birilə kimyəvi birləşmələr əmələ gətirir. Bunlara intermetallik (metallararası) birləşmələr deyilir. CuZn, CuZn3, Cu5Zn3, Na2Pb5, Na4Pb, AuZn, Au3Zn5, Mg2Pb intermetallik birləşmələrdir. Onların əmələ gəlməsi valentlik qaydasına tabe olmadığından, dəyişəntərkibli olur. Belə birləşmələrin mümkün olması haqqında ilk dəfə 1800-cü illərdə fikir yürüdən Fransa alimi Bertole olmuş və hazırda onlara b e r t o l l i d l ə r deyilir. İntermetallik birləşmələrin bəzilərində (məsələn, Mg2Pb, CuZn) metallar valentliklərinə uyğun olaraq birləşir.