Yeni mühazirə 10. Metalların alınma üsulları və xassələri.
4. Mühitin xassəsinin dəyişdirilməsi. Korroziya prosesinə şərait yaradan komponentlərin qatılığını azaltmaqla mühitin aqressivliyini zəiflətmək mümkünddür. Məsələn, neytral mühitdə metalın korroziyası oksigenin udulması ilə getdiyi üçün, onu ya deaerasiya (qaynatma, təsirsiz qaz barbatajı) etməklə, yaxud reduksiyaedicilərin (sulfitlər, hidrazin və s.) vasitəsilə kənar edirlər. Mühitin turşuluğunu azaltmaqla da onun aqressivliyini zəiflətmək olar.
Korroziyanın qarşısını almaq məqsədilə ingibitorlardan geniş istifadə olunur. İngibitorlar tərkibcə qeyri-üzvi (nitritlər, xromat və bixromatlar, qurğuşun-2-asetat və s.) və üzvi (tərkibində fosfor, oksigen, kükürd və ya azot olan üzvi birləşmələr) mənşəli olur. Elektrokimyəvi korroziya prosesində ingibitorlar anod və katod təsirli olub iki qrupa bölünür. Anod prosesini zəiflədən ingibitorlara nitritlər, bixromatlar, katod sahəsini zəiflədən ingibitorlara isə dietilamin, urotropin, formaldehid, piridin aiddir.
Müxtəlif maşın və cihazları daşınma, saxlama və istismar müddətində korroziyadan mühafizə etmək üçün uçucu ingibitorlar tətbiq olunur. Bu məqsədlə ingibitor aqreqatların yaxınlığında qoyulur. İngibitorun buxarları əvvəlcə metalın səthindəki nəm təbəqədə həll olur, sonra isə adsorbsiya olunur. Uçucu ingibitorlardan ditsikloheksilammonium-nitriti, tsikloheksilamini və etanolaminin karbonatlarını göstərmək olar.
Ərintilər (xəlitələr) Metal qatışıqları ərintisinin kristallaşmasından alınan bərk kütləyə ərintivə ya xəlitə deyilir. Ərinmiş halda metalların əksəriyyəti bir-birilə qeyri- məhdud miqdarda qarışır. Ərimiş metallar qarışan zaman ya bir-birində həll olur, ya mexaniki qarışır, ya da kimyəvi birləşmələr əmələ gətirir. Çox zaman ərintilər sərbəst metalların və onların kimyəvi birləşmələrinin qarışığından da ibarət olur. Bircinsli qeyri-müəyyən tərkibli qarışıqdan ibarət ərintilərə bərk məhlul deyilir.
Bəzi ərintiləri (məsələn, polad) tərkibinə metaldan başqa qeyri-metallar da daxil olur. Ərintilərin xassəsi onları əmələ gətirən elementlərin xassələrindən xeyli fərqlənir. Ərintilərin ərimə temperaturu, əritini əmələ gətirən elementlərin ərimə temperaturundan aşağı olur. Ərintinin başqa xassələrində də bəzi xüsusiyyətlər vardır. Məsələn, dəmir nisbətən yumşaq metaldır. Lakin, onun az miqdar karbonla əmələ gətirdiyi ərinti çox bərk olur. Dəmir paslanır, lakin dəmirin xrom və nikellə əmələ gətirdiyi ərinti paslanmayan polad adlanır. Dəmirin karbon, silisium, manqan, fosfor və kükürd ərintisinə çuqun deyilir. Texnikada 5000-dən çox ərinti tətbiq edilir. Maqnezium və alüminium metallarına bir qədər də mis əlavə edildikdə yüngül, eyni zamanda çox bərk olan ərintilər alınır. Yüngül, eyni zamanda bərk olan ərintilərə “elektron” adlanan ərinti misal ola bilər. Elektronun tərkibində maqnezium, alüminium, manqan və sink vardır.