Kanada öz elektrik enerjisinə olan tələbatını əsasən su elektrik stansiyaları hesabına ödəyir. Buna baxmayaraq digər alternativ enerji mənbələrindən alınan enerji də artmaqdadır. Potensiala gəldikdə, günəş enerjisi üçün ölkənin cənubunda yerləşən Ontario, Kvebek kimi ştatlar və yenə də cənubda yerləşən düzənlik ərazilər daha əlverişlidir. Günəş enerjisinin istifadəsinə gəldikdə, Kanada əsasən qeyri-elektrik üsullara, əsasən su qızdırmaq üçün istifadə edir. Bununla belə, Kanadanın ərazisi çox böyük olduğundan və bir çox ucqar ərazilərdə elektrik şəbəkəsi olmadığından günəş hesabına elektrik enerjisinin istehsalı da diqqət mərkəzindədir. Kanada təcrübəsində ən maraqlı və qabaqcıl nümunələrdən biri də Nova Scotia ştatında yerləşən və Fundi körfəzinin gün ərzində qalxıb enən su səviyyəsi hesabına fəaliyyət göstərən 15 MW Annapolis qabarma stansiyasıdır. Ölkə rəhbərliyi alternativ enerjidən daha geniş istifadə edilməsinin tərəfdarıdır.
Bu məsələdə Ontario ştatı xüsusilə fərqlənir. Almaniya təcrübəsindən yararlanaraq, 2009-cu ildə burada “Yaşıl Enerji və Yaşıl İqtisadiyyat” Fərmanı qəbul etmişdir. İndi də qüvvədə olan bu Fərman bir tərəfdən alternativ enerji növlərinin inkişafını, digər tərəfdən enerji səmərəliliyinin artırılması hesabına enerjiyə qənaət etməyi nəzərdə tutur. Fərman həm də yerlərdə xüsusi “Alternativ Enerjinin İnkişaf Etdiricisi” vəzifəsinin təyin edilməsini nəzərdə tutur. Bu şəxsin vəzifəsi alternativ enerji sahəsində layihələri ləngimədən təsdiq etməkdir. Fərmana əsasən ev sahibləri alternativ enerji qurğuları, məsələn günəş panelləri əldə etmək üçün aşağı-faizli kreditlər ala bilərlər.
11.4.6 Norveç
Məlum olduğu kimi, Şimal dənizində 1970-ci ildə aşkar edilmiş neft yataqlarının hesabına Norveç zəngin hidro-karbonatlara malik nadir Avropa ölkələrindən biridir. Buna baxmayaraq, Norveç alternativ enerjinin inkişafına görə də ən qabaqcıl ölkələrdən biridir. Hal-hazırda Norveçdə istehsal olunan elektrik enerjisinin 99%-i su elektrik stansiyalarının payına düşür. Norveç adambaşına istehsal olunan su elektrik enerjisinin payına görə dünyada birinci, cəmi 5-milyon əhalisi olmasına baxmayaraq, ümumilikdə istehsal olunan su elektrik enerjisinin miqdarına görə isə dünyada 6-cı yeri tutur.
Norveçin digər alternativ enerji növləri potensialı da böyükdür. İlk növbədə burada külək enerjisi, xüsusilə sahilyanı sahələrdə, dalğa enerjisi və ağac istehsalı zamanı əmələ gələn qalıqlardan alınan bio-enerjidir. Baxmayaraq ki, Norveçin özü günəş enerjisi baxımından o qədər də əlverişli yer deyil, yaradılmış Alternativ Enerji Korporasiyası hesabına o, dünyada ən böyük silikon günəş panelləri istehsal edən ölkədir.
