1. Metalların legirlənməsi.Bu üsulla metalları korroziyadan mühafizə etmək üçün ərintiyə passivləşdirici komponentlər, məsələn, xrom, nikel, titan və vanadium əlavə edilir. Legirlənmiş ərintilərin korroziyaya qarşı davamlılığı yüksək olur. Metalları kimyəvi korroziyadan mühafizə etmək məqsədilə bu üsuldan geniş istifadə olunur.
2. Mühafizə örtükləri.Metalları korroziyadan mühafizə etmək məqsədilə onların səthinə mühafizə örtükləri çəkilir. Mühafizə örtükləri metalın istismar olunduğu şəraitdən asılı olaraq seçilir. Onları iki qrupa ayırmaq olar:
a) metal örtükləri; b) qeyri-metal örtükləri.
Bunun üçün metal və qeyri -metal örtüklərdən istifadə edilir. Atmosfer korroziyasından mühafizə etmək üçün mühafizə olunan metalın səthi müxtəlif üsullarla korroziyaya qarşı davamlı metallarla (xrom, nikel, alüminium, qalay və s.), müxtəlif boyalarla, polimer materiallarla və suda həll olmayan fosfat birləşmələri ilə örtülür. Elektrokimyəvi üsulla mühafizə edilən metalın səthini daha aktiv metalla örtdükdə mühafizə olunan metal katod, örtük isə anod vəzifəsini görür. Örtük az aktiv metal olduqda, mühafizə olunan metal anod, örtük isə katod rolunu oynayır. Metalın səthini qeyri-metal tərkibli örtüklərlə mühafizə etmək üçün oksidləşməyən sürtgü yağlarından, polimer materiallardan, yağlı boyalardan istifadə olunur.
3. Elektrokimyəvi mühafizə.Üsulun mahiyyəti anod və ya katodda gedən proseslərin zəiflədilməsindən ibarətdir. Bu məqsədlə mühafizə olunan metala daha aktiv metal parçası (protektor) birləşdirilir. Qalvanik cüt işlədikdə protektor dağılır, əsas metal isə mühafizə olunur. Bu üsulla dəniz qurğuları (estakada) dayaqlarının su altında qalan hissəsi, gəmilərin korpusu və başqa qurğular korroziyadan mühafizə edilir. Prorektor anod funksiyasını yerinə yetirir və əsas metal mühafizə olunur.
Bu prinsipə əsaslanan mühafizə üsullarından biri də katod və ya anod polyarlaşmasıdır. Katod mühafizəsinin mahiyyəti ondan ibarətdir ki, mühafizə olunan konstruksiya sabit cərəyan mənbəyinin mənfi qütbünə birləşdirilir. Odur ki, o katod olur, anod rolunu isə polad elektrod oynayır. Elektroliz zamanı elektrod (anod) həll olur, mühafizə olunan konstruksiya üzərində isə hidrogen ayrılır. Anod olaraq elektrod potensialı kiçik olan metal (aktiv metal) götürülərsə, yuxarıda qeyd etdiyimiz kimi o, protektor olur və bu halda xarici cərəyan mənbəyi tələb olunmur.