11.4.7 Türkiyə
Vacib geo-strateji mövqe tutan Türkiyə 2050-ci ildə dünyanın 10 ən güclü iqtisadiyyatı olan ölkələr sırasında olmaq iddiasındadır. Bunun reallaşması ilk növbədə sürətlə böyüyən iqtisadiyyatın enerji ilə sabit təmin edilməsindən asılıdır. 2010-cu ildə Türkiyənin enerji tələbatı 9.4% artmışdır. Ölkə hal-hazırda neft və neft məhsullarının 92%-ni, təbii qaza olan ehtiyacının isə 98%-ni xaricdən alır. Hal-hazırda Avropada ən bahalı benzin məhz Türkiyədədir.
Təbii olaraq, Türkiyə öz artan enerji ehtiyaclarını alternativ enerji hesabına ödəməyə çalışır. 2010-cu ilin göstəricilərinə görə Türkiyənin ümumi enerji balansında alternativ enerji hesabına istehsal edilmiş elektrik enerjisi 19.7% təşkil edir. Bunun 18.5% su elektrik stansiyaların payına, 0.8% külək enerjisi hesabına və 0.4% tullantılardan alınan qazın, bio-qazın və biokütlədən alınan enerjinin hesabına düşür.
Ölkənin təbii iqlimi külək, günəş və geotermal enerjidən yararlanmağı mümkün edir. Məsələn, orta hesabla gün ərzində 7 saat tam günəşli saat sayılır. Türkiyə artıq 2023-cü ildə, Türkiyədə Cümhuriyyətin qurulmasının 100 illiyi ərəfəsində alternativ enerjidən istifadə payını 30% çatdırmağı planlaşdırır, və bu məqsədlə alternativ enerjinin inkişafına 40 milyard ABŞ Dolları miqdarında yatırım etmək fikrindədir. Alternativ enerjinin inkişafı ilə bərabər enerji səmərəliliyinə də önəm verilir. 2009-cu ildə Dünya Bankından alınmış yarım milyardlıq kredit və 100-milyon dollarlıq ölkədaxili “Təmiz Texnologiyalar Fondu” ölkədə özəl sektor tərəfindən alternativ enerjinin inkişafına və enerji səmərəliliyinin artırılmasına yönəlib. Türkiyə çox iddialı bir plan – regionda enerji istehsalçısı və təminatçısına çevrilməyi qarşısına məqsəd qoyub. Məsələn, son illər Gürcüstanın kiçik su elektrik stansiyalarına ən böyük yatırım qoyan xarici ölkə məhz Türkiyədir.
Hal-hazırda Türkiyədə günəş enerjisindən əsasən fərdi təsərrüfatlarda suyun qızdırılması üçün istifadə edilir. Bu göstəriciyə görə Türkiyə dünyada ən aparıcı yerlərdən birini tutur. 8.2 milyon kvadrat metr ümumi sahəsi olan sadə günəş qızdırıcıları 7.8 GW/s istilik enerjisi toplamağa imkan verir, bu da 300 min ton şərti yanacaq deməkdir. Bu bizneslə ölkədə yüzdən çox özəl qurum məşğuldur, onlar da hər il əlavə 750 min kvadrat metrlik günəş enerjisi toplayan avadanlıq qurmaq potensialına malikdirlər.
Günəş enerjisindən elektrik enerjisi istehsalı ilk dövrlərdə Türkiyədə aşağı səviyyədə idi. Ancaq son illərdə bu istiqamətdə də ciddi irəliləyiş edilmişdir. 2012 ilin may ayına olan məlumata əsasən qoşulmuş müvafiq güc 5 MW-ə çatdırılmışdır. Türkiyənin cənubunda yerli istehsal olan günəş panelləri hesabına 100 MW-lıq günəş stansiyası qurulacaq. Hələlik Türkiyə şəbəkədən-kənar günəş enerjisinə üstünlük verir, günəş hesabına istehsal olunan elektrik enerjinin 90% şəbəkəyə qoşulmadan istehlak edilir. Əlbəttə istehsal artdıqca, digər ölkələrdə olduğu kimi, şəbəkəyə qoşulma faizi də yüksələcəkdir, və istehsalçılar şəbəkəyə ötürdükləri artıq enerjinin əvəzinə ödəniş ala biləcəklər.
Türklər alternativ enerjinin istehsalında doğrudan da çox yaradıcı münasibət nümayiş etdirirlər. Əgər Braziliya iqtisadiyyatında şəkər qamışı mühüm yer tutduğundan, o, bundan alınan etanol spirtinə üstünlük verirsə, zeytunla bol Türkiyədə onun toxumlarından mühüm istilik mənbəyi kimi istifadə edilir.
Türkiyənin külək enerjisi sektoruna yatırımlar dayanmadan artmaqdadır. Türkiyə hökuməti 2007-ci ildə Türkiyə Enerji Bazarını İdarə Edən Səlahiyyətli Qurum (EMRA) elan etmişdir ki, külək enerjisi istehsal etmək üçün lisenziya almaq üçün şəbəkəyə qoşulma planı və ya uzunmüddətli ölçmələrin nəticələrinə malik olmaq vacib deyil. Bu addımlar lisenziya alınandan sonra həyata keçirilə bilər. Ancaq burada da ehtiyatlı olmaq lazımdır. Türkiyənin ümumi külək elektrik enerjisi potensialı bütövlükdə 38 min MÜ həcmində qiymətləndirilsə də, artıq bir ildən az müddətdən sonra lisenziya üçün müraciətlərin ümumi həcmi 78 min MW ötüb keçmişdir. Və EMRA üç il ərzində bu müraciətləri təhlil etməyə vaxt sərf etmişdir. Bu da bir çox hallarda böyük yatırımçıların kiçik istehsalçıları bazardan vurub çıxarmasına gətirib çıxardı, çünki ölkə marağı nəzərə alınmaqla onların müraciətlərinə ilk növbədə baxılırdı.
Türkiyənin Enerji Nazirliyinin Strateji Planına əsasən, 2023-cu ildə Türkiyə 20 min MW qoyulmuş gücə malik külək enerjisi potensialına malik olmalıdır. İndi bu rəqəm cəmi 1.8 min MW -a bərabərdir, bu da o deməkdir ki, on il ərzində külək enerji qurğularının ümumi gücü on dəfə artırılmalıdır. Hal-hazırda hər əlavə MW yaradılmış güc təxminən 1.3 milyon ABŞ dollar tələb edir. Deməli, ümumi yatırımın miqdarı 13 milyard ABŞ Dollarından artıq olmalıdır.
Düzdür, Türkiyə bu rəqəmi yerli istehsal hesabına mühüm dərəcədə azalda bilər. Hal-hazırda külək qurğuları Türkiyəyə əsasən Çindən gətirilir. MİLRES adlanan yeni layihə Türkiyədə yerli külək enerjisi qurğularının istehsalını artırmağa yönəlib. Belə ki, yerli universitet, sənaye və hökumət qurumlarını təmsil edən 126 iştirakçı birgə bu qurğuların Türkiyənin özündə istehsalını artırmaq niyyətindədir. Bu məqsədlə 2011-ci ildə qəbul edilmiş “Bərpa Olunan Enerji Növlərinin İstifadəsi Qanunu” təkmilləşdirilmişdir. Belə ki, adi halda külək enerjisi hesabına istehsal olunmuş enerjininin 1 kW-nı hökumət istehsalçıdan 7.6 sentə alır. Ancaq əgər külək stansiyasının qülləsi Türkiyənin özündə istehsal edilibsə, bunun üstünə 0.6 sent gəlir; əgər pərlər Türkiyədə istehsal olunubsa, 0.8 sent əlavə olunur, əgər elektrik rotoru və ya onu saxlayan qurğu Türkiyədə istehsal olunubsa, 1.3 sent əlavə olunur, nəhayət 1 sent generatorun və ya elektron avadanlığın Türkiyədə istehsal olunduğuna görə əlavə edilir. Beləliklə, əgər külək qurğusu tamamilə Türkiyədə istehsal olunubsa, hər bir istehsal olunmuş kW elektrik enerjisinə görə istehsalçıya ilkin 7.6 sentdən əlavə 4.7 sent əlavə ödənir.
Artıq ilk addımlar göstərir ki, Türkiyə külək hesabına yalnız elektrik enerjisi istehsal etməklə kifayətlənmək istəmir. Türkiyə Çinlə külək enerjisi avadanlığı istehsalı sahəsində də rəqabət etmək niyyətindədir. Öz texniki geriliyini aradan qaldırmaq üçün Türkiyə hökuməti ölkə iqtisadiyyatını açmaq, ölkəyə texnoloji, elmi nailiyyətləri və yatırım gətirmək niyyətindədir. Bu məqsədlə hökumət qurumları enerji yarmarkaları təşkil edir. Çox güman ki, yaxın gələcəkdə Türkiyə gündəlik tələbat mallarının istehsalında olduğu kimi, bir az baha olsa da, daha keyfiyyətli qurğular istehsal etməklə Çinlə rəqabət apara biləcəkdir. Bu, ilk növbədə özəl sektorla universitetlər arasındakı əməkdaşlıq hesabına mümkün olacaqdır.
11.5 Alternativ enerji: Azərbaycanın potensialı və perspektivləri
2011-ci ilin göstəricilərinə əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalında alternativ enerjinin payı 10% bərabər olub, bunun da 9.8% su elektrik stansiyaları, 0.2% isə digər bərpa olunan enerji növləri hesabına mümkün olub. Azərbaycan Bərpa Olunan və Alternativ Enerji üzrə Dövlət Şirkətinin (AREA Dövlət Şirkəti) hədəfi 2020-ci ildə bu rəqəmi 20% çatdırmaqdır. Ümumi enerji istehsalında isə alternativ enerjinin payını 9.7% çatdırmaqdır.
AREA artıq alternativ və bərpa olunan enerji mənbələrinin imkanlarının öyrənilməsi məqsədilə 21 ölçü-müşahidə stansiyasını quraşdırmışdır. Bu stansiyaların köməyilə küləyin sürəti, günəş enerjisinin potensialı, termal mənbələrin və kiçik SES-lərin imkanlarının müəyyən edilməsi mümkün olacaqdır. Azərbaycanda heyvandarlığın inkişafı biokütlə enerjisinin inkişafı üçün də münbit şərait yaradır.
11.5.1 Su enerjisi
Azərbaycanda hidroenergetikanın potensial gücü 40 milyard kW/s qiymətləndirilir. Bundan 5 milyard kW/s kiçik SES-lərin payına düşür. Əlbəttə, böyük SES-lərdə bir kW elektrik enerjinin istehsalı daha ucuz başa gəlir. Ancaq nəzərə almaq lazımdır ki, böyük SES-lər bir tərəfdən daha böyük yatırım tələb edir, digər tərəfdən onların ekoloji təsiri də, xüsusilə ərazisi elə də böyük olmayan Azərbaycan kimi bir ölkədə, daha böyük və mənfi ola bilər. Ona görə Azərbaycanda kiçik SES-lərin tikilməsinə önəm verilməsi vacibdir. Azərbaycanda işlənib hazırlanan kiçik SES-lərin tikintisi proqramı artıq Asiya və İslam İnkişaf Banklarının, Almaniyanin KfW İnkişaf Bankı və bu kimi bir sıra beynəlxalq maliyyə qurumlarının marağına səbəb olmuşdur.
Yuxarıda deyildiyi kimi, ölkənin su elektrik enerji potensialı 40 milyard kW/s. Ümumilikdə bu göstərici ölkədə hal-hazırda istehsal olunan elektrik enerjisindən 2 dəfə çoxdur. Amma belə ciddi potensialın reallaşması asan məsələ deyil: su elektrik stansiyalarından alınan enerji ilk öncə böyük investisiya xərcləri tələb etdiyindən İstilik Elektrik Stansiyaları (İES) ilə müqayisədə daha bahadır. Belə ki, orta ölçülü SES-in 1 kW-nın qiyməti 1500 $ və bundan yuxarı qiymətləndirilir. Müqayisə üçün buxar-qaz İES-lərin tikintisi üçün analoji xərclər bundan təxminən iki dəfə azdır. Bu qədər əhəmiyyətli qiymət fərqi daha mürəkkəb və çətin hidrotexniki obyektlərin tikintisi ilə bağlıdır.
Böyük neft və qaz ehtiyatları olmasına baxmayaraq, son illər ölkə rəhbərliyi kiçik (1-8 MW) və orta (20-50 MW) güclü SES-lərin tikintisi prosesini intensivləşdirmək, eyni zamanda mövcud SES-ləri modernləşdirmək niyyətindədir.
«AzərEnerji», Sənaye və Energetika Nazirliyi və AREA Dövlət Şirkətinin planlarına əsasən, yaxın onillikdə Azərbaycanda çaylar, suvarma kanalları və su anbarları boyunca 61 kiçik SES tikintisi planlaşdırılır. Bu stansiyalarda illik elektrik enerjisi istehsalının 3,2 milyard kW/s olması gözlənilir. Bu layihələrin reallaşdırılması üçün AREA Dövlət Şirkəti və BMT İnkişaf Proqramı kiçik SES-lərə texniki yardım layihəsi həyata keçirir. İlk pilot layihəsi üçün Şəkinin Dəyirmanarxı çayı seçilib.
11.5.2 Günəş enerjisi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, Azərbaycanın böyük günəş enerjisi potensialı var. Potensial baxımından
Azərbaycanda 260-280 günəşli gün olur, günəşli saatların miqdarı isə ildə 24003200 saatfır və 1 kvadrat metr əraziyə düşən günəş enerjisinin miqdarı 15002100 kW/s təşkil edir. Bu enerjidən tam istifadə indi istehsal olunan enerjinin 20%-ə qənaət etməyə imkan verərdi. Abşeron yarımadası, Xəzərin sahilyanı əraziləri və Naxçıvan Muxtar Respublikasında xüsusilə əlverişlidir.
11.5.3 Külək enerjisi
Azərbaycanda artıq külək enerjisindən istifadə təcrübəsi var və bu sahəyə maraq artmaqdadır. Ətraf mühit, iqtisadi infrastruktur və coğrafi yerləşmə nəzərə alınmaqla, Azərbaycanda külək enerjisi üzrə potensial 800 MW qiymətləndirilir. İlkin hesablamalara əsasən, bu enerji resursu təqribən 2,4 mlrd. kW/s elektrik enerjisi deməkdir. Bu da öz növbəsində hər il təqridən 0,8 mln. ton şərti yanacağa qənaət etmək deməkdir. Külək enerjisinin inkişaf etdirilməsi üçün ən yaxşı yer Abşeron yarımadası hesab olunur. Abşeronda küləyin orta illik sürəti 5-8 m/san təşkil edir. Yarımadada küləkli günlərin sayı isə ildə 245-280 gün təşkil edir. Azərbaycanın qərbində-Gəncə və Daşkəsəndə və Naxçıvan MR-in Culfa və Şərur rayonlarında küləyin orta illik sürəti 3-5 m/san təşkil edir ki, bu da, qeyd olunan rayonlarda orta güclü külək elektrik stansiyalarının quraşdırılmasına imkan verir. Qeyd etmək lazımdır ki, külək turbinləri üçün 5-6 m/san külək ən əlverişli sayılır.
Buna görə ölkənin külək enerjisi potensialının dəqiqləşdirilməsi vacibdir. Belə bir xəritə mövcuddur. İndi AREA tərəfindən quraşdırılmış ölçmə stansiyaları daha dəqiq məlumat əldə etməyə imkan verəcəklər.